Varislər

 

Cəmil ƏMİROV: “Musiqi onun həyatının mənası idi”

 

"Varislər"in bugünkü qonağı XX əsr Azərbaycan peşəkar musiqi sənətinin unudulmaz simalarından biri, SSRİ xalq artisti, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, əsərləri dünyanın ən məşhur konsert salonlarını fəth etmiş Fikrət Əmirovun varisi, tanınmış musiqiçi, bəstəkar, Ü.Hacıbəyli adına BMA-nın əməkdaşı Cəmil Əmirovdur.

 

1922-ci ildə qədim Gəncədə, dövrünün məşhur musiqiçisi və peşəkar tar ifaçısı Məşədi Cəmilin ailəsində dünyaya göz açmışdı. Ailənin əsli-kökü cənnət Qarabağdan, gözəlliklər məskəni Şuşadan idi. Balaca Fikrətdə ilk musiqi marağını atası oyatmışdı. Fikrət Əmirov ilk musiqi təhsilini Gəncədə, atasının açdığı musiqi məktəbində aldı. Həmin məktəbdə gələcəyin Qənbər Hüseynli, Telman Hacıyev kimi məşhur musiqiçiləri yetişdi.

Fikrət Əmirov bütün yaradıcılığı boyu milli musiqimizin təəssübkeşi oldu. Onun əsərləri özündə Azərbaycan xalqının milli ruhunu, milli mənliyini əks etdirdi. Bu unudulmaz insan, böyük sənətkar və əvəzsiz şəxsiyyətin varisi, tanınmış bəstəkar Cəmil Əmirovla AYB-də görüşdük.

 

- Fikrət Əmirov Azərbaycan peşəkar musiqi sənətinin ən nəhəng simalarından biridir. Üzeyir bəy əvəzsiz peşəkar musiqi məktəbi yaratdı və onun yetirmələri bu məktəbi ləyaqətlə davam etdirdilər. Məhz Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov, Cövdət Hacıyev, Soltan Hacıbəyov və onlarca məşhur sima bu məktəbdə yetişdi. Fikrət Əmirov mənim aləmimdə dünyanın seçilmiş adamlarından biridir. Bir peşəkar musiqiçi, həm də varis kimi o böyük insanı necə təqdim edərdiniz bizə?

 

Royalın altında

 

- Qısaca belə deyə bilərəm; atam həm zəngin insan, həm də çox sadə idi. Məncə, dahi insanlar üçün sadəlik normal əxlaqi keyfiyyətdir. O, sənətinə həddən artıq tələbkar idi. Yumoru sevirdi. Dostları çox deyildi, amma dostluq etdiyi adamların hamısı sınaqdan çıxmış, etibarlı insanlar idi.

Ömrünün ilk yarısında həyatı çətinliklərlə yadda qalmışdı. O, çətinlik nə olduğunu bilirdi və heç vaxt çətinlikdən başını itirmirdi, əksinə, hər dəfə çətinliyə düşəndə bundan yaxşı məna çıxarmağa çalışırdı. Elə bu keyfiyyətlərinə görə mən onu həm bir ata, həm də dahi şəxsiyyət kimi qəbul edirəm.

Evimizdə danışıq səsindən çox musiqi səsi eşidilirdi. Ağlım kəsəndən mən musiqi səsi ilə böyümüşəm. Evdə çox gözəl əhval-ruhiyyə vardı. Anam, bacım, mən başa düşürdük ki, atam öz otağında işləyir və ona mane olmaq olmaz. Ona görə də digər otaqlarda bacardığımız qədər sakit davranmağa çalışırdıq.

