Karantində itik
Uşaq hekayəsi
"Pişik itib! Rəngi: ağ-qara və kürən. Gözləri
görmür, hər səsə, hənirə səksəkəlidir.
Adı: Çeşir. Belə
çağırsanız, dərhal sizə yaxınlaşar.
Tapana mükafat veriləcək. Təşəkkür edirik. Tel: 0554798424"
Bu elanı Alpərin babası İçərişəhərə
Sabir bağı tərəfdən girişdəki qala
divarına yapışdırılmış kağızdan
oxudu.
Pişiyin rəngli şəkli də verilmişdi: xəstə,
aciz yox, gumrah görünürdü, elə bil gülümsəyirdi.
...Alpərgilin
evi Sabir bağına yaxın ərazidə yerləşdiyindən
o, babası ilə buraya tez-tez gəlir, bağdakı dördayaqlı
dostlarını - sahibsiz pişikləri sevdikləri dadlı
yeməklərə qonaq edib, onları əyləndirməkdən
xoşu gəlirdi.
Babası bu gün də bağda idi. Karantin
başlanandan buraya tək gəlirdi. Pandemiya
tələblərinə görə uşaqların bayıra
çıxması yasaq idi. O, icazəli vaxt ərzində
məişətləri üçün lazımı işlərini
görür və fürsət tapıb bağa gələrək
onları gözləyən küçə pişiklərini
yedizdirirdi.
Elanı
oxuyanda xeyli qayğılandı: "Görünür, bu
pişik təzə itib, dünən elanı görməmişdim.
Zavallı vaxt tapıb itməyə.
İndi necə olacaq, bütün bağlar, parklar
bağlı, buralara nə gələn var, nə yazını
oxuyan... Heç ağla gələn şeydir?
İçərişəhərin dəmir
darvazasına da qıfıl asılarmış. Kim bilir,
sonuncu dəfə bu darvaza nə vaxt
qıfıllanıbmış... Ehh, kəmfürsət virus,
nə girəvə düşüb əlinə! Daraşmısan dünyanın canına, nə mərhəmət
bilirsən, nə sərhəd tanıyırsan.
Başıtaclı olsan da, zatın naməlum, zərrəcik
spirtdən izin-tozun belə qalmır... Yaxşı...
vaxtımın bitməyinə yarım saat qalıb, hələ
imkan varkən pişiyi özüm axtarım, bəlkə
buralardadır".
Baba ətrafı gəzib dolaşdı,
"Çeşir, a pişik" çağırsa da,
bayaqdan bəri yedizdirdiyi, indi ayağına dolaşan
pişiklərdən başqa birisini görmədi.
Elanı telefonuna çəkdi.
Evdə şəkli Alpərə göstərdi. Alpər şəklə
baxan kimi pişiyi tanıdı:
- Baba, ay
baba, bu ki Humaygilin... eee, yəni Humayın dostu Aliyənin
pişiyidir! Necə yəni itib?
Baba:
-
Doğrudan? Yəgin bilirsən həmin
pişikdir?
- Hə,
hə... Yayda Humay tətilə gələndə
Aliyəgilə getmişdik, orada görmüşəm. Elə şirin, oynağan pişikdir ki...Yazıq
pişik, kaş tez tapılaydı. Baba, birdən onu pis adam tapsa, incitsə...o bir də öz
yuvasına qayıda bilməsə...
- Alpərim,
bir dayan görüm...axı burada
yazılıb ki, o görmür. Aliyəgilin
pişiyi görmürdü?
- Yoox...
görürdü!
- Onda,
balası, səhv edirsən, bu sən deyən pişik deyil.
- Yox e,
baba, dəqiq odur. Bax, başı, bədəni
ağdır, qulaqlarının arasından quyruğuna qədər
qara zolaqları var, əl-ayağı isə kürəndir...məzəli
görünür. Yadımdadır, bu
pişiyi onların evinə Pətiş gətirmişdi.
- Pətiş?
Pətiş kimdir?
- Aliyənin
böyük pişiyi... İnanmırsan, Humaydan
soruş.
...Humay Alpərin bibisidir, Aliyə də Humayın rəfiqəsi. Hər ikisi
musiqiçidir. Neçə il əvvəl
Norveç konservatoriyasında bir kursda oxumuşdular. İndi biri Amerikada, o biri Danimarkada təhsillərini
davam etdirirlər.
