Abırlı maşın
hekayə
Bir dəfə
evdə mənə dedilər ki, "artıq yaşlı adamsan, həmişə ucuz maşın sürmüsən, get, özünə
abırlı maşın
al". Çox fikirləşdim ki, "abırlı maşın"
deyəndə nə cür maşın nəzərdə tutulur?
Ondan-bundan soruşdum,
dedilər "a kişi, zaman dəyişib ey, indi göyərti satanın da "Cip"i var! Get, o böyük maşınlar
var ey, onlardan
birini al, desinlər
"kişinin maşını
var!". Mən də gördüm evdəkilərlə
çöldəkilərin fikirləri eynidir, getdim kreditə, bir az borc-xərc eləyib yekə bir maşın
aldım. Qorxa-qorxa sürməyə başladım. Niyə qorxurdum?
Ürəyimdə fikirləşirdim
ki, "Allah eləməsin,
birdən maşının
altında adam-zad qalar, görmərəm!". Çünki maşın bir az hündür
olduğundan mənə
elə gəlirdi ki, xalqa yuxarıdan
aşağı baxıram!
Bu da mənim xarakterimə, yaşayış
tərzimə uyğun
gəlməyən bir
şeydir... Bir də maşını
döndərəndə yaman
çətinlik çəkirdim,
qabağını, arxasını
çətin görürdüm.
Bir dəfə küləkli gündə maşınımın
yanında bir taksi dayandı, içərisindən sərnişin
düşəndə qapısı
maşınımın qabaq
"farası"nın
şüşəsinə dəyib
sındırdı. Servisə gedib
400 manata təzə şüşə almalı
oldum. O əhvalatdan
sonra lap çox qorxmağa başladım.
Fikirləşdim ki, qəzaya
düşsəm, nə
olacaq? O olacaqdı
ki, təmirə on-on beş min manat
xərcləməli olacaqdım!
Benzini də çox işlədirdi, pul çatdırmaq mümkün
deyildi. Məni tanıyanlar da
tez-tez deyirdilər ki, "neynirsən belə bahalı maşını? Sat, getsin!
Bir-iki il keçsə, dəyərdən
düşəcək, alan
da olmayacaq...". Bir sözlə, maşın
getdikcə gözümdən
düşürdü. Nəhayət, "abırlı maşın"dan canımı
qurtarmaq qərarına
gəldim və yarı qiymətinə satdım. Amma kreditini ödəməkdə
çox çətinlik
çəkdim. Hələ borclarımı
demirəm.
Doğrusu, "dağ maşınını"
alanda ad-san üçün
almamışdım, almışdım
ki, qəza-qədər
olanda ölməyim. Nə isə... Getdim balaca, gözəl,
rahat bir maşın aldım.
Əsl
"şəhər maşını"dır,
heç məni incitmir, rahatdır. Sürəti də yüksəkdir, benzini də az
işlədir. Bütün bunları
bir dostuma danışdım. Bu təzə,
balaca maşının
satdığım bahalı,
"abırlı maşın"dan
min qat yaxşı olduğunu söylədim.
O, bığaltı gülümsəyib
nə desə yaxşıdır?
- Haqlısan! Bu maşın
yaxşıdır. Qəza
olanda çox çətinliyə düşmürsən...
- Necə yəni?
-
"Cip"də qəzaya
düşsən, qolun-qıçın
sınacaq, sümüklərin
qırılacaq, aylarla
xəstəxanada yatmalı
olacaqsan! Bütün pulun-paran da
həkimlərə gedəcək.
Uzun söhbətdir!
Allah göstərməsin!
Mən də onun dediklərinə diqqətlə qulaq asıram. Axırda görün, nə dedi?
- Amma bu maşın
qəzaya düşsə,
birdəfəlik olacaqsan!
Daha aylarla xəstəxanalarda yatmağa
ehtiyac olmayacaq! Xərc-xəsarətə də
düşməyəcəksən! "Cip"lə balaca maşının fərqi
ondadır!..
Onun dedikləri
məni yaman narahat edir. İstəyirəm gedim, təzədən o yekə maşından alım. Nə olacaq, olacaq!..
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.23.