"Qələmin səsi"ndən xalqın sözünə

 

Böyük ənənələri olan Azərbaycan şeirinin ən yeni dövrünü səciyyələndirən mühüm ideya-sənətkarlıq xüsusiyyətlərindən biri poetik forma ilə fikrin, mətləbin harmoniyasıdır. XX əsr boyu uzun illər ərzində Azərbaycan şeirində zamanın diqtə etdiyi tərənnüm daha çox nikbin ruhlu lirikanı qanadlandırmışdır. Bir qədər sonra isə heca vəznli tərənnüm şeirlərindən sərbəst şeirə doğru paralel bir yaradıcılıq başlandıqca, tədricən fikir poeziyası diqqət mərkəzinə çəkilmişdir. Poeziyada həmin proseslərin yaşandığı keçən əsrin səksəninci illərindən ədəbiyyat meydanında olan Yusif Nəğməkarın yaradıcılığı üçün şeirdə tərənnümlə fikir poeziyasının qoşa addımlaması və vəhdəti səciyyəvidir. O, xalq şairi Səməd Vurğun ədəbi məktəbinə xas olan tərənnümlə Azərbaycan sərbəst şeir məktəbinin yaradıcısı Rəsul Rzanın dəst-xəttini müəyyən edən fikir poeziyasının sintezini yaratmışdır. Beləlikllə, Yusif Nəğməkar Azərbaycan ədəbiyyatında tərənnüm şeiri ilə fikir poeziyasının arasında yazıb-yaradan, özünü ilhamla idrak arasında tapan bənzərsiz şairdir.

Fikrimizcə, Yusif Nəğməkarın 2014-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirdiyi "Qələm səsi" kitabında böyük bir şeir buketini "Könül-idrak savaşında" adı ilə təqdim etməsi təsadüfi olmayıb, şairin yaradıcılığı üçün ilham və idrak tərəfdaşlığının səciyyəvi xarakter daşımasının göstəricisidir. Məsələn, "Gözəllik müsabiqəsi" şeirində gözəlliyin tərənnümü ilhamın, müsabiqənin mahiyyətinin mənalandırılması isə idrakın işığında ifadə olunmuşdur:

 

Bilmirəm qəlb qırıb tərəf güdənlər,

Əsil gözəlliyi necə duyarlar?

Çaşıb birinci yer təsis edənlər

Gözəli gözələ qarşı qoyurlar

 

Nə fərqi, tərif də yanlışsa, şərdir,

Daşı da daşa çək, çək, inci olmaz.

Xaliq xəlq etdiyi birincilərdir,

Xaliq yaradandan ikinci olmaz.

 

Görünsən özgə cür, özgəsi gülər,

Qəlbin öz sevinci, qəmi gözəldir.

Kimlər kimi seçir, özləri bilər,

Bizim gözəllərin cəmi gözəldir.

 

Beləliklə, Yusif Nəğməkar ən yeni dövr poeziyamızın tərənnüm şeirlərini fikir poeziyası ilə qovuşduraraq birlikdə ifadə edən novator sənətkardır. Onun tərənnüm şeirlərinin bədii mətnində tərənnümlə fikir bir-birini əvəz etmir, tamamlayır. Bu cəhətdən Yusif Nəğməkarın özünün sözə (tərənnümə) və fikrə münasibəti bizim müşahidələrimizi bir daha təsdiq edir:

 

Alışqan meyllər sözləri çəksə,

Söz - siqar kölgəsi, bomboz tüstüdür.

Sözlər fikirləri öldürəcəksə,

Söz - məzar, cümlələr qəbirüstüdür.

 

...Fikir nemətindən susmaqla doydum,

Cəhrətək dil fikir əyirəcəkdir.

Biz sözü dilimin altına qoydum,

Üstündə min fikir göyərəcəkdir.

 

Yusif Nəğməkarın fikir poeziyası nümunələri olan şeirlərində tərənnüm poeziyasından gəlmə qanadlı, obrazlı poetik vasitələr özünə yer tapır. O, təkcə sərbəst şeirlərində yox, əruz və heca vəznlərində yazılmış poeziya nümunələrində də dövrə, zamana, insana aid ciddi ictimai fikirlərini ilhamlı poetik vasitələrlə ifadə etməyi bacarır:

 

Ötmək - qəlb təntənəsi,

Susmaq - ürəyin yası.

Söz - hikmət arabası,

Fikir sükansız olmur.

Nəğməkar, saf könül seç

Ruh pak deyilsə, tən heç!

