Bu dünyadan
Füruğ (Fərruxzad) keçdi
Cəmi
32 yaş yaşayan, amma qısa ömrünə bir neçə - "Əsir",
"Divar", "Üsyan",
"Başqa bir doğuluş", "Soyuq
mövsümün başlanğıcına
inanaq" şeir kitablarını, "İtaliya"
(sənədli film) və
"Qara ev" adlı filmləri sığdıran, ailəsi
və yaşadığı
cəmiyyət tərəfindən
rədd edilən iranlı şairə Füruğ Fərruxzad ney kimi inləyən
könlünün fəryadını
misralara pıçıldayan
qadınlardan idi.
Müasiri və dostu iranlı şair və rəssam Söhrab Sipehri Füruğ Fərruxzada ithaf etdiyi, "Dost" adı verdiyi şeirində Füruğun
portretini sözlə belə çəkir:
Böyük idi
və bu günün adamıydı
və bütün uzaq üfüqlərlə
rabitəsi vardı
suyun və torpağın nəğməsini
necə də yaxşı anlayardı
Səsi
gerçəkliyin pərişan
hüznünə bənzəyirdi.
Göz qapaqları
ünsürlərin nəbzinin
döyüntüsünü
bizə göstərərdi.
Əlləri
səxavətin təmiz
havasını
vərəqlədi
və mehribanlığı
bizim yanımıza köçürtdü.
Öz xəlvətinə bənzəyirdi
və öz vaxtının ən sevgili dönüşlərini
güzgüyə açıqlayırdı.
O, yağış kimi təkrarın təravətiylə
doluydu.
O, ağac kimi
işığın sağlamlığı
içərisinə yayılırdı...
"Böyük olmaq
istəyən" Füruğun
böyük də dərdi vardı; anlanılmamaq dərdi. "Ən cətin şeydir, anlamaq dərdi". Onun bu dərdi atasına
yazdığı məktubunda
o qədər açıq-aşkar
hiss olunur ki...
"Mənim ən
böyük dərdim
sizin məni tanımamağınızdır. İş
orasıdır ki, heç bir zaman da tanımaq
istəmədiniz... Mən böyük
olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulub sabah ölən və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz
minlərlə insan kimi yaşaya bilmərəm".
Pablo Pikasso qadınları iki növə bölürdü: tanrıçalar və paspaslar". Ürəyi zamanın ötəsində vuran Füruğ birincilərdən idi. Lakin həyat Füruğa qarşı insaflı deyildi. Ona sevgini, sevinci qram-qram, qəmi, kədəri ətək-ətək verirdi. Gənc yaşında sevmədən məzhəkəçi Pərviz Şapurla ailə qurmağa məcbur edilən Füruğun həyatı yazdığı bir şeirlə dəyişir. İnsanın kaş ki, yazmasaydı, deyə düşündüyü də olur. Lakin səhər erkən günəşin doğmasının qarşısını almaq mümkün olmadığı kimi, doğulan şeirin də qarşısını almaq olmur. Evli olan Füruğ yaşadığı günahı (və günahkarları) bir şeirində "Günah işlədim", - deyə dilə gətirməklə özünü ifşa edir. Şeirdə gizli eşqindən bəhs edən Füruğ, eyni zamanda özünü də sorğuya çəkir. Şeir dərc olunar-olunmaz hər kəs ona düşmən kəsilir, üz döndərir (qəbul olunacaq hərəkət də deyildi). Təhqiramiz tənqidlərə məruz qalır. Bu şeiri ilə ailəsini də pis vəziyyətdə qoyur (bu anlaşılandır!). Şairə ən ağır ittihamları qayınanasından eşidir və Füruğa oğlu ilə görüşmək qadağan olunur (ən ağır cəza). Ana kimi, himayədarlığı əlindən alınır.
Təklənən, ailədən, cəmiyyətdən təcrid edilən Füruğ özünü daha çox şeirdə tapır, şeiri həyatına vermək məcburiyyətində qaldığı cavablardan ən vacibi sayır...
