Nurməmməd Ağanın nur dolu nəğmələri
...Doxsanıncı illərdi.
Sumqayıtda məclislərin birində dostlarımızdan
kimsə "Gənclik
metrosu" adlı şeir oxudu. Məzmunu beləydi ki, metroda bir qoca
"Gənclik" stansiyasının
səmtini soruşur.
Ona cavab verirlər ki, hələ qocalıqdan gəncliyə
metro xətti çəkilməyib.
Qoca da köksünü
ötürür: "Eh, qocalıq
yaxşı olsaydı,
onun da adına bir stansiya tikərdilər".
Həmin görüşün
təəssüratından yaranan şeir bu misralarla bitir:
"Gənclik" metrosunda düşürtdüm onu,
Dedim, ünvanını
burda taparsan.
Kövrəldim... Bir sual sardı qəlbimi:
- Onu gəncliyinə bəs kim
aparsın?!
Şeiri bəyənib tərifləsək
də, müəllifin
kimliyini bilmədik. Sonradan öyrəndim
ki, bunu yazan Masallıda yaşayıb-yaradan Nurməmməd
Ağadır. "Anamın əlləri əldən düşübdür",
"Pəncərəm ağlayır..."
kimi gözəl şeirlərin də müəllifi olan, mövzuya fəlsəfi yanaşmaları, poetik təfəkkürü, obrazlı
deyim tərzi yadda qalan Nurməmməd
Ağa.
Qələm dostumuz altı tarixi-etnoqrafik, bədii-publisistik
və şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvüdür.
Amma onun hələ qələmə
almadıqları - ağ vərəqlərə
"hönkürmədikləri", duyğu-duyğu pıçıldamadıqları
yazmış olduqlarından
daha çoxdur. Onun haqqında tərifli yazılar az olmayıb.
Amma ən möhtərəm imza kimi, unudulmaz
Xalq şairi Bəxtiyar Vahabzadənin məktublarını tutiya
kimi əzizləyir.
Yenicə çapdan çıxmış
"Hər görüşdə
ayrılıq var"
kitabının ön
səhifələrində də
həmin məktublara yer ayırıb. Bu dəyərli məktublarda
ölməz şairimiz
həvəslə Nurməmmədin
yazılarına münasibət
bildirib, onları təqdir edib və dostumuza uğurlu yollar arzulayıb. Professor Akif Hüseynov da, cəfakeş tənqidçi-alim Vaqif Yusifli də onun yaradıcılığına
yüksək qiymət
verib, ürək sözlərini ürəklə
dilə gətirib, qələmə alıblar.
İxtisasca müəllim olan Nurməmməd Ağanı
ilk dəfə onun doğma Boradigah qəsəbəsində balaca
bir dükanda alver etdiyi zaman
görmüşəm. Bəstə boylu,
qarabuğdayı bir oğlandı. Doxsanıncı illərin əvvəlləri
- dolanacağın çətin
olduğu vaxtlardı,
o da səhərlər
məktəbdə dərs
deyir, günortadan sonrasa dükanda "çaq-çuq" edirdi.
Amma poeziya onun ən
sevimli məşğuliyyəti
idi. Bəlkə də, məhz
həmin çətin
vaxtlarda "polad bişərək daha da bərkiyib" və taleyinə şairlik yazılan gənc, poeziya adlı vadi boyunca büdrəmədən
irəli gedə bilib. İndi məktəb direktorudur,
bölgədə sayılıb-seçilən
ziyalılardandır.
...Günlərdir Nurməmməd
Ağanın yeni kitabında toplanmış
şeirlərinin təsiri
altındayam. "Təndir
Vətəndir" bölümündəki
ictimai-siyası, fəlsəfi
mövzulu yazıları
ruhuma qida verir. Eyniadlı şeiri fikrimi
ayrıca məşğul
etməkdədir.
Azalıbdır gözlərindən nur təndirlərin,
Sönən ocaq ürəyimi yaxır haçandı.
O yıxılan, o yox olan gur təndirlərin
Tüstüləri təpəmizdən çıxır
haçandı.
Məlhəm olan təndir külü hardadı görək?!
O külümün başına
da kül ələnibdi.
Bağrıyanıq babaların məzarlarıtək
Qarabağda təndirim də güllələnibdi.
Kənd
"qalac"ın ümidinə
qalanda bildim
Uçan təndir ruzimizin son axşamıydı.
Humanitar
yardımları alanda
bildim
Sönən külfə bir külfətin sönən
şamıydı.
