“Mən” olmağın tarixçəsindən

 

80-ci illər. Homo Sovetikus görməmiş homo kimi  

 

Bu illərdə gördüklərimi, eşitdiklərimi, hərdən də etdiklərimi bir gülməcədən başlayım. İncəsənət İnstitutunun rejissorluq üzrə öyrətməni Nəsir Sadıqzadə institutun həyətində mənə Brejnevin qarşılanması ilə ilgili bu olayı danışmışdı. Brejnev Bakıya 82-ci ildə gəlib getmişdi. O vaxt bunu danışmaq qorxulu olardı. Bu üzdən düşünürəm ki, Nəsir müəllim əhvalatı mənə Aşkarlıq dönəmində söyləmişdi. Tələbəsi ona deyibmiş ki, müəllim, Brejnevi qarşılamaq üçün institutumuzun seçmə aktyor tələbələri kimi gündə 3-4 saat məşq edirdik. Tindən guya Brejnevi gətirən qara volqa çıxan kimi bütün küçəni bürüyən Şalaxo verilirdi (Şələkülüm və ya Şələqoy sözünün gürcü variantı - N.M.) və biz başlayırdıq oynamağa. Bu məşqlər 3-4 gün çəkirdi, Brejnev gəlib getdi. Ancaq o vaxtdan, müəllim, qabaqdan gələn qara volqa görən kimi tullanıb oynamağım gəlir.

Deyəsən, 90-cı illərin axırı idi, mənə Avropadan telefon açıb Brejnev dönəmi haqqında danışmağı xahiş etmişdilər. Söhbəti duzlu etmək üçün Nəsir müəllimin adını çəkib bu olayı danışmışdım. Beş-on gündən sonra baxdım ki, bu söhbətin yazılı variantını İnternetdə elə veriblər ki, guya Azərbaycan professoru Niyazi Mehdi həmin məşqlərdə olub və hər dəfə qara volqa görəndə oynamağı gəlib. İstədim materialı verənlərin ünvanının tapım ki, düzəltsinlər. Sonra gördüm uzun məsələdir, ikiqat məzəli əhvalat sayıb boş buraxdım.

80-ci illər Sovetlərin son on ili oldu. Daha on il keçdi, XXI yüzil gəldi. Onun ilk illərində isə bəlli oldu ki, yeni nəsillərdə Sovetlərə rəğbət yaranıb. Mən və mənim kimi anti-sovet, millətçi adamlar (özümə "millətsevər" desəm, neyçinsə şit gələr mənə) Sovet dünyasına nifrətini indiyənəcən saxlayırlar. Hər halda indiyənəcən bu baxışlarına görə peşman olmuş ağıllı adama rast gəlməmişəm. Bu üzdən şoka düşdüm universitet dərslərimdə biləndə ki gənclərin başında Sovet keçmişi Cənnət şəklindədir. Bunu təsadüfən bildim. Onlardan soruşanda ki, Sovet dövrü haqqında nə bilirsiniz, bir ağızdan qayıtdılar ki, o illər gözəl imiş. Şoka düşdüm və həməncə "barmağımı dişlədim": "Ayə, deyəsən, bu uşaqlar atalarının, daha doğrusu, babalarının sözünü deyirlər".

Bəs babaları niyə Soveti belə ideallaşdırırlar? Axı, Sovetdə yaşayanda onlar bu rejimə nifrət edirdilər! Necə olub onlar talonla ət-yağ almaqlarını unudublar? Necə unudublar ki, qreçka (qarabaşaq, ya qarabuğda) matah mal idi, şəkər xəstələri tapa bilmirdi?!. Sovetlərin hər sahəsi bəzən haqsız, çox vaxtsa haqlı narazılıq yaradırdı. Mənim kimi aydınlar o qədər Sovetləri sevmirdi ki, hətta dünya çempionatında onun yığmasını yox, Braziliya, İngiltərə yığmalarına azarkeşlik edirdi, istisna Bonişevski yığmada olanda olmuşdu. Futbolla bağlı bu dediklərim hamıya aid deyildi, Soveti duyğular qatında yox, düşüncə qatında sevməyənlərə aid idi.   