Yaşadıqlarının yazdığı şeirlərə yansıtdıqları Füruğun ümid qarışıq iztirab, sevgi qarışıq nalə, göz yaşlarına bələnmiş ahlarıdır, başa tabe olmayan ürəyin peşmançılığıdır. Füruğun şeirlər kitablarına seçdiyi adlar da şairənin həyatının, yaşantılarının, hiss və duyğularının tərcümanıdır. 1955-ci ildə çapdan çıxan birinci şeir kitabı; "Əsir" və ikinci şeir kitabı "Üsyan" (1958) əzab və iztirabdan yoğrulmuş qadının fəryadıdır: "O günlər keçdi, O günlər kirpiklərimin arasında".
"Günah"ı etiraf etdikdən sonra yaşadığı cəmiyyətdə təklənən azad ruhlu şairəyə yol görünür. O, 1956-cı ildə İtaliyaya, İtaliyadan da Almaniyaya, böyük qardaşı Əmir Məsudun yanına gedir. Yaşadığı cəmiyyətin qanunları ilə yaşamaq istəməyənlər üçün Avropa hər zaman ideallar ölkəsi olub. Avropaya üz tutan Füruğ da doqquz ay burada yaşayır və qısa həyatının qalanını birlikdə keçirəcəyi İbrahim Gülüstani ilə tanış olur. İbrahim Gülüstani evli idi və iki uşağı vardı. Onun İbrahim Gülüstani ilə eşq yaşaması da "yasaq"lardandı. Lakin Füruğ kiminsə fikri ilə yaşamırdı. Şeirlərində işlədiyi "günah" kimi, "yasaq" sevgisindən də aşıq-aşkar bəhs edirdi...
Əslində, Füruğun şeirlərini "Bülbül nəğmələri" adlandırmaq da olar, amma bu bülbül hər zaman kədərdən, qüssədən, çarəsizlikdən nəğmələr oxuyur. Qəfəsə salınmış bülbül kədərli oxuduğu kimi, Füruğ da özünü "qəfəsdə bir dustaq" kimi hiss edir, quş olub "qəfildən uçmaq" istəyir sevdiyinə:
Qara və soyuq barmaqlıqlar arxasından,
gözlərim həsrətlə baxır üzünə,
bir əl uzanaydı mənə,
qəfildən mən uçam sənə.
Rüzgara təslim olmaq istəməyən, İbrahimi böyük eşqlə sevən Füruğun bu xoşbəxtliyi də uzun sürmür. İbrahimin həyat yoldaşına yazdığı məktubu təsadüfən görən Füruğ məktubda yazılanları - Füruğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətinin heç bir dəyəri olmadığını və s. oxuduqdan sonra özünə söz verir ki, İbrahimdən ayrılacaq. Amma bu ayrılıq istəyi onların sevgisinin ölçüsü olur, onların arasındakı sevgi daha da güclənir. Hətta İbrahim Füruğa dəfələrlə evlilik təklif etsə də, rədd cavabı alır. Onlar evlənməsələr də rejissor İbrahim Gülüstani ilə tanışlığı Füruğun həyatında öz naxışını qoyur. İbrahim dəfələrlə Füruğu kino haqqında biliklərini dərinləşdirmək üçün İngiltərəyə göndərir. Sonda Füruğ öz filmini, "Qara ev"i çəkir. Bu sənədli film Təbrizdə cüzam xəstələrinin yaşadığı xəstəxanada çəkilir. Füruğ film haqqında xatirələrində deyirdi: "Mən onlara xəstə kimi yanaşmırdım. Onların yaralarına toxunurdum. Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tez məktub yazıb dərdlərini mənimlə bölüşürdülər". İlk filmin xoşbəxtliyi ilə bərabər, Füruğ burada bir başqa sevinc də yaşayır. Filmi çəkərkən oğlu Kamiyarın həsrəti ilə alışıb-yanan Füruğ cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru görür və övladlığa götürür. Övladlığa götürdüyü Hüseyn Mansur sonralar Füruğun şeirlərini alman dilinə ən yaxşı tərcümə edənlərdən biri olur.
Şairə, kinorejissor olan Füruğun rəssamlığa da böyük həvəsi vardı. O, İbrahim Gülüstaniyə yazdığı məktubunda böyük bir eşqlə Londonda Galeridə gördüyü bir rəsmdən bəhs edir: "...Galeridə Leonardonun bir tablosu var, daha əvvəl görməmişdim. Yəni əvvəlki London səfərimdə. Müdhiş bir şey! Hər şey açıq bir mavilikdə verilmiş. Əyilib qarşısında namaz qılmaq istədim..." (kiminə görə günah, kiminə görə mübah).
