AĞRILI ÖMÜR

 

Sabir ƏHMƏDLİ - 90

 

Xalq yazıçısı, görkəmli nasir Sabir Əhmədli yaşasaydı iyulun 10-da doxsan yaşı tamam olardı. Bu yaxınlarda çapdan çıxmış "Yazılmayan yazı" adlı kitabını mənə gətirdilər. İki gün ərzində kitabı maraqla oxudum. Həm bu mütaliənin təsirilə, həm də Sabirin yubileyi münasibətilə həmişə dərin hörmət bəslədiyim yazıçı haqqında söz demək istədim. Əlbəttə, karantin müddəti qurtarandan sonra S.Əhmədlinin layiq olduğu şəkildə yubileyini keçirəcəyik. Yazıçılar Birliyinin mətbuat orqanlarında isə elə bu yubiley günlərində yazılar verməyi tapşırdım. Mədəniyyət Nazirliyinə məktubla müraciət edib Sabir Əhmədlinin son romanları da daxil olmaqla cildlərinin nəşr olunmasını xahiş edəcəyəm.

"Yazılmayan yazı"da belə bir yer var: "Anarla mənim münasibətlərim pis deyildi, ehtiram göstərir, yanına gedəndə xoş qarşılayır, çay gətirdir, səmimi söhbətimiz olurdu".

Bu sözlərə öz tərəfimdən onu əlavə edə bilərəm ki, Sabirlə məhrəm söhbətlərimiz tək Birlikdə, mənim sədr olduğum vaxtda deyil, daha əvvəllərdə də olurdu, Moskvada Ədəbiyyatçılar evində səmimi etiraflarla dolu söhbətimizi, Çənlibelə (keçmiş Çardaxlı) kəndinə Sabirə verilmiş mükafatı almaqçün maşınla birgə getməyimizi, yol boyu ən müxtəlif məsələlərdən danışmağımızı və demək olar ki, bütün fikirlərimizin uyğun gəlməsi, bir çox yazıçılara münasibətlərimizin eyni olması məni sevindirirdi. 1990-cı ildə Xəlil Rza Ulutürkün Bakıda formal olaraq keçirilən məhkəməsinə Sabirlə birlikdə getmişdik və elə məhkəmə salonundaca azad edilən şairi ürəkdən təbrik etmişdik. Sabirə xoş münasibətim də yalnız birlikdə çay içməklə məhdudlaşmırdı. Hələ çox illər öncə "Nəsrin fəzası" adlı geniş məqaləmdə onun "Yamacda nişanə", "Yaşıl Teatr" "Qanköçürmə stansiyası", "Toğana" əsərlərinin geniş və xeyirxah təhlilini vermişdim. "Nəsrin fəzası"nda yazdıqlarımı təkrar etməyə ehityac yoxdu, ancaq orda ifadə olunmuş bir fikrimi burda də gətirməyi lazım bilirəm. Yazmışdım ki, "altmışıncılar" ədəbiyyatı deyəndə yalnız bu illərdə ədəbiyyata gələnləri deyil, daha əvvəlki vaxtlarda çap olunmağa başlayan yeni tipli nəsr əsərlərinin müəlliflərini də nəzərdə tuturam. Bu sırada altmışıncıların həm zaman, həm ruh etibarilə ən yaxın sələfləri İsa Hüseynovu və Sabir Əhmədlini sayıram, Sabir də o vaxt bu yazımı oxumuş, bəyənmiş və mənə təşəkkür etmişdi. Odur ki, "Yazılmayan yazı"da bir məqam mənə qəribə gəldi. Yazır: "Anar da gəlirdi redaksiyaya ("Ədəbiyyat qəzeti" nəzərdə tutulur - A.). Cavan yazıçı Avropa tipli yazılar yazırdı. Bunlar altmışıncı illərdə ədəbiyyata gəlmişdilər. Altmışıncı illər ədəbiyyatını, altmışıncı illərdə ədəbiyyata gəlmişlərlə məhdudlaşdırırlar. Bu yanlışdır, diqqətli olmaq gərəkdir. 60-cı illər ədəbiyyatını 60-cı illərdə ədəbiyyata gələn o vaxtkı cavanlar deyil, bütün nəsillərin qabiliyyətli, vicdanlı yazıçıları yaradırdılar".

