Kamal Abdullanın Füzulisi...
Esse
Kitabı
yeni çap olunan hər bir müəllifin daxilində
"özünəməxsus" bir qorxu olur:
Başlıcası, kitabım necə qarşılanacaq? Bəyəniləcəkmi? Görəsən,
oxucuyla dialoqum alınarmı? Demək istədiklərimi
deyə bildimmi? Zənnimcə, Kamal Abdullanın
indilikdə sözügedən qorxuları yoxdu. Olsun ki,
vaxtilə olub...
Amma onunku
tamam ayrı bir "qorxu"dur; həcmcə kiçik olan
bir mətnin kitab şəklində təqdim olunması "əfkari-ümumi"də
nə kimi təəssürat oyadacaq?! Xeyli sayda
irihəcmli elmi, bədii, esse tipli kitab müəllifinin
"qorxusu" başadüşüləndir; fürsətcillər
bu "unikal" məqamdan necə yararlanacaqlar?! Buna görə onu ittiham edərlərmi?
Bəlkə,
Kamal Abdullanın binayi-qədimdən heç belə bir
qorxusu da olmayıb, sadəcə, onu görmədiyimi yuxu kimi
özüm uydururam...
Hər hansı mükəmməl kitabın özü də
uydurulmuş bir yuxudur.
Ümumiyyətlə, "Ədəbiyyat idarəolunan
yuxudur".
(Borxes)
Yuxunun isə həcmcə kiçiyi, böyüyü
olmur.
Əlimizdə
olan kitab da Kamal Abdullanın Füzuli yuxusudur...
***
Həyatımızda
olanlar, olmuşlar və olacaqlar; indi, keçmiş və gələcək
- hər şey bir yuxudur... (Görürsünüzmü, əgər
zaman rəqəmlərə xəyanət edib, sözlərin
bətninə qanundankənar uşaqlar kimi hərf-hərf
daxil ola bilirsə, hansı düzən,
hansı məntiq, hansı qrammatikadan danışmaq olar?!).
Uydurulmamış nə varsa, tezcənə ölümə
məhkumdur.
"Aldanma
ki, şair sözü, əlbəttə, yalandır!". (Füzuli)
Yəni aldan şair sözünə! Çünki
yalanın o biri üzü həqiqətdir...
Bax, bu
saniyə, bu an Kamal Abdulla Mövlana Məhəmməd
Füzuli, Mir Cəlal, Məmməd Cəfər Cəfərov,
Cahangir Cahangirov, Şövkət Ələkbərova və
dahi Səttar Bəhlulzadə ilə əl-ələ verib, məni
möhtəşəm bir incəsənət yalanına - həqiqətdən
də min dəfə həqiqi olan əzəmətli bir yalana
inandırmaqla məşğuldu...
***
Görəsən,
Azərbaycan incəsənəti tarixində sidq-ürəkdən,
bütün varlığı və ruhu ilə "Mənim Füzulim"
söyləməyə neçə nəfərin haqqı
vardır?! Yox, bu adi bir ifadə deyildir; "Mənim
Füzulim" mənim özüm, mənim Vətənim, mənim
dilim, mənim ruhum, mənim tənhalığım, mənim
vəhdətim, mənim sevgim deməkdir.
Xatırlayıram:
Üzeyir Hacıbəyli ("Leyli və Məcnun"
operasına görə), Qara Qarayev ("Leyli və Məcnun"
simfonik poemasına görə), Alim Qasımov (ifa etdiyi
Füzuli qəzəllərinə görə), Hacı Ələmdar
Mahir ("Mənim tanıdığım Füzuli"
kitabına görə), Sabir Əliyev və Teymur Kərimli
(araşdırmalarına görə), Ramiz Rövşən
(Füzuli ruhuyla sərbəst kontaktagirmə ritualına
görə), Bəxtiyar Xanızadə (Pantomim Teatrında
"Leyli və Məcnun"a verdiyi quruluşa görə),
Dalğa Xatınoğlu (Füzuli dünyasında "sərsəri"
gəzişmələrinə görə) və kitabın ərsəyə
gəlməsində müəllifə sonsuz enerji ötürən
yuxarıda adlarını çəkdiyim insanların, zənnimcə,
daha çox haqqı vardır...