3-4 yaşım olanda günümün çox hissəsini atamın kabinetində keçirirdim. Razılaşmışdıq, sakitliyi qorumaq şərtilə gedib royalın altına girir, orada onun fəaliyyətini izləyir, musiqi dinləyirdim. Sonra bir küncə çəkilirdim və məni yuxu aparırdı, oyananda yenə musiqi səsinə gözlərimi açırdım. Onun gününün bütün hissəsi sərt qrafiklə tənzimlənmişdi. Erkən oyanırdı yuxudan, bir stəkan çay içib, məşğul olurdu. Başqa vacib işləri olmayanda, günortalar 1-2 saat yatıb dincini alır, sonra yenidən işlərinə davam edirdi. Çox nadir hallarda işdən yorulanda, yaxud fikrini dağıtmaq istəyəndə gəlib bir qədər televizora baxırdı. Bir sözlə, gecə-gündüz çalışırdı.

Tale elə gətirdi ki, bir neçə dəfə onunla SSRİ Bəstəkarlar İttifaqının yaradıcılıq evlərində istirahət etməyə getdim. Mən orada onun necə şövqlə, gərgin rejimdə işlədiyinin şahidi olmuşam. Sadəcə, orada royaldan istifadə vaxtını öz aramızda bölürdük. O, gəzintiyə çıxanda mən məşğul olurdum. Çox vaxt gecələr işləyirdi, çünki orada gecə-gündüz yaradıcılıqla məşğul olmağa şərait vardı.

- Cəmil müəllim, bir qədər əvvəl dediniz ki, Fikrət Əmirov gərgin iş rejimi ilə yaradıcılıqla məşğul olurdu. Yaradıcılıq evindəki şəraiti başa düşdük, xüsusi koteclərdir, işləməyə hər cür imkan var, amma Bakıda vəziyyət başqa cürdür axı. Qonşular narazılıq etmirdi?

 

Qonşulardan üzr istədim

 

- Atam işləyəndə qonşuların səsi belə çıxmırdı, amma mən qoşulanda vəziyyət bir qədər başqa cür olurdu. Tərslikdən, mən də gecələr keçirdim royal arxasına. Nə etmək olar?! Yaradıcılıqdır. Yaxşı ki, bu yaxınlarda köhnə qonşularımdan bir neçəsini görüb üzrxahlıq etdim. Bu, məndən asılı olan bir şey deyil. Bir də görürsən gecə saat ikidə ağlına nəsə gəlir, durub onu qaydaya salmalısan. Üstəlik, həm də konservatoriyada oxuyurdum, dərslərimlə məşğul olmalıydım.

- Əlbəttə, musiqiçi digər yaradıcı işlərdən fərqli olaraq, bir qədər səs-küylü peşədir. Rəssam sakitcə, fırçası ilə, rəngləri ilə işləyir, yazıçı kompüterin klavişlərini döyəcləyir, amma musiqiçi... mütləq səsi çıxmalıdır.

- Əlbəttə. Hətta iş elə gətirdi ki, öz pianomu xarab elədim. Çünki səsini boğmaq üçün müxtəlif vasitələrə əl atırdım, içinə sellofan çəkirdim və s. Sonra, ümumiyyətlə, səsi batdı, usta çağırdıq, az qala pianomu yenidən yığıb mənə verdi.

- Yaradıcı adamlar daha çox azad olmağa can atırlar. Sərbəst olmaq, yalnız özünə hesabat vermək istəyirlər. Bu barədə ətraflı danışdıq: F.Əmirov evdə çalışırdı, amma bildiyimiz kimi, onun vaxtı, sadəcə, evdə royal arxasında keçməyib: Bakı Filarmoniyasının direktoru, Opera və Balet Teatrının direktoru, Bəstəkarlar İttifaqının sədri, Ali Sovetin deputatı və s. Bütün bunlar həm də ciddi məmur işləridir, ictimai fəaliyyət tələb edir adamdan. Bu məmurluq onu yorurdumu? Az-çox eşitmişik də, aktyor, müğənni zümrəsi azacıq şöhrət daddısa, iddiası böyüyür, şıltaqlıqları artır, dahilik xəstəliyinə tutulur. Necə dil tapa bilirdi bu adamlarla?

 

Dahilərlə işləmək və xəstəlik

 

- Əlbəttə, çox yorurdu belə işlər onu və bezirdi. İstəmirdi, amma məcbur idi. Bilirdilər mülayim xasiyyəti var, hər şeyə görə bezdirirdilər onu. Elə xəstəlik tapması da bu səbəbdən oldu, əsəb, stres... axırda diabet tapdı.