Tamamilə razıyam. Sabirin rəyincə, "Avropa tipli hekayələr yazdığıma" da sözüm yoxdur. Amma kim nə deyir öz işidir, şəxsən mən həmişə altmışıncılar ədəbiyyatı haqqında məhz Sabirin dediyi kimi, yazmışam, bu mövzu da yazılarımda, "Yazılmayan yazı"da ifadə olunmuş bir fikirlə də tamamilə razıyam: "Altmışıncı illər yeni mövqeli, "antisovet" bir ədəbiyyatın başlanğıcı idi".

Qədirşünaslıqla xatırladığı bir epizoda görə də Sabirə minnətdaram. "Ədəbiyyat qəzeti"ndə Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasının oxunduğu zaman Sabir fikrini belə bildiribmiş: "Bu poema onunla fərqlənir ki, burada etiraf var. 37-nin baş verdiyi hər birimizin bu işdə günahı olduğu etiraf edilir". Yeri gəlmişkən, Sabirin "Dünyanın arşını" romanı ideoloji cəhətdən kəskin tənqidə məruz qalanda, əsər barədə, hətta DTK-ya arayış veriləndə və ağsaqqal yazıçılardan biri "Mən qoymaram ki, Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın" deyəndə Rəsul Rza gənc müəllifi müdafiə etmişdi.

"Yazılmayan yazı" xatirələr kitabının böyük qismi Sabirin Bakıya gələnəcən, yazıçı kimi çap olunmağa başlayanacan keçdiyi ömür yoluna həsr olunmuş səhifələri - onun doğma yerlərini təsvir edən parçaları sırf nəsr əsəri kimi maraqla oxuyursan. Əyalətdən paytaxta gəlmiş, iti müşahidə qabiliyyətinə malik olan yazıçının şəhər mühiti və Yazıçılar İttifaqı barədə müsahidə və mülahizələrini yüngül bir təbəssümlə oxuyurdum, çünki bu nəql olunanlar mənə də tanış idi və Sabir, bəlkə də, ilk dəfə bu məsələlər barədə açıq söhbət edir.

"Respublikada dəstəbazlıq, yerliçilik baş alıb gedirdi. "Bakılı qədeşlər" bir ayrı üstə idilər. Onlar daha artıq respublikada ictimai-siyasi üstünlüyü saxlayıb başçılıq mövqelərini güdürdülər və "rayonlıları, çuşkaları" susdurmaq iddiasındaydılar. Yazıçılar İttifaqına onlar elə də girişə bilmirdilər. Burada baş mövqelər Qarabağ və qazaxlıların idi. Bunlar da bir-birilə vuruşurdular".

Bu sözlərin həqiqiliyi bir də ona görə vacibdir ki, Sabir özü qarabağlı olsa da, dəstəbazlığa qoşulmurdu. Bir də ki, Yazıçılar Birliyinin indiki durumuna irad tutanların namuslu yazıçının bu sözlərini xatırlamaları pis olmaz.

Yazıçı kimi Sabiri ağrıdan və unuda bilmədiyi hadisələrdən biri "Yamacda nişanə" povestinin "Novıy mir" kimi mötəbər jurnalda çapa qəbul olunması və sonra Xruşşov mülayimləşməsinin elə Xruşşov sərtləşməsiylə əvəz olunanda nəşr edilməməsidir. Yazır: "Əgər onda redaksiya heyəti dəyişməsə, Tvardovski üçcə ay da yaşasa idi, mənim işim ömürlük dəyişəcəkdi. Hər halda mən dünyada qiymətli sanılan bir jurnalda çap olunacaqdım. Orda bir kərə nəşr olunmaq bəs idi! Əsas ədəbiyyat SSRİ-də "Novıy mir"dən çıxırdı dünyaya, Avropaya, Amerikaya. Heyif, min heyif! O sayaq fürsət əldən getdi".