Alpərgil Humayla əlaqə saxlayıb elanın şəklini
ona göndərdilər. Humay da məsələni
aydınlaşdırmaq üçün təcili Aliyəyə
zəng vurdu və sözün düzü, çox peşiman
oldu, çünki rəfiqəsinin nə pişiyin itməyindən,
nə gözünün zədəli olmasından xəbəri
var idi. Atasıgil Aliyəyə heç nə
deməyiblərmiş ki, onu bu cansıxıcı karantin
zamanında daha da məyus etməsinlər.
Aliyə bu xəbərdən çox sarsıldı. Qəmli-qəmli
təsdiq etdi ki, bəli, şəkildəki onun pişiyidir.
Sonra pişikləri barədə çox
şeyi Humaya, o da öz növbəsində eşitdiklərini
Alpərə danışdı. Dediklərinin məzmunu
təxminən belə idi...
Çeşir buralara gəlmə pişik idi, amma bilən
yox idi necə və haradan gəlib. Bəlkə də
İçərişəhərə gəzintiyə gələnlərdən
kimsə bu pişiyi orada itiribmiş. Hər
halda Çeşir Qədim şəhərdə həmişəlik
qalmalı olmuşdu. Özü də Pətişin
sayəsində. Necə? Bax belə:
...İçərişəhərin
dolanbaclarında azdığını hiss edən
Çeşir anlayır ki, artıq sahibsizdir, nə bir
daldanacaq yeri var, nə bir yaxını. Dar
küçələri, tinləri, dalanları ac-yalavac, sərgərdan
xeyli dolaşır ki, nəhayətdə bu qəribə yerdən
ayrılıb öyrəşdiyi hay-küylü, geniş
yollara çıxa bilsin. Dolanbacların dərinliklərində
daha da azır. Əldən
düşür. Çarəsiz qalıb
bir divar küncündə yerə qısılır. Bir də görür, qarşıdakı evin
küçəyə baxan çardağından üç
pişik kirimişcə, diqqətlə ona tamaşa edir.
Çeşir sevinir, ürəyində ümid
yaranır ki, aha, bəlkə bunlar elə mənim yeni
dostlarımdır. O da tilsimlənmiş kimi
gözünü həmin pişiklərdən çəkmədən
düşünür, görəsən, onlarla necə tanış ola bilər. Belə xoş ovqatda
ikən qulağının dibində hirsli bir miyoltu eşidir:
- Miyoo! Nə heykəl kimi durub baxırsan? O
gördüklərin əsl pişiklər deyil e, heykəllərdir,
bildin? Sən kimsən, burada nə işin var?
Çeşir
bu vahiməli səsdən diksinib, əsməyə
başlayır, dili söz tutmur:
- Myo-myo,
məən... azmı...şam...
-
Azmısan? Biz sənə yolu göstərərik.
Təcili çıx get Bayır şəhərə. Bura bizim məhəlləmizdir, əsl-nəcabətli,
tox pişiklərin məhəlləsi. Bax
o gördüyün heykəl pişiklər var ha, onlar bizim
şənimizə qoyulub. Dədə-babadan
burada yaşayırıq, qoymarıq hansısa küçə
pişiyi gəlib yerimizi dar eləyə. Düz
deyirəm, a qonşular?
Və Çeşir bir də görür ətrafı
pişiklə doludur, heç xəbəri yox, hamısı
gözünü ona zilləyərək hücuma
hazırlaşırmış kimi çöməlib əmr
gözləyir. Çox qorxur, bilmir nə etsin, divara daha
da bərk qısılır, "ay aman, kömək edin, bu
acıqlı məxluqlar üstümə cumacaqlar!"
- deyə bağırmaq istəyir. Təlaşdan boynunu içinə çəkib
gözlərini bərk-bərk sıxır...Yenidən bir
anlığa açanda görür ki, pişiklər, əksinə,
yavaş-yavaş geri çəkilir. Bayaqdan
özünü pələng bilən, indi isə birdən-birə
nəyə görəsə, büzüşüb suda
islanmışı xatırladan o xudpəsənd də
yaltaq-yaltaq kiməsə yol verir. Çeşir
bir qədər toxtayır. Özünü
dikəldir, irəlidə başını dimdik tutaraq
ağır-ağır addımlayan bir pişiyi görür.
Tünd boz rəngli, qamətli, iri kəhrəba gözlü
həmin pişik ara bir dayanıb tüklərini
qabardaraq ətrafdakı pişiklərə qəzəblə
fısıldayır...
