Gedək adamsızlığa
Gedək
adamsızlığa
Adam gərək son səfərə
Tək çıxa,
adamsız çıxa.
Şair,
gedək buralardan
Təkliyə, adamsızlığa.
Təmizləyək yolu izi,
Tapmasınlar izimizi,
Kim axtarsa bir gün
bizi -
Hər yerdən
adımız çıxa.
Tapmacalı ömrümüzün
Açmasını tapmaq üçün,
Yalan dünyadakı son gün
Cavabın adı düz çıxa.
Və yorulub təkliklərdən,
Geriyə baxasan hərdən.
Küsüb gəldiyin o yerdən
Səs gələ,
adi iz çıxa.
Şəhərdə kəndli şair
Necə
miskin görünər,
yaman solğun olardı
Hava limanı
olmayan şəhərlərin
göy üzü.
İçindən keçib getmirsə
qatarlar fit verərək
Vüsal, həsrət nədir bilməz, həmin şəhərin özü.
Şəhərlərin ayrı olur küçədəki
itləri,
Şəhərliyə quyruq bular, amma
cumar özgəyə.
Bizim kənddə təkərlərin
iziylə palçıqlanar,
Yağış yağsa burda dönər asfaltları güzgüyə.
Burda böyük marketlərdə
ətirli gözəl
qızlar
Silər kənd qızlarının
təri hopan meyvəni.
Kəndli
qızsa yuxusunda şəhərdə mənzil
alar -
Üç otağı, bir salonu, bir də
açıq eyvanı.
Bircə
ağacları meyvə,
gülləri ətir
verməz,
Gözəlliyə yarayarlar vitrin kuklası kimi.
Uca-uca binaları gecələr
par-par yanar,
Uzaqdan göz qamaşdırar nazir kurtkası kimi.
Kənddə qonşu-qonşunun arxası,
dayağıdır,
Şəhərdə qonşu qonşunu pulu yoxsa dindirməz.
Bir xeyir gətirməyirsə
qonşuya salam
verməz,
Eyni yolu getsə belə, maşına da mindirməz.
Şəhərlərin çox yanını sevmədi kəndli ruhum,
Şəhərlərin bir cəhəti təsəlli
verdi mənə.
Kənddən gələn şairləri
şəhərin gecələri
Alıb qoşa qanadına aparar təkliyinə.
Hava limanı olmayan, qatar keçib
getməyən
Şəhərlərdən uzaqlaşın, o şəhərlər
yetimdi.
Bir də o cür şəhərlərdən
bir gün getmək istəsən
Mənzil
uzaq, yollar bağlı,
qaçmaqsa lap çətindi.
Yaxın və uzaqsan mənə
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən
isə
Körpəcə uşaqsan mənə.
Danış, hər dərdini
danış,
Onsuz da hər dərdin
tanış.
Ərk ilə əlimdən yapış, -
Əlini uzatsan mənə.
Ömrün sirrini taparsan,
Sirrin yerini taparsan.
Yaxın
birini taparsan
Uzaqdan göz atsan mənə.
Dostum,
min yara alsan da,
Ümid tükənmir insanda.
Hamıya
həbs olunsan da,
Hər kəsdən
azadsan mənə.
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən
isə
Körpəcə uşaqsan mənə.
Dəli möcüzə
Ayağı burxular xəyallarının
Qayadan yıxılıb tanınmaz
bir də
Ölər öz içində
can verə-verə.
Səni
tanımadan öncə
bu şair
Durub dayanmışdı
bax həmin yerdə.
Gözləri göylərdən asılı
idi,
Ümidi çərpələng kimi
tutmuşdu.
Bir qara buludun kölgəsi
altda
Yağışı, Günəşi,
göy qurşağını
-
Yaxşı olan nə varsa,
unutmuşdu.
Elə bil şeirlər zəhər dadırdı,
Elə bir sözlərdə tikan var idi.
Elə bil adamlar hamısı
saxta,
Elə bil ruhunda on iki ballıq
Dünyanı dağıdan təkan var idi.
Sən məni qayanın dibində tapdın,
Sildin təsəllinlə
qan izlərini.
Bir qara buludun altından
dartıb
Yağışla, Günəşlə, göy qurşağıyla
Təzədən şeirə qaytardın məni.
İndi
ağıl dolu dəli kitabam,
Bir də vurulmuşam, bir də hər sözə.
Özümə güzgüdə baxdım
bu axşam,
Tanıya
bilmədim güzgüdəkini,
Bu mən o mənmiyəm? Tanrım, möcüzə.
Ağrı canda sağ qalır
Çək bu çəkisiz
dərdi,
Gör nə ağırdı ağrım.
Sənsizlik daşıyıram,
Yük altda çatlar bağrım.
Nar kimi dağılaram
Göyün ulduz yerinə.
Hər gecə səpilərəm,
Yuxuna duz yerinə.
Göyüm-göyüm göynərsən,
Bir ömür
mənsizlikdə.
Anlarsan nə çəkirmiş,
Bu şair sənsizlikdə.
Hər şeir bir ağrımdı,
Yazdıqca qadam çıxır.
Gecə
şair olanlar,
Səhərə adam çıxır.
Başlayır yeni bir gün,
Ağrı canda sağ qalır.
Ağrıları gizlədib
Ömrü yaşamaq qalır...
Təklik səssizliyi ürkütməz
məni
Sual ver, cavab tap, niyə ki, sənə
Mən həm həmdərd oldum, həm dərd oldum?
