"Ölülər"in poetikası və
İslam:
birləşən mövqelər
IV HİSSƏ
Əsl həqiqətdə Hacı Həsən
ağa!!!
Mirzə Cəlil tragikomik situasiyada təsvir etdiyi qəhrəmanlarına
ümidsiz baxmır, onların mövqeyini və əqidəsini
birtərəfli təsvir etmək yolunu tutmur. Hər bir personajın
düşdüyü situasiyaya yanaşmasını,
yanaşmalar arasındakı fərqləri gözdən
qaçırmır. Bütövlükdə
qəhrəmanların "ölü diriltmək" əhvalatına
münasibəti ürəkaçan olmasa da, bəzilərinin
cərəyan edən hadisələrə şübhə
tendensiyası ilə yanaşması diqqətdən yayınmır.
Əslində, bu cəhət, sənətkarın
gerçəkliyə ümidli baxışlarını ifadə
edir. Ən azı dəstənin
başçısı, ağsaqqalı kimi təsvir edilən
Hacı Həsən ağanın hadisələrə
münasibətdə başqalarından fərqləndiyinə
diqqət çəkmək olar.
Doğrudur, ədəbiyyatşünaslıq Hacı Həsən
ağanın içindəki tərəddüd
işığının tez sönməsini əsas gətirərək
onu "ölülər" cərgəsindən
ayırmır.
Əslində isə Hacı Həsən
ağanın içindəki tərəddüd kifayət qədər
davamedici xarakter daşıyır və hadisələrə bəsirət
gözü ilə yanaşma ilə bağlı daxili potensialı
işarələyir. Ədəbiyyatşünaslığımızda
diqqəti çəkməsə də, qeyd edək ki, İsgəndərdən
sonra "ölülər"in dirilməsi əhvalatına,
qismən də olsa, ayıq münasibəti Hacı Həsən
ağa nümayiş etdirir. Əlbəttə,
o, İsgəndər kimi, qəti inkar mövqeyində
dayanmır. Ancaq burası da var ki, mühit
İsgəndəri qəbul etmədiyi üçün onu bu əhvalata
inandırmağa yox, hadisələrdən kənar
saxlamağa və zərərsizləşdirməyə
çalışır. Lakin bütün cəhalət
mühiti özünə borc bilir ki, Hacı Həsən
ağa da onlarla bir cərgədə olsun.
"Ölülərin dirilməsi" əhvalatına
münasibətdə Hacı Həsən ağanın tez-tez
işlətdiyi xarakterik ifadələr - "məəttəl
qalmışam", "çünki çox qəribə
işdir: insan məəttəl qalır", "vallah,
dünyanın işinə məəttəl
qalmışam" sözləri və daxili tərəddüdlərin
psixoloji əhval-ruhiyyəsində yaratdığı gərginlik
mühitin "ölüləşməyə" müqavimət
duyğusunu, hadisələrə münasibətdə
ayıqlığın potensiyasını ifadə edir.
Hacı Həsən ağanın "yəni həqiqətdə
bu bir möcüzədir ki, insan öləndən sonra dirilə
və bizim kimi ağıllı-başlı adam
ola" sözləri hadisələrə fərdi
düşüncə ilə baxışdır; hadisələri
ağıldan və idrakdan keçirmək meylidir; baş verənlərin
ağıl və idrakın müqavimətinə rast gəlməsinin
təzahürüdür.
İsgəndər
hadisəyə birmənalı münasibət göstərir,
qəti rədd mövqeyi tutur, çünki oxuyub, təhsil
alıb, "Quran" həqiqətlərindən xəbəri
var. Hacı Həsən ağa oxumayıb, təhsil almayıb
(bəlkə də ibtidai dini təhsili var, lakin bu təhsilin
sxolastik səciyyəsi, əzbərləməyə söykənməsi,
ona "Quran" həqiqətlərinin mahiyyətini başa
düşməyə imkan verməyib. Fikrimizcə,
müəllimin Cəlala keçdiyi dərsdə bu təhsilin
əzbərləmə üsuluna söykənməsinə tənqidi
münasibət var), buna görə də "Quran" həqiqətlərindən
xəbərsizdir. Ancaq diqqət edilsə,
onu başqalarından fərqləndirən bir nüans da var.
