Anardan görünən
Azərbaycan...
"Yaşamaq haqqı" kitabının dünyaya gəlişi
zaman baxımından simvolik oldu. Kitab çap olundu,
ardıyca dünyanın yeni qorxu mifi - koronavirus pandemiyası
təzahür etdi. Dünyada dəyərlər
sisteminin dəyişəcəyi, yeni tarixi aşamanın
başlanacağı şübhəsizdir və bunun qlobal
simptomları da artıq müşahidə edilməkdədir.
Dünya yeni mərhələyə, yeni tarixə
kataklizmlə başladı. Psixologiyalar zədələndi,
pessimizm dərinləşdi. İnsan ya
fövqəltəbii, ya da hələlik, sirli bir qüvvənin
əsirinə çevrildi. Hər şey
aydındır və heç nə də aydın deyil. Zəlzələ yoxdur, amma mənəvi
dağıntının miqyası hüdudsuzdur. Müharibə yoxdur. Amma məğlubiyyət
var. Qalib isə bilinmir... Qəribədir ki,
"Yaşamaq haqqı" belə mənəvi, siyasi,
iqtisadi təbəddülatların ərəfəsində nəşr
olundu. Belə bir kitabın yazılmasına
bir oxucu kimi deyil, bir millət olaraq ehtiyacımız
böyük idi.
Roman deyil, heç traktat da deyil, onu esse də
adlandırmaq doğru olmazdı. Bu əsərin
janrını dürüst təyin edə bilmədiyini Anar
özü də etiraf edib. "Traktat?
Esse? Çox iri esse? Axı Mişel Montenin "Esselər"i də
üç cilddir. Ya bəlkə, doğrudan da, dastan?". Yox, heç dastan da deyil.
Əslində, bu kitab ədəbiyyat tariximizdə
Bilgə Xaqanın bəngü daşlara həkk edilmiş vəsiyyətindən
sonra bu janrda yazılmış ilk əsərdir. Məncə, bunu yazmağa yalnız Anarın
haqqı çatırdı. Ən azı ona görə
ki, erməni terrorizminə qarşı ilk siyasiləşmiş
hərbi təsisatımız olan "Difai"nin
çarpaz qılınclı, ay-ulduzlu emblemi, Nağı
Şeyxzamanlının bildirdiyinə görə, Rəfibəylilər
soyunun gerbidir. Ermənilərin qanlı təcavüzünə
qarşı 1905-ci ildə Azərbaycanda ilk silahlı dəstələri
yaradan Ələkbər bəy Rəfibəyli olub.
1920-ci ilin mayında Azərbaycanda bolşevizmə
qarşı son milli dirənişin - Gəncə
üsyanının hərəkətverici qüvvəsi
"qan tökməyin ki, ləkəsi bütün nəslimizin
üstünə düşməsin" deyən Xudadat bəy
Rəfibəylidir - Anarın babası...
Anar "Yaşamaq haqqı"nda öz romançı
təfəkkürü ilə ilk dəfə milli tariximizin, o
taylı-bu taylı Azərbaycanın sənədlərə,
faktlara əsaslanan parlaq, aydın bədii-elmi-siyasi mənzərəsini
yaradıb, tarixi proseslərin, situasiyaların sirr pərdəsini
qaldırıb. Gələcək nəsilləri ədəbiyyatın
semiotik işarələrinin ümidinə buraxmayıb... Hər şeyi olduğu kimi yazıb. Azərbaycana dəxli olan hər şey ilk dəfədir
ki, "Yaşamaq haqqı" əsərində təhlil
olunur və Azərbaycan tarixi, ədəbiyyatı, millətin
taleyi ilk dəfədir ki, bu kitabda bir yerdədir və
bütövdür. Necə ki, "Siyasəti-fürusət"də
Araz çayı Azərbaycanı iki yerə bölə
bilmir, burda da bütöv Azərbaycan bir yerdədir. Bölünmür. Anar burda bir
Mirzə Fətəli Axundovu, orda isə bir Mirzə
Əbdürrəhim Talıbovu təqdim etmir. Onun dəqiq təfsirində Mirzə Fətəli
Axundovla başlanan yeniləşmə hərəkatı
şimalda Həsən bəy Zərdabi, cənubda Mirzə
Əbdürrəhim Talıbovla davam edir. Təbrizdə
İran Demokratik Partiyasının, yaxud "İrane Nou" qəzetinin
timsalında Avropa tipli partiyanın və mətbuatın əsasını
bakılı Məhəmməd Əmin Rəsulzadə qoyur.