Təbii ki, sıraya saysız-hesabsız müəllim və
ustadların, hətta Füzuli qəzəllərindən
"dəli-divanə olan" adi, sadə insanların adlarını
da əlavə etmək olar. Siyahı uzanıb əsas fikirdən
aralandıqca (bu, sobanın böyründən aralanmaq kimi bir
şeydi) tekstin istiliyinin azalacağını nəzərə
alıb dayanıram...
Amma Kamal
Abdullanın da "Mənim Füzulim" deməyə
(artıq "bizsiz" deyib!) haqqının
çatıb-çatmadığının (tələsməyin,
mətndəyəm, məhkəmədə
olmadığımı bilirəm!) oxucu üçün
qaranlıq qaldığına rəğmən (guya dünya
aydınlıqda üzür, bircə bu qalıb!), bir-iki
cümlə də irəliləməliyəm: Müəllif
buna qədər də əslində, min dəfə deyib bunu;
onun irili-xırdalı mətnlərinin ümumi stixiyası
deyib. Çünki "Dədə Qorqud"dan
gələn (gəlib ki?!) bir insan (yox, düz olmadı, "Dədə
Qorqud" artıq onun üçün bir Vətəndir, onu
heç bir zaman tərk etməyəcək. O, qürbətin,
qəribliyin nə olduğunu bilir!), Vətən
coğrafiyasının dil və
təfəkkürümüzdə tamlaşması,
bütövləşməsi naminə ayrı-ayrı zaman və
ya məkanlara düşüb bir-birindən aralanmış
Bayandırları, Şah İsmayılları, Nəsimiləri,
İsa Həbibbəyliləri, Niyaziləri, Azad Mirzəcanzadələri,
Qazan xanları, Rafiq Əliyevləri, Natiq Səfərovları,
Vaqif İbrahimoğluları, Aydın Bədəlovları, Füzuliləri, Həsən müəllimləri,
adları bizə bəlli olan və olmayan Səyyahları, qəzəllərinin
sonunda "Ey Füzuli" deyərkən öz adını
transfer etdiyi o pak, məsum Uşaqları ("Platon, deyəsən,
xəstələnib" hekayəsindəki Uşaq) və
yüzlərlə, minlərlə başqalarını Hadisələrin
Üfüqündən görünən Möhtəşəm
Ahəngdə qurduğu simvolik bəmbəyaz
örtüyün içərisinə ("Mənim
Füzulim"də isə qoruyucu Qara dəliyə)
yığaraq (Eposdakı ağ və qara çadıra
planetar üsyan kimi! Xatırlatma: Müəllif 300 essedən
ibarət olan kitablarından birini simvolik "300 azərbaycanlı"
adlandırmışdı! Bu da ədəbiyyatın
"idarəolunan yuxu" olmasına canlı bir sübut!)
bizə usanmadan (Bu sözü heç bir
zaman unutmayın! Füzuli də onu çox
sevirdi!) məhz orqanik aləmdə, məhz
harmoniyada varoluşumuzu, mövcudluğumuzu israrla
xatırladır...
***
"Mənim Füzulim" xatırlamalar
kitabıdır. Müəllif xatırlayır... Füzuli
xatırlayır... Kamal Abdullanın
xatırlamaları ilə Füzulinin xatırlamaları
arasında fərq (əgər buna fərq demək olarsa) ondan
ibarətdir ki, Füzuli öz xatırlamalarına xitam verib.
Axı həm də belə deyil. Mətnboyu
"Füzuli xatırlayır" - deyir müəllif... İndiki zamanda. Biz bunu əbədi
Füzuli zamanı da adlandıra bilərik. Və müəllifin
xatırlamaları avtomatik ikinci plana (Plan yoxdur, varsa bir olur!)
keçir...
Adama elə gəlir ki, xatırlamalar tədricən suyun
üzərindən dibinə çökür.
Bu
heç də xaırlamaların sudan
ağır olduğuna işarə deyildir. Sadəcə,
sular nəvazişlə ən təhlükəsiz, ən
etibarlı yeri xatirələrə təslim edirlər. Beləliklə, sözügedən kitab öz
üzündən niqabı çəkib bizi çox dərin
laylara aparır. Müəllif oralarda yolumuzu azmamaq
üçün xatırlamaları aşağıdakı
kimi işarətləyir: a) Daxili, semantik xatırlama b)
İntertekstual-struktur xatırlama.