- Fikrət Əmirov dahi Üzeyir Hacıbəylinin tələbəsi idi. Təsadüf elə gətirib ki, son bir neçə söhbətimdə o böyük şəxsiyyət, o dahi insan həmsöhbətlərim tərəfindən ehtiramla, hörmətlə xatırlanıb və məlum olub ki, Üzeyir bəy əvəzsiz müəllim, gözəl insan olmaqla yanaşı, həm də öz xeyirxahlığı, qayğıkeşliyi ilə neçə-neçə istedadlı gəncin yetişməsinə dəstək olub, ailələri ağır repressiyanın cəngindən xilas edib və s. Bir sözlə, kim Üzeyir bəyi xatırlayırsa, onun haqqında yalnız işıqlı sözlər söyləyir. Təbii, bu adamlar onu bir insan kimi xarakterizə edirlər, amma Fikrət Əmirov üçün o, həm də bir müəllim idi və atanız öz müəllimini necə xatırlayırdı? Fikrət Əmirov özü də dünya şöhrətli bəstəkardır və dünyanın sayılıb-seçilən çox az saylı musiqiçisindən biri hesab olunur.

 

Üzeyir bəy olmasaydı

 

- Heç bilmirəm o epitetləri necə ifadə edim?! Bilirsiniz necədir, günah olmasın, Üzeyir bəy atam üçün Tanrı idi. Üzeyir bəyin dahiliyini mən Azərbaycan musiqisi olan hər yerdə, hər addımda hiss edirəm. Atam bu insan haqqında saatlarla danışmaqdan yorulmurdu, hətta dəfələrlə onun haqqında məqələlər yazmış, xatirələrini bölüşmüşdü. Onun bir pedaqoq kimi, insan kimi portretini verməyə cəhd etmişdi. Atamın xatirələrindən, anamın söhbətlərindən xatırlayıram: Üzeyir bəy dünyasını dəyişəndə atam çox sarsılıb. "Üzeyir bəyin xatirəsinə" adlı balaca bir əsəri də var. Sizə bir söz deyim: əgər Üzeyir bəy olmasaydı, musiqimiz bütünlüklə başqa cür olardı, başqa istiqamətdə inkişaf edərdi. Mən bunu indiyə qədər hiss edirəm. Əminəm, zaman keçdikcə bu dahi şəxsiyyətin, bu əvəzsiz musiqiçinin yaradıcı keyfiyyətlərinə, fəaliyyətinə daha dəqiq qiymət veriləcək.         

Zamanını dəqiq xatırlamıram, Q.Qarayevlə C.Hacıyevi Moskva Konservatoriyasına, D.Şostakoviçin sinfində təhsil almağa göndərirlər. Təbii, atam da onlarla birlikdə Moskvada təhsil almağı ürəyindən keçirib, amma Üzeyir bəy mane olub: "Moskva sənlik deyil, səni orada korlayarlar", - deyib.

- Maraqlıdır, niyə elə deyib?

 

Üzeyir bəy ona niyə mane oldu?

 

- O vaxt Moskva mühiti başqa cür idi. Orada Şostakoviç vardı, daha modern meyillərə axın vardı. Üzeyir bəy istəmirdi atamın yaradıcılığındakı millilik ruhu dəyişsin. Q.Qarayevin əsərlərini dinləyərkən bunu o dəqiqə başa düşmək olur. Təbii, Q.Qarayev çox böyük sənətkardır və onun Azərbaycan musiqisində öz yeri var. Əlbəttə, onun yaradıcılığındakı milliliyi də danmaq olmaz, amma fərqli üslubu var. Cövdət Hacıyevin də əsərlərində fərqli üslubu görmək olur. Üzeyir bəyin uzaqgörənliyi idi, F.Əmirovu Bakıda saxladı və milli musiqimiz bununla fərqli yaradıcı tərzlər nümayiş edə bildi.