Aramla ona yaxınlaşan pişiyin zəhmli
görünüşündən Çeşirin ürəyi
tappıldayır. Həyəcandan yumağa dönüb səssizcə
ağlamağa başlayır... Kəhrəba
gözlü pişik Çeşirin qabağında dayanıb
diqqətlə onu süzür. Sonra ağlar, fəqət
mehribancasına gülümsəyən üzünə
baxır, baxır... Sınayırmış kimi onun
üz-gözünü iyləyir... Və gözlənilmədən...
nəvazişlə başını onun başına sürtərək
sərt tərzdə deyir:
- Bayaqdan
bəri burada nə boş-boş danışırsan? Hə?!
Çeşir
çaşır, dili topuq vurur:
- Axı
mə..., m...
- Sənə
demirəm... Bəsdir qorxudan əsdiyin, sakitləş! Deyəsən azmısan, hə?
Aydındır... deməli belə, sən bu gündən mənim
yanımda qalacaqsan, dostun da özüm olacağam, əgər
istəsən! Yox əgər buradan getməyi
düşünürsənsə, buyur, yol
açıqdır, özüm səni yola salaram.
Sonra isə
bayaqkı lovğa pişiyə tərəf heç baxmadan,
saymazyana, amma qəzəblə:
-
Sözüm sənədir, qulağını yaxşıca
şəkləyib məni dinlə! Neçə il öncə nə bilim haralardansa buraya gəldin,
yalvarıb-yaxardın ki, yazığam, yurdum-yuvam yoxdur. Dedik, yaxşı, qalmaq istəyirsən, burada qala
bilərsən. Deməli, sən də elə
ki, özünə yer elədin, mənəm-mənəmliyə
başladın? Nə cəfəngiyyatdır deyirsən,
guya pişiklərin heykəli də sənə aid
imiş...Bir özünə bax, bir də o heykəllərə...Çox
gülməlisən... Sözün qısası, itil buradan,
bir də gözümə görünmə! Eşitdin?
- deyir.
Həmin
pişik müticəsinə:
- Baş
üstə, baş üstə, - deyib aradan çıxır.
Kəhrəba
gözlü pişik o biri pişiklərə üz tutub
narazı-narazı:
- Sizə
də ar olsun, qoşulmusunuz qorxağın birisinə...
Dağılışın... indidən belə işinizi
bilin!
...Bəli,
həmin qürurlu, ötkəm pişik Pətiş idi. O,
İçərişəhərdə Aliyənin rəssam
atasının emalatxanasında yaşayırdı. Qədim şəhərin sfinks pişiklərinə
bənzər yekə, şiş qulaqlı, kiçik, uzunsov
başlı, nazik boğazlı əsl cins pişiklərinin
azsaylı nümayəndələrindən biri idi, neçə-neçə
firça ustası onun xüsusi
görünüşünü rəsmləndirmişdi.
Hamıya da bəlli idi ki, İçərişəhər
pişiklərini timsallandıran o heykəl pişiklərdən
biri elə Pətişin heykəlidir. Demək,
o, Qədim şəhərdə seçilib-sayılan
pişik idi.
Pətiş həm də dünyagörmüş
pişik idi, sözün birbaşa mənasında dünya
görmüş pişik. Aliyə ilə bir
çox ölkələrə səfərlərdə
olmuş, məşhur konsert salonlarında diqqət çəkmədən,
xəlvəti dolaşmışdı. Yeni
yerləri gəzdikcə nələrsə öyrənmişdi.
Yunanıstanda olarkən məəttəl
qalmışdı ki, oranın pişikləri
görünüşcə necə də ona oxşayır.
Yunan pişikləri də onu eləcə
doğmaları bilmiş, şəhərin gəzməli
küçələrini onunla bərabər gəzişmişdi.
Pətişlə yunan pişiklərinin
oxşarlığı o zaman Aliyəyə də maraqlı gəlmişdi:
"Afina hara, İçərişəhər hara? Ancaq nə
bilmək olar, bəlkə əcdadları birdir", - deyə
düşünmüşdü.
