Pərviz Cəbrayılın
"Yad dildə" romanında
modernizmlə
postmodernizmin delimitasiyası
Pərviz
Cəbrayılın "Yad dildə" romanı son illər
oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən
birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin
"İlin romanı" nominasiyasının, həmçinin,
Azərbaycan ədəbi mühitində o zaman ən ali
mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin
qalibi olub.
"Yad
dildə" romanı modernizm və postmodernizm elementlərini
özündə paralel şəkildə birləşdirir.
Roman çağdaş Azərbaycan nəsrində yaranan
modernizm, siyasi postmodernizm məsələlərini və
keçid prinsiplərini özündə əhatəli şəkildə
əks etdirən nadir nəsr nümunələrindən hesab
olunmalıdır.
"Roman
- ölkənin ictimai-siyasi reallığı ilə xalqın
mifik-mənəvi, fəlsəfi-ürfani
baxışlarını bədii şəkildə birləşdirən
bir neçə qatdan ibarətdir. Müəllif əsərin
daxili qatlarını bir-birilə çox məharətlə əlaqələndirib,
siyasi gerçəkliyin ədəbi həllini tapmağı
bacarıb" (İbrahim Niftiyev). Son dərəcə fərqli
süjet xətti ilə diqqəti çəkən əsərlə
bağlı tənqidçilərin fikir
ayrılığı mövcuddur. Kimiləri əsərdə
yüksək bədiilik axtararkən, kimiləri əsərdə
yer alan postmodernizmin elementləri ilə kifayətlənir.
Modernizm və postmodernizmin sərhədinin delimitasiyası əsərin
daha dolğun elmi tədqiqinin aparılmasına xidmət edə
bilər.
Romanda
İçərişəhərdə baş verən su
çatışmazlığı (susuzluq) fonunda yazarın təfəkküründəki
dünyanın təsviri yer alır. Yazar günümüzdəki
İçərişəhər qəlibini dekonstruksiya edir.
Modernizmlə yanaşı, əsərdə postmodernizmin
elementləri geniş yer tutur. Roman bu baxımdan da son dərəcə
maraq doğurur.
"Yad
dildə" romanında İçərişəhərdə
baş verənlər, siyasi mühit, tarix və texnologiya,
virtual məkan fonunda cərəyan edənlər postmodernizmlə
yanaşı, modernizmin bəzi tələb və formaları
ilə üst-üstə düşür. Oxucu süjet və
məqam dəyişdikcə bu iki izmin arasında qalır.
Qeyd
etdiyimiz məqamlar iqtisadi, dini və siyasi kontekstdə daha da sərtləşir
və roman boyu böyüyüb inkişaf edir.
İroniya
və sətiraltı mənaların bol olduğu hissələrdə
müəllif oyun oynayır, bu oyunun əvvəli, sonu və nəticəsi
oxucuya getdikcə məlum olur. "Yad dildə" romanı
modernizmlə postmodernizmin sərhədində dayanır.
Romandakı hadisələr, süjetlər və konfliktlər
gah o taya, gah bu taya adlayır.
Ənənəyə
gülmək, onu yox etmək istəyi skeptizmə
qarışır, müəllif ironiya ilə
yanaşdığı məsələlərə
gülür, qəbullanır. Ənənənin başqa
variantlarının da var olduğunu göstərir. Folklor mətnlərini
necə gəldi əsərə səpələyir. "Yad
dildə" romanında bu quruluşda olan məntiqli şəkildə
yaradılan və davamlı cəhdlər mövcuddur.
Aşağıdakı dialoqda fraqment formalardan istifadə, təhkiyəni
yarımçıq qoyub, bir-birilə əlaqəsi olmayan
materialları necə gəldi birləşdirməyə
üstünlük verilməsi, ənənəyə ironiya, məsxərəçilik
və qəbul olunan, hətta indi də mövcud olanın
inkarı mövcuddur:
-
"Hansını deyirsən? - o biri əsgər əsnəyib
tənbəl-tənbəl soruşdu, baxışlarını
göyə dikdi, handan-hana, - hə, o adama oxşayan buludumu?