- Moskvaya gedə bilmədiyi üçün sonradan təəssüflənmirdi ki?

- Qətiyyən! Yox, sonradan Üzeyir bəyin bu addımını başa düşmüşdü. Əlbəttə, o vaxt cavan olanda yəqin ki, ürəyindən keçirib Moskvaya getməyi, amma zaman keçdi və atam başa düşdü ki, müəllimi - özü də Üzeyir bəy kimi bir müəllim - onun məhz hansı keyfiyyətlərinə görə Bakıda qalmasını istəyib. Hər şey ola bilərdi. Atam da Moskva, yaxud Leninqrad Konservatoriyasına gedə bilərdi, amma artıq onun da yaradıcılıq üslubu fərqli olacaqdı. Müəllimdən çox şey asılıdır və yəqin, o mühitdə atam başqa təsirə düşəcəkdi.

- Bildiyimə görə, onun ilk səhnə əsəri "Ürəkaçanlar" və "Gözünüz aydın" musiqili komediyaları olub.

 

Tələbə ikən yazılan əsərlər

 

- Bəli. Bu əsərləri də Üzeyir bəyin təklifi ilə yazıb.

- Necə düşünürsünüz, bu musiqili komediyaları böyük musiqiyə, simfonik əsərlərə bir keçid hesab etmək olarmı?

- Məncə, yox. Bunlar ayrı-ayrı şeylərdir. Adını çəkdiyiniz əsərləri o, konservatoriya tələbəsi olarkən yazıb. "Kürd-Ovşarı" və "Şur" simfonik muğamları da onun tələbəlik illərinə, 1948-ci ilə təsadüf edir.

- Cəmil müəllim, mən musiqiçi deyiləm, amma gözəl musiqiləri dinləməyi sevirəm. Mənim üçün peşəkar musiqidə janr fərqi yoxdur. Saatlarla simfoniya, yaxud caz, ya da elə klassik ifaları dinləyə və bundan zövq ala bilərəm. Mənim üçün maraqlıdır, təbii ki, oxucularımız üçün də maraqlı olacaq: F.Əmirovun yaradıcılığında fərqli olan nə idi? "Şur" və "Kürd-Ovşarı" az qala dünyanın bütün ən məşhur konsert salonlarında, teatr səhnələrində səslənib və səslənir. Bu musiqilərin özəlliyi nədir, dünya dinləyicisini niyə cəlb edir?

 

Dünyanı gəzən musiqi

 

- İlk növbədə istedad, millilik və peşəkarlıq. Muğamın şöbələri bu musiqilərdə çox dəqiqliklə işlənib. Ən peşəkar muğam ifaçıları belə, bu musiqiləri dinləyəndə orada nəsə qüsur tapa bilmirlər. Yəni hər şey, necə deyərlər, zərgər dəqiqliyi ilədir. Çünki özü muğamı gözəl bilirdi və hamısını tarda ifa edirdi. Üstəlik, bu musiqiləri yazanda çox peşəkar məsləhətçiləri olub: "Şur"un məsləhətçisi Qurban Pirimov, "Kürd-Ovşarı"nın məsləhətçisi isə Seyid Şuşinski olub. Növbəti simfonik muğamın - "Gülüstan-Bayatı-Şiraz"ın isə məsləhətçisi məşhur tarzən Bəhram Mansurov idi. Yaxın dost idilər. Saatlarla bizdə oturub işləyirdilər. Bəhram əmi muğamı pərdə-pərdə çalırdı, atam dinləyirdi, "bunu bir də təkrar elə, burda saxla, qayıt filan yerə" və s. Yəni qızğın iş gedirdi və məhz buna görə həmin musiqilər dünya şöhrəti qazandı.       

- F.Əmirov C.Cabbarlının "Sevil" pyesi əsasında "Sevil" operasını yazıb. O vaxt bu pyes kifayət qədər populyar idi və demək olar, Azərbaycanda fəaliyyət göstərən bütün teatrların səhnəsində tamaşaya qoyulurdu. Eyniadlı opera yazmaq hansı zərurətdən yaranmışdı?

