Fransız poeziyası Cavanşir Yusiflinin tərcüməsində

 

Üzük

 

Kədər barmağına bir üzük taxdı

illər öncə.

Gücnən görünür indi

Az qala yadından çıxıb,

Ondan çox saatını, eynəklərini görürsən.

 

Ancaq bir səhər onu stolun,

            ya da mebelin üstündə unutsan

Bütün günü itib-batarsan, harda olsan...

Harda? Zamanın çənbərində, ancaq

barmağına taxdınmı

başqa şeylər qeybdən dönüb

                        görünəcək əlbəəl...

 

Fəsillər

gəlib keçdi gözlərin önündən,

            səssiz-səmirsiz, görmədin

bağın lap dibində itib-batan heykəl kimi

O baxış... yağış damcıları,

            bir günəşin şəfəqləriylə

                        daşı dəlib keçdi.

Səni doğum günündən ayırıb qoparmaq üçün

daşla canın arasından keçən bıçağı izlədi,

                        dalınca qaçdı bəlkə

Nəhayət içindən nəyinsə qopub

                        ayrıldığını hiss edərsən

Azadsanmı?

Doğram-doğram ürəyinlə

Başları vurulmuş şəhidlər kimi

            düzü-dünyanı gəzib dolaşmağın

                        vaxtı gəldimi?

 

Sevgi sarğısını çəkər gözlərinə,

                        yavaşca, səssiz-səssiz.

Şabalıd ağaclarının arasıyla

Heç zaman getmədiyin

cənub-qərbə aparan yol,

Bazak Kompostel yolu...

 

Havanın ətri torpağa necə sinərsə

Bu da qəlbinin başına dönüb-dolanar hər gün.

 

Vətənə aparan yola düşən işıq

Zamanın o tayında qalan sevgilinin

            sənin içində böyütdüyü işıqmış...

 

O tayda, lampalardan düşən işıq

Sapsarıdır, çayın qaranlıq sahilində.

Kafedə gənc lal adam

Stolların küncünə

 

Mavi çəhrayı zərfləri düzür

Üzərində ulduz falı, həmişə eyni

 

Oxuyuruq,

Oxuyuruq ki, geri qayıtsın,

Bütün lampalar

Yerdən çiçək kimi cücərsin,

Bir daha...

 

Jan-Piyer Lömer

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.31.