Gözəl günlər naminə...
Covid-19 pandemiyası ilə mübarizədə
ön cəbhədə vuruşan həkimlərə ithaf
olunur
Allahyar
Palatada iki nəfərik. Mən və Ulduzxan.
Hələ bir həftə qabaq mən
yüngülvari sətəlcəm olduğumu
düşünürdüm; ölümcül virusa
yoluxduğumun fərqində deyildim. Əvvəl
boğazım ağrıdı, sonra bədənimi qəribə
bir halsızlıq bürüdü və quru,
öldürücü öskürək başladı... Bu azar-bezarın keçib-gedəcəyini
düşünürdüm, amma ikinci həftə halım
daha da xarablaşdı, üstəlik, təngnəfəslik əmələ
gəldi. Təcili xəstəxanaya gətirildim,
analiz götürüldü, nəticələr müsbət
çıxdı. Ətrafımda olan
adamlar karantinə götürüldü. Etiraf
edirəm, səhlənkarlıq etmişəm,
özünütəcrid qaydalarına əməl etməmişəm.
Bir də koronavirusun uzaq Çindən ayaq
açıb məmləkətimizə qədər gələcəyi
kimin ağlına gələrdi ki?! Əslində,
yenə o fikirdəyəm ki, alnımıza nə
yazılıbsa, o da olacaq.
Epidemiya təzə başlayanda münəccim dostumuz
Ulduzxan planetlərin düzülüşündən və
bunun bizim həyatımıza təsirindən bir saat moizə
oxumuşdu. Mən isə öz növbəmdə
gülmüşdüm. Onunla həmişə
mübahisəmiz olur bu barədə. O,
nicatımızın kainatda olduğuna əmindir. Mən Allahın hökmünə inanıram. Allah ən böyük analitikdir. Hər
şeyi elə təhlil edib ki... Ən incəliyinə
qədər. Allahın yazısına
redaktə yoxdur. Mən belə deyəndə
astroloq dostum gülür. O mənə gülür, mən
də ona. Amma bircə Allah bilir ki, bu mübahisəmizdə
hansımız haqlıyıq.
Onu bilirəm ki, bu zəhrimara qalmış virus
Allahın təhdididir, cəzalandırma metodudur. İnsan
Allahın yolundan çıxdı, harama əl uzatdı.
Allah da onu cəzalandırdı; yer üzünə bu bəlanı
göndərərək "ey İnsan, özünə gəl",
- dedi.
Ulduzxan
Bahar fəsli bizim məmləkətə səhər
saatlarında qədəm qoymuşdu. Bizi ilk Günəş
təbrik etdi. Sonra həkimlər gəldilər.
Birinin əlində səməni vardı,
bayramlaşdıq, - inşallah, gələn bayramı öz
evinizdə, ailə-uşaqla bir yerdə keçirərsiniz, -
dedilər. Nəvəmə
tapşırmışam axşam bütün xəstələrimin
əvəzindən tonqaldan hoppansın, - deyən həkim əlindəki
səmənini dolabın üstünə qoyub
çıxdı. Gözlərindən gülümsəməsini
hiss etmək olurdu.
Palatada mənəm, bir də Allahyardı. Xəyalım
yenə də nəhayətsiz Kainatdadır. Əslində, bu, təbiidir. Çünki
insan hara getsə də, Kainatın bir zərrəsidir və
özündə bütün Kainatı ehtiva edir.
Belə danışmağıma baxmayın, öskürək
tutanda bütün nəzəriyyələr yadımdan
çıxır, elə bil vücudumun
ağırlığı ağrıyıb-göynəyən
yerlərimə - sinəmə, ciyərlərimə
çökür.
Astroloq deyəndə ulduz falı yada düşür,
amma əsl astrologiya minillik təcrübə və biliklərdən
ibarət olan mürəkkəb sistemdir. Bu vasitəylə
biz öz mahiyyətimizi anlayıb yolumuzu təyin edə bilərik.
İnsanın
ən böyük problemi odur ki, onu yetişdirən kainata
qarşı çıxır, özünü kainatdan kənar
hesab edir, insan düşüncəsinin kosmosdan eneji çəkən
bir maqnit - maddi bir varlıq ola biləcəyinə
inanmır. İnsanlar nəinki kosmik
varlıqları qavramırlar, həm də onları zərərli
təsirlərə çevirirlər. Epidemiyalar,
təbii fəlakətlər bunun nəticəsində meydana
çıxır və bunlar üçün insan özü
məsuliyyət daşıyır.
