İnsan Tanrının yerə düşən sözüdür

 

Zaman o zamandır ki, dünyanın hər yerində dünyanın hər bir adamı dünyanın hər bir günü üçün məsuliyyət daşıyır.

Zaman o zamandır ki, insan oğlu öz konkret tərəfini seçir qərarını verir.

Zaman o zamandır ki, İnsanlığın taleyi İnsanın verəcəyi qərardan asılıdır.

Tanrı susub.

Etiraf edin ki, son zamanlar etdiyiniz duaların, dilədiyiniz köməyin, pıçıldadığınız yalvarışların müqabilində bu sükutdan başqa heç hiss etməmisiniz.

Tələsməyin.

Öncə son zamanlar Tanrı ilə daxili dialoqlarınızın fonunda yaşadığınız emosiyaları xatırlayın düşünün, düşünün, düşünün... sonra da etiraf edin. O susub.

Qəribə varlıqdır İnsan.

Bəlkə özü uydurub ki, Tanrı onu öz surətində yaradıb.

Yaxşı, teoloqların hisslərinə hörmət edək, deyək ki, bu fərziyyəni İnsan uydurmayıb, elə Tanrı doğrudan da onu öz surətində yaradıb.

Elə isə...

deməkdir öz surətində varlıq yaratmaq?

Sənə bənzəyir, aynadakı, su üzərindəki, üzünə baxan gözlərdəki əksin deməkdir.

Sənin əksin, Tanrı...

Niyə yaratdın ki?

Bəlkə bunu anladığı üçün mələklər etiraz edirmişlər, "Sən Yerdə fitnə-fəsad törədəcək, qan tökəcək birinimi yaratmaq istəyirsən?" deyə?!

Sənin əksin yaradıcı deyil, dağıdıcı olacaqdı axı, bunumu bilmişdilər?

O zaman İblis kimdir?

Sevimli mələyin, "sol ayağın tərəfdə oturan" taxt-tac yaxının.

Oddan yaranan, əksəriyyətin kibrit qığılcımından yaranan alov kimi düşündüyü, əslində isə nəhayətsiz kosmik enerji olan oddan.

İnsan isə materiyadan yaranıb. Yaradan, sanki bir uşaq marağı ilə plastilindən öz formasında bir şey düzəltmişdi. Sevinirdi buna, sevimli idi çünki düzəltdiyi - Ona bənzəyirdi.

Bəlkə işin bu mərhələsində dayansaydı, hər şey o yaradılmış fiqur dərgahın bir tərəfində sevimli suvenir kimi qalsaydı, biz bu gün Bəşəriyyətin bütün tarixini yaşamaq, hər anından xəlbir dəliklərindən keçirmişik kimi keçib arınmaq, maddi dünyanın zülmlərindən yorulduğumuz zaman əzəl mənbəyimizə sığınıb ruh rahatlığımıza qovuşmağa can atmazdıq... eyni zamanda da bunun yeganə yolu olan ölümdən qorxmazdıq.

Nədir sığınmaq?

Cənnətdə Tanrı yasağından inciyib İblis "mərhəmətinə" meyillənməkmi?

Yerdə İblis oyunlarından yorulub Tanrı dərgahına can atmaqmı?

Bəs aldanışlar?

Axı biz Tanrının üzünü unutmuşuq!

Biz surətində yaradıldığımızı tanımırıq!

Bizi bu əvvəli, sonu bilinməyən, tükənməyən kosmik aləmin istənilən bir   dalğasından istənilən bir holoqram nümayiş etdirib aldatmaq nədir ki, anlamadığımız  cərəyanların, planetlərarası, qalaktikalararası güclər üçün?

Biz unutmuşuq ki, İblisdən xəfif, amma aləmlərin bütün enerjisinə bərabər olacaq bir üstünlüyümüz var: Tanrı nəfəsi daşıyırıq özümüzdə. Yarandığımız anlarda öz ruhundan üfürdüyü həmin o xəfif nəhayətsiz nəfəsi.

Bizə fəzada, buludların içində, ulduzların arasında, su üzərində saysız-hesabsız simalar görünə bilər zaman-zaman, "Mən Oyam" deyər. Ən böyük aldanışımız isə ayna qarşısında baş verər, özümüzə, öz əksimizə baxdığımız zamanlarda. "Mən Oyam" aldanışı çökdürər bizi.

Tanrı susar.

Susub buraxar Səni sığındıqlarının ümidinə. Çünki seçim haqqı var İnsanın. Qərar vermək ixtiyarı var. Tanrı, sadəcə, onun arzularının gerçəkləşməsi üçün "Ol" deyər. Bundan başqa bir proses yoxdur, əmin olun.

arzularının gerçəkləşmə axarına düşər İnsan. Cənnət bağında Tanrı yasağından inciyib alma (buğda) arzuladığı anda sığındığı İblis himayəsinin kəmşirin dadının aldanışında xumarlana-xumarlana addımlayar qalaktik harmoniyanın ritmi pozulmuş dalğalarında, özünü hər gün daha bir az İblisə təslim edə-edə.

müharibələr baş verər, su basqınları, zəlzələlər, kütləvi ölümlər, nəhayət, bu gün hər birimizin ruhunu öz içindəcə vahimə örtüyünə bürüyüb boğan koronavirus pandemiyası kabusu çökər dünyanın, bəşəriyyətin, İnsan həyatının üzərinə.

"...Səninik, Sənə qayıdacağıq..." desək , qorxuruq ölüm vahiməsindən.

Niyəsi məlumdur.

Ruhlarımız ağırlaşıb çirkabdan, Qalaktik fəzada Ona qayıdacaq dərəcədə pərvazlanmağımız mümkün deyil bu qədər kirlə.

İblis tapdağında qalmışıq.

İnsan öldürmüşük qədər, insan ölümünə sevinmişik zaman axarındakı hər bir müharibədə - qarşı tərəf üçün olsa belə.

İnsan vücudunda İblis sığınacağı olmuşuq dünya həyatına davam etdikcə.

İnsan ovlamışıq, İnsan qurbanları vermişik İblis oduna bürünmüş ürəklərimizin yanlış səcdəgahlarında.

İnsan tapdalamışıq.

seçim özümüzün olub deyə, Tanrı susur...

Lakin O istəsə, O "Ol" desə... 

Çarə məhz burada gizlənib - Onun bunu istəməsinə nail olmaqda.

Bu isə ancaq yeni seçim yeni qərarla baş verə bilər.

İnsan Tanrını seçməlidir.

Tanrını seçmək üçün isə Onu tanımaq lazımdır.

Üzünü görmək tanımaq...

Yox, aynaya baxmaq olmaz, qətiyyən! Oradakı Onun əksidir!

İnsana baxın...

İnsana baxın.

İnsana baxın!

Nəfəsi çatmır, nəfəsi, sadəcə, nəfəsi...

 

Cavi DAN

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.9.