Lap gül ömür yolu seç,

Uğur tikansız olmur.

 

Yusif Nəğməkar üçün şeir, hər şeydən əvvəl, onun özünün yazdığı kimi, "qələm səsi"dir. Onun qələmə verdiyi məna Azərbaycan şeiri üçün tam yenidir. Yusif Nəğməkarın şeirində qələm şairin proobrazıdır. Onun sözlə səsin fərqli və bənzər xüsusiyyətləri haqqındakı tezisləri də yeni olmaqla bərabər, həm də şeirdə tərənnümlə fikrin vəhdətinə dair baxışların canlı ifadəsidir. Fikrimizcə, Yusif Nəğməkar üçün söz - tərənnümün, səs - fikrin poetik daşıyıcısıdir. Onun ümumiləşmiş şəkildə "qələm səsi" adlandırdığı poeziyası orijinal sözdən və bənzərsiz səsdən yoğrulmuş mükəmməl sənət nümunəsidir. Yusif Nəğməkar sözlə səsin arasında yazıb-yaradan, onları ideya-sənətkarlıq baxımından bir-birinə bağlayan fərqli şairdir.

 

Konkret ictimai mətləbi orijinal poetik vasitələrlə tərənnüm edən şeirlərində fikir şeirin ağırlıq təşkil edən tərəfini müəyyən edir. Bu cəhətdən o, özünün ustadı kimi böyük ehtiramla bəyan etdiyi xalq şairi Bəxtiyar Vahabzadənin sənət yolu ilə qaynayıb-qarışır. Lakin Yusif Nəğməkar heç bir halda mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadəni təkrar etmir. Yusif Nəğməkarın vətəndaşlıq lirikası Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyasının yaradıcılıqla davam etdirilməsindən ibarət olub, cəmiyyət hadisələrinə poetik münasibəti ifadə edən orijinal sənət örnəkləridir. Bu müdrik fəlsəfi poeziyaya Yusif Nəğməkar öz yaradıcı əlavələrini etmiş, fərqli baxışların meydana qoymuşdur. Ustadı Bəxtiyar Vahabzadə də Yusif Nəğməkarın şeirlərindən söz açarkən onun "hadisələri, gördüklərini ümumiləşdirməyi bacaran" şair kimi təqdim etməsi ilə şairin yaşadığı mühitin hadisələrinə həssas poetik münasibətini nəzərdə tutmuşdur.

Yusif Nəğməkarın Vətən şeirlərində tərənnüm aparıcı görünsə də, fikir əsas qayəni müəyyən edir. Ümumi ruhu etibarilə tərənnüm poeziyası nümunəsi olan "Azərbaycan olmaz" şeirinin hər bəndində orijinal, düşündürücü və ibrətamiz fikirlər obrazlı şəkildə ifadə olunmuşdur:

 

Can söyləyib verməsək can,

"Can"dan Azərbaycan olmaz.

Qovuşmasa nəfəslə qan,

Qandan Azərbaycan olmaz.

Qüdrət yoğrulsun cürətdən,

Vətən baxmasın qürbətdən,

Əsli yox, quru söhbətdən,

Şandan Azərbaycan olmaz!

 

Göründüyü kimi, Yusif Nəğməkar həyatının mənasına çevirdiyi poeziyanı yalnız yaratmaqla, yaxud məsuliyyətli bir sənət yükünü daşımaqla qalmır. O, bütün varlığı ilə ürəkdən bağlı olduğu bədii sözün keşiyində dayanmışdır. Ustad Məhəmməd Füzuliyə müraciətlə yazdığı "Sən şeir yazmağı tərgit, Füzuli" adlı şeirində səsləndirdiyi mətləblər sözün qədr-qiymətini qorumağa çağırışın vətəndaşlıq yanğısı ilə mənalandırılmış poetik əks-sədasıdır. Bu, şeirə-sənətə şair-vətəndaş münasibətlərinin ciddi poetik təzahürüdür. Yusif Nəğməkarın "Sən şeir yazmağı tərgit, Füzuli" şeiri şeir yazmağın kütləviləşməsinə, vaxtilə ustad şairimizin "şeir bazarının kasadlaşması"ndan doğan narahatlığının yenidən ədəbiyyatın inkişafında buxova çevrilməsinə etirazı ifadə edən kəskin "etiraznamə"dir. Təsadüfi deyildir ki, vaxtilə akademik Bəkir Nəbiyev Yusif Nəğməkarın böyük sənət uğrunda apardığı mübarizəni haqlı olaraq "nəcib missiya" adlandırmışdır. Yusif Nəğməkarın yerindən duran hər kəsin şairlik etdiyi bir mühitdə böyük ədəbiyyatın yoluna kölgə salan bütün maneələrə qarşı etirazı böyük ədəbiyyat uğrunda mübarizəyə sədaqətinin ifadəsidir:

 

Alim də, fəhlə də şeir azarında,

Təbi löyün-löyün hər yazarın da

Elə ucuzluqdu söz bazarında

Sən şeir yazmağı tərgit, Füzuli.