Kitabda "Siyasəti-fürusət"dən
sonra ilk dəfədir ki, milli şüurun inkişafı və
gəlişməsi, yuxarıda da dediyim kimi, bütöv Azərbaycanın
hüdudları daxilində tədqiq və müşahidə
olunur. Seyid Cəfərlə Mir Cəfərin, yəni
Pişəvəri ilə Bağırovun, Bakı ilə Təbrizin
siyasi taleyi eyni rakursda, eyni ağrı ortaqlığında nəzərdən
keçirilir. Hər iki ağrının nüvəsindən
tarixən antitürk mahiyyətli Çar Pyotrla
başlayıb "mənfi cazibəyə" malik Stalinə,
Məhəmməd Rza Şaha qədər davam və tətbiq
edilən velikorus və fars siyasi şovinizminin gizli-aşkar fəsadları
çıxır. Türkmənçay müqaviləsi,
xristianların və özəlliklə ermənilərin
hesabına gerçəkləşən rus ekspansiyası,
"general Sisianovun Cavad xanla epistolyar dueti" "Yaşamaq
haqqı"nın böyük həqiqətləri
sırasındadır. Digər həqiqətlərdən
biri də budur ki, Azərbaycanı bu günə qədər
mənəvi planda birləşməyə, bir olmağa
qoymayan sünni-şiə təfriqəsinə Anarın məzhəblərüstü
və tənqidi münasibəti təkcə indiki
İranın simasında ifadə olunmur. İranın
dini rəhbəri və Şəhriyarın dostu Ayətulla
Xameneinin azərbaycanlı yazıçı Anarla tərcüməçi
vasitəsilə danışması, söhbət əsnasında
isə Şəhriyarın şeirini Azərbaycan dilində
söyləməsi Anarın təbirincə desək, "hədsiz
kədərli olmasaydı, adama gülməli gələrdi".
Burda bizim də payımız var. "Görəsən,
hökumət orqanları bizim cavanların bir hissəsini
İrana, bir hissəsini Türkiyəyə dini təhsil
almağa göndərəndə...
düşünürdülərmi ki, bu insanlar Azərbaycana
ya qızğın şiə, ya da qızğın sünni
məddahı kimi qayıdacaqlar və cəmiyyətdə dini
etiqada görə parçalanma yaradacaqlar?".
Anar müstəqilliyimizin ilk illərində
baş vermiş bu yanlışlıqlar sırasında vəhabilərin,
fundamentalistlərin Azərbaycandakı bölücü
varlığını da gözardı etmir.
"Yaşamaq
haqqı"nı uzaq keçmişdən
uzaq gələcəyə Azərbaycanın yaşamaq
haqqı kimi oxuyuram. Və bilmirəm, Anar müəllim
özü bunu necə qarşılayar, dediyim kimi, onu həm də
Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"
traktatının hadisələri daha çağdaş aynada
görükdürən, əks etdirən analoji versiyası
kimi qəbul edirəm. Amma müəlliflərin
orkestral ruhu, erudit zəkası eynidir.
Repressiyanı
bilirdik, amma Anar Stalinin Pişəvəriyə
yazdığı tarixi və rəzil məktubun fonunda
ağrılarımızın ümumi, ortaq səbəbini
aydınlaşdırır: "Əslində, tarix təkrar
olunur. 1920-ci ilin aprelində Azərbaycanda nələr
olmuşdusa, Cənubi Azərbaycanda 12 dekabr 1946-cı ildə
baş verən hadisələr onun güzgüdəki əksidir".
Anar bunu
tezis olaraq demir. Həm də xronoloji təfsirini
verir. Dəhşətli mənzərəsini təqdim
edir: "Çoxlu sayda güllələnənlərdən və
asılanlardan başqa, bəzilərini Orta əsrlərdən
qalma cəza üsulları ilə - qarınlarını
yırtmaqla, dilini dartıb ağzından çıxarmaqla,
dodaqlarını tikməklə, topun lüləsinə qoyub
atmaqla, diri-diri odda yandırmaqla qətlə yetirirdilər. Azərbaycan
Demokratik Partiyasının bir çox xadimlərinin
üstünə neft səpirdilər, yandırırdılar və
məşəl kimi küçələrdə gəzdirirdilər...