Təklənmək o qədər ağır
gəldi ki,
Səkkiz illik bir səfərdən
yoruldum.
Dostlarımla düşmən oldun,
məni də
Düşmən etdin dostlarımla, bu belə.
Gözüm açılanda gördüm
dostlaşıb
Düşmənlərlə yapışmısan əl-ələ.
Yeriş
öyrətdiyim, yol göstərdiyim
Yolumun üstündə
kola döndülər.
Sol yanımda yer verdiyim adamlar
Məni görən kimi sola döndülər.
Yaxşı ki, əzəldən
öyrəncəliyəm -
Mən ulduz çoxluğu təklik adamı.
Təklik
səssizliyi ürküdərmi
heç
Təklik qarşısında dimdik adamı?
Daha olan olub, etdiklərini,
Nə mən unudanam, nə zaman, "dostum".
Amma bir sualım cavab istəyir,
Nə zaman düşməndin, nə
zaman dostum?
Gecəyə pıçıldayan sirr
Qorxuları çiyələk dadında,
Ürəyi doludur - yağsa, qar yağar.
Tanrım, bu nə sirdi
bu qadında?
Daş üstündə şəkil
kimi ağrılar!
Sevgisini
göylərdə oynadır
Gəl bax, çərpələngdir - ipi
əlində.
Əl uzatsa tutar, amma
susur,
Dinir baxışları
təşviş dilində.
Ürəyini əzbərdən oxuyar,
Adam tanımaqda fəhmi
dağ dələr.
Şeyda
bülbül nəğməsi
kimidir
Səsinə uçunar bağda lalələr.
Tərəddüddə çırpınır
hələ ki
Özü özü boyda qəfəsə düşüb.
Qış günündə eşq
ilə sərxoşdu
Şeir havasında həvəsə
düşüb.
Qaranlıqlar bağlamaz yolunu
Gecə çıraq kimi yapışar Aydan.
Sükutunda tilsimlər gizlidir
Divlər diksinəcək səssiz haraydan.
İçindəki qəfəsi sındır, at,
Özünü özündən azad
et, qadın.
Şeir
kimi gözəldir yaşamaq,
Gecəyə səninçün sirr pıçıldadım.
Çıxdım yerin altına
Endim göyün üstünə,
Çıxdım yerin altına.
Endiyim ucalıqdan
Baxdım yerin altına.
Kim dedi, bu yerə
çıx,
Gördüm bir məzar açıq.
Hey işləyir çıqqaçıq
Vaxtım yerin altına.
Ömür yordu büsbütün
-
Bir daştək bitmək üçün
Yağışa dönüb bu gün
Axdım yerin altına.
Mənim tənhalığım xatirə seli
Qəhvəmin dadına gecə
qarışıb,
Qəhvəmin iyində adın gizlidir.
Mənim
tənhalığım xatirə
seli -
O seldə sirli bir qadın gizlidir.
Yuxum yallı gedir balıncın üstdə,
Xəyal bardaş qurub başımın altda.
Tavana bir qadın şəkli çəkirəm
Boğulur mənzərə qaşımın
altda.
Uşaqkən gizlənqaç oynadığım
qız,
Mən qırxı
sayınca qaçıb
gizləndi.
Qırx
ildi axtarıb tapa bilmirəm,
Kimin qapısını
açıb gizləndi?!
Suallar gecədə toy tutur mənə,
Cavablar qəlbimə
batır ox kimi.
İşığı yandırıb qovdum gecəni,
Güzgüdə özümə dedim
dərdimi.
Ordubad yollarında
Atdı
qara çadrasını,
Şehləndi üfüq dodağı.
Günəş öpdü buludları
Qızardı göyün yanağı.
Yol boyu ağaclar oyaq,
Maşın ağır-ağır gedir.
Sağımızda Araz çayı
Bizə baxır, axır gedir.
Dağlar
ixtiyar qocadı,
Əl-ələ, çiyin-çiyinə.
Haçadağa qalxan duman
Enir deyinə-deyinə.
Bir kəndi ötüb keçirik,
İndi orda yatır hamı.
Dünənin yorğunluğuna
Layla deyir kənd adamı.
İtlər hürür, xəyalımdan,
Ayılıram bir anlığa.
Qoca tülkü kənddən
çıxır,
Qaranəfəs xozanlığa.
Düşüncələr sözə dönür:
Həyat qısa, yolum uzun.
Ömür adlı səfərdəyik
-
Çoxu getdi yolumuzun.
***
Dəyərli müəllimim Hüseyn
Həşimliyə Seyid
Əzim Şirvani sovqatı
Canını sevdiyinə hər
insan qurban aparar,
Şair öz şeiri ilə ruhuna ehsan aparar.
Gözəlim, baxma elə, qıyqacı süzgün
göz ilə
Baxışın varlığımı min alar,
bir can aparar.
Min yerə parçalanıb bir ürəyimdən ölürəm,
"Kirpikin bas yarama,
qoyma məni qan aparar".
Kimsə
görməz mənim
o göydə axan ulduzumu,
Tanrı da sevdiyini yanına
pünhan aparar.
Nə qədər şeirim ilə vəsf etdiyim gözəl ki var,
Öləndə tabutumu o qədər canan aparar.
Fəqət, eşqiylə dəli
olduğum o qəmzəli
yar,
Baxıb bu mənzərəyə,
özüylə Elxan aparar.
Elxan YURDOĞLU
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.12.