Belə bir şansın baş tutmamasına görə Sabirin pərişanlığını anlamaq olar, amma mənim fikrimcə, xaricdə çap olunmaq, dünyada tanınmaq nə qədər fərəhli olsa da, yazıçının ən böyük uğuru öz xalqı tərəfindən qəbul olunması, öz milli ədəbiyyatında layiq olduğu yeri tutmasıdır. Buna isə Sabir Əhmədli həm nail olub, həm də layiqdir. Sabir Əhmədlinin bu kitabından indiyə qədər güman etdiyim, amma dəqiq bilmədiyim bəzi məsələlər mənə faş oldu. 90-cı illərin əvvəlləri barədə yazır: "Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə yaxındı. İstəyirdilər ki, Yazıçılar İttifaqının üstdən qələm çəksinlər. Anargili eşiyə salsınlar və yeni Xalq Cəbhəsinə uyarlı bir təşkilat - Xalq Cəbhəsinə sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar. Məni də qoşmaq istəyirdilər. Yazıçılar İttifaqına hücum çəkir, Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum verirdilər: "Çıxıb getsinlər buradan! Getməsələr, avtomat silahla gəlib əzəcəyik!". Bir kərə Əkrəmin otağında, o da Yazıçılar İttifaqının katiblərindəndi, amma İttifaqı dağıtmaq istəyirdi, hə, onun necə bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini öyrənmək istədim. Sonra təklif etdim: "Bizim sayılan, hörmətli ədiblərimiz də orda olsunlar", İsmayıl Şıxlı, Bayram Bayramov, İsa Hüseynovun adlarını çəkdim. Onda yeni bir Yazıçılar ocağı yaratmaq istəyən cavan Alışarlı incik halda mənə bildirdi: "Siz o adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq istəyirik". Aydın oldu, kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri. Dəlisov, çılğın oğlanlarmı, bir sanballı əsəri, yazısı olmayan xalqçılarmı? Hər hansı yaradıcılq ocağının başçısı hər şeydən qabaq, adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin yeni Birlik, İttifaq yaratmaq istəkləri baş tutmadı".

Elə bil Sabirin bu sözləri bu gün üçün deyilib. Sadəcə, indi adlar, iştirakçılar, personajlar və aktyorlar dəyişib, oyun həmin oyundur. Çox məmnunam ki, Yazıçılar Birliyinin rəhbəri kimi Sabir Əhmədlinin mənzillə təmin olunmasına yardım etdim, 1992-ci ildə Əbülfəz Elçibəyin prezidentliyi dövründə mənim təqdimatımla Milli Məclisdə ona Prezident təqaüdü verilməsi haqqında məsələ qaldırdıq və Heydər Əliyevin fərmanıyla bu da baş tutdu. Yeri gəlmişkən, "Kef" romanının əsas mövzusu elə bu təqaüd məsələsidir.

Əfsus ki, bütün inadlı səylərimə və israrlı təşəbbüslərimə baxmayaraq, Sabir Əhmədlinin Fəxri xiyabanda dəfn edilməsinə nail olmadım. İndi yazıçının "Kef" romanını oxuyanda orda məsul dövlət məmurunun öz adı-familiyasıyla ən ağır sözlərlə ittiham olunduğunu görəndə Sabirin niyə Fəxri xiyabanda basdırılmamasının səbəbini anladım.

Xalq yazıçısı, Prezident təqaüdçüsü uzaq bir Abşeron qəbiristanlığında torpağa tapşırıldı. Sabirin kürəkəni, Rəşad Məcid və bir neçə başqa yazıçıyla məzarını ziyarət etdik, gül qoyduq.

"Yazılmayan yazı"nı oxuduqca müəllifin ömrü boyu çəkdiyi ağrılara şahid olur, dərdlərinə acıyırıq.

Amma - bunu yazmasam səmimi olmaram - "Yazılmayan yazı"da etirazımı doğuran məqamlar da var. Mənim barəmdə bir neçə atmacasını mərhumun ruhuna bağışlayıram. Lakin elə iradları var ki, onları dəqiqləşdirməyə məcburam.