Təbrizdə Milli ordunun cavan leytenantı
öz həyətində mühasirədə qalanda, ələ
keçməsin deyə, arvadını, azyaşlı
uşağını öldürəndən sonra bir neçə
düşməni də güllələdi, sonuncu gülləni
isə öz başına çaxdı. Milli ordunun beş döyüşçüsü Təbrizdə
Ərk qalasının zirvəsinə qalxaraq, üç
gün düşmən qoşunlarını atəşə
tutaraq duruş gətirdilər, patronları tükənəndən
sonra isə "Yaşasın Azad Azərbaycan!" - deyə
özlərini qalanın zirvəsindən yerə atdılar...". Təbrizdə bunlar baş
verir. Bakıda isə 9 il əvvəl
- 1937-ci ildə "heç bir günahı olmayan
insanları" ağlasığmaz işgəncələrlə
edam etmişdilər... Məsələn, kitabda belə bir
fraza var: "Bağırov nəinki Ruhulla Axundovun həbsinə
fərman verir, hətta onun zor tətbiqi ilə dindirilməsində,
işgəncələr verilməsində şəxsən
iştirak edir... Axşamlar insanlar tamaşaya
baxmaq üçün teatra gedirlər, Bağırov isə məhkumlara
verilən işgəncələrə baxmaq üçün
NKVD-nin zirzəmisinə düşür". Ruhulla
Axundovu güllələnməkdən qabaq sümüklərini
sındırıb, gözlərini
çıxartmışdılar... Övladlarını
isə NKVD-nin uşaq evinə vermişdilər.
1920-ci ildə
Nargin adasında Xudadat bəy Rəfibəyli ilə birgə
76 nəfər yüksək rütbəli zabitin edam qərarı
yalnız ermənilərin donosuna əsasən verilir, 1937-ci
ildə Ruhullanın, Əhməd Cavadın, Mikayıl
Müşfiqin, Seyid Hüseynin və yüzlərlə belə
böyük insanlarımızın Bakıda - Mircəfər
Bağırovun gözləri qarşısında işgəncələrə
məruz qalması, güllələnməsi NKVD-nin erməni
zabitləri tərəfindən həyata keçirilir.
Anar
Bağırovun məhkəmə iclaslarının
iştirakçısı olan Manaf Süleymanova istinadən
xatırladır: "Rudenko Markaryana müraciət edir:
"Müttəhim Markaryan, deyin görüm siz nə
üçün günahsız insanları
insafsızcasına döyürdünüz? Markaryan bu
sualın cavabında Stalindən sitat gətirir: "Nə qədər
ki, öz günahını boynuna almır, döyün.
Döymək, döymək, yenə də döymək... Siz Bağırovun necə dəhşətli bir insan
olduğunu bilmirsiniz. Heç kimin cəsarəti
çatmazdı ki, onun tapşırığını yerinə
yetirməsin... Rudenko Bağırova müraciət edir: "O,
düzmü deyir? Bağırov cavab verir: "Nə həddi
vardı mənim dediyim sözü yerinə yetirməsin. Bunlar mənim zincirli köpəklərim idi".
İttihamçı digər müttəhimə müraciət
edir: "Müttəhim Qriqoryan, bu məktubu siz
yazmısınız? Məktubdan oxuyuram: "Ana, əziz
qardaşım, dayınıza görə sevinin, mən on
türk güllələmişəm...".