Düzdür, Sovetlərdə gənc mütəxəssis kimi bəzilərində müftə ev almaq şansı vardı. Ancaq bu şans heç də hamıda olmurdu, axı. Hər halda beş-on ildə yan-yörəmdə 5-6 gənc mütəxəssisə ev verildiyini eşitmişdim, hamısı da Bakının ucqar yerində və pis keyfiyyətdə. Mənim özümünsə belə şansım heç yox idi, - indi huşumdan çıxıb, anam, bacı- qardaşımla 2 otaqlı öz mənzilimizdə yaşadığıma görə, yoxsa növbəmin 10-15 il sonra çatacağına görə.

1985-ci ildən sonra mənim dosent kimi maaşım 320 manat, xanımımın baş müəllim kimi maaşı 280 manat idi. Sovet rejimi üçün yüksək maaş! Di gəl 1990-cı iləcən mənim kostyum almağa pulum yox idi. Oğlanlarımın uşaqlıq fotoları çox azdır, boyalı şəkilləri isə təkəm-seyrəkdir - məncə, bunun nədəni təkcə fotoqrafa aparmaq tənbəlliyi deyildi, həm də pulsuzluq idi.

80-ci illərdə (elə qabaqkı illərdə də) Sovet adamı bütün dükanlarda, bütün klinikalarda uzun çəkən növbələrdə durmalı idi. Sovet insanının "homo sovetikus" kimi türlü "özəlliklərini" sadalayırlar, onların sırasına "ömrü növbələrdə keçən adam" tipini də salmaq olar. İndi biz növbələrə o qədər yadırğamışıq ki, Super-marketdə kassaya quyruqda üç dəqiqəlik duranda ürəyimiz partlayır.

O indidir hər məhlədə piştaxtalar qoyulub, dükancıqlar var. O çağlarsa adam çörək almaq üçün də xeyli növbədə durmalıydı. Bu gündən o dönəmə baxıb kommunistlərə qışqırmaq istəyirsən, ay zalımlar, niyə mağazaların sayını artırmırdınız ki, adamlar əziyyət çəkməsin?! Görünür, bunun bir nədəni vardı o qədər mağazalara tavar çatdırmaq olmazdı.

Mən çox kitabları, hətta Froydu, Losevi, Heqeli (əlimdə karandaş) növbələrdə oxuduğumdan başım qarışırdı, gözləməyin əzabını elə də ağır keçirmirdim. Ancaq növbədə mənim kimi kitab oxuyanı heç vaxt görməzdim. Avtobusda da görməzdim. Deyəsən, Bakıda bir mən idim növbələrdə, avtobuslarda kitab oxuyan (bir də bəlkə Rəhman Bədəlov, Əli Abbasov). Deməli, böyük çoxluq üçün növbə dəhşətli psitxolojt əzab olmalıydı! Bəlkə bu üzdən hamının sifətindən ağır həyatın mısmırığı yağırdı?!

Sovet dönəmində hörmətli adamlar sırasında partiya işçiləri, müəllimlərlə, milis zabitləri ilə yanaşı satıcılar və dükan müdirləri də vardı. Özü yəhudi olsa da anti-yəhudiliyi ilə ad çıxarmış Otto Vaynenqer (Hitler də onu bəyənirdi) 19-cu yüzil üçün yazmışdı ki, Almaniyada hər yəhudi gənc alman dostunun olması ilə evlərində öyünür. Oxşar olaraq Bakıda da dükanda satıcı və müdir tanışı olanlar özlərindən razı qalırdılar ki, mağazada tanışları var. Hətta DTK zabitlərinin, prokurorluq işçilərinin mağaza işçiləri ilə dost olmağa çalışdıqlarını özüm görmüşdüm.