Pətişin başına çox macəralar gəlmişdi. Bir dəfə
onlar Osloda olarkən həbsə də
düşmüşdü. Aeroport
yoxlanışında məlum olubmuş ki, ona aid sənəddə
hansısa bir peyvəndin qeydi yoxdur. Onu
üç ay başqa bir şəhərdə pişiklər
üçün xüsusi sığınacaqda
saxlamışdılar. O zaman Aliyə ilə pişik
çox əziyyət çəkdilər. Aliyə
bir müddətdən sonra böyük cərimə ödəməklə
Pətişi geri ala bildi. Üzüntülü
ayrılıqdan sonra görüşləri ürəkisidən
xatirəyə döndü. Pətiş Aliyəni
görən kimi qucağına hoppanıbmış, dərhal
da dərin yuxuya gedibmış...
Əlbəttə,
Pətiş sahibsiz qalmağın, ayrı-seçkiliyin nə
olduğunu yaxşı anlayırdı...
Pətiş adını ona Aliyə qoymuşdu. Heç
özü də izah edə bilmirdi niyə məhz Pətiş?
Pişiyi görən andan dilinə, ürəyinə bu ad
yatdı: Pətişsən, vəssəlam. Çeşiri
isə elə ilk dəfə qucağına alanda Aliyə qərara
gəldi ki, bu pişiyin adı məhz Çeşir
olmalıdır. Pişiyin ona şirin təbəssümlə
baxdığına görə... Məşhur
bir uşaq nağılının qəhrəmanı,
üzündən təbəssüm heç vaxt əskik
olmayan pişiyin də adı Çeşir idi.
...Aliyə Humaydan pişiyin itməsini, ardınca
atasından sevimli Çeşirin gözü ilə
bağlı naçar hala düşmə səbəbini
eşidəndə çox üzülmüşdü.
Doğma
Bakısından uzaqlarda, öz mənzilində dünyanın
virus kabusuna qarşı "evdə qal"dığı bu
günlərdə Aliyə əzizləri, dostları, eləcə
də sevimliləri Pətiş və Çeşirlə
internet üzərindən ünsiyyət saxlayırdı. Pişiklər belə görüşləri
çox xoşlayırdı. Bir-birinə
aman vermədən hərə bir tərəfdən kompyuterin
ekranına üzünü sürtür, Aliyənin
görüntüsünü yalayır, dil boğaza qoymadan
miyoldayıb Aliyəyə nələrsə
danışırdılar. O da onların dilini, şəksiz,
anlayır, onları əzizləyib oxşayırdı.
Aliyə sonuncu dəfə pişikləri ilə skaypda
görüşəndə kefləri kök idi axı. Necə oldu ki, az sonra Çeşirin başına belə bir
iş gəldi? Humay Aliyədən öyrəndiklərini
Alpərgilə danışdı.
...Aliyəgilin
yeni qonşularının cığal, ərköyün
oğlu pişiklərin qənimi imiş. Onları
cırnatmaqdan, qaç-qovduya salıb pərən-pərən
etməkdən zövq alırmış. Nə
qədər danlanıb töhmətlənsə də, vecinə
almaz, yenə bir pişik görüncə xəlvətə
salıb onu təpikləməsə, arxasınca
qaçıb üstünə su fışqırtmasa əl
çəkməzmiş. Su
fışqırtması həmin uşağın ən
sevimli əyləncəsi imiş. Pişiklərin
isə, məlum məsələdir, suya basılmaqdan zəndeyi-zəhləsi
gedir.
Bu dəfə pişiklərin qənimi lap
azğınlaşdı. Emalatxananın qapısında rahatca dincələn
Çeşiri görüncə evdə virus dezinfeksiyası
üçün hazırlanan maye qabını tez
götürdü, özünü günə verən
zavallı pişiyə oğrun-oğrun yaxınlaşıb
mayeni düz onun üzünə fışqırtdı.
Yazıq
pişik sıçrayıb fırfıra kimi fırlandı,
ağrıdan qovrularaq üzünün, gözünün
göynərtisindən özünü ora-bura
çırpdı, başını daşa-divara
sürtdü... Zarıltılı miyoltusu ətrafı
bürüdü. Pətiş və pişiklər onun
başına toplaşdılar və məzlum-məlul
davranışından anladılar ki, ən çox
gözü zədələnib və o heç nə
görmür...
Karantin vəziyyəti olduğundan həmin gün
pişiyi həkimə aparmaq mümkün olmadı. Aliyənin
atası qərara aldı ki, Çeşiri həkimə səhər
tezdən aparsın. Səhər ertədən isə
gördülər, Çeşir yoxa çıxıb! Hər yeri ələk-vələk etdilər. Çeşir tapılmadı ki, tapılmadı.