Gözlərini görürəm... Nə var ki burda? Gic
kopoyoğlu"...
- "Ay
yelbeyin, ay gavur, nə adam e, yaxşı bax da, korsan bəyəm?
Bax, diqqətlə bax, görmürsənmi necə baxır???
Vallah, bu Allahdı... Gör necə baxır hələ! Hə,
deyəsən, qiyamət yaxınlaşır... Allah haqqı
yalan demirəm... Ay Allah, necə inanmırlar ee"...
Cəhalətə
ironik baxış bucağının sezildiyi sətirlərin
davamında bu ironiya birbaşa dinin özünə
tuşlanır. Allahlıq iddiası və dinin şəxsiləşdirilərək
təqdiminə məsxərə edilir.
"Misal
üçün, modernizm insana fraqment münasibətini
subyektiv və tarixi prizmadan təqdim edir. Amma bu tendensiyanı
və fraqmentasiyanı tragik, acınacaqlı, dərdli,
iniltili fonda nəyinsə itkisi kimi çatdırır".
"Yatağa
girəndə əvvəlcə qol-boyun uzandılar; Qarabudaq elə
bu cür də yuxuya getdi. Gecə yarı qadını Mehin bu
gözəl və əzabkeş insanı çəkdiyi ələm
və sıxıntılardan qurtarmaq üçün
bıçağı başına qaldırıb, ərinin
ürəyinə, sonra isə öz sinəsinə sancmaq istədi,
Qarabudağın gözü bıçağın tiyəsindən
saçan işıqdan qamaşdı, nəsə,
qımıldanıb yenidən üzü xanımına
çevrildi və onun bıçaq tutan qolunun çiyninə
bitişən yerindən öpdü, başını isə
böyrünə sıxdı. Qadın öncə
özünü itirsə də, bıçağı xəfifcə
döşəyin altında gizlətdi, pəncərədən
düşən Ay işığına gileyli-gileyli baxdı
və birdən ərini qucaqlayıb
hönkür-hönkür ağladı...
Qürurlu
bir yox olma istəyinin ardınca, mövcud reallığı qəbul
edib təslim olmaq... Ancaq mətnin davamında bu ağrı
yox olur, məğrur reallıqla mübarizə və
mövcud vəziyyəti məntiqli ovqatla qəbullanma
görünür...
Yəni
bir növü mətn transformasiyaya uğrayır. Bilirik ki,
modernizmdən fərqli olaraq "Postmodernizm fraqmentasiyaya,
davamsızlıq və əlaqəsizliyə kədərlənmir,
bunları problem kimi qəbul etmir, ancaq onları kifayət qədər
qeyd edir. Eyni zamanda da bildirir ki, dünya mənasızdır, gəlin
özümüzü aldatmayaq ki, incəsənət onu
dolğunlaşdıracaq, ona görə də gəlin sadəcə
cəfəngiyyatla oynayaq" (Meri Kleyqs).
Başqa
bir nümunəyə baxaq: "Baş həkim zəng vurub
dedi ki, bir azdan rayon xəstəxanasından doğum
şöbəsinə qadın gətirəcəklər;
yaxşı baxın, xatalı adamlardı, istəyirlər
ki, doğuşu Mehin xanım özü aparsın.
- O da
ikiqat məsuliyyətlə doğuşu qəbul eləməyə
hazırlıq gördü, tapşırıqlar verdi"...
"Baxdı.
Doğrudan da, belə çıxırdı ki, ona
dünyanın ən sağlam qadınını göndəriblər.
Artıq heç kimə heç nəyi sübut eləmək
olmayacaqdı. "Yazıq Qarabudaq son vaxtlar içəri düşüb-çıxandan
sonra az qala hər gün deyirdi ki, ehtiyatlı ol, lap
çıx otur evdə, birtəhər dolanarıq. Eşitmədim.
Bu da axırı".
