Cəlil Məmmədquluzadənin
əsərlərinə xaricdən
baxış
C.Məmmədquluzadənin
adını ilk dəfə haradan eşitdiyimi və ilk
oxuduğum əsərini nə zaman oxuduğumu da
xatırlamıram. Amma
ilk oxuduğum hekayəsinin "Poçt qutusu" olduğunu
bilirəm. O hekayəni oxuduğumda tələbə idim. Hekayəni
bir lətifə kimi oxumuş, zamanla yadıma
düşdükcə gülmüşdüm. Sonra ədəbiyyatla
daha yaxından maraqlanmağa başlayanda "Poçt
qutusu" haqqında türkcə bu məşhur deyimi
xatırlamışdım:
"Gülərik
ağlanacaq halımıza".
Cəlil
Məmmədquluzadə o zamanın zehniyyətini, cəhalətini,
insanlarımızın modern inkişaf haqqında məlumatsızlığını,
cəmiyyətdəki istismar və ədalətsizliyi
kiçik bir hekayəyə sığdıraraq insanların
üzündə bir təbəssümə müvəffəq
olsa da ürəyində bir alov
püskürtmüşdür. Bu cür əsərləri meydana
gətirə bilmək ancaq və ancaq böyük ustaların
işidir.
Zaman
keçdikcə Cəlil Məmmədquluzadənin digər əsərlərini
də əldə etdim. Dəyərli hocam professor İsa Həbibbəylinin
mənə tövsiyə etdiyi yazıçı haqqında
yazdığı əsərləri oxudum. C.Məmmədquluzadə
ilə bağlı xatirələrdə, məsələn, Həmidə
xanımın dediyinə görə, onun mücadiləsinə
necə inandığını, yazıçının
ciddi, çalışqan və dürüst bir insan
olduğunu öyrəndim. "Ölülər",
"Danabaş kəndinin əhvalatları" kimi əsərləri
bizim xalqımız üçün yazılmış bir
üsyan "hesabatları" idi, sanki. O böyük usta
öz zamanına bir güzgü tutmuş və o
güzgüdə görülənləri gələcəyə
daşımışdı.
"Danabaş
kəndinin əhvalatları"nı səksəninci illərdə
oxumuşdum. Kitab kiril əlifbası ilə nəşr olunmuşdu. Mən də
kiril əlifbasını yeni öyrəndiyim üçün
kitabı alışdığım kimi bir nəfəsdə
oxuya bilməmişdim. Bu səbəbdən də hər
cümlənin altına xətt çəkir və diqqətlə
oxuyurdum.
Kitabı
oxuduqdan sonra ilan çalmış adam kimi bir neçə gecə
rahat yatammadım. Zeynəbin təkliyi, acısı məni dəli
etmişdi. Bir xalqın bu qədər laqeyd və zalım ola
biləcəyinə inanammırdım. Danabaş kəndində
bir tək adamın bu haqsızlığa qarşı
çıxmaması xalqın əvəzinə məni
üsyan etdirirdi. Öz kəndimizin dindar insanlarına,
köhnə adətlərə nifrətlə baxırdım.
Sanki onların hamısı Zeynəbin başına gələnlərdən
günahkar idilər. Ogünkü görüşümə
görə belə axmaq və laqeyd bir xalqın yaşamaq
haqqı belə olmamalı idi.
Bir
gün qurban bayramında atamın yanında dini bayramlarla
bağlı ağzımdan pis kəlmə çıxdı.
Atam çox təəccübləndi. Onun yanında əsla tərbiyəsizlik
etməzdim. Əvvəlcə hirsləndi. Sonra bu
üsyanımın səbəbini öyrənmək istədi. Mən də "Danabaş kəndinin
əhvalatları"nı başdan ayağa bir hekayə kimi
danışdım. Onun da kefi pozuldu. Çünki o mənə
uşaqlığımdan bəri bütün dünyada pislərə
rəğmən yaxşıların da olduğunu demişdi.