Mir Cəfər Bağırovun məhkəməsində
özünün də etiraf etdiyi cinayəti dövlət təhlükəsizlik
orqanına rəhbərliyi qriqoryanlara, markaryanlara etibar etməsi
olub. Avtomobil qəzasında həlak olmuş Seyid Cəfər
Pişəvərinin əyləşdiyi maşını
İranın daşnak lideri Melixyanın oğlu Karnik idarə
edib. Bildiyimiz, bilmədiyimiz belə faktlar
kitabda saysız-hesabsızdır. Erməni
qətliamlarından, terrordan xilas yolları nədir? Bunun üçün Anar tarixə, ən qiymətli
və mötəbər məxəzlərə baş vursa da,
politoloji istiqamətləri bəlirləmir, buna heç
ehtiyac da yoxdur. Sadəcə,
xatırladır. Tutaq ki, Mahmudəli Çöhrəqaniyə
xatırladır: "Bəyəm, öz milli-vətənpərvərlik
duyğularını ifadə etmək üçün hər
il Babək-Bəzz qalasının zirvəsinə
qalxan Cənubi Azərbaycanlı qardaşlarımız,
heç olmasa bircə dəfə Şimali Azərbaycan ərazisinin
iyirmi faizini işğal etmiş ölkəyə yük aparan
traylerlərin qarşısına çıxıb etiraz əlaməti
olaraq piket keçirə bilməzlərmi? Bundan başqa,
görənlər şahidlik edir ki, heç vaxt Yerevanda,
xüsusən onun bazarlarında bu qədər Azərbaycan
dili eşidilməyib - bütün ticarət, Ermənistan
üçün həyat əhəmiyyətli nə varsa,
hamısını bizim qardaşlarımız Cənubdan gətirirlər.
Bəyəm bu, öz ərazi bütövlüyünü bərpa
etmək uğrunda çətin mübarizə aparan Azərbaycan
Respublikası ilə həmrəylikdir?".
"Yaşamaq
haqqı"nda yalnız tarixən siyasi burulğanların
içərisindən keçən Azərbaycan deyil, həm
də o burulğanın episentrləri nişan
verilib, ümumi tarixi əhvalın mündəricatı dəqiq
sıralanıb. Lenin Səttarxanı
İranın Puqaçovu adlandırırdı. "Yaşamaq haqqı" onu Kromvellə
qiyaslandırır, "çünki Səttarxanın rəhbərlik
etdiyi hərəkat antimonarxiya xarakteri
daşıyırdı". Zəki Vəlidi
Toğan Ənvər Paşanı Dəli Domrula bənzədir,
Anar isə xəyali məqsədlər naminə qoşan bu
çılğın ehtiraslı idealisti Don Kixotla, yaxud
Çe Qevara ilə müqayisə edir. Nərimanovun
bəlli situasiyadakı davranışını Norveçin
Baş naziri Kvislinqlə, fransız marşal Petenlə
qiyaslandırır. Nərimanov barədə
çox kitablar oxumuşuq, amma inanmıram ki, Nərimanovun
kifayət qədər açıq siyasi milli mövqeyini
Anardan başqa kimsə bu qədər həssas boyalarla (və
faktoloji zənginliklə) analiz etmiş olsun. "Yaşamaq haqqı" tarixə tarixi həqiqətin
özünü həkk edir və tarixdəki bütün
dalğalar bu kitabda Azərbaycanın çevrəsində cərəyan
edir. Azərbaycanlı Nərimanovun qürubunu tatar Sultan
Qaliyevin süqutu təqib edir... Nərimanovu
1925-ci ildə zəhərləyib öldürdülər.
Sultan Qaliyevi 1940-cı ildə NKVD zindanında vəhşicəsinə
qətlə yetirdilər.
Səttarxan Təbrizin polis rəisi daşnak Yefrem
Davidyanın dəstələri tərəfindən 1910-cu ildə
yaralandı və 1914-cü ildə öldü. Bakını
1918-ci ildə erməni murdarlığından təmizləyən
Ənvər Paşa ömrünün son mərhələsində
Qızıl Ordu qüvvələrinə qarşı
savaşdı və Saruxanyanın gülləsiylə
öldürüldü. Kitabda
Eçmiadzin qaynaqlı erməni etiraflarına istinadən belə
faktlar çoxdur və siyahını istənilən qədər
uzatmaq olar. Tələt Paşa 1921-ci ildə
Soqomon Teyliryan tərəfindən qətlə yetirildi. Camal Paşa Tiflisdə Artaşes Gevorqyan tərəfindən
öldürüldü. Behbud xan
Cavanşiri İstanbulda Mişak Torlakyan qətlə yetirdi.
Və qatillərin heç biri həbs
olunmadı.
1980-ci illərin sonunda Eçmiadzindən
yazılmış məktub Anarın da qətlə yetiriləcəyini
vəd edir. Şükür ki, tale bu fürsətin sevincini ASALA
mənsublarına yaşatmadı. Vaxtilə Şaan
Natali Nemesisin terror siyahısında Əli bəy Hüseynzadənin
də adını xatırlatmışdı...