Yazıçılar İttifaqına rəhbər seçiləndən az sonra iş otağımda mənə qədər bu təşkilata rəhbərlik etmiş 9 nəfərin fotolarını asdım. Sabir yazır: "İttifaq sədrinin kabinetində, qənşər bir yerdə Yazıçılar İttifaqına başçılıq etmiş kommunist ədiblərin iri şəkli vurulmuşdur. Niyə burada o bədbəxtlərin, əslində, indikilərin hamısından qabiliyyətli olan, Azərbayan ədəbiyyatı üçün dəyərli işlər görmüş, qiymətli əsərlər yaratmış talesiz yazıçıların şəkilləri olmasın: Niyə? Ona görəmi ki, 37-ni yada salmaq əsla əlverişli deyil?".

Vaxtilə Yazıçılar İttifaqı partiya təşkilatının katibi olmuş kommunist Sabir Əhmədovun bu sözləri yazması qəribədir. Əvvəla, şəkilləri asılmış Yazıçılar təşkilatının mənə qədərki rəhbərlərindən ikisi elə repressiya qurbanlarıdır. İttifaqın Birinci sədri Kazım Ələkbərli güllələnmiş, ikinci sədri Seyfulla Şamilov sürgün edilmişdi. İkincisi, repressiya olunanların arasında da kommunist yazıçılar vardı. Üçüncüsü, repressiya olunanların bir qismi mətbuat səhifələrində o biri qismini pantürkizmdə, millətçilikdə ittiham ediblər. Hələ dözülməz işgəncələr nəticəsində bir-birinin üzünə durmaqlarını demirəm. Repressiya olunanların qalanların hamısından dəyərli olmalarını demək də, məncə, insafsızlıqdır. "Gedənləri" ucdantutma ucaltmaq xatirinə "qalanları" daima aşağılamaq dəb olsa da, ədalətli iş deyil və həqiqətdən uzaqdır. Onu da xatırladım ki, Yazıçılar İttifaqının rəhbəri seçiləndən dərhal sonra binamızın üçüncü mərtəbəsində repressiya qurbanları - yazıçıların xatirəsinə həsr edilmiş lövhə-barelyevin yaradılmasını S.Şamilovun oğlu, istedadlı heykəltəraş Elcana sifariş verdim. Keçmiş Sovet İttifaqı ərazisində repressiya edilmiş yazıçıların xatirəsinə həsr olunmuş yeganə lövhənin açılışında talesiz ədiblərin salamat qalmış övladları, qohumları, yaxınları da iştirak edirdilər. Birliyə sədr seçilməyimin elə ilk aylarında Yusif Vəzir Çəmənzəminlinin, Seyid Hüseynin yubileylərini keçirdik, Əhməd Cavad, Mikayıl Müşfiq, Qantəmir haqqında, Hüseyn Cavid və oğlu Ərtoğrul haqqında (Ərtoğrul haqqında ilk dəfə! - A.) yazılarım çıxıb, Cavid haqqında ikiseriyalı bədii filmin ssenari müəllifiyəm. Odur ki, 37-ni unutdurmaq kimlər üçünsə əlverişlidirsə, hər halda bu ifadə mənə aid edilə bilməz. Ən azı ona görə ki, hər gün özümə qarşı 37-ci il üsullarıyla "mübarizə" aparanlarla üz-üzə gəlirəm.

"Yazılmayan yazı" kitabında razılaşmadığım ikinci məqam Sabirin "Ədəbiyyat qəzeti"nə redaktor təyin olunması və sonra uzaqlaşdırmasıyla bağlı olayların özünə uyğun şəkildə yozmasıdır. Düz deyir ki, 35 il adi əməkdaş kimi çalışdığı qəzetə Baş redaktor təyin edilməsi mənim təşəbbüsüm idi. O da doğrudur ki, bunu istəmirdi və mənim təkidlərimdən sonra onu razı sala bildim. Amma, təbii ki, işdən uzaqlaşdırılması haqqında məsələyə subyektiv mövqedən yanaşır. Yubiley yazısında bu mövqeni təkzib edən faktlardan söz açmaq yersiz olardı. Qismət olsa, vaxt gələr bu barədə rəhmətliyin ruhunu incitmədən həqiqəti konkret faktlarla işıqlandıraram. Burada isə Sabir Əhmədlinin sağlığında nəşr olunmuş son əsərləri haqqında bir neçə kəlmə demək istəyirəm.