Bakı mağazalarının müdirləri ayrı aləm idi. Onlar, adətən, bakılı olurdular (İçəri Şəhərli, mərdəkanlı, nardaranlı). Partiya və dövlət yetkililərinə yox, qədeş ağsaqqalarına oxşayırdılar. Danışıqlarında bakılı-qədeş ünsürləri olardı, orta bakılılardan səliqəli, bahalı geyimləri ilə ayrılırdılar. Əslində, bu zümrə haqqında ayrıca araşdırma aparılmalıdır, örnəyin tapmaq lazımdır ki, Bakı "zavmaqları" ilə rayon müdirləri nədə fərqlənirdilər.  

80-ci illərdə hamı korrupsiyadan nalə çəkirdi. Bir dəfə bu korrupsiya şikayətinin primitivliyi məni çox sinirləndirdi, çünki ağlıma gəlmişdi ki, Brejnev dönəminin sosial-iqtisadi modeli təmiz sosialist model deyil. Üzdə o dururdu, alt planda isə kölgə iqtisadiyyatı, korrupsiya dururdu. Əgər sosializm modelindən bu axırıncıları çıxsaydın, birinci lap qısır, axta bir şeyə çevrilərdi. Brejnev dönəminin amansızlığı onda idi ki, kölgə iqtisadiyyatını çıxsan, ölkədə tavar qıtlığı, kafelərdə yemək qıtlığı, yeni zövqlərə cavab verən mallar azlığı çarxa çıxardı. Buna baxmayaraq periodik olaraq sex işlədənlər, satıcılar, mağaza müdirləri tutulurdular ki, camaata göstərilsin "siz sosializmdə" yaşayırsınız. Yadımdadır, bu düşüncəmi ilk dəfə Rəhmana söyləmişdim. Mən kölgə iqtisadiyyatını təmizə çıxarmırdım. Sadəcə, adamların ona nifrətinin bəsitliyi onda idi ki, bir nəsnəni anlamırdılar. Sovet sosializmində o əsas, ancaq gizlindən işləyən strukturlardır. Tənqid hədəfi Sovet sosializmi olmalıdır ki, kölgə iqtisadiyyatı olmadan adamlara ciddi heç nəyi verə bilməz.

90-cı illərdə bu düşüncəmin oxşartısı korrupsiya ilə bağlı yarandı. Korrupsiya bir çox toplumlarda gerçək iqtisadi mexanizmə çevrilir. Bununla mən pis olanın primitiv tənqidinə qarşı çıxırdım, yəni anti-korrupsiya tənqidində korrupsiyanın gerçək iqtisadi mexanizm kimi işləməsini gözdən qaçırmaq olmaz. 

"Homo sovetikus"un kimliyini və necəliyini, sözsüz, 80-ci illərdə mən də tapmaq istəyirdim. Düşüncəm üçün materialı çevrəm və özüm verirdim. Axı, mən də "homo sovetikus" idim. Ancaq içimdə gedən bu düşüncələri yığcam konseptə, yazıqlar olsun, yalnız 2006-cı ildə yığa bildim. Bu konsept "görməmişlik" anlayışı oldu. Bu koqnitiv-bilimsəl tapıntımdan Sovet dönəminə qayıdıb deyə bilərəm ki, "homo sovetikus"un bir başlıca özəlliyi onun görməmiş olması idi. İrəlidə söyləmişəm ki, nə rus, nə ingilis dilində bizim bu sözün əvəzini verən kəlməni tapa bilməmişəm.

"Görməmiş" dilçilik, ritorika və poetika baxımndan elə də güclü söz deyil, ancaq nədən onu başqa dillərə kalka (hərfi) çevirəndə bütün ləzzəti itir? Bu sorunun cavabı dilçilik üçün ilginc nəsnələr açır. Azərilər "görməmiş" kəlməsini yuxarıdan aşağı baxdıqları qadınla, oğlanla, ailələrlə bağlı işlədə-işlədə ona güclü qınaq, ələ salma, yazıqlama duyğuları yığmışlar. Bu söz dəmir tozlarını özünə çəkən maqnit kimi acgöz, miskin, yaxşı nəsnələrin həsrətində olan  oğlanların, qızların, orta yaşlı qadın-kişilərin xarakterik baxışlarını, davranışlarını özünə toplamışdır.