Burada deyilsə, deməli, onu Bayır şəhərdə
axtarmaq lazımdır. Bəs necə etsinlər,
karantindir axı, şəhərə çıxmaq
qadağandır. Son ümid kimi divara elan
yapışdırdılar.
...O nanəcib
uşağın cəzasını Pətiş verməyə
bilməzdi: oğlanın qapısının ağzında,
eyvanlarının altında vurnuxa-vurnuxa, ara
vermədən elə miyoldadı ki, pişiyin qəzəbindən
qorxub xilas üçün otağın içində
siçan deşiyi axtaran oğlan başa düşdü ki,
onu bu dəfə bağışlamayacaqlar. Əməlinə
görə cavab verməli olacaq. Başqa
pişiklər də Pətişə qoşulmuşdu,
oğlanı gözləyirdilər ki, çıxan kimi
üstünə cumsunlar, yaxşıca dərsini versinlər.
Bu hadisədən
sonra oğlanın ailəsi İçərişəhərdə,
ədəb-ərkan qaydaları vacib tutulan məhəllələrdə
çətin ki, duruş gətirib yaşamağa davam edə
biləcəkdilər, oradan tezliklə köçməli
olacaqdılar, çox güman...
Pətiş səhərədək həmin qonşunun
qapısının qabağında var-gəl etdi, gözlədi,
oğlan çölə çıxmadı. Sona qədər
gözləyəcəkdi. Amma
Çeşirin itməyini bilən kimi oğlanla haqq-hesab
çürütməyi pişiklərə
tapşırdı, özü isə dərhal Çeşirin
axtarışına başladı. Qala
divarlarının çöl tərəfdən bütün
həndəvərlərini gəzib-dolaşdı,
zülüm-zülüm miyoldayıb Çeşiri səslədi,
və nəhayət, dostunun doğma, əziz, fəqət
olduqca zəif cavab miyoltusunu eşitdi. Tez səs
gələn tərəfə qaçdı. Çeşir divar dəliyinin içində gizlənmişdi,
ancaq müşkül onda idi ki, ora necə girmişdisə,
çıxa bilmirdi, sanki divara pərçimlənmişdi.
Pətiş dəliyə saldığı pəncəsi
ilə Çeşiri dartdıqca dartdı ki, onu
çıxartsın, alınmadı. Çarəsiz
qalmışdı, adətən adam əlindən
tərpənmək mümkün olmayan küçələrdə
tərslikdən kimsə yox idi ki, ona kömək etsin. Şəhəri heç zaman belə yalqız
görməmişdi. Bilmədi nə etsin, həyəcan
içində o tərəf-bu tərəfə
qaçdı... Bir də gördü, uzaqda
başdan-ayağadək qəribə, ağ
paltarda, üzü örtülü, gözündə iri eynək
bir nəfər əlcəkli əlində tutduğu rezin
borunu sağa-sola yellədərək yavaş-yavaş gedir.
İndiyədək bu qiyafədə adam
görməmişdi. Bu kimdir? Nə edir? Bəlkə həkimdir?
Amma yox, kürəyində qutu var, əlində
rezin boru, dayanmadan ətrafını sulayır. Hə, bəlkə bağbandır? Yox axı,
ağacları, otluqları sulamır e, asfalt
örtüyünü sulayır... Çaşbaş
qalmışdı. Ehtiyat etsə də,
imdad üçün yaxınlaşmağa məcbur oldu.
Qabağında dayanıb inadla miyoldamağa
başladı. Adam ona əhəmiyyət
vermədən işınə davam etdi. Pətiş
bu dəfə daha inadla, aramsız miyoldadı. Adam Pətişi cavabsız buraxıb ciddiyyətlə
öz işində idi. Pişik onun
arxasına keçib həşirlə şalvarını
dartışdırmağa başladı. Adam dayandı,
üzündən şüşə örtüyü
açıb dedi:
- Ay
pişik, nə veyillənirsən burada, qabaqkı vaxt deyil
e... get evinə, buraları dərmanlayıram, tez get.
Pişik adamın ayağının üstünə
hoppanıb caynaqları ilə ondan bərk yapışdı,
israrla miyoldayaraq başı ilə haranısa göstərməyə
çalışdı.