Ömrünün son illərində qələmə aldığı "Axirət sevdası", "Kef", "Ömür urası" yazılarında Sabir Azərbaycan ictimai-siyasi həyatının 90-cı ildə cərəyan edən hadisələrindən, ermənilərlə Qarabağ qarşıdurmasından və nəhayət, düşmənlərin açıq istilasından sonra xarabazara çevrilmiş yurd yerlərimizdən yanıqlı bir üslubda söz açır.

Əvvəlcə "Azərbaycan" jurnalının müxtəlif illərdə bir neçə nömrəsində dərc olunan romanlar yazıçının həyatda olduğu zaman çıxan son kitabında, "Axirət sevdası" adlı trilogiyasında toplanmışdır. Elə "Axirət sevdası" romanıyla başlayan kitaba "Kef" və "Ömür urası" əsərləri də daxildir.

Yazıçının son əsərlərinə xas cəhət - onların avtobioqrafik xarakter daşımasıdır və müəllifin Kişi adıyla yaratdığı obraz - yazıçının özü -  hər üç romanın baş qəhrəmanıdır. Məlum olduğu kimi, Sabir Əhmədlinin oğlu Məhəmməd könüllü olaraq cəbhəyə getmiş, Qarabağ uğrunda vuruşlarda döyüşmüş və Murovda şəhid olmuşdur. Müəllifin - yazıçının - Kişinin oğlunun sorağıyla qarlı Murov dağına getməsi, onu dirilər, yaralılar arasında axtarması, tapmadan Bakıya dönməsi və mənzilində ciyərparasının ehsanına rast gəlməsi - romanın ən təsirli səhnələridir, bu parçaları həyəcansız, ağrısız oxumaq mümkün deyil.

Amma, eyni zamanda "Axirət sevdası"nda başqa mühüm bir motiv də var. Bu motiv həyatının ən ağır faciəsini yaşamış Kişinin təsəlliylə ovunmaq istəyinin dinlə bağlanmasıdır. Əsərdə din bilicisi Malik müəllimlə söhbətlər, müqəddəs "Quran"ın surələrindən, ayətlərindən gətirilən misallar - cənnət-cəhənnəm, Qiyamət günü, Axirət dünyası, ruhlar aləmi barədə mübahisələr birbaşa oğul itkisiylə bağlıdır. Madam ki, şəhidlərin yeri cənnətdir və deməli, Məhəmməd də indi behiştdədirsə və dürüst ömür sürmüş Kişi də vəfatından sonra cənnətə düşəcəksə, deməli, oğulla atanın ruhları nə şəkildəsi yenidən buluşacaq, görüşəcəklər. Amma, eyni zamanda Kişi həyatının böyük bir qismini sovet illərində yaşadığı və ateist təlimlə yetişdiyi üçün ruhlara, cənnət-cəhənnəm söhbətlərinə müəyyən qədər skeptik yanaşır. Bu inamsızlıq, ikili, haçalı ovqat çox dəqiq və dərin bir fikirlə ifadə olunub. "Sovet ideologiyası o dünyanı da əlimizdən aldı" - deyilir. Yəni yaxınlarını, əzizlərini itirmiş insanların son təsəllisi, son ümidi, onun dərdini azacıq da olsa ovudacaq son gümanı - o dünyanın varlığı və axirətdə görüşmək sevdasını da ateist təlimi alt-üst etmişdir.

İlk dəfə "Azərbaycan" jurnalının  2002-ci il beşinci nömrəsində dərc olunmuş "Ömür urası" romanına girişdə müəllif "ura" sözünü izah edərək yazır ki, "bostan, dirrikdən qalma son məhsulsa "ura"dır. Oxuculara çatdırılan bu romanda yazıçı ömrünün son yetirməsi - "ura"dır. Bundan sonra nə yazsa həmin ad altında gedəcək".