Mətnin
davamında baş verən hadisənin həkim Mehinin boynuna
qoyulması, qurulan oyuna onun analiz səpkili baxış
bucağı sezilir. Burada Mehin hönkür-hönkür
ağlamır. Analitik-təhlili aspektdən hadisəni -
süjeti görür və idrak edir. Yollar axtarmır və qəbul
edir.
Romanda bir
çox cəhətdən hadisələrə fikir
nümayişi görülür. "Yad dildə" əsərində
bu kontekstdən təqdim olunan hissələrdə xaricdə kədər
sezilmir. Xüsusilə modernistcəsinə əksər dini
aspektdən tədqim olunan kütlənin kortəbii cahillik
nümayişi məsxərəyə qoyulur.
Ancaq
siyasi cəhətdən şərh olunan məsələlərdə
biz bu dik duruşu görmürük. Burada sənətkar təqdim
etdiyi məsələlərə cani-könüldən kədərlənir...
Gülmür, ciddiləşir. Getdikcə oxucunun beynini
qarışdıran süjet xəttindən aydın olur ki,
müəllif, əslində, modernist, postmodernist gələcəkdə
bəlkə də metamodernistdir. Ona görə ki, o, hadisələrə
baxış bucağını müxtəlif rakursdan sərgiləməyi
sevir. Ona yaraşdırılan kimliklərə etina etmir, susur.
"Şeirlər,
hekayələr yazırdım; heç birini çap elətdirməsəm
də, neçə-neçə yazıçı-şair
dostum oxuyub məni qınayırdılar: "Sənin bu siyasətdə,
inqilabda nə işin var?". Onlara deməyə elə bir
sözüm yoxdu açığı, amma bir şey bilirəm
ki, illərlə hər şeyin düzələcəyi, hər
şeyi düzəldəcəyimiz günü gözləmişdim
və bir də ayılıb anladım ki, deyəsən, o
gün çox gec gələcək, o qədər gec ki,
düşünəndə bağrım çatlamağa
qalırdı - deməli, bütün ümidlərim,
yazıçı, ya şair olmaq arzularım, içimdəkiləri
yazıb dışarı çıxarmaq sevdam puç və
xülyadı".
Yazarın
postmodernist elementlərlə zənginləşdirdiyi hissələrdən
isə skeptizim və ironiya yağır...
Postmodernizm,
Aydınlanma modelli modernizm proyektini, hər baxımdan məhkum
etdiyi və humanist etik dəyərləri, modernizmdən
qaynaqlanan xalq dövlət kimi ictimai quruluşlanma modellərini
rədd etdiyi, daha doğrusu, milliyyətçilik, din, Marksizm
meta izahlar adını verdiyi ictimai quruluşun təməlini
meydana gətirən hər növ ideologiyanı problematikləşdirdiyi
üçün bir böyük yaddaş itkisini təklif etməkdədir...
...Bilindiyi
kimi, "Nitsşenin gündüz əlində fənərlə
Tanrının öldüyünü qışqıran dəlisi,
postmodern düşüncə üçün bir
dönüş nöqtəsi olmuşdur. Çünki o dəli,
Tanrının ölümünü qışqırarkən
varlığın, mübtədanın, dilin, həqiqətin,
tarixin, cəmiyyətin və s. mütləq bir təməldən
və sabit bir mənadan məhrum olduğunu dilə gətirirdi.
Buna görə Nitsşedən dərin təsir və izlər
daşımayan postmodernist düşünər az qala/haradasa
yox kimidir. O, postmodern düşüncənin gerçək
memarıdır" (Abdüllatif Tüzer).
Əsərdəki
məna və gözləntilər, kortəbii aparılan
mücadilə bütün bu tələblərə uyğun
gəldiyi halda, sonrakı keçidlər postmodernist bir təfəkkürü
elan edir. Əsərdə müxtəlif təbəqələrin
arzuları, mübarizə variantları, təfəkkürlərindəki
modernlik və cahillik professional şəkildə təqdim
olunur.
