Kannda erməni küləyi
Ermənilər "Əgər külək əsərsə" adlı bir film çəkiblər və o film 2020-ci ilin Kann festivalının siyahısına düşüb. Filmin rejissoru Nora Martirosyan adlı gənc
qadındır, Fransada yaşına və işlərinə
görə kifayət qədər tanınır, hətta Bordo şəhərindəki İncəsənət
Akademiyasında dərs deyir. Çox yəqin ki, öz ölkəsi
və şəxsi karyerası üçün
qazandığı bu qələbədən sonra (onun filmi
2067 işin içindən seçilərək
siyahıdakı 56 yerdən birini tutur) daha çox tanınmaq
və inkişaf etmək imkanı əldə edəcək. Çünki erməni o xalqdır ki, onun ölkəsini
dünya miqyasında Kim Kardaşyandan sonra tanıdacaq ikinci
qadının adını göydə qamarlayıb onu baş
tacı edəcək. Əlavə təhsil
lazımdırsa, verəcək, komanda lazımdırsa, təşkil
edəcək, ona görə hətta rüşvət verməyə,
siyahıda ad yeri dəyişdirməyə də gedəcək.
Niyə? Çünki Nora
öz filmini Qarabağ hadisələrinə həsr edib və
təbii ki, hər şeyi məhz Ermənistana faydası
olacaq rakursdan göstərib. Treyleri izləyənlər
deyirlər ki, Biləcəridə bir yer və maşında
siqaret çəkən azərbaycanlı qız obrazı
görüblər. Görməyib axtaranlar
da həmin treylerin internetdən
yığışdırıldığını, ya da Azərbaycan
seqmenti üçün qapalı tutulduğunu deyirlər.
Məsələ onda deyil ki, bu film 2067 filmin içindən
necə seçilib, niyə seçilib.
Məsələ onda deyil ki, bu film Qarabağ müharibəsinin
həqiqətlərinin ermənilərə sərf edəcək
şəkildə təhrif olunmuş nümayişidir.
Məsələ
heç onda da deyil ki, biz, ölkə olaraq, dövlət
olaraq bu festivalda bizə qarşı hazırlanmış bu
boyda təxribatın Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda,
San-Sebastyanda, Anqulemada, Pusanda və Lionda nümayiş etdiriləcəyinə
etiraz edirik.
Məsələ Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Kinematoqrafçılar
İttifaqının Kann festivalına etiraz məktubu göndərməsində
də deyil.
Məsələ ondadır ki... erməni Kanna bizim haqqımızda
ağzına gələni çəkib film göndərir,
biz isə məktub.
Bax, budur
Kim Kardaşyanla dünya səviyyəsində baş qatıb
Nora Martirosyanla dünya səviyyəsində iş görmək.
Şəxsən
mən Ermənistanı da, Noranı da qınamıram,
çünki onlar bir ovucdurlar və hər an yer üzündən
silinmək təhlükələrini gözlərinə
alaraq, caynaqları ilə özlərini gördükləri hər
şeyə - onların olmayan torpağa, mətbəxə,
musiqiyə, ədəbiyyata, incəsənətə, hətta
tarixə pərçim edirlər. Buna kapital,
enerji, istedad, əlaqələr fürsəti sərf etməkdən
usanmırlar və utanmırlar.
Biz nə edirik?
Bəs biz nədən usanmırıq və
utanmırıq?
