Kiçik Asiyada böyük insan

 

Tofiq Fikrətə

 

1. Gülə bilmədim...

 

Bosfor sahilinə düşdü güzarım,

Nağılmı, röyamı bilə bilmədim.

Çoxaldı sevincim, artdı məlamım,

Ağlaya bilmədim, gülə bilmədim.

 

2. Ən gözəl pəncərə

 

Bosfora açılan bir pəncərə var,

Adidən adidir çöldən baxana.

İşdir, o yerlərə eyləsən güzar

Otağın içindən gedib bax ona.

 

Yox, hələ qapıda bir az nəfəs dər,

Axı dik yoxuşdur sahildən bura,

Qəlbini, beynini hey yora-yora

Suala tutmuşdur səni sərvlər.

 

Nəhayət, mənzilə gəlib çatmısan,

Budur o məbədgah, budur Aşiyan.

Yox, hələ həyətdə dolanaq, gəzək,

Bura bağçamıdır, ya adi meşə?

Bürüyüb ətrafı yabanı çiçək,

Qayamı, timsahmı sərilib döşə?

 

Şairin dilindən qopan mahnılar

Uçaraq qonubdur o boz qayada*.

Yuxulu qumrutək dayanıb onlar,

Sehrli səs gərək bir-bir oyada.

 

Masa da qayadır, kürsü qaya,

Birinə bir çəkic, düsər dəyməyib.

Üç sərv - üç sənəmdir, boya bax, boya,

Məğrur qədlərini rüzgar əyməyib.

 

Bir vaxt nəğməliymiş bu ev, bu həyət,

"Süküni xabdadır" indi sahibi.

Alıb qucağına onu "faniyyət"

Dildə dalğa-dalğa qalsa da təbi.

 

Sənət aşiyanı - bu dilbər guşə

Ayrı yaşamamış yaradanından.

Şair türbəsində bitib bənövşə,

Palıd çələng vermiş öz fidanından.

 

Sahibi sızlayar, yəqin ki, əysən

Məhzun budağını burda bir kolun.

Könül, bu türbəyə bir baş əy sən,

Düşmür ki, buraya həmişə yolun.

 

Kövrək bir xanım var, şeir vurğunu

Gözləri şehlidir, adı da Jalə.

Qonduğu yarpaqdan üfürüb onu

Bizim eldən bura uçurmuş tale.

 

Dili üsyanlıdır, səsi mükəddər,

Fikrətin şeirində tapıb aşiyan.

Hekayət danışır ona sərvlər,

Bura ona munis, o, bura həyan.

 

Şairin hər sözü, addımı, izi,

Arzusu, əməli ona tanışdır.

Ev yiyəsi təki gəzdirdi bizi,

Otaqdan-otağa keçib danışdı.

 

Sonra da apardı qəmli hücrəyə.

Bağlı pəncərəni o, nişan verib

Dedi: "Məftun imiş bu mənzərəyə,

Ona baxa-baxa şair can verib.

 

Nigaran-nigaran baxmış son kərə,

Seyr etmiş yurdunun ənginlərini.

Sizə qismətmiş həmin mənzərə,

Süzün təbiətin şah əsərini...".

 

Əlini riqqətlə atdı taxtaya,

İşıqlandı otaq, dəyişdi aləm,

Boyadı üfüqü min dürlü ziya -

Belə çəkdi bunu əlimdə qələm.

 

Göy tülə bürünüb sahil şamları,

Orman tala-tala, bağ tala-tala.

Qədim fatehlərin bürcü-hasarı

Gömmüş yaşıllığa, getmiş xəyala.

 

Qəsrlər fikirli, çəmənlər şaqraq,

Təpələr sükutda,

Bosfor çağlayır.

Lövhəmi açılan bu varaq-varaq,

Yurdun taleyimi gülüb ağlayır?

 

Baxıb gözəlliyə, baxıb bu sehrə

Doymadı şair.

Durdu keşiyində - qələmi yerə

Qoymadı şair.

O bu pəncərədən atəşlər açdı

Yamana, pisə;

O bu pəncərədən şəfəqlər saçdı

Dumana, sisə.

 

Sisli səltənətdə hey yaza-yaza

Sualtı axıntək kükrər, daşardı:

"Zülmün topu var, gülləsi var, qələsi varsa,

Həqqin bükülməz qolu, dönməz üzü vardır!..".

 

Bu sözü söyləyən şair idimi,

Müğənni idimi, yoxsa qəhrəman.

Yaşadı bir şimşək büsatı kimi

Kiçik Asiyada o böyük insan!

 

* Fikrətin şeirlərindən bəzi nümunələr öz həyətindəki təbii qayalara həkk edilmişdir.

 

Qasım Qasımzadə

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.6-7.