 

Tarixdə ilk lirik-dramatik opera

 

- Mən 1957-ci ildə anadan olmuşam, "Sevil"in premyerası isə 1953-cü ildə baş tutub. Yəni atamın 31 yaşı olanda. Detalları dəqiq bilmirəm, amma əsər dövlət sifarişi ilə yazılıb və qısa zaman ərzində məşhurlaşıb. Bu, bizim musiqi tariximizdə yazılmış ilk lirik-dramatik opera hesab olunur.

- "Min bir gecə" baleti Fikrət Əmirov musiqisinin zirvəsi hesab olunur. Simfonik muğamlardan, musiqili komediyalardan, operadan danışdıq, bu ənənələr Azərbaycan musiqisində vardı, amma balet janrı bizim üçün təzə idi. Bir daha soruşuram, axı bu musiqinin özəlliyi nə idi ki, dünya tamaşaçısı ifaçıları da, təbii, müəllifi də ayaq üstə alqışlayırdı?!

 

İncəsənət qəddar yerdir

 

- Bilirsiniz, incəsənət çox qəddar yerdir. Üstəlik, dünya tamaşaçısı ikiqat qəddardır, ona hər şeyi asanlıqla sevdirmək mümkün deyil. Əlbəttə, bu misiqilərin qeyri-adi tərəfləri vardı və tamaşaçı bunu hiss edirdi. İlk növbədə, peşəkarlıq. İstedad! Milliliyi saxlamaq şərtilə, modernizmdən yararlanmaq. Bunlara əməl etmək asan deyil, amma bunu bacaran adamlar dahilərdir. Atamın əsərləri, elə başqa istedadlı və peşəkar bəstəkarlarımızın əsərləri də son dərəcə düzgün qurulduğu üçün dünya tamaşaçısı və ən nüfuzlu musiqi tənqidçiləri tərəfindən yüksək dəyərləndirilib.

- Mənə elə gəlir ki, siz "Min bir gecə" baletinə başqa teatrların da səhnəsində baxmısınız. Sizin üçün belə tamaşalardan ən yaddaqalanı hansıdır? Hansı teatrın səhnəsində olub bu hadisə?

 

Mərakeş səfəri

 

- Bizim Opera və Balet Teatrımız 1982-ci ildə Mərakeşə qastrol səfərinə getmişdi. Rəhmətlik Zakir Bağırov aparmışdı bizi. Yaradıcı və texniki heyətlə birlikdə yüz nəfərdən çox adam getmişdik. O vaxt mən "Qobustan" musiqi qrupuna rəhbərlik edirdim. Akif İslamzadə solistimiz idi. Biz də operanın truppasına qoşulub getmişdik. Bir ay Mərakeşdə olduq. Oradakı çıxışlar möhtəşəm idi. Rabatdakı ilk tamaşa hələ də gözlərim önündədir. Tamaşaçı reaksiyası bizi çaşdırmışdı. İnsanlar nəsə kosmik bir şeylə qarşılaşmışdılar, sanki. Ərəb tamaşaçısının bu musiqini belə qarşılaması möhtəşəm idi. Atam özü də məəttəl qalmışdı. Az qala əllərində gəzdirirdilər onu.

- Bir az Məşədi Cəmil haqqında danışaq. Bu adam Fikrət Əmirovun atası olmaqla yanaşı, həm də Gəncədə ilk musiqi məktəbi açan, ilk tamaşalar verən, həyatını musiqiyə, teatra, sənətə bağlayan peşəkar tar ifaçısı, ziyalı olub. Siz də babanızın adını daşıyırsınız...