Nə demək
olar - təsirli şeirdir. Oxuduqca, sanki ətirli
təndir çörəyinin
iyi dəyir adamın burnuna. Bu, təkcə fiziki dad həsrəti deyil, daha çox yurd həsrəti, yuva nigaranlığı, ocaq yanğısıdır...
"Sönən külfə
bir külfətin sönən şamıydı"
misrası isə şairin çoxsaylı obrazlar qalereyasına əlavə rəng qatır. Burada "külfə - külfət" qoşalaşdırması
xüsusilə gözəldir,
şairanədir. Elə bircə
"külfə" sözü
adamın fikrini haralara aparmır? Talış dilində ana laylalarıyla xəmiri yoğrulmuş, körpəliyindən bu şirin dildə danışmağa başlamış
Nurməmməd Ağanın
Azərbaycan türkcəsini
dərinliklərinə qədər
bilməsi bir yana, bu
dildə pakizə şeirlər yazması heyranedicidir. Özünə də dəfələrlə
demişəm, Nurməmməd
Ağa bu dilin şəhdi-şəkərinə
bəzi qələmdaşlarımızdan
yaxşı bələddir.
Onun tozunu silib, cila verdiyi
"külfə" sözü
etnoqrafik anlamdan çıxaraq ömür-gün,
həyat nəsnəsinə
çevrilib. "Külfə"
- Gədəbəy, Qazax
və Tovuz tərəflərdə təndir
mənasında işlənən
sözdür. Naxçıvan, Zəngəzur və Qarabağ ellərində təndirin havaçəkəninə
"küflə" deyilir.
Laçında tövlədə pəncərə əvəzi
qoyulan dəlik belə adlanır. Şahbuzda belə bir deyim də
var: "Küflə olmasa, təndir yaxşı yanmaz". Bəzi bölgələrdəsə buna
"kiflə" deyilir.
Şair bu sözü öz şeirində elə ustalıqla işlədib, "külfət"
sözüylə yanaşı
qoyaraq elə mənalandırıb ki,
"əhsən" deməmək
olmur.
Özü də onun sözlə
bir rəssam kimi yaratdığı lövhələr uzun müddət göz önündən çəkilib
getmir. Hərdən düşünürəm ki,
Ağa, bəlkə də, ucqar Boradigahda deyil, tutalım, İtaliyada, İngiltərədə dünyaya
gəlsəydi, gözəl
bir rəssam ola bilərdi.
Amma onun istedadı daha çox şeir ölkəsi kimi tanınan Azərbaycanda təbii olaraq şairlik yönümündə parlayıb.
Nurməmməd Ağanın sevgi şeirləri səmimidir,
saf, mübarək duyğularla, misralarla doludur.
"Məstedici nə varsa,
dində buyrulub haram",
Eşq ağlımı alırsa,
demək, mən günahkaram?
Bu mövzuda şairin
bir sıra türfə qəzəlləri
də onun yeni kitabında toplanıb. "Çarəsi
var", "Dürdanə
gərək", "Gəlir",
"Gözlər gözümdən
düşməsin" rədifli
qəzəlləri bölgədə
dillər əzbəridir.
Məclislərdə xanəndələr də, xiridar dostları da bu qəzəlləri çox sevir və səsləndirirlər.
Kitabda Nurməmməd
Ağanın "Müqəddəs
qorxu" və "Əsir düşən şəkillər" adlı
iki poeması da yer alıb. Birinci poemasında
ulu Yaradana məhəbbət, ömrün
hikməti, əxlaqi-islami
dəyərlər tərənnüm
edilir. Digərində
isə şəkilböyüdən
aşotlardan, kartofsatan
arakellərdən, pinəçilik
edən armenlərdən
və bu nankorların xətir-hörməti,
od qonşuluğunu
yerə vurmasından bəhs olunur.
Bizim çəkmələrimizi yamadılar,
Özlərinin torpaqlarını, xəritəsini...
Nurməmməd Ağanın "Hər görüşdə ayrılıq
var" adlı yeni kitabı yeni-yeni mənalarıyla oxucu ürəklərini fəth eləmək gücündədir desəm,
mübaliğə etmiş
olmaram. Mənim bu qeydlərim dost sözü, oxucu düşüncələridir. Daha təhlili fikirləri tənqidçilər söyləyə
bilərlər. Bu isə əyalətdə yaşayıb-yaradan, diqqətdən
kənarda qalan bir çox istedadlı qələm sahibi kimi, onun
da haqqıdır.
Əli NƏCƏFXANLI
Ədəbiyyat qəzeti.- 2020.-
11 iyul.- S.15.