Hətta bir sözünü heç vaxt unutmaram:
"Oğlum,
dünya yaxşı insanların üzü suyu hörmətinə
ayaqda durur".
Onda bəs
bu yaxşılar harada idilər?
Bir
gün sonra atam məni yanına çağırdı.
Danabaş kəndinin harada olduğunu soruşdu. Doğrusu, belə
bir kəndin Azərbaycanda olduğunu sanırdım. Ona:
"Azərbaycanda belə bir kənd var", dedim.
Başını yırğaladı. Dedi: "Oğlum, bizim kənd
Türkiyədə olsa da bir Azərbaycan kəndidir". Sonra da 1930-cu illərdə bizim kənddə
baş verən bir hadisəni danışdı. 1920-ci ildə
bizim oralarda erməni qətliamından xilas olmaq
üçün hamı İrana qaçmışdı.
Birisi isə İrana deyil, Türkiyənin iç bölgəsinə
getmişdir. Aradan 9-10 il keçdikdən sonra yenidən kəndə
geri döndüyündə qətliamdan ailəsinin bir tək
üzvü olan qardaşı qızının xilas olduğunu
görmüşdür. Amma qardaşının qızı
onu tanımazdan gəlmişkən, işin əslində,
tarlaların yatdığı məlum olmuşdur.
Qızın nişanlısı ona: "Mənim belə əmim
yoxdur desən tarlalar bizə qalar", deyirmiş. Qız da
eynilə əmisinin olmadığını söyləmişdi.
O gecə adamı tanıyan kəndin ağsaqqalları
toplanmış və qızı təhdid etmişdilər.
Əgər məhkəmədə yalan söyləsəydi, hər
kəs hakimə gerçəyi deyəcəkdi. Qız da bu təhdiddən
qorxaraq ifadəsini geri çəkmiş, tarlaları əmisiylə
bölüşmüşdü.
Atam bu
gerçək hekayəni danışandan sonra bir müddət
heç bir şey demədən üzümə baxdı.
Sanki o, heç adını belə eşitmədiyi Cəlil Məmmədquluzadəni
yaxşılar var deyə inandırmağa
çalışırdı. Söhbətinin ardından bu
hekayəni Cəlil Məmmədquluzadəyə yaz, deyincə
güldüm. O yazıçı uzun illər əvvəl vəfat
etmişdir, dediyimdə üzülmüşdü.
Atamın
bizim kəndimizdə baş verən gerçək hadisəni
mənə danışması Cəlil Məmmədquluzadənin
əsərlərinə fərqli baxmağıma səbəb
oldu və xalqıma yönəlik içimdəki hirs
yavaş-yavaş sönməyə başladı. Bəlkə
də Azərbaycan ədəbiyyatının ən önəmli
şəxsiyyətlərindən birisi Firidun bəy
Köçərli də eynilə atam kimi düşünərək:
"Ay Mirzə, bu xalqın hamısı belə deyil", mənasında
bir şey demişdi.
"Danabaş
kəndinin əhvalatları" kitabından sonra
"Ölülər"i oxudum. Onu oxuyarkən də Şeyx
Nəsrullahın qarşısına sadəcə sərxoş
birinin çıxması, onun sözləri, şəxsiyyəti
Azərbaycan ədəbiyyatında bir qəhrəman kimi
yayılması da məni kədərləndirmişdi. Halbuki
o dönəmə qədər rus işğalında əsgərliyə
çağırılmayan, İran mollalarının təsiriylə
din adına bütün xürafələri öyrənən
və cahil buraxılan xalqımızın içərisindən
fürsət olduqca Mirzə Fətəli, Firidun bəy
Köçərli, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə,
Məmməd Əmin Rəsulzadə kimi minlərcə
ziyalı yetişmişdi.
