Azərbaycandan Aşiyana bir ziyarət:

Qasım Qasımzadənin Aşiyan qeydləri

 

Qasım Qasımzadə Türkiyənin "İhlamur" ədəbiyyat dərgisində

 

Türkiyənin "İhlamur" ədəbiyyat dərgisinin 2020-ci ilin iyun sayında Qasım Qasımzadənin 1968-ci ildə Türkiyə səfərinə dair xatiratından Tofiq Fikrətin Aşiyan məskənini ziyarətinin ayrıntıları və Tofiq Fikrətə həsr etdiyi şeiri dərc edilib. "Azərbaycandan Aşiyana bir ziyarət: Qasım Qasımzadənin Aşiyan qeydləri" başlıqlı bu yazını türkiyəli oxuculara ədəbiyyat araşdırmaçısı Mesut Kaplan təqdim edib.

Şairin qeydlərinin və şeirinin Azərbaycan dilində əslini təqdim edirik.

 

...Bosforun sıx və uca ağaclarla örtülü bir yerinə çatdıq. Qarşımızda sola burulan və meşəli, qayalı dağ ətəyinə doğru dikələn bir yol dururdu, piyada yolu. Düşdük. Çox hündürə qalxmalı olsa belə, qocalı-cavanlı hamı tələsir, Tofiq Fikrətin yaşayıb-yaratdığı Aşiyan deyilən malikanəyə can atırdı. Fikrətin vətəninə hələ ilk dəfə daxil olarkən yaşlı nəslin nümayəndələri - S.Rüstəm, R.Rza, N.Rəfibəyli, H.Şərifov və b. böyük sənətkarın misralarını əzbərdən deyir, xatirəsini yad edirdilər.

Bosforun uca və son dərəcə şairanə guşəsini aşiyan edən mütəfəkkir şairin öz zövqü ilə düzəltdiyi həyətə, onun ömür-gün keçirdiyi üçmərtəbəli imarətə gəldik. Şair təbiətli Jalə adlı bir qadın (dediyinə görə, əsli Dərbənddəndir) Azərbaycandan gəldiyimizi bildikdə riqqətə gəldi, bizi Aşiyanla tanış etməyə başladı. Fikrətin sonralar bu həyətə köçürülmüş qəbir daşı üzərindəki misralarını hüznlü bir qiraətlə oxudu:

 

Sükuni-xab əzəli ehtiyaci-faniyyət,

Bu ehtiyaci-fənanin şu daş nişanəsidir...

 

Burada Fikrətin vaxtilə üç gözəl adlandırdığı üç sevimli ağac, sanki yaşıl saçlarını məhzun-məhzun bu qəbrin üstünə töküb şairə yas saxlamaqdadır.

Bu həyət qayalı-meşəli bir dağın təbii parçasından ibarətdir. Təbiəti öz bakir gözəlliyində sevən şair burada hər guşəni sünilikdən, "mədəni" müdaxilədən qorumuşdur. Sevdiyi misralarını köklü-köməcli qayalara həkk etdirmiş, yonulmamış çopur, köntöy daşlardan özü stol, stullar və hovuz düzəltdirmişdir. Daşdan süzülüb çıxan bulaq öz təbii axarı ilə bu hovuzu doldurar, aşıb-daşar, ağacların, güllərin arası ilə həzin mahnı deyə-deyə çıxıb gedərmiş. İndi isə... Fikrətin çıxıb-düşdüyü pilləkənlərlə qalxıb onun gün-güzəran keçirdiyi, şah misralarını yaratdığı, sultan Əbdülhəmid istibdadına qarşı üsyanla, atəşlə dolu:

 

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Həqqin də bükülməz qolu, dönməz üzü vardır!

 

- kimi misralarını yazdığı otaqları gəzdik. Binanın bir mərtəbəsində onun əlyazmaları, lövhələri (mən ilk dəfə onda bildim ki, Tofiq Fikrət həm də istedadlı rəssam imiş), əşyası qoyulmuş, ikinci mərtəbəsindəki otaqlar isə ən yaxın dostu, sənət həmkarı Əbdülhəq Hamidin həyat və fəaliyyətinə həsr olunmuşdur.

