“Mən” olmağın
tarixçəsindən
Azərbaycanda marksizm-leninizm
ideolojisi ilə
vida dönəmi 80-ci illərin ikinci yarısı
Bu illərin
axırına yaxın konfransların ideoloji ruhu dəyişdi.
89-cu ildə Vilnüsə getmişdim ki, sənətdə
millilik məsələsindən çıxış edim.
SSRİ-nin hər yerindən ora
çıxışçılar gəlmişdi.
Konfransda
moderator litvalı idi. Üç-dörd cümləni öz
dilində deyirdi, sonra ruscasını söyləyirdi. Belə
çıxış artıq vaxt aparırdı, ritmi pozurdu,
axı konfransdakı Litva iştirakçıları da rusca
bilirdi. Elmi məclis Televizyonda
işıqlandırılmırdı ki, deyəsən, millətinə
göstərir (bəlkə bizə dilini eşitdirmək istəyirdi?).
Görünür, Sovetlərin ruslaşdırma siyasətindən
o qədər yığmışdı ki, indi
hayıfını alırdı. Danışığında
tez-tez "biz avropalılar" sözlərini səsləndirirdi.
Düzü, onun bu "sərbəstliyinə" qibtə
etmirdim, çünki bizdə də millətçilik və
demokrasi idealı əsasında ideoloji sərbəstlik
çoxalmışdı.
86-dan
sonra Bakıda da filoloji konfranslardan marksizm-leninizm leksikonu duman
kimi çəkilib getmişdi. Bu yerdə deməliyəm ki, mən
heç 81-82-ci illərdə də Bakıda məqalə
yazanda "marksizm-leninizmdən çoxlu sitat ver!"
basqısını Moskvadakı kimi duymurdum. "Ulduz",
"Azərbaycan" jurnalları tələb etməzdilər
ki, kulturolojidən yazırsansa, Marksdan, Lenindən, ya Brejnevdən
sitat ver. Bir dəfə Marksın adını "qara
mavr" kimi çəkmişdim. Redaktor bilmirdi ki, bu
ayamanı kommunist ideolojisi qəbul edir, ona görə
xahiş etdi ki, pozum.
İnstitutda
nəinki 85-ci iləcən, heç qabaqlar da Brejnevin
"Kiçik torpaq" və "Xam torpaqlar"
broşurlarından dərs keçməzdim, jurnalda
keçdiyimi yazsam da və bununla bağlı heç kim mənə
irad tutmazdı. O broşurlardan hər biletdə bir sual olsa da
öyrəncilərdən cavabını soruşmazdım.
Bakıda marksizm klassiklərindən sitat gətirmək tələbi
bircə dissertasiyalarla bağlı ciddi işləyirdi,
çünki diplomu Moskva verirdi.
Marksizm-leninizm
kafedrasının dosenti kimi bu ideolojinin ana tezislərini pis
bilmirdim, ancaq bütün bildiklərim dərslik və
monoqrafiyalardan yığdıqlarım idi. Lenini, Marksı
çox az oxumuşdum. "Kapital"ı axıracan oxumaq
marksizmə böyük sevgi əsasında və alovlu
kommunist olanda mümkün idi. Ancaq o da var ki, alovlu kommunistlər
Stalinin, Xruşşovun, Brejnevin "Kapital"ı
axıracan oxumalarına böyük quşqular vardı. Fəlsəfə
üçün gənc Marksın yazdıqları daha dəyərli
idi ("Kapital" yalnız bəzi Batı
intellektuallarında böyük maraq doğururdu). Bunu sonralar
bildim ki, Froydun, strukturalizmin, ekzistensializmin ideyaları ilə
Marksı birləşdirənlər (Vilhelm Rayx, Klod-Levi Stross,
Derrida) onlara gərəkən nəsnələri daha çox
gənc Marksın kitablarından götürürdülər.
Mən
Leninin "Fəlsəfə dəftərləri"nə,
baxmışdım, "Materializm və empriokritizm"i isə,
deyəsən, axıracan birtəhər oxumuşdum. Birincisində
Leninin yağlı söyüş (həyasız-tərbiyəsiz
deyimlər) prinsipində qurduğu ifadəli cümlələr,
məhz ifadəli olduğundan bir az xoşuma gəlmişdi
(neyçinsə Sovet marksistləri Lenin ekspressivliyindən
istifadə etməyə ürək etmirdilər - bircə
Mixail Lifşis idi, iliyinəcən marksist oluban qəşəng
yazan).