Azərbaycanlılar bu sözü eşidən kimi söz özü ilə onların başına həmin semantik dənəcikləri gətirir və o dənəciklərə görə biz "görməmiş" sözündən xeyli dərinlikləri açan kəlmə kimi ləzzət alırıq. Həmin sözü ruscaya çevirəndə (ne vidavhiy) ancaq lüğətdəki əsas anlamı qalır, bu sözdən bizlərə görünən situasiyalar, adam üzləri, tipləri rus tərcüməsində qalmır.

Bir dilin sözünün olduğu kimi başqa dilə keçməsinin nədəni elə budur, sözün həmin mədəniyyətlə ilşlənə-işlənə yığdığı çalarlar. "Heç hənanın yeridir?!" - bu deyim adi cümlə olardı, özü ilə Məşədi İbadın filmdəki üzünü, davranışını daşımasaydı. Həmin deyimi gürcücəyə çevirsən, adi cümlə alınacaq. Ancaq gürcülərin azərilərlə bir işdə-gücdə olan adamları "O olmasın, bu olsun" filmindən sonra min situasiyada azərilərin ""heç hənanın yeridir?!" deyimini eşitsəydi, güman ki onun tərcüməsini yox, özünü işlədib ləzzət alardılar. Kənd təsərrüfatı ilə bağlı gürcü dilinə keçmiş bizim sözlərin çoxu ona görə keçməmişdilər ki, onlarda o sözlərin qarşılığı yox idi. Ona görə keçmişdilər ki, bizim sözlər daha çox kənd təsərrüfatı ilə bağlı işlək olduğundan özünə daha çox situasiya, mimika toplamışdılar. Qısası, belə deyə bilərəm: "Əgər iki qonşu xalqdan birində içmək anlamında "gəl vuraq" deyimi daha çox gülməli situasiyalarla, ilginc adamlarla, kültür baxımdan tutumlu olaylarla bağlı olursa, bu deyim tərcüməsiz o biri dilə keçir". Bu səbəbdən bizim sözlər gürcü, erməni, Dağıstan dillərində belə çoxdur. Bu səbəbdən rus dilində tatar sözləri belə çoxdur. Elə bu səbəbdən də bizim dilimizdə fars-ərəb sözləri çoxdur. Latın və yunan sözlərinin ovsununu isə elm və reklam yüksəldib. Bir çox latın-yunan kökənli terminlər var ki, adı sözlərdir və onların qarşılığı o biri dillərdə də var. Ancaq o biri dillərdən fərqli olaraq həmin sözlər elmi deyimlərdən özlərinə ağıllı semantik çalarlar topladıqlarından ayrıca ovsun-maqiya qazanıblar. Froydun "narsis" termini bizim nərgiz gülümüzün adında da var, ancaq psixoanalizin yaradıcısının və ardıcıllarının yazılarında "narsist-narsistlik" termini o qədər gözəl düşüncələrdə, disputlarda işlənib ki, biz məqaləmizdə kiminləsə bağlı "nərgiz adamdır" deyəndə çəlimsiz, "narsistdir" deyəndə isə güclü deyim alırıq. Sən "bilmirəm" sözünü çoxlu və türlü tipli gözəl qızların dilindən səsləndir, sonra da onu bir-iki maraqsız adamın dilinə sal, görəcəksən ki, "bilmirəm" sənə o qızların işvə-nazını daşıyır və onda maraqsız adamların izi-tozu da yoxdur. Bu anlamda Azərbaycan türkcəsinin işlənmə məkanı böyük və geniş olanda onun sözləri təkcə sözlükdəki "arıq" mənalarını daşımır, özləri ilə çoxlu semantik çalarlar da gətirirlər. Dükan, qəzet adlarında Avropa sözlərinin ("reytinq", "favorit" və s.) maqik ləzzət verməsi bizim bu görməmişliyimizdəndir.    