Mən
kainat və insan münasibətlərindən, astrologiyadan
danışanda molla dostumuz Allahyar deyir: "Allahu-əkbər,
Allahın əmrinə qarşı çıxırsan. Bunlar xurafatdır". Ha and-aman eləsəm
ki, bu sözlərin özü xurafatdı, inanan deyil.
Molla dostumuz Axirətə inanır. Keçən
dəfə bir aktyorun koronavirusdan dünyasını dəyişdiyini
həyəcanlı bir şəkildə mənə
danışanda zarafata saldım. "İndi o dünyada
tamaşalarını göstərər", - dedim.
Allahyar tərs-tərs mənə baxdı. Əslində,
epidemiya ilə bağlı söz-söhbətləri unutmaq
üçün zarafat etdiyimi anlamamış deyil. -
Deyirlər, aktyor xaricdən gətirib infeksiyanı...
Olacağı varmış, - Allahyar deyir, - olacağa çarə
yoxdur...".
Həkimxan
Epidemiya qəribə bir kinlə, acıqla gəldi. Elə bil
insanlıqla davası varmış. Nəyinsə
intiqamını alırmış. Təbiətin
intiqamı nə yaman olurmuş! Dünya necə kiçik və
aciz imiş! Biz isə "qoca dünya", "müdrik
dünya", - deyirdik, dünyanı yenilməz bilirdik... Tibb elmi son yüzilliklər ərzində çox
nailiyyətlər əldə edib. İndi
isə geriyə baxanda, sanki heç nə görmürük.
Koronavirusun acı nəticələri
qarşımızda elə suallar qoyur ki, üstündən
sükutla keçirik. Cavabı sükut
olan suallardan qorxmuşam həmişə. İndi
bütün dünya bu sükuta bələnib.
İndi bir fərdin qələbəsi bütün bəşəriyyəti
xilas edə bilər. Ona görə mən və mənim kimi
yüzlərlə həkim demək olar ki, dincəlmədən
çalışırıq. Tibbi
personalın da yoluxma riski var. Amma bu, bizi qorxutmur.
Həmişə ənginliyi, fəzaları fəth etmək
istəmişəm. Uşaq vaxtı bir-birimizə söz
vermişdik ki, təyyarəçi olacağıq - Mən,
Ulduzxan və Allahyar. Bizə nankorluq edən,
torpaqlarımızı əlimizdən alan,
atalarımızı, qardaşlarımızı öldürən
düşmənimizi məhv etmək istəyirdik. Bu hiss indi də
məni düşmənə qarşı, bütövlükdə
insanlığın düşmənlərinə qarşı
vuruşmağa sövq edir. Ona görə yox
ki, insan mükəmməldir. Belə baxanda, insanın o
qədər cinayətləri var ki: müharibələr edir,
heyvanları öldürür, quşları ovlayır,
gölləri, çayları çirkləndirir, dənizləri
qurudub özünə göydələn tikir... İnsanı ona görə xilas etmək
lazımdır ki, o, yeganə canlıdır, mükəmməlliyə
can atır. Məhz buna görə
insanlığa hörmət edirəm.
Texnologiya əsrində özümüzdən o qədər
uzaq düşmüşük ki, öz ruhumuzu belə hiss
etmirik. Halbuki insan elə buna görə insandır.
Ey sonsuz
kainata, fəzalara can atan insan, bir dəfə də
dönüb özünə baxsana. Özünə yol
başla, heç olmasa buna cəhd et. Bəlkə,
bu yol səni arzuladığın ənginliyə
çıxaracaq...
Bir şey bilirəm ki, bu epidemiyadan sonra dünya
başqa cür olacaq. Çünki insan özünə gedən
yolu tanıdı. İndi geriyə yolu
yoxdur. Kahinlər öz hücrələrinə
çəkilib necə özünüdərk yolunu tuturlar?
Bax, insan da özüylə baş-başa
qalıb özünü daha dərindən dərk edəcək,
anlayacaq ki, maddiyyat ancaq xeyirxahlıq etmək, özünü
insan kimi hiss etmək üçün lazımdı.