 

Muğamlarımızı ilk dəfə nota köçürən adam

 

- Məsələ orasındadır ki, babam Məşədi Cəmil rəhmətə gedəndə atamın altı yaşı olub. Amma yəqin ki, bu altı ildə Məşədi Cəmil atamın həyatına müəyyən qədər təsir edə bilib və bu təsir Fikrət Əmirovun həyatında iz qoyub. Babamın qəfil ölümü atama çox pis təsir edib və sarsıntı uzun zaman onu tərk etməyib. Babamın ifa etdiyi musiqi alətləri evdə qalıbmış: tar, kanon, ud. Atam danışırdı: "Bir gün necə oldusa, gəlib tarın simlərinə toxundum. Tardan qəribə səs çıxdı, elə bil kimsə onu incitmişdi və tar ağlayırdı. Qorxdum". Beləcə, onun atasının musiqi alətləri ilə dostluğu başlayıb və qət edib ki, musiqiçi olacaq. Tardan başlayıb və digər alətlərdə də ifa etməyi öyrənib.

Gəncə camaatı indi də Məşədi Cəmilin xeyirxah işlərini xatırlayır, ehtiramla yad edirlər. O, Gəncədə ilk musiqi texnikumunu təsis edib. İlk musiqi məktəbini yaradıb. Yəni bu ilklər çoxdur. Atamın 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondu gözəl tərtibatda mükəmməl bir kitab nəşr etdirdi və həmin kitabda atamla yanaşı, babam Məşədi Cəmil haqqında da xeyli maraqlı məlumat toplanıb.

Bildiyiniz kimi, Məşədi Cəmil əslən şuşalı idi, Gəncəyə köçmüşdü. Gəncədən İstanbula gedib iki il orada peşəkar musiqi təhsili almışdı. O, burada not öyrənmişdi və ilk dəfə muğamı nota köçürmüşdü. Bu barədə İstanbulda nəşr olunan qəzetlərdə məlumatlar gedib və s. Məşədi Cəmil  səhnə üçün ilk musiqi yazanlardan biri olub. Gəncədə, Tiflisdə verilən belə tamaşalarda özü də lazım olanda dirijor kimi, aktyor kimi çıxış edib. Üzeyir bəylə çox yaxın münasibəti olub. Babam dünyasını dəyişdikdən sonra rəhmətlik Bülbül atamı Üzeyir bəyin yanına aparıb və deyib ki, bu oğlan Məşədi Cəmilin əmanətidir. Üzeyir bəy atamı görəndə gözləri dolub və o vaxtdan onu öz himayəsinə götürüb.

 

Məşədi Cəmilin əmanəti      

 

- Cəmil müəllim, Q.Qarayev, F.Əmirov və Niyazi. Bu üç  şəxsiyyət sözün gerçək mənasında Azərbaycan musiqi və mədəniyyəti tarixində xüsusi yeri olan dahilərdir. Amma şayiələr gəzir, indi də danışırlar: bu adamlar bir-birilə yola getməyib. Buna səbəb nə idi?! Niyə yola getmirdilər?!

 

Bir-birilə düşmən olan dahilər

 

- Yox, şayiə deməzdim, gerçəklikdir. Tarixi olduğu kimi göstərmək lazımdır. Bu adamlar, doğrudan da, yola getmirdilər. Sizə bir şey deyim: burada şəxsi məsələlərdən, şəxsi narazılıqlardan söhbət gedə bilməz, sadəcə, onların aralarını vuranlar, ondan buna, bundan ona yalandan söz aparıb-gətirənlər vardı. Fikrətə deyirdilər ki, Qara Qarayev sənin haqqında belə dedi. Niyaziyə deyirdilər ki, Fikrət sənin arxanca belə danışdı və s. Yəni suyu bulandıranlar vardı. Sonra hər şey aydınlaşardı, bir-birlərilə münasibətləri düzələrdi və bir müddət sonra yenə araqarışdıranlar çıxırdı ortalığa, hər şey əvvəlki kimi olurdu.