Kifayət
qədər folklor motivlərinin istifadə olunduğu
"romanında konseptualizm və neobarokkonun
qarışığıyla rastlaşırıq. "Dədə
Qorqud" motivləri, hürufi metafizikası, su çeşməsinin
qarşısını kəsən əjdaha
nağılının modern versiyası, Azərbaycanın
siyasi-mənəvi vəziyyəti üzərində
refleksiyalar yazarın çağdaş dünya ədəbiyyatı
tendensiyalarını yaxından izlədiyini və qlobal fəlsəfi
qənaətlərə yaxşı mənada iddialı
olduğunu aşkarlayır" (İlahə Ucaruh).
"Millətin
suyunu kəsib, dilinə bir "su söhbəti"
salıblar ki, hamı dilini udsun. Sükut yaransın. Halbuki bu
susuzluğun səsi çıxmalıydı, həm də
daha ucadan. Əvəzində sükut duyulurdu yalnız... Bizlər
qeyri millətlər kimi kədər anında, faciə məqamında,
ayrılıq qovuşağında halay getmərik, səs-səsə,
qol-qola verib birləşməz, içimizi bir-birinə sərgiləmərik.
Bizimki susmaq, öz içinin yeddinci qatına,
qırxıncı otağına dalmaqdı; yolu olsa, həmin
məqamda bütün bədənimizi də içimizə
salıb görünməzdik".
Yaxud:
- Qaraca
Çobanın hövsələsi lap daraldı. Dəstədən
ayrılıb yaxınlıqdakı tut ağacına
yaxınlaşdı, soyuqdan sirimsiyib qış yuxusuna
getmiş iri bir dalını qırıb, kiçik
budaqlarını təmizlədi, özünə dəyənək
düzəltdi. Bunu görən polis zabiti
qışqırdı:
- At o əlindəkini
yerə! At deyirəm sənə!..
Trival
olanla sənətin vəhdəti, mimetik ədəbiyyatın
dağıdılması, Roseneuvari əgər həqiqət
yoxdursa, geridə qalan hər şey oyundur replikaları, ara-ara
oxucu ilə və dövrlə əylənməklə
yanaşı, əsərdə postmodernizmə xas olmayan ciddiyyət
də mövcuddur. Oxucu-mərkəzçi məqamlarda bunu
hiss etməmək olmur. Belə məqamlarda modernizmin ciddiyyəti
görünür və artıq orada oyun yoxdur.
Modernizmin
"prinsiplərinə" əməl etməsinə
baxmayaraq, postmodernist düşüncə stili destruktiv, desenter,
dehumanist mövzulara önəm verir. Destruktivliyin
çoxluğu ilə seçilən əsərdə, əksinə
dehumanist mövzulara önəm verilmir. Etik dəyərlərə
həssaslıq itirilmir. Sadəcə, folklordan, dindən
yaradıcı və dekonstruktiv istifadə görünür.
Beyrək
başını yelləyib güldü, tələbələr
də gülüşdü: - Hər sahədə belədi; qəhrəmanlıq,
poeziya, siyasət, mənəviyyat, mədəniyyət, hətta
sevgi də keçmişlə yaşayır. Biz bütün
ürəyimizlə "ilk məhəbbət"i
ideallaşdırırıq. Sabah bir yana dursun, bu gün sevməyə
belə halımız, meylimiz yoxdu. Təzə olan hər
şey bizdə ancaq inamsızlıq doğurur. Biz yalnız
keçmişin xəyalıyla pərvazlanırıq. Nəfəsimizi
ölmüşlərdən alırıq".
"Bütöv
qapalı dünyanın yaradılması fonunda postmodernistlərin
mifoloji və ya simvolik üsullara meyil etmələri
qanunauyğun olaraq ona gətirib çıxarır ki,
dünyanın xaotik başlanğıcına və mənzərəsinə
işarə edən postmodern romanda antiutopiyaya böyük
maraq müşahidə olunur. Pərviz Cəbrayılın
"Yad dildə" antiutopiya romanında İçərişəhər
statusuna görə seçilmiş bir məkandır. Hadisələrin
İçərişəhərdə təsviri də səbəbsiz
deyil. Əsərin qəhrəmanları balaca məkanda
internetə sığınırlar. Onların dünyası
sığındıqları bu internetdir. Təbii ki, "Yad
dildə" əsəri semiotik obrazların istifadəsi kimi
diqqəti cəlb edir" (Salidə Şərifova).