Mən öz missiyamı indi daha yaxşı
anlayıram. Ona görə sonuna qədər mübarizə edəcəyəm.
Mən həkiməm və son sözümü
də bu yolla deyəcəyəm.
Allahyar
İndi düşünməyə, keçmişi
xatırlamağa daha çox vaxtım var. Hadisələr zəncirvaridir,
birini xatırlayanda, olub-bitənlər bir-bir yada
düşür.
Mən idim, Həkimxan idi, Ulduzxan idi... 90-cı illərə,
Qarabağ düyününə düşmüşdü
uşaqlığımız. Bütün arzularımız da bu
düyünə düşmüşdü... Günlərin
birində Ulduzxanın atasını müharibəyə
apardılar. Kəndlərdən birinin
müdafiəsi vaxtı düşmən gülləsinə
tuş gəldi.
"Güllə
də səni çox sevirmiş, ay bala", - anası
ağlayanda deyirdi. Yaxşı adam
imiş, hamı sevirdi onu. Güllə də
sevmişdi.
Ulduzxan o gündən sonra uzaq yolların xəyalını
qurmaqla təsəlli tapırdı. Xəyalən o uzaq
yollardan əsgər geyimində olan atası gəlirdi və
onu çiyninə qaldırırdı - sevdiyimiz filmdə qələbədən
sonra oğlunu başının üstünə qaldıran qəhrəman
kimi.
Ulduzxan o gündən söz vermişdi ki, pilot olacaq və
qırıcı təyyarəsi ilə düşməndən
atasının hayıfını alacaq. Mən və
Həkimxan da onu tək qoymamaq üçün söz
vermişdik. Biz də təyyarəçi
olacaqdıq.
Ulduzxan
Həmin yay Allahyar da fəlakət
yaşamışdı. Yay tətilində anası ilə kəndə
gedərkən yol qəzasına düşmüşdülər.
Anası hadisə yerində can vermiş, özünün isə
bir ayağı qopmuşdu. O da ayağıkəsik davam eləmişdi
həyata. Həm anasızlığın, həm də
yaşadığı komplekslərin
sıxıntısı...
Daha futbol oynaya bilmirdi. Biz futbol oynayanda o kənardan
durub baxırdı. Bəlkə də,
ayağını düşünürdü. Yəqin
ki, acığı tuturdu, çünki ayağı ondan uzaq
düşəndən sonra o da bizdən uzaq
düşmüşdü...
Atası evlənmişdi. Evə gələn
qadın əvvəl onunla yaxşı rəftar edirdi, amma
Allahyar ona isinişmədiyindən ögey anasında da dostumuza
qarşı kin əmələ gəlmişdi. Bir dəfə qonşular analığını
laqeydlikdə təqsirləndirəndə dünya
görmüş qadın olan nənəm demişdi ki, ay bala,
uzaqdan döyüş adama asan gəlir. Vallah o tifillə
o gəlinin dərdini tərəzidə çəksələr,
o qadınınkı ağır gələr...
Kim bilir, bəlkə o qadın da Allahyar kimi sevgisizlikdən
əziyyət çəkirdi.
Amma Həkimxanın həyatı bizimki kimi deyildi. Ata-anası,
onu çox sevən doğmaları vardı. Evləri nağıllardakı padşahların
sarayına bənzəyirdi. Bizə elə
gəlirdi ki, Həkimxan vaxt keçdikcə bizdən soyuyur və
uzaqlaşır, çünki uşaq vaxtı görmədiyi,
fərqinə varmadığı yoxsulluğumuzu indi görməyə
başlamışdı.
Allahyar
Mən idim, Ulduzxan idi, Həkimxan idi. Sevincimiz də,
kədərimiz də ortaq idi. Amma
böyüdükcə ortaq baxışlarımız qeybə
çəkilir, sözümüz tükənirdi. Bizi bir yerdə artıq heç nə narahat etmirdi.
Biz bir yerdə heç nəyə sevinə
bilmirdik. Bir yerdə kədərlənə
bilmirdik. Dərdlərimizi də paylaşa
bilmirdik.
Bir dəfə
Həkimxan ağ kostyumda gəlmişdi məktəbə.