Anar erməni düşmənçiliyinin sistemini şərh
edir. Ədavət
toxumu Türkmənçay müqaviləsindən sonra ermənilərin
Azərbaycan ərazisinə köçürülməsilə
səpilib...
"Yaşamaq
haqqı"nın "Dədə
Qorqud" effekti var. O, sanki hamının bildiyini yazır. Amma bütün bunlar heç kəsin bilmədikləridir.
Anar, əslində, XX yüzil Azərbaycan
gerçəkliklərinin metafizikasını yazıb.
Alt və üst qatlarıyla bütün siyasilərimiz,
bütün hadisələr - Gəncə üsyanından
tutmuş Meydan hərəkatına qədər, Xocalı qətliamından
tutmuş helikopter qəzasına qədər, 20 Yanvardan
tutmuş SSRİ parlamentinə qədər, Xruşşovdan
başlamış Xruşşovun "rəhbərliyə
soxulmuş antileninçi düşmən"
adlandırdığı Mirzə İbrahimova və onun Azərbaycan
dili uğrunda mücadiləsinə qədər,
Şeyxülislam Ağa Əlizadənin intellektindən
tutmuş Qorbaçovun kabinetindəki pərdəarxası
söhbətlərə qədər hamısı politik
nüanslarla zəngin olan bu kitabın səhifələri
arasındadır. Bu kitab Azərbaycanın
icmalıdır. Bütün yönləri
ilə Azərbaycandır. Böyük Azərbaycandır.
Qandan, qırğından böhtandan, təhqirdən,
təhdidlərdən yorulsa da, ayaqda qalmağı
bacarmış, qürurunu qorumuş, gözəlliklərini
hifz etmiş işıq dolu Azərbaycan.
Azərbaycana rəhbərlik etmiş bütün siyasi
xadimlər - Məhəmməd Əmin Rəsulzadə, Nəriman
Nərimanov, Mir Cəfər Bağırov, Heydər
Əliyev... hamısı burdadır. Hamısı da öz
dəqiq qiymətləri ilə, millətə xidmətlərinin
dərəcəsi, miqyası ilə burdadır. Mən
dörd nəfərin adını ona görə fərqləndirdim
ki, həm də politoloji bir əsər olan "Yaşamaq
haqqı"nın siyasi episentrində bu
dörd şəxsiyyətin, daha çox da Azərbaycanı
milli və siyasi apokalipsisdən xilas edən Heydər
Əliyevin fəaliyyəti dayanır.
Təkcə bu da deyil. SSRİ-yə rəhbərlik
etmiş bütün siyasi xadimlər - Lenindən
başlamış Stalinə, Xruşşova, Brejnevə,
Qorbaçova qədər Azərbaycana münasibətlərinin
ən həssas cizgilərinə, təfərrüatına qədər
burdadır.
Anar Azərbaycanın SSRİ dövrünü bu qədər
repressiyaların, stalinizmin, totalitarizmin fonunda yalnız qara rənglərlə
təqdim etmir.
Anarın Azərbaycanı
işıqlıdır. Amma diqqətimi bir
məqam xüsusilə cəlb etdi. Anar Stalin mifinin təfsirində
bir neçə dəfə ingilis yazıçısı Corc
Oruelin "1984" romanına yönəlir: "Son nəhayətdə,
qurbanlar "Böyük qardaşı" - diktatoru -
onların hamısını amansızcasına təqib edən
insanı sevməyə başlayırlar...".