Kamal
Abdulla füzulişünaslıqda bizə məlum olan ənənəvi,
standart tezislərə qarşı böyük sevgi və
ehtiramla özünün "anti-tezislər"ini qoyur:
1. Füzuli Petrarka kimi sevməyib. Onun sevdiyi
sevgi olub, harmoniyaya canatımı simvolizə edir bu sevgi.
İtaliya İntibahının məşhur siması Françesko
Petrarka (1304-1374) Roma imperiyasının
çöküşündən sonra dil, fəlsəfə və
ədəbiyyata avropalıların baxışını əks
etdirən Avrosentrik bir ifadə gətirdi: Qaranlıq dövr. Mahiyyət baxımından bu dövr yox idi. Avropalıların qarabasması idi. Xatırlayırsınızsa, akademik Fuad Qasımzadə
də Füzuli haqqında sanballı tədqiqatını
"Qəm karvanı", yaxud zülmətdə nur"
adlandırmışdı.
2.
Füzulidə təkrarlar nəyə xidmət edir? Əslində,
sualı bu cür də qoymaq olar: Bəs Kamal Abdullada təkrarlar
nə üçündü? Cavab birdir: Harmoniyaya.
3. Rəssamlardan
tutmuş şair və tədqiqatçılara qədər
hamıda bir Füzuli obrazı vardır: qoca, xəstəhal,
fikirli, pirani bir Füzuli.
Biz Füzulini niyə yalnız yaratdıqlarında
axtarmalıyıq? Bəs Füzuli insan kimi necə olub?
"Dörd əsrdən çoxdur ki, Füzulidən
qorxuruq, biz şairi axtarırıq, insanı yox".
(Kamal Abdulla)
Düşünməyə
dəyər...
Amma Kamal
Abdulla üstüörtülü olsa da, öz
variantını təklif edir: Füzuli minlərlə zərrəyə
çevrilib, dünyanın əsrarəngizliyini planetar
masştabda qəbul edən və onu yaşam tərzinə
çevirən hər bir azərbaycanlının
dünyasına dağılıb. Yetər ki,
xalqın milli-mənəvi dəyərlər sisteminə
baş vurub Füzulini onlardan yığasan və onu bir
İnsan kimi bütünləşdirəsən.
İsa Həbibbəyli də o azərbaycanlılardan
biridir. Füzuli haqda basma-qəliblikdən uzaq çox uzaq
fərqli bir kitabın məhz ona ithaf olunması bizə belə
deməyə haqq qazandırır.
Bu haqda
bir az sonra.
4. Kamal
Abdullanın qənaətinə görə, Füzuli taledən
başqa heş nəyə boyun əyməyib. Burada "boyun əymək"
İlahi düzənə təzim etmək anlamını
verir: "Bir təsəllidir sənə ol söz ki, derlər
var sübh". Özünüz fikirləşin: Bu cür
düşünən, düşünən niyə,
özünü düşüncədə, düşüncəni
özündə əridən bir insan kimə baş əyə
bilər?! Biz Kamal Abdulla ilə razılaşmaya bilmirik...
5. Kamal
Abdullanın gəldiyi ən maraqlı və gözlənilən
qənaətlərindən biri də Füzulini məhz
sözdə gəzişən Səyyaha bənzətməsidir.
Niyə "gözlənilən?". Çünki mistik, magik, simvolik Səyyah obrazı
onun bütün əsərlərinin içərisindən
keçir. Əgər Füzuli sözdə,
misrada gəzirsə, XXI əsrin Səyyahı artıq mətndə
gəzir. Onlar cümlə daxilində
tez-tez bir-birinə rast gəlirlər. Kamal Abdulla elə
oradaca mətndaxili çevrəboyu addımlayan bu insana sakitcə
pıçıldayır: Mənim Füzulim...
6.
Füzuli deyir: "...çıxalım bu aləmdən...". Mənim zənnimcə, Füzuli
ümumiyyətlə, bu aləmdə olmayıb. Bunu o adam deyə bilər ki, bu aləmdən bezib,
usanıb, yorulub. Belə baxanda Kamal Abdulla da Füzuli kimi aləmlərin
fövqündədir... Diqqət etmisinizsə,
onun qəhrəmanlarının əksəriyyəti
uçur. Müəllifin uşaqlıq xatirələrinin
içərisindən bir "balkon uçar" ifadəsi də
zərli kəpənək kimi uçub gedib...