Guya ki, ehtiyatsızlıqdan mürəkkəb
tökdüm kostyumuna. Dönüb
baxdı, amma heç nə demədi. Yəqin
ki, nəsə deməyi də lazım bilmədi.
Əslində,
mən ağ kostyumun sevincini
bölüşmək istəyirdim, amma onun gözlərində
təkəbbür sezdim. Bəlkə də, mənə elə gəldi.
Hər halda mən ondan deyil, o təkəbbürlü
baxışlardan intiqam almaq istədim.
Əslində, bizim problemimiz bilirsiz nədən ibarətdir? Bizə
yaxın insanın nələri sevdiyini bilirik, amma içindəki
peşmanlıqlardan, məyusluqlardan, dağıntılardan xəbərimiz
yoxdur. Bizdə də elə oldu.
Məktəbi bitirəndən sonra Həkimxanın
atası yeni tikilmiş binada mənzil aldı, ailəcə
daşındılar və əlaqəmiz kəsildi. Onsuz da
yaxın görünsək də, mənən çoxdan
ayrılmışdıq.
Sonra dedilər
ki, oxuyub, doktor olub...
Mən məktəbi qurtarandan sonra işləmək məcburiyyətində
qaldım. Psixoloji problemlər üstümə
çökmüşdü. Daxili sabitliyi
müqəddəs kitablarda axtarırdım. "Quran" oxudum, mollalıq eləməyə
başladım.
Ulduzxan
zarafatla deyir ki, aranızda bircə mən uşaq vaxtı
qurduğumuz xəyallara sahib çıxdım - təyyarəçi
olmasam da, astroloq oldum: "Könlüm fəzalardan enmədi".
Həkimxan
Eyni məhəllədə böyümüşdük -
Mən, Allahyar və Ulduzxan. Əvvəl
aramızdakı fərqləri görmürdük. Sonra olanlar olmuşdu. Ulduzxanın
atasını müharibəyə aparmışdılar,
ölüsü qayıtmışdı... Sonra
anam bizə baxıb ağlamışdı. Bilməmişdim, o bizim də atamızın öləcəyindən
qorxur, yoxsa dostumuzun atasız qaldığına
ağlayır. Həmin gün atam da
başını qaldırıb üzümüzə
baxmadı. Elə bil sağ
qaldığından utanırdı. Sonra mənə pul
verib "Ulduzxanın yolunun üstünə qoy, tapıb
sevinsin", - dedi. O pullar hər
yerdə Ulduzxanın "qarşısına
çıxırdı" - yolda, parkda, bufetdə...
Sonra
Allahyarın üzləşdiyi fəlakət... Allahyarın ayağının elə
olmağında elə bil mən günahkar idim. Bəzən ayağımın
ağrıdığını bəhanə edib onun kimi
axsayırdım. Futbol oynayanda bütün
qollarımı ona həsr edirdim - o bunu bilsə də, bilməsə
də. Əsas o idi ki, mən bunu bilirdim və
öz "günahımı" yuyurdum.
Yəqin, mən özümü, öz
duyğularımı ifadə edə bilmirdim, ona görə
dostlarıma yaxın olmaq istədikcə, onlar məndən
uzaqlaşırdı. Bir dəfə məktəbə ağ
kostyumda getmişdim. Mən bahalı təzə kostyumda, onlar
adi, köhnəlmiş geyimdə... Ulduzxanın
əli titrədi, mürəkkəb kostyumumun üstünə
töküldü. Səhv iş gördüyümün
yalnız o vaxt fərqinə vardım. Ondan sonra
paltarlarımı köhnəldib geyinirdim, ayaqqabımı isə
palçığa bulaşdırırdım.
Sonra yollarımız ayrıldı. Bu illər ərzində
onları düşünmüşdüm, amma birlikdə daha
çox tənhalaşacağımızı bildiyimdən
görüşməyə can atmamışdım.
Koronavirus
infeksiyasına yoluxmuş xəstələrin
siyahısında tanış adları
görəndə qəribə hisslər keçirdim. Bir tərəfdən,
pandemiya təlaşı, digər tərəfdən, doğma
adamların yenidən qarşıma çıxması... Sonra özlərini gördüm. Üzlərinin
yarısını maska örtsə də, gözləri
onları "ələ verdi".