Amansız qəddarlığına,
zülmkarlığına rəğmən Stalinə
münasibət bütün SSRİ-də, o cümlədən
Azərbaycanda da belə olub. Bunu kitabın
"Altmışıncılar" bölümünü
oxuyarkən bir daha xatırladım. İndi
bəzən Azərbaycan ədəbiyyatının
altmışıncılar nəslini dünya roman
texnologiyalarından uzaq qaldıqlarına görə
qınayırlar. Amma Azərbaycan
altmışıncıları ədəbiyyatda nə
mümkün idisə onu etdilər. Stalinin ölkəsində
1940-cı ildə "Tatar çölü"nü, 1947-ci
ildə "Taun"u, 1959-ci ildə "1984"
romanlarını... yazmaq, sadəcə, mümkün deyildi. Avropada Stalin məzalimi yaşanmırdı, Bussatinin
İtaliyada yazdığı "Tatar
çölü"nü Kamyu 1950-ci illərdə Parisdə
fransız dilinə tərcümə edirdi. Burda isə həmin illərdə "Moskvada
dırnaq tutanda ucqarlarda barmaq kəsirdilər". Stalin epoxasında yazıçının nəinki
barmağını kəsirdilər, hələ üstəlik,
"sümüklərini sındırıb, gözlərini
çıxarırdılar". Ən
yaxşı halda isə Moskvada Fadeyev dırnağını kəsəndə
Bakıda Heydər Hüseynov venasını kəsirdi. Şəxsiyyətə pərəstiş illərində
beləydi. Mülayimləşmə
dönəmində isə avanqard sənətə
qarşı Kreml səviyyəsində savaş gedirdi. Bu mənada sosrealist metodlara arxa çevirən bizim
altmışıncılar dalğası ədəbi
texnologiyalar baxımından dünya ədəbiyyatı ilə
həmahəng idi. (Əslində,
altmışıncıların qınandığı indiki məntiqlə
yanaşsaq bugünkü dünya ədəbiyyatı da
dünya ədəbiyyatının qırxıncı-əllinci
illərinin ədəbi vüsətinə uduzur. Dünyada nə yeni Kafka, nə yeni Kamyu, nə yeni
Markes, nə yeni Bussati və b. mövcuddur). Və bu da ibrətamizdir ki, bütün bunların nə
üçün belə olduğunu yenə də həmin
altmışıncıların nümayəndəsi Anar
yazdı.
"Yaşamaq
haqqı"nda panturanizmin ideya müəllifi macar Vamberi də,
panislamizmin qurucusu Seyid Cəmaləddin Əfqani də var,
SSRİ-nin dağılmasının səbəbləri kimi
göstərdiyi Bzejinski də, Roma Papası II Pavel də, ermənipərəst
akademik Saxarov da, yazıçı Soljenitsın də var. Və
hər biri Azərbaycana fərdi münasibətləri ilə
bu kitabın səhifələri arasındadır.
Anarın baxdığı üslub pəncərəsindən
iki Avropa - həm siyasi oyunçu Sarkozinin Parisi, həm də
mütəfəkkir Monteskyönün Parisi görünür. Bu baxımdan
Anarın Avropaya münasibəti "Avropa mədəniyyətinə
bir nəzəri-müvazinə" əsərinin müəllifi
İsmayıl bəy Qaspıralının Avropaya münasibəti
ilə eyniyyət təşkil edir.
Anarın
kitabında nəinki bütöv Azərbaycan, eyni zamanda
dünya miqyaslı böyük bir Azərbaycan var. Qeyri-səlis
məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də
burdadır, "kosmosun fəth olunması tarixinin ayrılmaz
hissəsi" olan Kərim Kərimov da, Tümen neftinin kəsfi
ilə SSRİ-ni iqtisadi planda diz çökməkdən xilas
edən Fərman Salmanov da, Azərbaycan əsilli Amerika
astronavtı Ənuşə Ənsari də.
"Yaşamaq haqqı" Azərbaycanın özəl
kitabıdır. Millət anlayışının meydana
çıxdığı ilk mətnlərdən - Runik
yazılarından başlayan bu kitabın günümüzə
qədər toxunmadığı, qapsamadığı milli
problem qalmır. Kitab, sanki Orxon-Yenisey sahillərində
daşlaşmış Gül-Tiqinə millətimizin
başından gəlib-keçmiş min ilin qəzavü-qədərləri
barədə hesabatdır. Əfsus ki, biz
Gül-Tiqin zamanında unutqan olduğumuz kimi, indi də unutqan
millətik. Bundan Gül-Tiqin də inciyib,
Anar da inciyir.
Azərbaycanla bağlı çox kitablar yazıla bilər. Hər kəs
Vətən tarixini öz versiyasında və kontekstində təqdim
edə bilər. Məsələ
burasındadır ki, Anar böyük adamdır. Onun yanaşması müstəsnadır. Anar bu kitabı xalqına vəsiyyəti
adlandırıb. Düz də edib. "Vəsiyyət - yüngüllükdür".
