Qiyamın cəzası və
mükafatı
Əlabbasın yenidən işlənmiş
üçüncü nəşrini oxuculara 2020-ci ildə təqdim
etdiyi "Qiyamçı" romanı bədii
düşüncənin, ədəbi təcrübənin
müxtəlif və fərqli zamanlarının içindən
keçir.
Burada söhbət yalnız əsərin
yazıldığı və yenidən işləndiyi tarixlərdən
getmir: həm insanların həyatında, həm də bədii-estetik
düşüncədə gedən köklü dəyişikliklər
nəzərdə tutulur. İlk variantı tariximizin
qırılma nöqtəsi olan 1990-cı ildə - Sovet
imperiyasının çökdüyü, Azərbaycanla
imperiyanın bağlarının qopduğu zamanda
yazılmış, ondan 14 il sonra
tamamlanmış bədii mətnə müdaxilənin mətn-oxucu
münasibətlərində paradoksal suallar yaratması da təbii
qəbul edilməlidir.
Əsərin
problematikası sarsıntı keçirməyə başlayan
Sovet ictimai həyatından gəlir: 1960-cı illərdən
başlayaraq bir yandan urbanizasiya, şəhərləşmə
öz işini görür, kəndlər kütləvi şəkildə
boşalırdı, bir yandan da Sovet hakimiyyətinin
"perspektivsiz kəndlər" ilə bağlı siyasəti
həm demoqrafik, həm iqtisadi və ekoloji, həm də mənəvi
tarazlığı pozurdu. Bu, dünyanın
altıda birini əhatə edən böyük bir
imperiyanı ərzaq qıtlığı, aclıq təhlükəsi
ilə qarşı-qarşıya gətirmişdi. İnsafən, buna Rusiyanın, digər
respublikaların, həmçinin Azərbaycanın ictimai fikrində
etiraz güclənməkdə idi. Sovet ədəbiyyatında
"kənd nəsri" adlandırılan təmayülün
başlıca mövzularından biri kəndlərin
boşalması, qocaların ümidinə qalması, tədricən
kimsəsizləşməsi idi. Ramiz Rövşənin o
illərdə yazdığı "Ağlama, Bənövşə
nənə" şeirində deyildiyi kimi, oğulları
davadan qayıtmayan kəndin nəvələrini də şəhər
alıb aparırdı:
Nə
yaxında, nə uzaqda,
Elə bil ki, biçindəyik.
Hələ
"adam" olmasaq da,
Qorxma, adam içindəyik, -
ağlama,
Bənövşə nənə!..
Universitet məzunu olan, kəndə müəllim işləməyə
gedən cavan Əlabbasın bir dağ kəndinin əhalisinin
orada su bəndinin tikilməsi ilə bağlı
köçürülməsinə yaratdığı
obrazlarla qiyam qaldırması, üsyan etməsi ictimai və bədii
düşüncədəki müqavimət əhval-ruhiyyəsi
ilə yaxından səsləşirdi. Müəllifin
də qeyd etdiyi kimi, əsər real fakt əsasında qələmə
alınmışdı. "Altmışıncı
illərin axırına yaxın, daha dəqiqi, on-on iki
yaşım olanda bir səhər gözümü
açıb uzaq dağ kəndindən gələn
qohumlarımızın öz ağır köçü ilə
həyətimizə düşdüyünü gördüm.
Hamı - qonum-qonşu, tanış-biliş, gələn-gedən
onlara təsəlli, ürək-dirək verirdi, amma bu təskinlikdən
çox, başsağlığına oxşayırdı.
Romanın ilk detalları uşaq yaddaşıma
onda köçüb. Bezgin, yorğun və solğun sifətlər,
ətrafa dağılmış müxəllafat, alabəzək
xurcunlardan yalnız başı görünən toyuq-cücə,
hərəsi bir tərəfdə düşüb
qalmış qab-qacaq... təxminən iyirmi ildən sonra
heç gözləmədiyim bir halda
"Qiyamçı"nın səhifələrində
təkrar üzə çıxdı. Mən,
bax, o köçkün kənd obrazını yaratmaq istəmişəm".