Biz şöhrət və biznes maraqları naminə
aldanmağa meylli olan bir-birindən zəngin şirkət
sahiblərini tovlayıb onların sponsorluğu ilə film,
serial sənayesi "inkişaf etdiririk". Nə dövlət
tərəfindən ayrılan, nə də sponsorların
verdiyi pullar görülən işə lazımi dərəcədə
sərf edilmir deyə ssenari, aktyor oyunu, çəkiliş, hətta
montaj da keyfiyyətdən min ağac uzaq olur. Nə üçünsə bizim kino işlərinə
özünü sırıyan zümrə
düşünür ki, Azərbaycanda orta statistik televiziya
tamaşaçısı savadsız, mənasız, səviyyəsi
ancaq gəlin-qaynana deyingənliyinin cadu-pitik, aravurma,
qızqaçırma, kişialdatma, ərbayıltma,
arvadçırpma səhnələrini izləyib həzz ala
biləcək biridir. Nə üçünsə bu
zümrə düşünür ki, orta statistik Azərbaycan
tamaşaçısı onun film və serial adına
təqdim etdiyi hər bir infantil təfəkkür və
sınıq-salxaq kamera məhsulu olan zir-zibili mənəvi
qidası kimi qəbul edib hələ bir minnətdar da
olmalıdır. Azərbaycan
tamaşaçısı Azərbaycan kinoçularına minnətdar
olmalıdır ki, onlar onun zövqünü aldadır,
zorlayır və hər gün hər işi ilə daha
çox korlamağa davam edirlər?!
Dərd təkcə
kino tərəfində deyil ki!
Biz öz
ən gözəl mahnılarımızı oxumuruq, illərlə
onları kimsə yada salmır - qəfil oxuyan ermənilərdən
başqa! Ermənilər bizim unutduğumuz, əslində isə
bəyənməyib özümüzə, müasir
ifaçılığımıza sanki
yaraşdırmadığımız mahnıları ifa edən
kimi başlayırıq "bu bizimdir!" deyib hay salmağa
və qısa bir müddət ərzində həmin
mahnıları internet trendi kimi oxuyub paylaşmağa. Vəssalam. Sonra yenə unudulur
gedir. Bəs ədəbiyyat sahəmiz?
30 illik müstəqillik dövründə region
müstəvisinə çıxıb səs-küy salan yeganə
əsərimiz hansı olub? Öz əleyhimizə
yazılan "Daş yuxular"? Təəssüf ki, bəli!
Hələ şükür edək ki, ermənilər
Kann ssenarisi üçün onun mətnindən
yararlanmayıblar (bəlkə də yararlanıblar, bilmirik
axı).
İndi mənə "Fəryad"ı,
"Dolu"nu və s. bu kimi filmləri xatırladıb
"biz də çəkmişik" deyənlər olacaq,
bilirəm. Amma onları heç Azərbaycanın özündə
belə hələ də izləməyənlər var, bunu da
məni qınayacaq adamlar bilir. Və bu
filmlərin heç biri Kann festivalı üçün olan
2067 filmin içindən seçilib dünyaya təqdim edilməyib.
Mədəniyyət
Nazirliyinin mətbuata bugünkü (2 iyul, 2020-ci il) açıqlamasında isə deyilir ki:
"Biz Qarabağ mövzusunda filmləri ermənilərdən
qabaq festivallara çıxarmışıq. Dünyanın
üç böyük film festivalı - Kann, Venesiya və
Berlinə biz ermənilərdən qabaq gedib
çıxmışıq." Nazirliyin kinematoqrafiya
şöbəsinin aparıcı məsləhətçisi
Elşad Əliyev "Altı il bundan əvvəl Qarabağ
mövzusunda çəkilən "Nabat" filmi Venetsiya Film
Festivalının əsas müsabiqə proqramlarından biri
olan Horizontal proqramına seçilib, iştirak edib və orada
nümayiş olunub" deyir.
Bu bir açıqlama yetərmi ermənilərin bizim
öz torpaqlarımızdaca film çəkib bizim
özümüzə qarşı həyasızcasına mədəniyyət
savaşı da açmasının qarşısına
çıxartmağa? Ovunaqmı, deyirsiniz, bununla? Azərbaycan mediasından və
tamaşaçısından inciməyin vaxtı və yeri
deyil axı. Çünki bu bizim təqsirimiz
deyil ki, bu boyda Covid-19 pandemiyasının qaynar zamanında belə
mədəniyyət xəbərləri gündəmimizi
hansısa erməni rejissorun Qarabağda çəkdiyi filmi zəbt
edir, özümüzün çəkdiyi "Nabat" yox.
