Nəsimi sevdalı bir makedon şairi
Heç
ağlıma gəlməzdi
ki, Nəsiminin adı 600 ildən çox vaxt keçməsinə baxmayaraq,
2004-cü ildə Makedoniyada
gerçəkləşdirilən ənənəvi "Struqa
şeir axşamları"
festivalında tanınmış
bir makedon - türk şairi ilə tanışlığıma
körpü salacaq. Belə ki, şeir
müsabiqəsində oxuduğum
"Biz bir şeir ölüsüyük" adlı
şeirimdə Nizami, Əli Kərim və Eldar Baxışla
(şeir Eldara həsr olunub) yanaşı, Nəsiminin də adı çəkilirdi. Şeir məclisi qurtardıqdan sonra hündürboy bir nəfər mənə yaxınlaşdı:
- Bu torpaqlarda, bu məclisdə Nəsiminin
adını çəkməyiniz
hər şeyə dəyərdi. Mən onun qəzəllərinin vurğunuyam... Hər zaman sevə-sevə oxuduğum şairdir...
Bu, Makedoniyada
yaşayan tanınmış
türk şairi İlhami Emin idi.
Əslində, mən onu şeirlərindən
tanıyırdım. Belə ki,
Anarın və Nazim İbrahimovun tərtib etdiyi "Min beş yüz ilin oğuz şeiri antalogiyasında"
onun iki şeiri verilmişdi və həmin şeirlərdən biri Nəsimiyə həsr olunmuşdu.
Xoşbəxtlikdən həmin ikicildlik antalogiyanı Skopye Universiteti Türkologiya kafedrasının müdiri,
Bakıda qonağım
olmuş professor Oktay Əhmədin xahişi ilə özümlə Makedoniyaya aparmışdım. O həmin
antalogiyadan universitetdə
dərs vəsaiti kimi istifadə edir.
Söhbət əsnasında İlhami
Emin hələ 1968-ci
ildə Struqa poeziya festivalında Rəsul Rza ilə görüşdüyünü
dilə gətirdi:
- Bəri başdan qeyd edim ki,
bir əsrə yaxın ənənəsi
olan nüfuzlu Struqa poeziya festivalına dəvət olunan ilk Azərbaycan şairi Rəsul Rza olub. Dünyanın bir çox şairlərinin iştirak
etdiyi poeziya festivalının bir qayda olaraq Ohri
gölü sahillərində
çay körpüsü
üstündə gerçəkləşdirilən
bağlanış mərasimində
bir yay axşamı
onun aramla kürsüdən necə
şeir oxuduğunu indi də xatırlayıram.
O zaman Makedoniyada yaşayan türklərin sayı çox idi. Sonradan İstanbula köç
dalğası başladı.
Rəsul
Rzanın şeir oxuması bir və ya iki
dəqiqə çəkdi.
Amma şeir bitər-bitməz alqışların ardı-arası
kəsilmək bilmirdi.
Beş dəqiqəmi
çəkdi, on dəqiqəmi
çəkdi, bir
Allah bilir... Festival təşkilatçıları da, aparıcı da çaşıb qalmışdı. Protokol qaydaları
pozulmuşdu. Növbəti şairə söz verilməli idi. Dinləyicilər uzun illərdən bəri həsrətində olduğu Azərbaycan
dilində şeir eşidir, ilk Azərbaycan şairini görürdülər...
2014-cü
ildə az
qala atasından yarım əsr sonra Xalq yazıçısı
Anar da həmin
festivala dəvət almışdır.
İlhami Emin Nəsiminin "Məndə sığar iki cahan, mən
bu cahana sığmazam" misralarını
təkrar etməyi xoşlayırdı. Harda doğulmasından asılı olmayaraq, şairlər, doğrudan da, bu dünyaya
sığmaz olub və gec-tez başqa bir dünyaya - axirət dünyasına səfər
etməli olurlar.
Bu yaxınlarda Azərbaycan
sevdalı İlhami Emin də 90 illik yubileyinə bir il qalmış haqq dünyasına qovuşdu.
Ruhu şad olsun.
Bir məqamı
da xüsusi vurğulamaq istərdim ki, İlhami Eminin Şimali Makedoniya radiosunun türk redaksiyasında çalışan ömür-gün
yoldaşı Əminə
xanım Emin bu ölkəyə hər səfərimdə
məni axtarıb tapır və təkidlə radioya Azərbaycan dilində müsahibə verməyimi
xahiş edirdi.
İlhami bəy özü isə mənimlə son görüşündə Şimali
Makedoniyanın paytaxtında
fəxri Azərbaycan konsulluğunun açılmasının
zəruriliyini dilə
gətirdi.
Akif Əhmədgil
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.32.