"Sədrimiz
"Bayındır xan"ın da üzünü
çoxdandı görməmişdik, İçərişəhərin
qapıları dünyanın üzünə bağlananda o, səfərdəydi,
qayıdandan sonra da içəri girə bilməmişdi;
kimlik kartını sərhədçilər
götürüb sonra da it-bata salmışdılar; yeni kimlik
götürmək üçünsə mütləq İçərişəhərə
girməli, Bayırşəhərə çıxmaq
uğrunda savaşın getdiyi halda, sən bu boyunduruğu
könüllü şəkildə boynuna keçirməliydin;
dəhşət ondaydı ki, boyunduruq da adama əvəzsiz
verilmirdi!".
Göründüyü
kimi, əsərdə "Dədə Qorqud"
dastanındakı adlardan obrazların
adlandırılmasında istifadə olunub. Və adların
fonunda təsvir olunan şəxslərin siyasi-fəlsəfi,
insani təfəkkürü açılır. Xunta
müxalifləri arasında Banuçiçək, Aruz, Qazan,
Qanturalı, Burlaxatun, Beyrək, Selcan, Basat kimi obrazlara rast gəlirik.
"Bax,
bu gün asilərin tək kəsiri düzəldi. Bircə
Sarı donlu Selcan xatun çatmırdı, o da tamam oldu.
"Selcan xatun"un "Çe"yə yazması mənə
çox maraqlı gəldi - Dədəm Qorqud və inqilab...
İç oğuzlar İçərişəhərdə...
Sizin də ASİ-yə qoşulmanızı ürəkdən
qutlayıram. Qəzanız mübarək olsun!".
Yaxud:
"Polis
dəstəsinin komandiri asiləri gözdən keçirməyə
başladı; ön sırada Uruz, Yeynək Duru, Səyrək,
Dirsə xan, Qıyan Səlcik, Şir Şəmsəddin, Dəli
Dondaz, Aruz qoca, Baybörə, Baybican, Dəli Qarcar,
Yalancıq, Basat, Alp Rüstəm, Buğac, Bəkil oğlu
İmran, Əyrək, Qan Turalı gəlirdi, üç cərgədən
o yana görünməz idi".
Ancaq əsərdə
sonda "Dədə Qorqud" gəlib boy boylamır, söz
söyləmir. Burda sözü deyən
başqasıdır... Boyu boylayan da.
Romanda təsvir
olunan İçərişəhər elə bil başqa bir məkandır.
Ədib əsərdə var olan qəlibləşmiş,
modern "İçərişəhər"
anlayışını dekonstruksiya edir.
"Duman
getdikcə qatılaşırdı. Bəlkə də, Allah,
təbiət bu dumanla insanların, İçərişəhərin
içinə bir damla su sızdırmaq, qurum
bağlamış, hörümçək toru tutmuş ciyərlərini
azacıq da olsa təmizləmək, küçələrin
tozunu almaq, üstündəki qan izlərini yumaq istəyirdi".
Bu sətirlər İçərişəhərdən daha
çox İstanbulda Sultan Ahmet çevrəsindəki dar
küçələri, ordakı mənasız izdihamı
xatırladır. Romanda bu günün prizmasından gələcəyə
baxış mövqeyi güdülüb.
Ümumiyyətlə,
siyasi tendensiyaların bolluğu ilə seçilən əsərdə
medalın hər iki üzü oxucuya göstərilir. Bu bilinəndir,
ancaq bilinməyən, ehtimal olunan məqamlar da var kimi...
NARGİS
Ədəbiyyat qəzeti.- 2020.- 11
iyul.- S.14-15.