Bu əsər qələmə alınan zamanlarda Azərbaycanın
başqa bir yerində əks-sədası sonrakı proseslərə
yayılan və SSRİ kimi nəhəng bir dövlətin
dağılmasına qədər gedib çıxan ciddi bir
hadisə də baş vermişdi. Romandakı hadisələrin
böyük bir qisminin içindən keçdiyi 1985-ci il Azərbaycanın
tarixinə ucqar dağ kəndinin qiyamı ilə
düşüb: Qazax rayonunun Ermənistanla sərhəddə
yerləşən Kəmərli kənd sakinləri torpaq sahələrinin
Ermənistana verilməsi ilə bağlı qiyama
qalxmış, bu məsələni "yat-küt" eləmək
üçün Bakıdan kəndə göndərilmiş
yüksək vəzifəli rəsmiləri mal tövləsinə
salıb dustaq eləmişdilər... Bu, Sovet
tarixi üçün görünməmiş hadisə olmaqla
yanaşı, mövcud sərhədlərin dəyişdirilməsi
ilə bağlı məkrli siyasi eksperiment idi. Cəmi
üç il sonra azərbaycanlıların
Ermənistan ərazisindəki dədə-baba yurdlarından didərgin
salınması həmin eksperimentin çanağı bizim
başımızda çatlayan davamı olacaqdı...
Romanın
süjet xətti də elə bu hadisənin üzərində
qurulub: əsərin baş qəhrəmanı Təbriz Ermənistan
ərazisindəki dədə-baba yurdundan qovulmuş didərginləri
vilayət mərkəzindən Əyriqara -
köçürülməsi haqqında hökumətin qərar
verdiyi, lakin Təbrizin qiyam edərək xəritədən
silinməyə qoymadığı kəndə aparır.
Romanı qaçqınların təmsilçisi
Zülfüqar müəllimin yol boyu söylədiyi siyasi
mülahizələr müşayiət eləyir. Beləliklə,
Zülfüqar müəllimin - öz yurdundan qovulandan sonra Təbrizlə
Əyriqara üz qoyan kənd ziyalısının
düşüncələri romandakı ictimai-siyasi fonu müəyyənləşdirir
və bir çox məqamlarda müəllifin qənaətləri
ilə üst-üstə düşür...
Mətn boyu diqqətdən yayınmayan ən
mühüm cəhətlərdən biri əsərdəki
zamanın çoxqatlılığıdır. Təbriz
Zülfüqar müəllimlə yol boyu söhbət eləyə-eləyə
xatirələrə dalır, diskursun, müəllif-oxucu
dialoqunun istiqamət və hüdudları tez-tez dəyişir,
zaman aramsız şəkildə irəli-geri qaçır.
Əlabbas özü bunu "oxucunu bezdirə
biləcəyini hiss edəndə növbəlilik prinsipinin
işə düşməsi" ilə izah edir.
Onu da qeyd
etməyi zəruri sayıram ki, müəllifin əsərdə
baş verən hadisələrin zamanını - 1980-ci illəri
sonrakı dövrdə qazandığı ədəbi-estetik,
ictimai-siyasi səriştə ilə, eləcə də həyat
təcrübəsi ilə "yükləməsi" ilk
növbədə janra sirayət eləyib, 1990-cı ildə
povest kimi tamamlanmış mətn 2004-cü ildə roman vəsiqəsi
alıb.
Əlabbasın "Qiyamçı"dan əvvəl
yazdığı "Köhnə kişi" povestinin ən
mühüm keyfiyyəti, məncə, müəllifin mükəmməl
təhkiyə ustalığındadır. Həmin əsərdə
müəllif mətn-oxucu ünsiyyətini böyük
virtuozluqla idarə edir. Hiss olunur ki, Əlabbas
"Qiyamçı"nın ilk
variantında da ağırlığı təhkiyənin
üzərinə qoymaqla onu dərindən sarsıdan ictimai
problemin kədərli nağılını yaratmağa
üstünlük verib, təqdim etdiyi mətnlə öz
içindəki qiyamı, səssiz üsyanı əyaniləşdirməyə
çalışıb. Lakin əsəri yenidən işləyəndə
müəllif nağıl yanaşmasından imtina edib: "Bu
günün ayıq oxucusunu lap bal kimi şirin nağıl
dili ilə də aldada bilməzsən". Beləliklə,
müəllif "bal kimi şirin nağıl dilinə"
deyil, mürəkkəb "roman dili"nə bilərəkdən
üstünlük verib. Təbii ki, bu,
müəllifin şəriksiz haqqıdır.