Yenə bizik - Mən, Allahyar və Ulduzxan. Elə bil keçmişimiz
qayıdıb gəlib, o keçmiş ki, biz
özümüz də fərqində olmadan onun yolunu gözləmişik...
Ulduzxan
Mənim ehtimalıma görə, pandemiya bizdən yan
keçməliydi, amma heyhat. Epidemiyanın məni
bu dərəcədə tənhalığa sürükləyəcəyini
ehtimal etməmişdim. Dörd divarın
arasına sıxılmışdım. Üstəlik,
içimdəki virus da məni özümdən uzağa itələmək
istəyirdi. Bədənim virusun əlində
əsir-yesir idi. Bircə ruhum mənim idi,
yalnız ruhum mənə doğmaydı. Bu
müddətdə ondan aralı düşdüyümün
indi fərqinə varırdım.
Həyatla ölüm arasındaydım. Elə bil sinəmdən
daş asılmışdı. "Qanda oksigen kəskin
azalıb, ağciyər çatışmazlığı
var, amma qorxmayın, birlikdə savaşıb qalib gələcəyik",
- dedi tanış bir səs. Çətinliklə başımı
qaldırıb baxdım. Əynində
xüsusi geyim, üzündə qoruyucu maska olan bu şəxs
digər həkimlərdən fərqlənmirdi. Amma enli
qoruyucu şüşənin arxasından görünən
gözləri onu "ələ verdi".
Həkimxan idi, bizim uşaqlıq dostumuz.
Qeyri-ixtiyari əlimi ona uzatdım, sonra təhlükəni
xatırlayıb tez geri çəkdim. Amma əlimi
tutdu, həyatdan qopmaq üzrə olsam da, güclü əlin
hərarətini və enerjisini hiss etdim. Nöqtə
boyda görünən bir işıq üçün
yaşamaq ümidinin oyandığını duydum.
Çətin günlər davam edirdi. Ürəkbulanma,
qızdırma, nəfəs darlığı... Elə bil boğazımın yerində ət
parçası vardı. Fikirlərim
reallıqla rabitəsini itirirdi. Gözümə
qarabasmalar görünürdü. Dəfələrlə
həyatdan tamamilə qopduğumu düşündüm, amma həkimlərin
fədakarlığı - bəzi məqamlarda sərt tələbkarlığı,
bəzi məqamlarda şəfqəti dadıma yetişdi.
Bir gənc həkim vardı, gecə-gündüz arı kimi
çalışırdı, olduqca diqqətcil, mehriban və
gülərüz idi, hərçənd maskanın
altından təbəssüm bilinmir...
Ən böyük dayağım isə Həkimxan idi. Dostumun
yanımda olduğunu duymaq belə mənə yetərli idi.
Sonrakı iki gün əvvəlki günlərə nisbətən
rahat keçdi. Amma bilirdik ki, bu, müvəqqəti
yüngülləşmədir, virus tamamilə məhv
olmayınca sağalmadan söhbət gedə bilməz.
Yenə üçümüzük - Mən, Allahyar, Həkimxan.
"Mən
elə bilirdim, həkimlər xəstələnmirlər,
ölmürlər, ona görə həkim oldum", - zarafatla
deyir Həkimxan. Onun sözlərinə gülə
bilmirik, amma mimikalarla hisslərimizi bəlli edirik (onsuz da
bir-birimizin ən xırda üz cizgilərinə də bələdik).
Mən də danışıram. Qınayıram, ittiham edirəm,
amma bəlkə də (kim bilir) heyifsilənirəm.
- Bilirsiz
ki, atam öldükdən sonra mən hər gecə ona
şikayət edirdim? O qədər sizdən gileylənmişəm
ki. Məsələn, Həkimxan, sən topumu
götürüb qaçanda... Allahyar oyunda
cığallıq edəndə. İkiniz bir olub balaca
boyuma güləndə...
- Hər
gün atan sənin yuxularına gəlirdi?
- Hə. Hər gün.
Həkimxan zəndlə mənə baxır.
- Nədi,
inanmırsan? - mən incimiş halda deyirəm.
- İnanıram, - Həkimxan deyir.
- Mən
də inanıram, - Allahyar dillənir, - yuxularda biz daha xoşbəxt
oluruq. Çünki mən də heç vaxt
özümü yuxuda şikəst görmədim. Heç bircə dəfə də.