"Materializm
və empriokritizm"ə gələndə, onda heç bir
dahiyanəlik görməmişdim. Bu kitabın əsas
ideyasını yanlış sayırdım və Sovet dönəmində
yox, yalnız 90-cı illərdə öyrəncilərə
deməyə ürək etdim. Lenin söyləyirdi ki, obyektiv
nəsnələr, yəni ayrıca insan şüurunun və
kollektiv bilincin "gözünə görünən"
ilğım yox, doğrudan da olan nə varsa, materiyaya aiddir.
Deməli, vakuum da obyektivdirsə, materiyadır. Deməli,
Fizika, Astrofizika gələcəkdə nə tapacaqsa,
hamısı materiyaya aid olacaq. Bunun cavabında mən
özümdən soruşurdum, heyvanların psixikası da bizim
bilincimizin aldanışı deyil, onlar ki maddə deyillər.
Marksizmə
mız qoymaq üçün türlü ideya bicliklərim
vardı. Biri yuxarıda söylədiyim idi. O birisini 1985-ci ildə
Kiyevdə İxtisası təkmilləşdirmə kursunda
aydırmışdım: bütün yüksək ideyalar
çox işləndikcə aşınır. Bununla
çıxışımda SSRİ-nin hər yerindən gələn
dinləyicilər qarşısında Marksdan, Lenindən dəqiqədə
bir sitat gətirməyə mız qoymuşdum. O çağ
bilmirdim ki, Kantın "Mühakimə
bacarığının tənqidi" traktatında oxşar
düşüncə var: ən yüksək elmi söyləmlər
populyarlaşıb orada-burada söylənirsə, axırda
bayağılaşır.
Üçüncünü
doktorluq dissertasiyasının Girişində
yazmışdım: Marksın formulə etdiyi üstqurumun
bazislə təyin olunması qanunu yoxsul toplumlarda işləyir.
Oxşar olaraq ac, yoxsul adamı pulla yönəltmək asan
olur. Dolanışığı yüksək olan adam isə
maliyyə asılılığından xeyli qurtulur. Bu üzdən
diktatorların ac cəmiyyəti idarə etməsi daha
asandır və ona görə də adamlar üçün
bolluq cəmiyyətini yaratmaqda maraqları olmur.
***
Mən
Kommunist partiyasının üzvü 85-ci ildən bir-iki il
qabaq oldum. Sovetlərdə partiyaya girmək asan deyildi,
mağaza müdirləri girmək üçün pul verərdilər,
müəllimlərsə növbəni gözləməliydi.
Mən maraq göstərmədiyimdən heç kimin
yadına düşmürdüm. Axırda Dilarə
(xanımım) partkomda hay-küy saldı ki, necə
Marksizm-leninizm kafedrasının müəllimi olan Niyazini
partiyaya götürmək ağlınıza gəlmir?!
Bundan
sonra məni partiyaya götürüb "26-lar rayonunun"
partiya komitəsinə komissiyadan keçməyə yollayanda əməlli
başlı mondraja düşdüm. Çünki heç vaxt
Leninin anadan olduğu ili, Azərbaycanda bolşevik devriminin
tarixini yadımda saxlaya bilmirdim. Komissiyadan qabaq əzbərləməyə
tənbəlliyim yoxdu, nəsə nevrotik "tormozlanmam"
vardı. Froyda görə nevroz toxunmaqdan çəkinməkdir.
Əgər səndə kiminləsə bağlı nevroz
varsa, gözün onu görmək istəmir, onunla
danışmaq, salamlaşmaq da istəmirsən. Ünsiyyət
də toxunmaqdır, deməli, kiminləsə ünsiyyətdən
qaçırsansa, bunda da nevroz var. İndi, görünür,
məndə nevroz vardı ki, Leninin anadan olduğu ili, Azərbaycanda
Sovet hakimiyyətinin yarandığı tarixi əzbərləmək
istəyində tormozlanırdım.
"26-ların"
partiya komitəsinə gedəndə qorxurdum
pensiyaçılar Lenindən, qurultaydan, inqilabdan suallar verib
sonra da hiddətlənsinlər ki,
biabırçılığa bax, bilmir. Ancaq bəxtimdən
sənədlərdən görəndə ki, fəlsəfə
elmləri namizədiyəm sual vermək həvəsindən
düşdülər. Beləcə biabır olmaq qorxusu
sovuşdu. Ancaq mən partiyaya gec girdiyim kimi, gec də ondan
çıxdım. 80-ci illərin axırında iki dostum - Rəhman
Bədəlov, Əli Abbasov rusdilli olsalar da, millətçi və
anti-sovet hiddətləri ilə partiya biletini atdılar.