"Qiyamçı"nın sonradan işlənməsi (əsər
son nəşrdə "Yeni Azərbaycan romanı" kimi təqdim
edilib) lirizmlə müşayiət olunan təhkiyənin
yüklənməsi ilə nəticələnib: burada mətn
içində mətndən daha çox, süjetin şaxələndirilməsi,
təsvirlərin paralelləşdirilməsi təhkiyənin
ritmini, mətn-oxucu ünsiyyətini də xeyli mürəkkəbləşdirir.
Qələmə alınan hadisələrin
baş verdiyi tarixin özü mürəkkəb və
qarışıq olduğu kimi, təhkiyə də yumaqdan
çözələnən ip kimi qarışıq
düşür və biz obrazları, onların başına
gələnləri bu qarışıqlığın
içində görürük. Obrazların xarakterləri,
düşüncələri, hiss və duyğuları qrafik rəsm
əsərində olduğu kimi, dolaşıq
salınmış cizgilərin labirinti içində verilir.
Bu labirint, müəllifin də qeyd etdiyi kimi, zamanın
yaddaş üzərində saldığı xətlərdən
yaranır: "Məndən ötrü uşaqlıq
yaddaşı ilə qələm arasında gözəgörünməz,
üzvi bir bağlılıq var və o məsafə ağacla
yox, yazı ömrü kimi zamanla ölçülə bilən
bir məsafədir. Bu yazı da o yazıdandır, ya yox -
bilmirəm, intəhası nəstəliq xətti, nəbati
naxışları ilə alnımdakılara da hədsiz
oxşarı var. Fərq bircə bundadır ki, onu Allah
yazıb... amma heç bunu da mən yazmamışam, yazan
yazdırıb - xəttatı mənəm"...
Kəndin fiziki köçürülməsindən əvvəl
müəllifi düşündürən ciddi sosial problem kəndin,
bəlkə kənddən də daha çox kəndi o hala
salan ictimai-siyasi sistemin mənəvi iflasıdır. Əsərdə maraqlı
bir replika-xatirə var: pambıqçılıq ölkəsi
kimi ad çıxarmış Azərbaycan kəndində
ölünü kəfənləmək üçün bez
tapılmır. Ölünün yerdən
götürülməsi məzhəkəyə - komediyaya
çevrilir. Ümumiyyətlə, əsərin əhatə
etdiyi ictimai mühitdə komediya ilə tragediyanın, qiyamla məzhəkənin
keçidi üçün əlverişli zəmin var. Bunun fərqində
olan müəllif insanlar arasındakı münasibətləri
və ictimai mənzərəni məzhəkəyə
çevirməyə deyil, dramatikləşdirməyə, faciələşdirməyə
və həmin faciənin içində özünün
ideallarını daşıyan qəhrəman yaratmağa
üstünlük verir. "Məzhəkə! Qiyam!.. Qiyamı... Təbriz kimi eləyərlər!
Dədə-baba yurdunu hökumətin yeriylə
köçürtdüyü bu üsyankarın etirazı
dövlət adamlarından tutmuş öz həmkəndlilərinə,
doğma və yaxınlarına, qadınına və iki
azyaşlı ciyərparasınacan hamıyadır. Əsas da cəmiyyətə".
Kəndin köçürülməsinə etiraz edən
Təbriz özü də dərk etmədən Don Kixot vəziyyətinə
düşmüşdü. Əslində, kəndin
köçürülməsi, sadəcə, hansısa
hökumət qurumunun, yerli məmurun iradəsindən
asılı məsələ deyildi. Bu
hökmü zaman vermişdi və Təbrizin qiyamı da
zamanın hökmünə, yazısına qarşı idi.
Don Kixot yel dəyirmanı ilə
döyüşə atıldığı kimi, Təbriz də
geri döndərilməsi mümkün olmayan zamanla cəngə
çıxmışdı. Lakin bu hadisənin
təqdimində Servantesdən fərqli olaraq Əlabbas
parodiyadan, qəhrəmanını gülüş hədəfinə
çevirməkdən imtina edir. O öz qəhrəmanına
Dostoyevskinin Don Kixota yanaşdığı kimi yanaşır:
"Don Kixot öz mənfəətlərini də bilir və
hesab aparmağı bacarır: o bilir ki, əvvəlki kimi cəngavər
qalacaqsa, öz ləyaqəti ilə qalib gələcək;
üstəlik də əmindir ki, bu yolda xeyirə və həqiqətə
can atarkən səmimiliyini itirməyəcək və bu
cür düşüncə onu gələcəkdə
gücləndirəcək".