- Biz də
səni heç vaxt fərqli görmədik, - Həkimxan
deyir.
-
Doğrudan? - Allahyar bizə inamsız baxır.
- Hə,
- mən təsdiqləyirəm.
- Amma mənim
sizə acığım tuturdu...
- Nəyə
görə?
-
Heç özüm də bilmirəm nəyə görə.
Yəqin ki, sizin kimi ola bilmədiyimə
görə. Ürəyimdə sizinlə o qədər
dalaşmışam ki.
Xəstəlik bizi yaman kövrək edib. Xatirələrimizi,
məyusluqlarımızı,
peşmanlıqlarımızı bir-birinin ardınca dilə gətiririk.
Bəlkə də Allahyarla mən bir də
işıqlı dünyaya çıxa bilməyəcəyik.
Burda həyat elə monotondu ki. Şərait yaxşıdı, amma mənəvi
darlığımız qoymur nəfəs almağa. Elə bil divara dirənmişik. Özü
də başqası yox,
özümüz-özümüzü divara dirəmişik.
Allahyar
Xatirələrimiz bitmək bilmir. Bəzən
danışa bilməyəndə hansısa hərəkətlə,
ya bir sözlə, keçmişdə olub-bitən hansısa
bir hadisəni yada salırıq. Üçümüz
də o vaxta qayıdırıq, bir-birimizi
sorğulayırıq. Sən demə, bizi
yalnız xəyali uçurumlar ayırıb, əslində,
belə bir uçurum yoxmuş. Eyni
adammışıq demə. Varlı, ya
yoxsul, sağlam, ya xəstə olmağımızdan
asılı olmayaraq.
Bir dəfə kəsilmiş ayağımın
ağrısını danışdım Həkimxana. Dedim, hər
gün o ağrını duyurdum. Hətta gecələr
o ağrı məni yatmağa qoymurdu. Sən
bunu haradan biləcəkdin ki? Sən
sevdiyin qızla ilk görüşə gedəndə mən kəsilmiş
ayağımın dərdindəydim. "Bu görkəmlə
məni heç kim qəbul etməz",-
fikriylə özümə əzab verirdim. Bu vaxt Həkimxan qəribə
bir şey dedi. Demə, onun da öz kompleksləri
varmış:
- Sən
də heç vaxt bilməmisən ki, mən sənin
ünsiyyət qura bilmək bacarığına həsəd
aparmışam. Sən hamımızdan
seçilirdin, çünki adamlarla daha asan dil tapa bilirdin.
Mən isə özümə qapalıydım,
duyğularımı ifadə edə bilmirdim.
Gec də olsa bunları öyrənmək gözəl
idi.
Əslində, həyat necə də sadəymiş.
Biz isə komplekslərimizlə həyatı
ağırlaşdırır, onu özümüzə
düşmən edir, daxili dünyamızı viran qoyuruq.
Müalicə prosesi yorucu və əzablı idi. Yüksək
temperatura dözüm göstərmək müşkül
olurdu. Dəhşətli yorğunluq bədənimə
hakim kəsilmişdi. Aramsız
üşütmə keçirirdim. Bəzən
nəbzim zəifləyir, son həddə gəlib
çatdığımı düşünürdüm.
Hər dəfə özümə gələndə
həkim dostumu başımın üstündə
görür, daxilən rahatlıq tapırdım. Çünki insan ağrısını
bölüşəndə yüngülləşir. Və nə qədər ki, sənin
ağrını paylaşan biri var, demək, ümid var.
Həkimxan
Bir aydır evə getmirəm. Çünki xəstələrlə
təmas vaxtı koronavirusa yoluxub-yoluxmadığımı
bilmirəm. Mənim kimi evə infeksiya
aparmaq qorxusu ilə xüsusi ayrılmış yerlərdə,
otellərdə gecələyən həkimlər çoxdur.
Evdəkilərlə telefon vasitəsilə
görüntülü danışırıq. "Bizim
üçün evdə qalın, çünki biz sizin
üçün burdayıq", - deyirik. Koronavirusu
digər viruslardan fərqləndirən əsas özəllik
onun sürətlə yayılmasıdır. İnsanlar yalnız özlərini təcrid edərək
yayılmanın qarşısını ala bilər.