Uzun illər
belə böyük bir ədibin bu qədər pessimist bir
psixoloji düşüncə ilə belə əsərlər
qələmə aldığını
düşündüm. Dostoyevskinin qatil Raskolnikovu, Tolstoyun
"Diriliş"dəki Nexlyüdovu bütün əxlaqi
çöküntüyə, zülmə, qaranlığa rəğmən
hər zaman bir ümid və işıq ardından qaçarkən
Mirzənin qəhrəmanlarının içində niyə
bir işıq zərrəciyi yoxdur?
Nazim Hikmət
1929-cu ildə "Rəsmli ay" qəzetində
yazdığı bir yazıda böyük
yazıçıların əsərlərindən söz edərək
belə yazırdı: "Şekspir, Dante, Qorki, Servantes, Fikrət,
Hüqo kimi bütün böyük abidələr eyni zamanda
böyük müjdəçilərdir. Höteni Höte edən
"Faust" belə insanlara gələcəyi müjdələyən
bir əsərdir".
Onun
düşüncəsinə görə bir
yazıçının vəzifəsi həm pisliyi,
qaranlığı yazmaq, təsvir etmək, həm də gələcək
üçün bir işıq mesajı təqdim etməkdir.
Fəlsəfədə
pessimizmin ən böyük təmsilçilərindən
Artur Şopenhauerin "Pessimistliyin kitabı" əsərinin
ana fikri belədir: "Bütün həyat acı çəkməkdir".
Gənc
Viktoriya dönəminin ən məşhur roman
yazıçılarından biri olan Tomas Hardi (1840-1928)
"Ad-sansız bir yəhudi" adlı romanıyla həm məşhur
olmuş, həm də romanda çox pessimist tablolar təqdim
etdiyi üçün tənqid edilmişdir. O, bütün tənqidlərə
Sofoklvari bir pessimistliklə cavab vermişdir: "Seçmək
şansım olsaydı dünyaya gəlməməyi tərcih
edərdim".
Qərb ədəbiyyatı
belə örnəklərlə doludur. Mövzu fəlsəfənin
də gündəminə daşınmışdır. Hegelə
görə, əbədi pessimistlik və əbədi xoşbəxtlik
yoxdur. Dünya demək məntiq deməkdir. Çiçək
meyvənin ortaya çıxmasına yol açar. Amma meyvənin
ortaya çıxması üçün də çiçəyin
tökülməsi lazımdır. Yəni məhsulun və həyatın
gerçəkliyi həm çiçək, həm də meyvə
olmaqdır.
Haydelberqə
görə isə insan bir varlıq olaraq ortaya
atılmışdır. (Dasein) Bu bir tərcih və ya
seçim deyildir. Amma o, müstəqildir, öz seçimi ilə
yaşayar. Ölüm fikri insanı hər an təqib etsə
də etdikləri qalıcılıq üçündür,
həm də dəyişkəndir. Yəni hər zaman
qaranlıq, hər zaman aydınlıq yoxdur.
Böyük insanları, xüsusilə ölkənin ədəbiyyat tarixində dərin izlər buraxan və öz adına bir məktəb quran bir insanı tənqid etmək çox çətindir. Amma biz və ya bizdən sonra gələn insanlar bu əsərlərə həm heyranlıqla, həm də bir az tənqidi nəzərlə baxmalıdırlar. Əsərləri zamana, zamanın sosial və psixoloji durumuna görə dəyərləndirmək, o əsərlərdən dərs çıxartmaq bir məcburiyyətdir.
Gənc beyinlərə oxudulan bu əsərlər haqqında tədqiqatçılar quru tərif, göylərə çıxartma kimi boş və zərərli deyimlərdən vaz keçməli, əsərlər üzərində daha çox çalışaraq elmi nəticələrlə tələbələrə təqdim etməlidirlər.
Mənim kitablardan tanıdığım Cəlil
Məmmədquluzadə də yaşasaydı, əsla boş təriflərə
inanmaz, dəyər verməz, əsərlərinin gerçək
şəkildə təhlil edilməsini istərdi.
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.7.