Dərmançı:
- Ay
pişik, oyun oynamağa indi heç təhərim yoxdur,
düş ayağımın üstündən, işim
başımdan aşır. İncimə, get
buradan.
Pətiş isə əl çəkmir, fasiləsiz
miyoldayırdı. Dərmançı təslim olub
pişiyin onu dartdığı səmtə addımladı.
Pətiş divarın dibində dayandı.
Dərmançı:
- Hə,
nə olsun, nə var burada, niyə məni buraya gətirdin,
niyə məni avara edirsən?
Dərmançı dönüb getmək istəyəndə
Pətiş bir neçə dəfə divara hoppanıb
düşdü. Və onda Dərmançı dəlikdə gizlənmiş
pişiyi gördü:
- Buna bax,
biri də burada peyda oldu. A pişik,
başına yer qəhətdir bu deşiyin içinə
girmisən? Bəsdir oyun
çıxartdın, dostun səni gözləyir, düş
oradan.
Çeşirin
səsi çıxmırdı...
Dərmançı:
- Vay-vay,
bu yazıq heç tərpənmir ki...
Dərmançı zorla pişiyi dəlikdən
çıxartdı. Bədəni, başı yara idi,
gözündən qan axırdı. Pişiyi
yerə uzatdı. Halsız idi. Zorla nəfəs alırdı.
Pətiş çarəsiz pişiyin başına
firlanır, yaralarını yalayır, kömək
üçün yalvarıcı baxışlarla Dərmançıya
baxırdı.
Dərmançı:
- Ay
pişik, üzümə elə baxma, başqa vaxt olsaydı,
mütləq sizə kömək edərdim, indi isə
alınmır. Kaş biləydin, hələ nə qədər
iş görməliyik ki, bizi dar macalda yaxalayan bu virusun
kökü kəsilsin ...
Pətiş isə əl çəkmir, məyus
miyoltuları ilə həm özünün, həm adamın
ürəyini üzürdü.
Dərmançı:
- Buna bax
e, elə bil adam dili bilir, nə deyirəmsə,
başa düşür. Axı mən nə edə
bilərəm?
Pişiklərin hər ikisi onu çaşbaş
qoymuşdu.
Bir qədər fikirləşib cibindən telefonunu
çıxartdı, üzünü Pətişə tutub
qayğılı-qayğılı dedi:
- Bir aman
ver, görüm nə edirəm, qoy bir idarəyə zəng
vurum... Alo, salam. Hə, mənəm.
Təxirəsalınmaz işim
çıxıb, sözün qısası, bir pişik var,
yaralıdır. Hə, hə, pişik! Əşi,
nə zarafat. Zarafat vaxtıdır? Niyə başa düşmürəm? Hər dəqiqəmiz
qızıldır, bəli, bu virus qəddar düşməndir,
aman vermədən hücumdadır, biz də döyüşdəyik,
qalib gəlməliyik... Hər şey
aydındır...Siz də məni başa düşün.
Sizcə, bu yazıq heyvanı atıb getmək
günah olmaz? Bəli, onu həkimə göstərib tez
qayıdacağam... Əmin olun, bütün gecəni işləyib
öhdəmdə olan hər yeri dərmanlayacağam... Oldu,
oldu... Hələlik... Hə, demək belə,
ay inadkar pişik, sən deyən oldu... bir dostum var, baytar həkimdir,
aparacağam onun yanına. O qədər it, pişik
sağaldıb ki, inanıram, bizim pişiyə də çarə
tapar. Ora avtobusla getməliyəm. Sən narahat olma, həkim ona dava-dərman eləsin,
yenə bura qayıdarıq, gözlə bizi.
Dərmançı xalatının qabağını
açdı, şərfini çıxardıb pişiyi
ehmallıca ona bükdü, qucağına alıb,
dayanacağa yollandı.
Avtobusda bircə nəfər də sərnişin yox idi. Çiynindəki
ağır bağlamanı yerə qoydu, qucağındakı
pişiyi sığalladı, rahatlanıb gözünü
yumdu ki, bir az dincini alsın. Birdən
qulağına miyoltu səsi gəldi: " Yenə pişik?!
Deyəsən, bu gün pişiklər məndən əl
çəkməyəcək..."- deyindi. Bir
də baxdı ki, aralıda bir cüt kəhrəba göz
nigarancasına ona və qucağındakı pişiyə zillənib.