Vəziyyət ağırdır, dünyada epidemiya
qurbanlarının sayı gün-gündən artır,
Covid-19 əleyhinə vaksin hələ tapılmayıb, ən
böyük dövlətlər kiçicik bir virusun əlində
aciz qalıblar.
Bütün
hallarda pandemiya tarixdə qalacaq - insanlığın həm
gücünün, həm də gücsüzlüyünün
simvolu kimi... Bu durum mənə həyatdakı
missiyamı anlamaqda kömək etdi. Bəlkə
də mən bütün həyatım boyu bu anı gözləmişəm.
İndi, ölsəm də heyifsilənmərəm.
Hərçənd yaşamaq ümidləri
gün-gündən artan Ulduzxanla Allahyar gələcək
gözəl günlərin xəyallarını qururlar. Allahyar deyir
ki, çoxdandır xəyal qurmağı tərgitmişdim,
indi isə dipdiri bir xəyalım var - bu çətin
günləri dəf edib gözəl günlər naminə
yaşamaq.
Bu bir ayda bir-birimizlə çox ünsiyyət qurduq,
duyğularımızı paylaşdıq. Bizi ayıran
sərhədlərdən danışdıq. Məni
görməzdən gəldiklərini
düşündüyüm üçün onlardan
uzaqlaşdığımı dedim. Sən demə,
onlar da məndən eyni səbəbdən uzaqlaşıblar.
Bəzən adi bir anlaşılmazlıq bütün həyatımızı
idarə edir.
Halbuki bircə gözəl söz bütün
taleyimizi dəyişə bilər. Biz
insanlar hər şeyi elə mürəkkəbləşdiririk
ki. Eqolarımızı bəsləyərək
təklikdə daha xoşbəxt olacağımızı
düşünürük. Halbuki tənhalıqda
qaldığımız bu günlər bizə öyrətdi
ki, insanların bir-birinə doğrudan da çox ehtiyacı
var...
Bir vaxtlar təyyarəçi olmaq istəyirdik. Yüksəkliyi
sevirdik. Yenə də sevirik. İnsanlıq üçün etdiyin fədakarlıq
da səni mənən ucalda bilər.
Ulduzxan
Dünən
Həkimxan Allahyarı müayinə edərkən zarafatla dedi
ki, çoxdandır "olacağa çarə yoxdur", -
demirsən, deyəsən, axirətə getmək fikrinin
daşını atmısan.
Mən də
onun zarafatına qoşulub dedim ki, xoşbəxt ulduz
altında doğulmuşuq, bizə zaval yoxdur.
Allahyar da ordan qayıtdı ki, ay Ulduzxan, mən sənə
ümidliyəm, sən də mənə. Görək
başımıza nə gəlir.
Həkimxan
başını yellədi: "Mən də elə bildim, siz
mənə güvənirsiniz, amma görürəm ki, hələ
də öz aləminizdəsiniz. Ay dostlar, nə alın
yazısı, nə ulduz, tibbə güvənin, tibbə!".
Dedim:
"Həkimxan qardaşım, bu dediyim, əlbəttə ki,
zarafatdır, həyatımız üçün tibbə, siz
həkimlərə borclu olduğumuzu bilirik. Vaxtında
köməyimizə yetişməsəydiniz, yəqin ki, axirətə
çoxdan varmışdım, münəccim dostumuzun da ruhu
kosmik fəzalarda uçurdu".
Gülüşdük. Əslində, buna
gülmək də demək olmazdı, maskanın altından
gülüşə bənzər boğuq səslər
çıxardıq. Amma xoşbəxt
idik. Xoşbəxt idik ki, yenə eyni şeylərə
gülə, sevinə bilirik...
Allahyar
Koronavirusla mübarizə apardığım bu çətin
günlər həyatımda yeni mərhələ oldu. Elə hesab
etdim ki, yenidən dünyaya gəldim. Ona
görə yox ki, sağalıram. Ona
görə ki, özümü, insanları və
dünyanı yenidən dərk edirəm.