 

Ruhuna həmişə baş əyirik biz,

Hər beytin önündə qaş əyirik biz,

Bağışla, bir ucdan döşəyirik biz,

Sən şeir yazmağı tərgit, Füzuli.

 

Bu müqəddəs yolu öyən-peşiman,

Sənətdə döşünə döyən - peşiman,

Bizlərə "şair-xalq" deyən peşiman,

Sən şeir yazmağı tərgit, Füzuli.

 

Yusif Nəğməkar ictimai baxışları ilə sevgi dünyası qoşa addımlayan şairdir. Onun ayrı-ayrılıqda ictimai mövzularda yazılan və sevgi notları üstündə köklənən kifayət qədər təsirli və oxunaqlı şeirləri vardır. Eyni zamanda, Yusif Nəğməkar ictimai mövzularla sevgi motivlərini bir yerdə mənalardıran orijinal şeirlərin də müəllifidir. Onun ictimai mövzuda yazılmış şeirlərində vətən və insan sevgisi ilə bir yerdə, həm də sevgi-məhəbbət duyğuları da dil açıb danışır. Yaxud Yusif Nəğməkarın məhəbbət lirikasında ictimai motivlər öz əksini tapmaqdadır. Şairin 2020-ci ildə çapdan çıxmış "Sevgi məbədi" adlı şeirlər kitabı sözün geniş mənasında insanlıq, bütövlük, mərdlik, sədaqət haqqında şeir məbədidir. Yusif Nəğməkarın sevgi şeirlərinin qalibiyyət bayrağı zəngin insan mənəviyyatı üzərində ucadan insanlıq və sədaqət andıdır.

Yusif Nəğməkarın şeir dili sadə, aydın, axıcı və obrazlıdır. Yusif Nəğməkar Azərbaycan şeir dilinin nəğməsini, ahəngini, ritmlərini təbii şəkildə səsləndirməklə əsl poeziya nümunələri yaradır. Bu mənada təxəllüsü kimi qəbil etdiyi "Nəğməkar" sözü onun yalnız mahnı mətnləri kimi nikbin ruhlu şeirlər yazmasını deyil, şeir üslubunun ahəngini, təbii ritmlərini, ürək döyüntülərini dilləndirməyi sənət kredosuna çevirmək andına sədaqətini ifadə edir. Yusif Nəğməkar bütün yönləri, xeyri-şəri ilə, böyük uğurları ilə əbədi Vətəni Azərbaycanın nəğməkarıdır.

Poema yaradıcılığı sahəsində də Yusif Nəğməkarın özünəməxsus uğurları vardır. O, janr baxımından liro-epik poemaların müasir dövrdə ən yaxşı yaradıcılarından biridir. Yusif Nəğməkarın poemalarında süjetdən çox poetik mühakimələr, lirik ricətlər, haşiyələr özünə yer alır. "Sizli" poeması xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli haqqında oda kimi səslənir. Yusif Nəğməkarın "Şər şənbə" poeması müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından sonra "qara yanvar - şəhidlik" mövzusunda bu janrda yazılmış ən yaxşı bədii əsərdir. "Vəslin edamı" poeması Qarabağ hadisələrinin fonunda insan və zaman haqqında təsirli poetik elegiya-monoloq kimi səslənir. Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş "Bəxtiyar" poeması vətəndaş şair - zaman və Azərbaycan mövzusunda dərin ictimai məzmuna malik bədii ümumiləşdirmələri ilə səciyyələnir. "Zal ağacı" çoban həyatı və elat dünyası haqqına oxunaqlı və yaddaqalan poema -balladadır.

Yusif Nəğməkar üçün poema insan və zaman haqqında monoloqdur. Şairin poemalarında süjetin təqdimatı ilə yanaşı, düşüncə hakimdir. Ona görə də Yusif Nəğməkarın poemaları şairin özünü də təqdim edir. O, poemalarındakı hadisələri və insanları "öz köynəyindən" keçirərək oxuculara çatdırır.