Amma bizim də bu vəsiyyət sahibinə
borcumuz var. Bu kitabın timsalında tarixdə ilk dəfə
Azərbaycanın tərcümeyi-halı qələmə
alınıb. Kitabın baş qəhrəmanı
Azərbaycandır. XI yüzildə Mahmud
Kaşğarinin tərtib etdiyi "Divani Lüğət-it
Türk"dəki xəritə, xəritədəki
"Ərazi Azərbadqan", XIII yüzildə Fəzlullah Rəşiddədinin
yazdığı məşhur "Cami ət Təvarix"dəki
"Azər türkcə yüksəklik, bayqan - böyüklərin,
zənginlərin məkanıdır" sözləri. Ən mühüm və qədim bəlgələrdə
adıkeçən Azərbaycan Anarın diqqət mərkəzindədir.
Kitabda İbn Hişamın "Kitab əl Tican" əsərinə
istinadlar da var. Əməvi xəlifəsi Müaviyənin
(661-750) Ubeyd bin Sariyaya verdiyi sual və Sariyanın cavabı:
- Azərbaycan
haradır?
- Azərbaycan
əskidən türklərə aid bir məmləkətdir...
Birində coğrafiyamız ünvanlaşır, digərində
məmləkətimizin adının türkcə anlamı
ifadə olunub.
Başqa birində bu yurdun ən qədim türk
yurdlarından biri olduğu təsdiqlənir... İnanıram
ki, əsrlər keçəcək, gələcək Azərbaycan
da öz cazibədar keçmişi barədə ən
etibarlı məlumatları "Yaşamaq haqqı"ndan
alacaq. Azərbaycanı
üçüncü minilliyə yola salan siyasi içərikli
bu kitab bu günün bəlli bir oxucu auditoriyasına deyil, gələcəyə,
min ildən sonraya ünvanlanmışdır.
Bu kitabla Anar nəyi gerçəkləşdirir? Tarixmi
yazır? Etiraf etməliyik ki, bizim vahid
konsepsiyalı vətən tariximiz yoxdur, yazılmayıb.
Atatürk demişkən, tarix yazmaq tarix yaratmaq
qədər mühümdür. Tarixi
yaradanlarımız yaratdı. Amma
tarixçilərimiz onu yazmadı. XX
yüzildə bir Zəki Vəlidi Toğan mislində
tarixçi yetirə bilmədik. Amma
kaş ki, yetişəydi. Ümumi türk tarixinə
giriş yazan Zəki Vəlidi kimi, o da Ümumi Azərbaycan
tarixinə giriş yazaydı, gələn sonrakı nəsillərin
fikri, düşüncəsi o konsepsiyanın üstündə
gəlişəydi. Amma uzun illər hibrid
düşüncəyə meyilli tarixçiliyimizin fəhmini
bəd ayaqda, uzaqbaşı etnomədəni simbioz
axtarışı məşğul etdi. Azərbaycan
tarixinin kələfi çox qarışdırıldı,
bir-birini inkar edən fikirlər, fikri təzadlar
sarmaş-dolaş edildi. Kəsrəviləşmək,
türk olduğunu cığalcasına qəbul etməmək,
tarix kitablarını türk təfəkkürü ilə
yazmamaq, qədimdə Azərbaycan ərazisində
danışılan azəricəni türkcə deyil,
şimal-qərbi İran dillərindən biri kimi görmək,
bir sözlə, Nuh deyib, peyğəmbər deməmək nəticədə
bizə fərqli, mürəkkəb, anlamsız, mahiyyəti zədələnmiş
bir Vətən tarixi verdi. Elə bir tarix ki, həm
bizimdir, həm də bizdən başqa
çoxlarınındır.
Kitabda Zeynalabdin
Marağayinin "Səyahətnamə"sindən gətirilmiş
bir fraza məni xeyli düşündürdüyü kimi,
xeyli də ilginc göründü:
- Sən
türksən?
- Bəli,
Azərbaycandanam.
Az qala,
otuz ildir ki, müstəqilik. Yaxşı ki,
müstəqilliyimizin ilk böyük abidəsi adlandırılmağı
haqq edən "Yaşamaq haqqı" Azərbaycanın
yaşamaq haqqını ümumi türk tarixinin dil birliyindən
daha vacib olan milli birlik anlayışı üzərində
qurub.
Bu günə
qədər yazdıqlarıyla Azərbaycandan görünən
bir Anar var idi...
"Yaşamaq haqqı" isə Anardan görünən
Azərbaycandır.
1 iyul 2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.10-11.