Bədənim, sanki Əzraillə mübarizədən
qalib çıxıb. Ölümə qalib gələ biləcəyimi
təsəvvür etməzdim. Məndən
olsa, taleyə buraxardım hər şeyi. "Alnıma
nə yazılıbsa, o da olacaq", - deyib təslim
olardım. Amma həkimlərimiz məni
ölümün pəncəsindən qurtardı. Həkimxan ən ümidsiz vaxtlarımızda da bizi
ruhdan düşməyə qoymur, ölüm ayağında
olan ən çarəsiz xəstələri də yaşatmaq
üçün böyük iradə və fədakarlıq
göstərirdi.
Sonrakı iki gündə Həkimxan ortalarda
görünmədi. Düşünürdük ki, yəqin,
yaxşılaşmışıq, o da durumumuzdan rahatlayıb,
indi daha ağır xəstələrin müalicəsi ilə
maşğuldur. Bizi müayinə edən həkimdən
xəbər alanda "Həkimxanın testi müsbət
çıxıb, karantinə alındı", - dedi.
İndi
fikir bizi götürüb... Ulduzxanla pəncərədən
Günəşə baxır və onu aramızda gözləyirik.
Həkimxan
Uzandığım çarpayının pəncərəyə
yaxın qoyulmasını xahiş etdim. Pəncərədən
Günəşə baxıram və düşünürəm
ki, göy üzünü görmək xoşbəxtlikdir, -
istər yağmurlu olsun, istər günəşli... Doğma
insanları görmək xoşbəxtlikdir... Evdə
məni gözləyən doğmalarımı yenidən
görə bilmək üçün xəstəliklə
mübarizə aparıram. Hələ
heç nə itirilməyib. Həyata
toxuna bilməsəm də, onu görə bilirəm.
Bilmirəm, yönüm ölümə tərəfdir,
yoxsa həyata, amma bütün hallarda ümidliyəm. İnsanlığa
ümidliyəm. Sevinirəm ki, illərdən
bəri ürəyimin toz basmış "rəflərində"
yığılıb qalan duyğularımı ifadə etdim,
onları Günəşə çıxardım.
Nə olursa-olsun, yenə dostluq, insanlıq var olacaq. Yenə mən olacam, Allahyar
olacaq, Ulduzxan olacaq...
Sosial məsafə saxladığımız bu günlərdə
bir-birimizə mənən yaxın olduq. Artıq istəsək
də uzaqlaşa bilmərik. Əslində,
heç birimiz xəyallarımıza xəyanət etmədik.
Hər birimizin missiyasında bir ənginlik
vardı. İstədiyimiz də bu idi -
insanlıq üçün savaşmaq. Mən
də savaşdım. Və bütün
hallarda biz qazandıq.
Minilliklər ərzində dünyanı təcrübələrimizlə,
elmi biliklərimizlə böyütmüşük. Halbuki ən
böyük silahı, ən təsirli dərmanı - sevgini əldən
vermişik. İnsanın ən böyük silahı
sevgiymiş, indi anladıq...
Ulduzxan
Bu gün məni və Allahyarı ilk dəfə Günəşə
çıxardılar. Elə bil, dərin yuxudan
ayılmışıq. Elə bil, neçə min ili yuxuda keçirmişik. "Ölsəm,
bir də min il sonra dirilsəm", - deyir şair. Elə bil
ölüb min il sonra dirilmişik. İndi anlayırıq ki, həyat ona görə
gözəldir ki, yaşamaq üçün yeni şans verir.
Həkimxan dostumuz deyirdi bunu.
Bu səhər
o, dünyasını dəyişdi... Haqqa yürüdü...
Bütün mübarizə əzmini, ümidini,
gücünü bizlərə xərclədi,
özünü qorumağa heç nəyi qalmadı... Mən
deyərdim ki, gözəgörünməz düşmənlə
mübarizədə qəhrəmancasına şəhid oldu...
Təsəllimiz budur ki, onunla çox şeyləri
paylaşmağa, bir-birimizi anlamağa macal tapdıq. İnsanlıq
üçün dəyər
daşıdığımızı anladıq...
O deyirdi
ki, əgər kimsə xəstə yatağından qalxıb
Günəşi görəcəksə, demək,
insanlığın gözəl günlər görəcəyinə
həmişə parlaq bir ümid və sarsılmaz bir inam
olacaq...
Və yalnız gözəl günlər naminə
yaşayacağıq.
23-27 aprel
2020 Bakı
Günel Natiq
Ədəbiyyat qəzeti.- 2020.- 11
iyul.- S.10-11.