2006-cı ildə Sovet dönəmindəki bizlərin görməmişliyindən yazanda onu da tapdım ki, görməmişlik təkcə tavar qıtlığından gəlmir. Söz-düşüncə və başqa azadılqlar yoxdursa, dükanlar dolu olsa da, adamlar mənəvi yöndən görməmiş qalırlar. Buna çarpıcı örnəyi İran verir. Ora camaatı  musiqi, içki görməmişləri olduqlarından bayramlarda Azərbaycana, Ermənistana, Gürcüstana axışırlar.

Yenə qayıdım "görməmiş" sözünə. İndi baba olmuş adamlar nəvələrinə Sovet dünyasını öyəndə unudurlar ki, bu dünyanın adamları (içi mən qarışıq) görməmiş idilər. Bu adamlar  Kubinkadan Malboro siqareti, çex piyvəsi alanda böyük nemətə çatmış kimi kefdə olurdular. Mən Moskvada oxuyanda hər bir qız fürsət tapıb bildirirdi ki, ya qardaşı, ya əmisi, ya xalası xaricdə yaşayır və ya xaricdədir. Bunun mənası o idi ki, "mənə saqqız, siqaret, brend paltar tapmaq problem deyil".

Mən Moskvada görməmişliyi yüksək partiya yetgilisinin tanıdığım balalarında da görürdüm. Onlara baxanda universitetdə oxuyan fransızlar, ingilislər kasıb ola bilərdilər, ancaq görməmiş deyildilər. Çünki dünyanı gəzmək, pulu olanda ən yaxşı cins şalvarı almaq onlara problem deyildi. Bu anlamda Sovetlərin evini görməmişlik yıxdı. Ancaq yeri gəldi, onu da deyim. Üçüncü dünya adamlarının kapitalizmə görə görməmiş olmayan adamlarından Batıya qarşı başqa təhlükələr çıxdı. Misirdə, Səudiyyədə, Suriyada adamlarda saqqız, cins, viski, maşın, paltar görməmişliyi yox idi. Görməmişliyi olmayan bu adamlar arasından terrorçular çıxdı, çünki onlarda Sovet adamı kimi Batı dünyasına pərəstiş yox idi. Mənim gördüyüm Rusiyada gənclərin çoxunda Amerikaya, Avropaya pərəstiş vardı və bunun bir nədəni onların görməmişliyi idi. İndiki Rusiya adamlarından bu görməmişlik gedib və görün necə Batı uyqarlığı üçün onlar təhlükəyə çevriliblər. Öncələr Batıya aşağıdan yuxarı baxan ruslar indi super marketlərə, butiklərə görə daha görməmiş deyillər. Və bu üzdən Qərbə aşağıdan yuxarıya baxmayıb dörd yana güc göstərən dövlətləri ilə öyünürlər. İqtisadi, mənəvi-kültür gücü olmayan bu dövlət hər yerdə konfliktlər yaradır ki, onu saysınlar.        

İndiki babaların Sovetləri belə sevməsinin mənim üçün bir izahı var. Görünür, onlar düşüncə, mədəniyyət azadlığını bizim kimi millətçilər qədər sevmirdilər. Məntiqlə orta insan yaxşı dolanışığı özgürlükdən üstün saya bilər və bu anlamda Səudiyyə vətəndaşlarının çoxu banklarda olan pullarına görə öz siyasi rejimlərini Batı demokratiyasından üstün tutur. Ancaq axı Sovetlər Səudiyyə deyildi ki, adamlarına yaxşı dolanışıq versin. İndiki babaların (nənələrin) yadına salım. 80-ci illərdə hamınız həkimlərin cibinə pul qoymaqdan, məktəbdə müəllimlərə hədiyyə göndərməkdən bezib deyinirdiniz. İnstitut müəllimlərinin pulla imtahanda qiymət yazması normal hal olmuşdu. Pul almayan müəllimlərin çoxu isə bununla öyünməyib də sanki ayıblarını gizlədirdilər, çünki mənəviyyat o qədər korlanmışdı ki, rüşvət almayan müəllimə axmaq kimi baxırdılar.

 

Niyazi MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.8-9.