Dərmançını gülmək tutdu:
- Yenə
də sən... heç sözə baxan deyilsənmiş. Sən
necə, nə vaxt avtobusa minmisən ki, mənim heç xəbərim
olmayıb...Yaxşı, yaxına gəl...
üçümüz də azca dincələk, - dedi.
Həkim Çeşirin yaralarını təmizləyib
dərman çəkdi, gözlərini diqqətlə
müayinə edib xüsusi məhlulla yudu, dərman damızdırdı. Dedi, zədəsi ciddi deyil,
görmə qabiliyyəti tezliklə bərpa olacaq. Ancaq bu gecə pişik burada qalmalı, gözlərinə
vaxtaşırı dərman damızdırmalıyam.
Dərmançı çox sevindi, onların söhbətinə
qulaq kəsilən Pətiş də anladı ki, hər
şey yaxşı olacaq, quyruğunu buladı,
başını gah həkimin, gah da Dərmançının
ayaqlarına sürtərək məmnun-məmnun miyoldadı.
Dərmançı
pişiyə:
- Hə,
eşitdin? Rahatlan, dostun sağalacaq. İndi isə çox tələsirəm, işə
qayıtmalıyam, gedək.
Pətiş bu sözləri eşitcək aradan
çıxdı. Dərmançı həkimin
otağını nə qədər axtarsa da onu tapa bilmədi.
"Hə, aydındır, gizlənib. Nə
vəfalıdır! Pişik dostunu tək
buraxıb getmək istəmir..." - düşündü.
Dərmançı səhər tezdən həkimin
yanına qayıtdı. Bütün gecəni işləmişdi,
yolları, yeraltı keçidləri, mağazaların ətrafını,
binaların girişlərini dərmanlamışdı,
milyonlarla virusu yox etmişdi. Çox
yorulmuşdu. Amma görəndə ki,
dünənki o halsız pişik indi tam dirçəlib nəlbəkidən
marçhamarçla süd içir, o biri pişik də yerdə
uzanıb quyruğunu yellədərək dostuna tamaşa edir,
bütün yorğunluğu anındaca çəkildi. Dərmançının gəlişinə Pətiş
çox sevindi, yerindən sıçrayıb yanına cumdu,
çoxdan tanıdığı əzizi kimi ona
sığındı.
Dərmançı pişikləri tapdığı yerə
gətirdi, hər ikisini sığallayıb bərk-bərk
bağrına basdı. Sonra gülümsəyərək:
- Hə,
haydı, qoçaqlarım, gedin öz yuvanıza, mən də
gedim işimin dalınca. Qoy karantin bitsin...arxayın olun,
tezliklə virusun özünü ömürlük karantinə
salacağıq, onda görüşərik, - dedi.
Dərmançı getdi, pişiklərsə uzun
müddət onun arxasınca baxdılar. Dərmançı ara bir geri dönüb onlara əl edəndə
pişiklər hər dəfə istədilər onun yanına
qaçsınlar, onunla bərabər olsunlar. Amma olmaz, Dərmançının
işi var ...
Bayır şəhər adamsız idi, birdən-birə
maraqsız, bomboz, darıxdırıcı olmuşdu. Pətişlə
Çeşir buranı tərk edib evə qayıtmağa tələsdilər.
Sevdikləri ilə görüşmək
üçün, başlarına gələnləri evdəki
gümüşü "qutuda" olan Aliyəyə öz
dillərində danışmaq üçün. Dərmançıdan
deyiləsi o qədər sözləri var idi... Demə,
o da pişiklərin dilini bilirmiş. Elə
Aliyənin özü kimi.
...Sabir
bağının pişikləri isə səhər
açılandan babanın yolunu gözləyirdirər. Onu görən kimi tez ətrafına
toplaşdılar. Ac pişik xorunun uca notlu
miyoltuları səssiz bağı bürüdü.
Baba:
- Gəlin,
mənim pişiklərim. Həşir
qoparmayın. Ay balaca, sən də gəl, yemək
çoxdur, hamınıza çatacaq. Hə, deyin
görüm, nə var, nə yox? Çeşiri
heç görən olubmu? Nə məsələdirsə,
Alpərgil deyir, dünəndən Pətiş də yoxa
çıxıb...