Hanı "Nabat"ın ölkə televiziya
kanallarındakı vaxtaşırı nümayişi? Sıravi azərbaycanlı o filmi haradan izləməlidir?
İnternetdə? Orada "Nabat"ın
sadəcə treyleri var - 1 dəqiqə 42 saniyəlik...
Stop kadr.
Səbəbi bilirsinizmi nədir bütün bu
qarmaqarışıq vəziyyətin? Özümüzün
özümüzə lageydliyimiz, özümüzün
özümüzə tayfa, rayon, qrup və s. kimi baxıb
birimizin digərimizi inkişaf etməyə qoymaması. Kaş ki bir-birimizə qarşı ciddi-cəhdlə
sərgilədiyimiz həsədin, paxıllığın,
"torbatikmə"nin, "ayaqaltıqazmağın",
fürsətçiliyin mində birini min dəfədən
birində də min ermənidən birinə qarşı edəydik.
Başqa heç nə demirəm.
Erməni gözümüzün önündəcə
özü üçün özünün olmayan bir tarix
uydurur, bir tarix yaradır, bir tarix yaşamağa iddia edir.
Onlar bizim tariximizin, bizim zamanımızın içinə
girib özləri üçün tarix, zaman oğurlayır,
vaxt qazanırlar.
Biz isə
gah özümüzü, gah da onları tənqid edə-edə
( elə mən də bu yazımla) sadəcə
vaxt itiririk, fərqindəsinizmi?
Ən
pisi isə budur ki, bizim bəzi psevdodemokratlarımız erməniləri təkrar etməyə
meyllilik xəstəliyinə yoluxublar - ermənilər bizim dəyərlərimizə
ləkə atır, bizimkilər də eynisini edir, ermənilər
bizim qəhrəmanlarımıza,
milli-mental xarakterimizə, mədəniyyətimizə, hətta
dövlətçiliyimizə dil uzadır, bizimkilər də
eynisini edir. Hətta ermənilər bizim qızları siqaret
çəkən vulqar
(güman ki, fahişə, ya daha hansısa
aşağılayıcı obrazda) göstərir, bizimkilər
də eynisini edir! Nümunə? "N"
qədər!
Amma nə
özünü, nə dünyanı aldatmağa dəyməz
axı, nəticəsi bu gün Kann, sabah
da daha kim bilir harada nə kimi fürsətlərə gətirib
çıxarır.
Axı
bizim dünyaya da, dünya tamaşaçısının və
oxucusunun qarşısına çıxarmağa da hər
şeyimiz var. Büdcəmiz, istedadlı insanlarımız,
güclü yaradıcılq potensialına malik kreativ işləyə
bilən beyinlərimiz və lənət şeytana,
özümüzün olan həqiqi tariximiz,
gözümüzün qarşısında baş verən
tarixi hadisələri şəxsən izləmək
imkanımızın bizə qazandırdığı
informasiya bazamız!
Amma bizim nə üçünsə öz rəqabət
hissimiz, yarışmaq, qalib gəlmək, həyatda qalmaq
iddiamız və həvəsimiz yoxdur. Bu iddia və həvəs
varsa da, öz içimizdə, bir-birimizə
qarşıdır, bir-birimizə qarşı, əzizlər!
Maddiyyat mənəviyyatı bu qədər içindən
yeyib bitirə bilirmiş...
Amma
axı biz əslində bu deyilik!
İçimizdə bir Prometey odu var, mən bunu bilirəm,
mən buna inanıram. O odun bizi için-için köz edib külə
döndərməməsi üçün onu
özümüzdən kənara çıxarmalıyıq, məşəl
kimi başımızın üstünə
qaldırmalıyıq ki, o da bizim yolumuza nur salsın, ədəbiyyatımızı,
mədəniyyətimizi, incəsənətimizi, ən əsası
isə, əsl həqiqi olan çox qiymətli mahiyyətimizi
qaranlıqlardan, kölgəliklərdən işığa
çıxartsın.
Bu, mümkündür axı!
Cavi DAN
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.21.