Əli üstümə düşdü ki, bəs sən niyə
atmırsan?! Mən bu məsələdə ağciyərlik
etdiyimi heç cürə təmizə çıxara bilmərəm.
Əli isə məni pərt etməkdən əl çəkdi.
Görünür, hərəkətim onun mənimlə bağlı
"sibaritdir" (yəni keflə yaşamağı sevən
adamdır) konsepsiyasına uyğun gəlmişdi.
Aşkarlığın
ləzzətini Zori Balayan bizim burnumuzdan gətirdi. Heç
yadımda deyil, onun "Ocaq" kitabını oxumuşdum,
yoxsa oxumamışdım. Ancaq gündəliyimdə bu
sözləri yazmışdım:
26.12.86.
İndiki
zamanda azərbaycanlılarla ermənilər arasında gərginlik
var. "Literaturnaya qazeta"nın müxbiri Zori Balayan
"Ocaq" adında kitabında azərbaycanlıları və
türkləri təhqir edən sözlər
yazmışdı. Kitab bəxtimizdən istedadsız idi,
yazarın görkü isə danosbaz təsiri
bağışlayırdı (Oljas Süleymenovla bağlı
söylədikləri). Bu kitab Azərbaycana vəlvələ
saldı. Balayana çoxlu hiddətli məktublar
yazıldı. Hamının üzündə ermənilərin
torpaq, ali millət olmaq iddiasına öfkə vardı.
Vaqif
İbrahimoğlu hətta "O olmasın, bu olsun"
tamaşasını qoyanda Zori Balayanı ələ salan bir
şeiri Hacıbabanın dilindən verdi. Hamının ürəyindən
elə bil tikan çıxdı.
O zamanlar
"niyə torpağı vermək olmaz" sorusu
aktuallaşdığından məni də
düşündürürdü. Bu zaman bir cavab
tapmışdım, məqalədə verməsəm də
söhbətlərdə deyirdim: çünki sənin verdiyin
ərazidə elə arxeoloji abidə (nefti, filanı demirəm)
tapıla bilər ki, dövlətinə milyonlarla pul gətirər,
millətinin ən əski tarixini sübut edər və s.
İndi Azıx mağarası ermənilərin tutduğu yerdədir,
onlar özlərini cırsalar da orada tapılmış
Daş dövründən qalma insan çənəsini öz
milli relikti kimi dünyaya sübut edə bilməzlər.
86-cı
ildən sonra bütün söhbətlərimizin əvvəl-axırı
ermənilər oldu (güman, onlarda da biz olduq). Bu kontekstdə
məndə erməni kimliyi ilə bağlı belə
düşüncələr doğuldu: tarixən onların
mentaliteti məzlumluq, yazıqlıq üstündə qurulub.
Hansı Ortaçağ erməni qaynağına baxırsan,
görürsən ki, müəllif öz kimliyini ermənilərə
verilən bəlalardan dərd çəkən adam
simasında görükdürür. Ancaq bu dərd çəkənlik
tez-tez təkrar olanda ondan ləzzət almaq, sonra isə
arsızlıq aşaması başlayır. Bu dərd çəkən
erməni yaman həvəslə başlayır erməni
arvadlarının başına gətirilən
zorakılıqları saymağa, başı kəsilənlərin
sayını deməyə...
Ermənilərin
genosayda (genosidə) "vurğunluğu" bundan gəlir. Hər
il məzlum psixolojisini yenidən yaşamaq ki, sonra intiqam alovu
ilə alışmaq və bundan türklərə vəhşiliklərini
təmizə çıxarmaq. Deməli, ermənilərdə
döyüşkənlik kulturoloji əlaqə zənciri ilə
məzlumluqla, öc-intiqam psixolojisi ilə bağlıdır.
Nitsşenin sevdiyi döyüşkənlik sağlam ruhdan
doğur, ermənilərdə isə məzlumluğun,
yazıqlığın başqa üzüdür. Bu durumda məzlumluq
erməni vəhşiliyində ən alçaq hiyləgərliyin,
qorxaqlığın, xainliyin qarışığını
verir. Ona görə də tarixdə ermənilər xainlikdə
çox suçlanıblar (Spartaka, Babəkə xəyanətləri
yada salaq).
Bütün
bu sözləri Qara İsmayıla (ADU-da filfakın müəllimi)
danışanda valeh oldu, dedi, deyəsən, indi də ermənilərlə
məşğul olursan.