Baba
pişikləri yemlədikcə öz-özlüyündə
fikirləşirdi: "Kaş Alpər də mənimlə
olaydı. Bəh-bəh, əcəb təmiz hava var! Şəhərimiz sanki bu karantini gözləyirmiş,
asudə nəfəs alır, səs-küy yox, tıxac yox,
ağaclar da, səma da, günəş də sevinir elə
bilir. Kaş həmişə belə
olaydı. Amma, əlbəttə, virussuz! Hələ
quşlara bir bax, heç vaxt burada belə dəstə-dəstə,
növ-növ quş görməmişəm. Deyəsən, aralarında tutuquşu da var.
Maraqlıdır, görəsən, o haradan gəlib
çıxıb buralara?
...Pişiklərin
başı yeməyə bərk
qarışmışdı.
Baba:
- Siz
yeyin, mən də gedim. İcazəli vaxtım
bitir.
Birdən nə baş verdisə, pişiklər bir andaca
başlarını qaldırıb üzlərini eyni səmtə
döndərdilər və dərhal güllə kimi oraya
götürüldülər.
Baba:
- Nə
oldu, nə baş verdi, yeməyiniz
qaldı, hara qaçdınız?
Baba
baxdı ki, pişiklər bir az aralıda
dayanıb elə bil nəyinsə başına
yığışaraq dairə şəklində
toplandılar. Gülməli
görünürdülər, aramsız miyoltuların əks-sədasından
elə təsəvvür yaranırdı ki, nə isə vacib
bir məsələni müzakirə edirlər. Baba bir az onlara tamaşa edəndən sonra
çönüb evə getmək istəyəndə
gördü ki, pişiklər ona tərəf
qayıdırlar. Diqqətini aralarında ləngərli
yerişi ilə seçilən qamətli bir pişik cəlb
etdi. Onu tanımamaq mümkün deyildi.
Lap yüz pişiyin içində olsa belə.
Bu, Pətiş idi!
Pişiklər yaxınlaşdıqca baba Pətişə
qısılaraq addımlayan başqa bir pişiyi də
tanıdı.
Bu da elanda barəsində danışılan
itgin düşmüş üçrəngli pişik idi.
Gülərüz, mehriban Çeşir!
Baba:
- Nəhayət,
tapıldılar, ikisi də birdən! Əla! Xoş
gördük, qəhrəmanlar. Gəlin, gəlin
bir sizə yaxşı-yaxşı baxım. A pişiklər, bu nə məsələdir belə?
Əvvəl bir-bir itirsiniz, indi də heç nə
olmamış kimi qəfildən peyda olursunuz. Özü də bir yerdə. Hamı
sizdən nigarandır, - deyib Çeşirə
yaxınlaşdı.
- Səni
çox incidiblər, xəbərim var, - deyə onu
qucağına qaldırıb sığalladı, gözünə
baxdı, başını qaşıdı, əzizlədi,
sonra əyilib ehmalca yerə qoydu.
Çeşir məmnunluqla quyruğunu bulayıb iti
addımlarla Pətişin yanına qayıtdı. Baba təəccüb
içində Çeşirin hərəkətlərinə
baxaraq:
-
Heç nə başa düşmürəm... Axı
pişiyin gözü... Yox e, bu, deyəsən...
görür. Qoy bir yoxlayım. A
Çeşir, bir də bura gəl görüm... Hə, hə, pişik əməlli-başlı
görür. Əla! Bax, buna deyərəm
əla xəbər, özü də karantin zamanında.
Gedim Alpərə xəbər verim. O,
Humaya, Humay da Aliyəyə desin. Bu şad xəbər dünyanın azarlı
vaxtında Bakıdan Amerikaya, Amerikadan da Danimarkaya
çatsın.
Aliyənin, Humayın dünyanın çox yerindən
dostları Çeşirin əhvalatını bilirdilər,
indi onlar da "evdə qal"a-qala bu xəbərdən
sevinsinlər.
...Pətişlə
Çeşir qoşa addımlarla İçərişəhərə
varid oldular...
Çeşirin tapılması hamı üçün
bayram oldu. Pətişi
alqışlayırdılar: "Afərin, Pətiş,
xilaskarsan!"
Pətiş isə susurdu. Adamlar onun dilini başa düşsəydilər,
uca səslə hamıya hökmən bəlli edərdi:
"Əsl xilaskar mən deyiləm... mehriban... fədakar... dərmançıdır!".
Beləliklə, bu günümüzün qəhrəmanı
odur. Meydanları
sulaya-sulaya virusa meydan oxuyan xilaskar!
Pəri QASIMZADƏ
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.18-19.