Yusif Nəğməkarın yaradıcılığında türk dünyası mövzusu xüsusi yer tutur. Onun türk dünyasına həsr olunmuş şeirlərində milli-mənəvi birlik ideyası özünün qabarıq əksini tapmışdır. Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Cümhuriyyəti səfirliyinin müsabiqəsinin qalibi olmuş "Çanaqqala" poemasında Yusif Nəğməkar ölkələrimiz arasındakı birliyin tarixi köklərinə və böyük gələcəyinə gur işıq salmağı bacarmışdır. Son zamanlarda yazdığı "Azərbaycan - türk bayrağı" şeiri qardaş ölkələrimizin milli birlik marşı kimi səslənir:

 

Doğma yurdların can səsi,

Cümhuriyyət iradəsi.

Məslək, amal təntənəsi

Azərbaycan -Türk bayrağı.

 

Nəticə etibarilə deyə bilərik ki, müstəqillik dövrü Azərbaycanın şeir bayrağını şərəflə daşıyanların sırasında Yusif Nəğməkarın da özünəməxsus mühüm yeri və xidmətləri vardır. Yeni tipli şeir formatı meydana qoyan Yusif Nəğməkar çağdaş dövrün böyük poeziyasını yaradanların cərgəsində ədəbiyyat yolçuluğunu geriyə baxmadan uğurla davam etdirməkdədir.

Yusif Nəğməkarın "qələm səsinin" bənzərsiz poetik ifadəsi olan şeirləri və poemaları müasir dövrün oxucusuna dünyanı, həyatı və insanı dərindən qavramaq, doğma torpağa sədaqətlə xidmət etmək duyğuları aşılayır. Şairin "Qələm səsinin" əks-sədasından yoğrulmuş şeirləri və poemaları "öz qəlbinin səsini eşidənlərin" müdrik poeziyasıdır. Yusif Nəğməkar haqlı olaraq bu fikirdədir ki, "qələm səsinin diapazonu, xalqın səsinin diapazonuna uyğun olanda, o səs ictimailəşir və insanlar sevinəndə də, kədərlənəndə də, düşünəndə də, mübarizə aparanda da, o səsi dinləməyə ehtiyac hiss edirlər". İnamda demək olar ki, Yusif Nəğməkarın poeziyası zamanın, vətənin, insanın və gerçəkliyin səsi kimi oxunur. Ədəbiyyatda böyük yol keçmiş və özünəməxsus ədəbi təcrübəyə malik olan istedadlı şair Yusif Nəğməkar öz oktavasında "qələmin səsini" qəlbinin səsinə və xalqının sözünə çevirməyi bacarmışdır. O, artıq artıq tərcümeyi-halına çevrilmiş sözə-sənətə ürəkdən xidmət etmək vəzifəsini məsuliyyətlə həyata keçirməklə daha böyük sabahlara işıq salmaq yollarında inamla və ümidlə addımlamaqda davam edir:

 

Qanadını çırpma gəl,

Xəyal-duyğu uçarı.

Cınğırını çıxarma

Qələm-hikmət açarı.

...Hələ susur bu dünya

Daşsa da söz bulağı.

Ya qələmin səsi yox,

Ya aləmin qulağı.

Amma yoxun önü yox,

Ümidin olaq ardı

Qələmin səsi də var,

Həm də var qulaqları.

 

Yusif Nəğməkar tərənnüm poeziyasını sözün qanadlarında həyata və insana doğru yaxınlaşdırmış və fikir poeziyasına qol-qanad verərək ona əlvanlı bir poetik rəng və nəfəs gətirmişdir. O, vətəndaşlıq lirikasını uca səslə çağırışlar etmədən "qələm səsinin" təbii notları ilə mənalandırmaq missiyasını həyata keçirməyə istiqamətləndirmişdir.

Beləliklə, Yusif Nəğməkar müxtəlif istiqamətlərdən gur şəkildə axıb gələn çaylar kimi daşıb-coşan tərənnüm şeirlərini təbii bir görkəmə və dərinliyə malik göllər kimi müdrik görünən fikir poeziyasını bir-birinə yaxınlaşdırmaq üçün sənətdə mühüm addımlar atmışdır. Bu gün o, tərənnüm şeiri ilə fikir poeziyasının bir yerdə böyük nəğməkarıdır - Yusif Nəğməkardır!

Uğurlar olsun!

 

9 iyul 2020-ci il

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.12-13.