"Ömür urası" da Sabir Əhmədlinin ağrıyla dolu və ağrıdan doğulmuş əsəridir. Əsər sovet qoşunlarının dəstəyilə əzəli Azərbaycan torpaqlarını işğal etmiş, dinc əhaliyə olmazın divan tutan daşnaklardan canlarını qurtararaq Bakıya üz tutmuş qaçqın qafillərinin təsviriylə başlanır:

"Mal-qara, xırda, iri baş heyvan sürü-sürü sürülür, baş götürüb gedirdi. Maşın maşına dirənmişdi. İtlər boğazındakı zənciri torpağın üstüylə sürüyür toz qovzayaraq şütüyürdü. Yiyələri yığışıb köklü-köməcli evdən çıxanda köpəklər zəncirləri qoparıb düşmüşdülər bunların ardınca. Arvad-uşağın üzündən zəhər damır, kişilər hirs-hikkədən çatlayırdılar".

Bu əsərdə də Kişi adıyla təqdim olunan personaj, əvvəllərdə dediyim kimi, bütün əlamətlərinə görə müəllifin prototipidir. Kişi doğma yerlərə, erməni raket hücumlarına məruz qalmış Cəbrayıla xəyalı səfər edir. Xəyalları, xatirələri, arzu olunanları real hadisələr kimi təsvir etmək də "Axirət sevdası", "Kef", "Ömür urası" romanlarında tətbiq olunmuş üsuldur. Bu kədərli səfər - viran qoyulmuş, xarabazara çevrilmiş yurdların, Kişinin duyduğu mənəvi əzabların bədii təsviridir. Qrad-doluların söküb dağıtdığı evlər, yaralanmış ağaclar… Kişini insan müsibətləri kimi təbiətə, ağaclara vurulmuş zədələr də ağrıdır.

Cəbrayılın yaraşığı, cavanların, sevişənlərin görüş yeri Xan çinar da düşmən atəşinə hədəf olub: "Budəfəki zərbənin biri Çinara dəymişdi. Çinarın Çökək məhlənin üstünə əyilmiş böyük bir şaqqası qopub düşmüşdü yerə. Kişi başını qaldırıb, ağacın qradla dağıdılmış gövdəsinə baxdı. Çinarın o şaqqasında qol-qanad elə bitmişdi, orada, sanki bəmbəyaz bir qız çılpaq uzanmışdı… Çətir uzanırdı onunla yanaşı, qucurdu Çinar qızı Çinarəni".

Sabirin böyük qardaşı, Vətən müharibəsində şəhid düşmüş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun Cəbrayılda, Çinar meydanında büstü ucaldılıb, Kişi qardaşının heykəlinin salamat qalıb-qalmamasıyla maraqlanır. Heykəlin yerini dəyişiblərmiş, daha doğrusu, Çinar meydanındakı büst muzeyin həyətində qoyulmuş, başqa bir meydanda yeni, daha böyük heykəl ucaldılmışdı. Kişiyə elə gəlir ki, çox cavan yaşında həlak olmuş, elə o sinndə ilk heykəli yapılmış qardaşı bu yeni heykəlində, sanki şahidi olduğu dərdlərdən qocalmışdır.

"Kişi heykəli öpmək istəli. Qəribsəmiş, kövrəlmişdi. Yeddi ildi üzünə həsrət qalmışdı onun. Onu başqa bir iş heyrətə saldı. Hər gün bu heykəlin önündən keçən, məktəbə yollanan uşaqlar, qançəkərlər onun bağçasına baxır, bitkiləri suvarır, bel götürüb güllərin dibini, torpağı yumşaldırdılar".

İşğal olunmuş Azərbaycan kəndlərində erməni vandallar, həm də maroderlər, ölüsoyanlar kimi rəftar edirlər. Qocaman ağacları kəsib erməni mebel fabriklərinə yollayır, qəbiristanlıqda məzarların mərmər, qabro daşlarını oğurlayıb aparır, qəbrləri açıb meyitlərin qızıl dişlərini çıxarırlar.