1987-ci ildə
Vaqifin sözü ilə Həsən Turabov Azdramada elmi məsləhətçilər
qrupu yaratdı. Bizə yığışmağa ayrıca
yer verdi ki, istədiyimiz vaxt gəlib müzakirə keçirə
bilək. Bu söhbətlərdə Aydın Məmmədov,
Kamal Abdulla, Zeynal Məmmədli, Rəhman Bədəlov,
Əli Abbasov, Vaqifin özü, mən də iştirak edirdim.
Gündəliyimdə sənətlə ilgili o müzakirələrdən
Aydının, Kamalın sözlərini seçib verim ki, səviyyə
görünsün.
"Dəyirman"
povestinin səhnələşdirilmə perspektivi ilə
bağlı Aydın demişdi: Mövlud situasiya
ustasıdır. Obrazlar situasiyalarda açılır. Ona
görə də həmin personajlar səhnədə
situasiyasız çıxarılıb göstərilsə, həməncə
öləcəklər. Buna Kamal belə əlavə
vermişdi: aydın məsələdir, mif situasiyalar
yaradır, ədəbiyyat isə xarakter.
"Dəyirman"
povestini mən özüm xoşlasam da orada iradımı
bildirdim ki, o, felyeton estetikasında yazılıb.
Bizim
görüşlərdə Moskvadan, - Ali Sovetin qurultayından
gəlmiş Həsən Turabovun söylədikləri
yaxın tariximizlə ilgili bəlgə ola bilər, həm
Sovet rejimində gücsüzlüyümüzü, həm də
rejimin bizə qarşı basqısı altında necə
güc qazanmaq çabalarımızı göstərdiyinə
görə. Onun sözlərini gündəliyimdə belə
yazmışam: Cəfərovun Dağlıq Qarabağ
nümayəndəsi kimi Millətlər Sovetinə seçilməsi
Qorbaçovun planında yox idi, qurultaya gəlmişlər
arasında bizim təbliğatımız nəticə
vermişdi.
Həsən
bəy demişdi ki, liberallarla kommunistlərin
dartışmasına ona görə qarışmırdıq
ki, çoxluq (Yeltsinin opponentləri) bizə tərəf
çıxsınlar (hərçənd bizimkilər istəsəydilər
də demokratiya uğrunda güclü çıxış
etməyə gücləri çatmazdı.).
Qdlyan
arada gəlib deyibmiş ki, sizi ermənilərlə
barışdırmaq istəyirəm. Bizimkilər deyiblər,
yeri get burdan!
Rasputin
deyibmiş ki, Moskva yəhudilərinə qarşı
slavyanlarla türklər birləşməlidirlər. Moskvada
ermənilərdən çox çəkinirmişlər.
Rasputin bizim deputatlara Lujnikidə öz simpatiyasını
bildirəndin sonra iki gün telefonunu kəsiblərmiş.
Papovun
çıxışından sonra Turabov soruşub ki, niyə
Qarabağ məsələsinə toxunmadınız? Deyib ki, sən
nə danışırsan, canımdan bezmişəm?! Tatarlar
məlumatları elə almışdılar ki, ermənilərə
tərəf imişlər. Azərbaycan nümayəndələri
başa salandan sonra tərəfimizə keçdilər.
Həsən
bəydən eşitdiyimiz söhbət gündəliyimdə
fraqmentar qalıb, ancaq aqil adam onlardan qurultayda Azərbaycan
nümayəndə heyətinin nəyi bacarıb, nəyi
bacarmadığını görə bilər.
İndi yadıma salanda ermənilərlə bağlı Moskvaya bəslədiyimiz ümidə görə ürəyim ağrıyır. Xudu müəllim bizim qrupa təklif etmişdi ki, Qorbaçova açıq məktub yazaq. Məktubun mətni üzərində işləyəndə "bu cümləni belə dəyişək, o faktı belə qabardaq" üstündə 3-4 gün görüşüb dartışma aparmışdıq. İndidən keçmişə baxanda deyirsən, nə məktub, nə müraciət?! Qarabağ məsələsində bizi güclü edəcək nəsnələr məktublarda, müraciətlərdə deyildi. Dünya çapında ciddi piarda idi ki, o da bizdə ola bilməzdi. Ancaq bu təəssüfümə baxmayaraq bir nəsnəni deməliyəm. O müzakirələrdə bir daha görürdün ki, bu balacaboy Xudu müəllimdə nə qədər iti, aldanışları dağıdan ağıl var. O, sözsüz, Qorbaçova məktubun faydasına inanmazdı. Görünür, yerli mətbuatda çap olunmasının az da olsa insanlarımızın düşüncəsinə təsir edəcəyinə ümid edirdi.
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2020.- 11
iyul.- S.8-9.