Fransız poeziyası Cavanşir Yusiflinin tərcüməsində

 

Əlifba

 

Ölümü əsdirən qışın soyuğunda donarkən

gözümün tutduğu hər şeyə baxdım son dəfə,

hərisliklə,

Bu soyuq baxışın nişahngahında ki

            əsas deyildi yox olub gedirdi

bir anda

Ancaq onları döyəcləyir, ölümün belə

            yıxa bilmədiyi bəzi para şeyləri

saxlamaq istəyirdim.

Bir-bir,

Damcı-damcı

qopub gedirdilər,

nəhayət hansısa əlifbaya sığınıb

                        hərflərə çevrildilər,

elə bir əlifba ki, başqa bir dünyada

                        işləyə bilərdi bəlkə.

Təskinlik tapdım beləcə,

            yaşadığım dünyanın

    məni atacağı qorxusundan azad oldum.

Bu tutacaqdan bərk-bərk yapışıb,

qanım  ləzzətlə damarlarıma qayıdanda

onun məğlubedilməz olduğunu

                                    anladım bir daha,

yenidən həyatın açıq səmasına doğru

                                   uçduqca uçdum...

 

Xoşbəxtlik

 

Bəzən, anidən böyük bir xoşbəxtlik

            həyacını bürüyər səni,

Həm səbəbsiz-filansız,

Yerini bilmədiyin yuvasından baş qaldırıb,

var gücüylə yayılar bu ləzzət, ancaq

əl-ayaqlarına qədər çatması

                        böyük zaman alar.

Bu həyəcan təmizdi, tərtəmiz

İçində gəzdiyi zaman heç nəyə qarışmaz,

kəlmə kəsməz,

əsla,

heç bir fikirə, heç bir hissə dolaşmaz,

tək gəzər,

canına yayılar, məst edər səni.

O da, sən tək-tənhasan,

ayrı.

Bəlkə, içini gəzib, dolaşıb birdən

ayaq saxlayıb soruşar, ", necəsən?

Sənin üçün nəsə eləyə bilərəmmi?"

Soruşar, beləcə özünə təsəlli verər.

Ancaq sənin heç nədən xəbərin olmaz.

Tezliklə həzz artıb çoxalar, güclənər.

baş verdiyini anlamadan,

Ağrı gələr,

deşər qəlbini bıçaqla,

əzaba çevrilər,

doğrayar keçdiyi yolları,

qatilin olar.

Gəbər, - deyər, gəbər.

Ölməməkçün əl-qol atar, hərəkət edərsən,

Ağzından su daşdanar,

            ya da qarnı üstə uzanarsan,

Hər şey beləcə keçər...

 

Anri MİŞO

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.30-31.