7. Kamal
Abdulla yazır: "Leyli və Məcnun" poemasında qəribə
bir roman ab-havası, nəsr ahəngi var". Füzulişünaslıqda
ilk dəfə səslənən fikirlərdir. Bunu təkcə klassik nəzm ənənələri
ilə bağlamaq yanlışlıq olardı. Məlum olduğu kimi, klassik şeirimizdə nəzm
və nəsr elementləri daha çox
çulğalaşmış şəkildə olur. Poemada isə "hissələrin nəzm ruhuna xas
olmayan qəfil birləşməsindən tutmuş mətn
içərisində mətn təcəllasına qədər"
bütün struktur "bunu israrla deyir".
8.
"Kitabi-Dədə Qorqud"la "Leyli və Məcnun"
arasında maraqlı analogiyalar aparılır. Kamal
Abdullanın gec-tez "Dədə Qorqud"a - öz Ruh Vətəninə
qayıdacağını (Odissey kimi...) mətnin əvvəlində
söyləmişdik.
***
Hadisələrin
"Allahın dünyanı unutduğu gün" baş
verdiyi son romanı - "Sirlərin sərgüzəşti"ndə
Kamal Abdulla göstərir ki, altsheymer xəstəliyindən əziyyət
çəkən Həsən müəllim "Dədə
Qorqud" eposundan dolayı yeni sirr ilə üz-üzə
dayananda yaddaşı, sanki "oyanır".
Bu təkcə fiziksəl yaddaşın deyil, həm də
milli-genetik, sosial-ədəbi yaddaşın oyanışı
deməkdir.
Romanın da başlıca qayəsi budur: Unutma! Həsən
müəllim kimi yaddaşsızlıq xəstəliyinə
tutulsan da yenə unutma! Əgər unutsan, günlərin bir
günü həyatındakı cəhənnəmləri
silib-süpürmək üçün Tanrıdan altsheymer xəstəliyini
yalvarıb istəsən də verməyəcək...
Və... əgər unutsan, günlərin bir
günü o unutduqlarının tən ortasında
özünü görüb diksinəcəksən:
İlahi,
"Hamı məni sevənlər burdadı...".
***
Bilmirəm, hiss eləmisiniz, ya yox, Kamal Abdulla ta əvvəldən
öz yazılarında, istər böyük olsun, istərsə
də kiçik, fərqi yoxdur, cidd-cəhdlə unutmamağa
çalışır. Heç nəyi unutmamaq qorxusu onu qarabaqara izləyir...
Görəsən, bu dramatik izlənmələrin sonu necə
olacaq?
Müəllifin o amansız xəfiyyə ilə
sazişi baş tutarmı?
Çox
istərdim ki, məhz o gün ("məşum" gün
deməzdim!) o sehrli qüvvənin bizə ilk hökmü bu
olaydı:
Unutduqlarını
xatırla, xatırla!
Nədənsə,
çox inanıram, bizdən fərqli olaraq, Kamal Abdullanın
unutduqları lap az olacaq. Çünki hələ
ikinci romanında o, unutmaq istədiklərinin
hamısını unudub qurtarmışdı, ona görə də
"Unutmağa kimsə yox...", -
deyirdi.
***
Kamal Abdulla "nadir hallar"da kiməsə mətn
ithaf edir. Amma bunu edəndə Səttar Bəhlulzadə səxavəti
ilə edir. Adlarını çəkirəm, baxın:
Azad Mirzəcanzadə, Turan Cavid, Oljas Süleymenov, Natiq Səfərov,
Niyazi, Musa Adilov, Aydın Məmmədov, Rüstəm Kamal,
Ramiz Rövşən, Vaqif İbrahimoğlu, Rəhman Bədəlov,
heç bir zaman 17-ci mərtəbədən düşməyən
Mövlud və sair və ilaxır...