Təbrizin də içində güclü bir qalib gəlmək
ümidi var. Lakin zamanla döyüşdə onun
aldığı yara yüngül olmur. Təbrizin
tarixin gedişatına qarşı qiyamı onun ailəsini əlindən
alır. Çox sevdiyi və yolunda
böyük fədakarlıq göstərdiyi həyat
yoldaşı Şəhrizdən ayrılmalı olur, ata nəzarətindən
kənarda böyüyən övladları isə Şəhriz
ərə gedəndən sonra taleyin ümidinə qalır.
İtirdiyi əzizləri - bir dəfə övladı,
bir dəfə də keçmiş həyat yoldaşı
qarşısına bazar piştaxtası arxasında
çıxır. Məncə, bu, Allahın daha sərt
yazısı idi və Əlabbas bu yazının xəttatlığının
öhdəsindən bacarıqla gəlib. Kənddən,
torpaqdan, yurddan qopan insan şəhərdə öz yerini
piştaxta arxasında axtarmalı olur. Tapıb-tapmayacağı
isə başqa sualın mövzusudur.
Şəhriz
də cəzalandırılır: Təbrizdən ayrılandan
sonra yanına və mənəviyyatına yaraşmayan
yöndəmsiz dəvə oğrusuna ürcah olur.
Lakin mətn boyunca nəzərdən qaçmayan müəllifin
sona qədər Təbrizin tərəfində olması,
qiyamın qələbə ilə bitməsini istəməsidir. Qiyam edən Təbriz
- Əyriqarın yalqız bəbiri müəllif tərəfindən
mükafatsız qalmır. Təbriz
Əyriqardakı kalafa yerindən bir küp qızıl
tapır, sonradan adının Müqəddəs olduğunu
bildiyi şəhərli geoloq qadın öz ayağı ilə
gəlib onun Əyriqardakı evinə çıxır.
Bunların nə dərəcədə mistika,
yaxud gerçəklik olması barədə düşünmək
oxucunun öhdəsinə düşür.
Gözlənilmədən gəlib Əyriqara
çıxan qadın gedəndən sonra Təbriz uzun
müddət onun xəyalı ilə yaşayır və həyatında
hər şey bitdi deyəndə vilayət mərkəzində
yenidən həmin qadınla - Müqəddəslə
qarşılaşır. Elə buradaca bir fikri vurğulamağı zəruri
hesab edirəm ki, "Ədəbiyyat qəzeti"nin
"Öz əsərini danışdır" layihəsində
Əlabbasla "Qiyamçı"nı
yüksək peşəkarlıqla danışdıran Hədiyyə
Şəfaqətin fikri ilə tam razıyam: Müqəddəs
Əyriqara getməməliydi.
Müəllif Müqəddəsdən sonra
Zülfüqar müəllimi də Təbrizlə birlikdə
Əyriqara gətirir. Artıq Əyriqarın yeni sakinləri ilə
Təbrizi yeni bir hekayə gözləyir. Bununla
da qiyam öz məntiqi sonluğuna çatır. Elə
bu yerdə başqa sual yaranır: bu, xoşbəxt sonluqdurmu?
***
...İki
il öncə Naxçıvandan
maşın tutub Qarsa gedirdim. Türkiyə ərazisində
sərhədboyu hər cür müasir şəraiti olan,
içində heç kəsin yaşamadığı bir qəsəbə
diqqətimi çəkdi. Taksi sürücüsü məlumatlı
adam idi. Bu qəsəbəni Türkiyə
hökumətinin 1990-cı illərdə keçmiş
SSRİ ərazisindən Türkiyəyə
köçmüş Mesxeti türkləri üçün
saldığını bildirdi: "Onlar burada az
yaşadılar. Yerlərini rahatlayandan sonra Türkiyənin
şəhərlərinə köçdülər"...
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.13.