Jalə xanım Fikrətin əsərlərinə çəkilən illüstrasiyalarla (xüsusən "Sis" şeiri əsasında çəkilmiç İstanbulun duman içərisindən görünən simvolik mənzərəsi çox məharətlə işlənmişdir) tanış edə-edə bizi şairin yataq otağına gətirdi. Bura yarıqaranlıq idi. Köhnəlmiş pəncərəsi içəridən taxta ilə qapanmışdı. O, "Mən buranı gələn səyyahların hamısına göstərmirəm, - dedi. Burada canlı bir lövhə var ki, onu əziz qonaqlardan, Fikrətin gözü ilə təbiətə baxmağa qadir olan sənət adamlarından əsirgəsəm qəbahət iş görərəm. Gəlin, yaxın gəlin, dünyanın ən gözəl pəncərəsinə tamaşa eyləyin. Bunu heç yerdə görməmişsiniz və bir daha görməzsiniz".

Dünyanın ən gözəl pəncərəsi! O, həmin pəncərəni taybatay açdı: Bosfor. Uzaqdan görünən silsilə dağlar, yaşıllığa gömülmüş imarətlər, çəmənlik-çiçəklik, qədim qala divarları. Pəncərin çərçivəsi həcmində Bosforun misilsiz, seçilib bir yerə cəm olmuş mənzərəsi, elə bil ki, gözümüz önündə dayanan canlı təbiətin bir guşəsi deyil, mahir rəssam əli ilə çəkilən əsrarəngiz bir lövhə üfüqdən asılmışdır. Həmin lövhə indi də gözümün önündədir.

Aşağı mərtəbəyə endik. Otaqlardan biri isə vaxtilə Tofiq Fikrətin qonşuluğunda yaşayan gözəl qadın, intellektual şəxsiyyət və sənətkar kimi məşhur olan şair Nigarın kitabxanası üçün ayrılmışdır. Türkiyənin tarixinə, mədəniyyət və ədəbiyyatına dair zəngin, həm də nadir kitablar toplanan bu otaq günün müəyyən saatlarında oxuculara xidmət edir. Burada şairənin ağzı bağlı bir sandığı da saxlanılır. Vəsiyyətinə görə, gələn il açılmalıdır. Aşiyana gələn cığırla dönərkən "Firidun Nigar" yazılmış qapının yanından keçdik. Bu ev şairənin oğluna məxsusdur. Qocalıb kimsəsiz qaldığından, ehtiyac üzündən o bu gözəl malikanəni bir amerikalıya kirayə vermişdir.

Əziz Nesinin təklifi ilə sahil çayxanasında əyləşdik. Gözümüzün qarşısında Bosfor çağlayır, ləpələri mavi ilan kimi qıvrılıb açılır, dağ çayı kimi axırdı. Belə bir mənzərəli yerdə hər stola bir samovar və armudu stəkanlar sifariş verən Əziz Nesin özünəməxsus təmkinini az qala saxlaya bilmir, necə deyərlər, əldən-ayaqdan gedirdi. Kağız halva, küncütlü çörək və digər milli çərəzlər alıb gətirir, həssaslıqla hər birimizə tək-tək yanaşıb qonaqpərvərlik göstərirdi. Mehmanxanalı, malikanəli, saraylı, kafe-restoranlı sahildən uzaqlaşıb sola burulduq. Mirmehdi Seyidzadənin təşəbbüsü ilə Əbdülhəq Hamidin qəbrini ziyarət üçün İstanbulun "Zingir Quyu" adlı qəbiristanlığına gəldik. Burada sənətkarın mərmərdən üstü götürülmüş məzarı uzaqdan diqqəti cəlb edirdi. Başdaşına "Əbdülhəq Hamid Tarxan, 1852-1937" yazılmış və sinə daşı üzərinə şairin "Məqbər" şeirindəki məşhur misraları həkk edilmişdir:

 

Bu taş cebinimə benzer ki, ayni maqberdir,

Dışı sükut ilə zahir, deruni meşherdir.

 

Bir neçə gün sonra Türkiyə hərbçilərinin həyatına aid bir filmə baxdıq. Burada Fikrətin və Hamidin mübariz şeirlərini oxuyub yaydığı üçün cavan mütərəqqi zabitlərdən birinin təqib olunduğu göstərilirdi. Hər iki sənətkarın kitabları tez-tez nəşr olunmaqdadır. Müasir oxucuların onların əsərlərinə olan tələbindən də görünür ki, türk gənclərini mütərəqqi ideyalara yönəltməkdə Hamidin və Fikrətin bədii irsi öz əhəmiyyətini azaltmamışdır...

 

Qasım Qasımzadə

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.6