Füruğun filmləri bir çox festivallarda mükafata layiq görülür; "İtaliya" sənədli filmi sənədli filmlər festivalında birinci yer qazanır, "Qara ev" filmi isə Almaniya Film Festivalinda ən yaxşı film seçilir.
Şəxsi həyatı fırtınalı olan, İbrahimlə
ayrılıb-barışan Füruğ zaman-zaman həyatdan getməyi də düşünür, iki
dəfə intihara cəhd edir.
Barışdıqdan sonra Füruğ
sevgilisi İbrahimə "Yenidən doğuş" şeirini
yazır. 1963-cü ildə üçüncü
kitabını eyni adla
nəşr etdirir: "Yenidən doğuş". Təəssüf ki, hər doğuluşun sonu ölümdür. Füruğ yaşamını özü
cızdığı kimi, ölümünü
də özü seçir:
Darüşşal Marvdosht
və Logumanoddovleh küçələrinin
kəsişməsində uşaqları məktəbdən gətirən
avtobusla toqquşmamaq üçün maşınını divara çırpır, uşaqlar
ölməsin deyə, özü ölümü seçir.
Deyirlər, ölüm hər şeyin sonudur. Lakin bu da son deyil. Yaşadığı cəmiyyət dirisinə
sahib çıxmadığı kimi, ölüsünə
də sahib çıxmır.
Füruğun cənazəsi iki
gün yerdə qalır. Din adamları
ona cənazə namazı qılmaq istəmir. Sonda cənazə namazını
din adamı deyil, bir yazıçı qılır.
Bu dünya fanidir,
yalandımı, de?
Fitnəmi, şeytanmı, ilandımı,
de?
Ey insan, sultanı sənsən dünyanın,
O sənsiz bir kəsin olandırmı,
de?
Füruğ sultanı olduğu dünyadan belə köç edir, oğulsuz, ailəsiz, bir sözlə, kimsəsiz. Haşim Hüsrevşah Füruğun
ölümünü "dili
kəsilmiş İran
qadınlarının ölümü"
kimi qiymətləndirir.
YUNESKO Füruğ haqqında 30 dəqiqəlik
sənədli film çəkir. İrana Füruğla
bağlı reportaj hazırlamağa gələn
məşhur rejissor
Bernardo Bertoluççi Füruğun
həyatı haqqında
15 dəqiqəlik film çəkməyə
qərar verir. İranlı
Abbas Kiyarüstəmi
1999-cu ildə çəkdiyi
filmə ad olaraq Füruğun "Rüzgar
bizi götürəcək"
şeirinin adını
verir. M.Hilman onun hayatını
və şeirlərini
1987-ci ildə "Tənha
qadın" adıyla
nəşr etdirir.
Ümumiyyətlə, Füruğun şeirləri
və həyatından
bəhs edən məqalələr və kitablar yazılır, film çəkilir. Füruğun dırnaqarası xoşbəxtliyi
bununla bitmir. Sağlığında üzünə həsrət
qaldığı, öldüyündə
cənazəsinə gəlmədiyi,
tabutuna girmədiyi oğlu Kamyar anasını şeirlərindən
tanıyır. İngiltərəyə
mühəndis olmağa
göndərilən Kamyar
təhsilini bir il sonra
yarımçıq buraxıb
rəssamlığa başlayır.
Və çəkdikləri misralara
səpələnmiş Füruğu
şeirlərindən tanıyır,
qeyb olmuş, "istəklə yüklü",
"dərdlə yüklü"
anasını rəsmə
gətirir, yenidən və əbədiyyən var edir. Füruğun yaşadığı
cəmiyyətdə "Günəş
ölmüşdü", amma o, Günəşin gələcəyinə, yenidən
doğacağına inanırdı:
"Günəş ölmüşdü,/ Gələcək..."
Deyirlər, "dünya bir pəncərədir, hər
gələn baxar gedər". Füruğ Fərruxzad da
bu pəncərə dünyadan baxıb keçdi. Amma özünün "Baxıram kiçik pəncərəmdən. Heç
nəyəm bir nəğmənin əks-sədasından
başqa, Əbədi
deyiləm mən",
- deməsinə rəğmən
Füruğ bu dünyadan əbədiyyən
qalmaq üçün
keçib getdi. Nə yaxşı ki, bu dünyadan
Füruğ keçdi...
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2020.-
4 iyul.- S.27.