Ən vəhşi üsullarla əlinə keçəni qamarlamaq, məngirləmək, haramla faydalanmaq alçaqların xüsusiyyətləridir. Əsrlər boyu ən azı qonşuluqda dinc yaşadıqları başqa xalqa bu zooloji nifrətin, görünməmiş qəddarlığın, inanılmaz əzazilliyin səbəbi nədir? Normal insan şüuruyla bunu dərk etmək çətindi. Atəşlə öldürdüklərini didib, parçalayıb, yarıb ürəklərini çıxarmaq, ovuclarının içinə qoymaq insan davranışı deyil, hansısa yırtıcı heyvana xasdır.

1915-ci ildə Türkiyədə baş vermiş və miqyası dönə-dönə şişirdilmiş hadisələr, sözdə "soyqırımı" haqqında, türk zülmü haqqında erməni ədəbiyyatında yüzlərlə kitab çıxıb. Azərbaycanlılara qarşı androniklərin, droların, amazaspların, njdelərin, lalayanların-balayanların əzazilliyi haqqında bədii əsərlərimiz müqayisə edilməyəcək dərəcədə cüzidir. Hələ erməni maraqlarına xilmət edən "öz" cızma-qaralarımızdan danışmıram, "Ömür urası", sanki çox illər öncədən bu sayaq təxribatlara qarşı əsl həqiqəti əks etdirən cavab kimi yazılmışdır. Romanda erməni qəddarlığının çeşidli örnəkləri təsvir edilir. Tükürpərdən, qandonduran dəhşətli səhnələri burda yenidən əks etdirib yaralarımızın qaysağını qoparmaq istəmirəm. Ancaq normal insan şüuruyla dərk oluna bilməyən quduzluğun yalnız bir nümunəsi barədə romandan parçanı sitat gətirirəm: "Bir də baxırlar ermənilərin əlində olan kənd səmtdən, Arazdan ayrılma arxın içiylə bir ağartı gəlir üzü bəri. Bu ağ tül gəlinlik geyimində başında fata olan yetmiş, səksən sinnində bir qarı imiş. Qarı ölməyibmiş".

Məlum olur ki, "ermənilər qarını tutub gətirirlər kənd klubuna. Burada dığalar bir toy mərasimi düzəldirlər. Kəndin dükanından bir tül gəlin geyimi tapır, fata düzəldir və qarını geyindirirlər gəlin libasına. Başlayıb zurna-balabanlı bir toy vururlar. Sonra qarını aparırlar qurduqları gərdək arxasına. Orada binamus dığalar qarını zorlayırlar. Götürüb gətirib atırlar arxa-kanala. Ölər-ölər, ölməz getsin qoy özününkülərə söyləsin ona necə toy qurublar".

Bu oyunu çıxaranları insan cinsinə aid etmək olarmı?

Oğlu Məhəmmədin Murovda snayper gülləsinə tuş gəlməsi barədə də "Ömür urası" əsərində Kişi qüruruyla, təmkinlə və ancaq bir yerdə danışılır. Xalçaçı qızlardan biri köks ötürüb Kişiyə deyir: - Sizin oğlunuzun başına gələni də eşitdik. Murovda şəhid olub. "Qızı qəhər boğdu. Kişi dilləndi: - O, yayda buraya gəlir, evin işinə əl tuturdu".

Dözülməz dərdi, ömrün ən böyük ağrısını övlad itirməyin faciəsini mərdanəliklə yaza bilən böyük hərflə Kişi - xalqımızın dözüm və mətanət rəmzidir. Odur ki, kişi yazarın əsərin sonundakı sözləri də ümid ismarışı kimi səslənir: "Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əvvəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər".

"Ömür urası" bu cümlələrlə bitir. Bizə isə bu sözlərə sidq ürəkdən inanmaq, şəhidlərimizə rəhmət oxumaq, dərdlərimizi yazan dəyərli yazıçıya, ağrılı bir həyat yaşamış  Sabir Əhmədliyə minnətdarlığımızı bildirmək qalır.

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.2-3.