Yuxarıda qeyd etdiyim kimi, "Mənim Füzulim"
İsa Həbibbəyliyə ithaf olunub. Diqqət
etdinizsə, İsa müəllimin adını "sidq-ürəkdən"
"Mənim Füzulim" deyə bilənlərin
sırasına yazmadım. Bu mənim
subyektiv baxışımdır. Amma, görünür,
məsələ bildiyim qədərincə sadə deyildir, bu
təkcə Füzuli yaradıcılığını tədqiq
edib-etməməklə əlaqəli deyilmiş...
Haradasa
dahi Füzulinin mərhəmət, eşq, yaxşılıq
etmək, "şair sözünün yalan"ından
qaçıb daima həqiqətin yanında durmaq uğrunda
mücadiləsi, "salamı rüşvət
olmadığı üçün almayan"lara qarşı
apardığı amansız mübarizə və bu mübaizədən
usanmazlığı həm də insanları bir
sevgi çətiri altında birləşdirirmiş...
İsa müəllim də Füzuli
usanmazlığına "mübtəla olanlar"dandır. O, sevgi, zəhmət, sədaqət,
elm və təmizlikdən usanmır. Cümlə
daxilində "elm" və "təmizlik" sözlərinin
yanaşı gəlməsi sırf təsadüf oldu. Amma yox, sözlər cümlə daxilində özləri
öz yerlərini müəyyən edə bilirlər. Təbii ki, insani müdaxilə olmasa.
İsa müəllim elmdə təmizliyin, təmizlikdə
elmin mücəssəməsidir; məslək və əqidəsi
dəyişməz həmvətənləri ilə bir yerdə
(Mirzə Cəlil başda olmaqla!) Füzulinin insan
layını simvolizə edir. Başqa cür desək,
insan kimi tədqiq olunmayan Füzuli haradasa bir az
(bəlkə daha çox?) İsalara bənzəyir...
***
Unudulmaz
Mir Cəlal və unudulmaz Məmməd Cəfərin
araşdırmaları zaman-zaman Kamal Abdulladan "xəbərsiz
onun içində yaşayırlarmış...".
Onun alovlanması üçün xırda bir
çınqı gərək imiş. Və bu
missiyanı "Füzuli" kantatası həyata
keçirir...
Mir Cəlalın
"Füzuli sənətkarlığı" heyrətdən
doğulan klassik bir araşdırmadır: "Heyrət, ey
büt!". Mir Cəlal Paşayev
özü də bunu etiraf edir: "Bu böyük şeir
dühasının əsərləri ilə tanış
olanda heyrət bizi götürür". O, Füzulinin kosmik
heyrətini - "Heyrət, ey büt!"ünü
ona layiq bir şəkildə ona qaytarır...
Məmməd
Cəfər Cəfərov Füzuliyə yanaşmanın yeni
modelini və ya sirli üçbucağını təklif
edir: "Füzuli sevir", "Füzuli
düşünür", "Füzuli yaşayır". Nəzərə alın ki, biz
üçbucağı hansı adi təyin və epitetlərlə
bəzəsək də, o, gerçəklik üzərində
müstəvidə bərqərar olar.
Hər
üç əsər bir bütövün içərisindədir...
Kamal
Abdulla da öz üçbucağını (epitetsiz
üçbucağını!) təklif edir: "Füzuli
xatırlayır", "Füzuli səsləyir",
"Füzuli inanır". Qeyri-səlis məntiqlə
yanaşsaq, sözügedən üçbucağın
reallıqda mövcud olmadığının şahidi
olarıq. Və Kamal Abdulla da Füzuliyə
məhz bu cür yanaşır. Onun "Füzuli
paradoksu" ifadəsi heçdən yaranmayıb...
***
Ümumiləşdirək; Kamal Abdulla "Mənim
Füzulim"lə bizə məhz öz Füzulisini təqdim
edir və bununla da öz Füzulisini ümumilikdən, cəmdən-"biz"dən,
qeyri-müəyyənlikdən xilas edir. Həm də bizə
çox sadə bir ismarış yollayır: Nə qədər
azərbaycanlı varsa, bir o qədər də Füzuli
vardır. Yetər ki, hər kəs "təkcənəlik
vaxtı"na çəkilib, içində
yaşayan Füzuli ilə həmsöhbət olsun...
Qısası,
"öz"ümüzə, "tək"imizə,
"mən"imizə çevirə bilmədiyimiz dəyərlər
"biz"ə dönüşə bilməz...
Mehman Qaraxanoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.22-23.