Qara Qarayev dünyasını dəyişəndə atam özündə deyildi. Onun dəfnindən qayıtdı evə, göz yaşlarını saxlaya bilmirdi. Həkim çağırmaq istəyirdik. Deyirdi, siz başa düşmürsünüz ki, biz kimi itirdik, nə böyüklükdə sənətkarı itirdik. Q.Qarayevin ölümü ona çox pis təsir etdi və ömrünün sonuna qədər bu itki ilə barışa bilmədi. Q.Qarayev dörd yaş böyük idi atamdan, ondan iki il sonra  atam dünyasını dəyişdi. Bir neçə aydan sonra da Niyazi rəhmətə getdi. Yəni iki ilin içində biz Azərbaycan musiqisinin üç böyük simasını itirdik. Bu, ağır itkilər idi, həm ailələrə, həm də bütünlüklə xalqımıza. İllər keçdi, bu gün də həmin o üç sənətkar ehtiramla yad edilir, amma o araqarışdıranları yada salan belə yoxdur.

- Bir az F.Əmirovun ailəsindən danışaq. Məncə, siz ailədə iki uşaq olmusunuz, amma, deyəsən, böyük bacınız da var. Ümumiyyətlə, Fikrət Əmirovun oğlu olmağın hansı özəllikləri vardı? Atanıza görə hansı imtiyazlarınız vardı, sizə güzəşt edənlər olurdumu?

 

İlk dəfə ailəsi dağılmışdı

 

- Bəli, biz iki uşaq olmuşuq, amma atam əvvəl bir dəfə ailə qurub və həmin nikahdan bir bacımız olub. Atam o bacımızı da heç zaman öz qayğısından kənarda saxlamadı və bizim də normal münasibətimiz oldu. 

Bilirsiniz, həm orta məktəbdə, həm də konservatoriyada təhsil alanda həmişə çalışdım ki, mənə Fikrət Əmirovun oğlu kimi baxmasınlar. Hər şeyi özüm eləmək istəyirdim, bəzən nail olurdum, bəzən yox, amma alınmayanda sarsılmırdım. Bilirdim, atam müdaxilə etsəydi, hər şey daha mükəmməl ola bilərdi, ancaq mən özümü daima atamdam asılı hiss etmək istəmirdim. Bilirdim ki, bir gün atam olmayacaq... Özümü həmişə o günə hazırlayırdım. Atam mənim bu xüsusiyyətimi çox səmimi qəbul edirdi, razı idi mənim bu xasiyyətimdən.

- Atanızın dostu az olub, dediniz. Yaxşı, o az olan dostları kim idi? Bir də, musiqidən başqa hobbisi vardımı?

 

Dostları az olsa da

 

- Rəşid Behbudovla, Tofiq Quliyevlə yaxın idi. Şair Teymur Elçinlə az qala qardaş kimi idilər. Niyazi ilə dost idi. Tez-tez bu adamlar bizə gəlir, ya da biz onlara gedirdik. O ki qaldı hobbi məsələsinə: yaxşı işlədikdən sonra yaxşı da dincəlmək istəyirdi.

- F.Əmirov cəmi 61 il ömür yaşadı. İnsanın yaşı artdıqca bu rəqəmin nə qədər kiçik olduğunun fərqinə varır. O cür möhtəşəm əsərlər, gərgin iş... bütün bunlar, yəqin, onun sağlamlığından təsirsiz ötüşmədi.

 

Anamdan sonrakı yarım il

 

- Əslində, "Min bir gecə"dən sonra o, bir müddət yaxşı dincəlməli, işə ara verməliydi, amma dayanmadı, başqa əsərlərə girişdi və "Nizami" baleti üzərində işləməyə başladı. Özünü çox yormuşdu. Sonra anam qəflətən dünyasını dəyişdi və bu itki, ümumiyyətlə, atamı yıxdı. Cəmi yarım il fərq oldu aralarında. Anamdan sonrakı yarım ildə atamı tanıya bilmirdim, uşaq kimi olmuşdu, özünü itirmişdi. Gəncədən tanıyıb sevmişdilər bir-birlərini. Anam Aida xanım Tibb Universitetini qırmızı diplomla bitirmişdi, oftalmoloq idi, amma bir gün belə həkim işləmədi, özünü bütünlüklə ailəsinə, atama həsr etdi. Mən deyərdim, onlar bir-birləri üçün yaranmışdılar və ayrılıqda çox yaşaya bilmədilər.     

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.16-17.