O, uşaqlarını oxutmağa meyllidir. İsgəndəri
"kafirlər içində" oxutdurub, təhsili yolunda
"öz ağırlığı qədərincə"
pul qoyub. Ancaq indi peşman olsa da, kafirlər
içində oxumağın əleyhinə olsa da, ümumən
oxumağın əleyhinə deyil. Kiçik
oğlu Cəlalın oxumasına yaratdığı şərait
də bunu sübut edir. Hacı Həsən
ağanın şübhələrinin əsasında da həmin
bu oxumağa meyil tendensiyası dayanır. Adətən,
"Ölülər" mühitinin büsbütün
zülmət bir mühit olması və İsgəndərin
bu zülmət mühitində bir "işıq
şüası" kimi parlaması məsələsi önə
çəkilir necə. "Ölülər"
mühitində İsgəndərin təkliyi də, təklikdən
doğan faciəsi də tez-tez diqqət mərkəzinə
çəkilən yanaşmalardandır. Məsələnin
başqa bir tərəfi də var.
"Ölülər"in maarifci
mühiti
(İsgəndər tək deyil)
"Ölülər"də təsvir edilən XX əsr
mühitinin reallıqlarını Mirzə Cəlil ancaq
qaranlıq, cəhalət mühiti kimi təsvir etmir. Qeyd edək
ki, əsərin bədii mətni bu mühitin
işıqlı qüvvələrinin əsərdə ancaq
İsgəndərin obrazında təmsil olunması fikrinə
tənqidi yanaşmağı zərurətə çevirir.
Bunun üçün Hacı Həsən ağanın İsgəndərlə
bağlı şikayətlərinin məzmununa diqqət yetirək:
"Hələ bir para namərdlər müsəlmanları məzəmmət
eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu
da sənə dərs! İndi qoy gəlib, dərs
oxuyanları görsünlər. Allah mənə min dəfə
lənət eləsin, əgər bir də mən uşaq
göndərəm gedə uzaq yerdə kafirlər içində
dərs oxumağa! Yəni (mən) başı
küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar ki, xalq başını salsın
aşağa, öz bildiyini eləsin.
Yapışırlar yaxamdan ki, hacı, uşağına
yazığın gəlsin, Allaha şükür, məqdurun
var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun: incinar
olsun, həkim olsun, silistçi olsun, nə bilim nə zəhrimar
olsun. Bəli göndərdik".
Bu nitq dioloji xarakterlidir.Təkcə Hacı Həsən
ağanın dünyagörüşünün ifadəsi
deyil. Hacı Həsən ağanın nitqi onun
yaşadığı cəmiyyətdə maarifçilik hərəkatının
vüsət aldığını və əməli-praktik nəticələr
verdiyini göstərir. Hacı Həsən
ağada oğlu İsgəndəri Firəngistanda (Fransada)
oxutmaq ideyası haradan əmələ gəlib?
İdeyanın müəllifi onun nitqində yer alan "bir
para namərdlər"dir. Hacı Həsən ağanın nəticədən
narazı qaldığı bir situasiyada "bir para namərdlər"
kimi xarakterizə etdiyi qüvvələr cəmiyyəti elm, təhsil,
tərəqqi, Avropa yoluna çıxarmaq uğrunda mübarizə
aparan mücahidlərdir. Bu mücahidlər tək-tək
fərdlər deyil. Bütöv bir hərəkat
səviyyəsindədir. Əgər onlar bu cəmiyyətdə
mötəbər bir mövqe tutan Hacı Həsən
ağanı oğlunu oxutmağa razı sala bilirlərsə,
deməli, mühitdə nüfuzları var. Onlar İsgəndərin
oxumağa getməsinə nail olan qüvvələrdir - onun sələfləridir,
eyni zamanda müasirləridir. Bu sələflərin
milli cəmiyyətdə Əli bəylərdən, Heydər
ağalardan, hətta İsgəndərdən fərqli bir
mövqedə və nüfuzda olduğunu düşünmək
əsərdə təsvirini tapan reallıqdan mayalanır.
Bu reallıq, eyni zamanda Hacı Həsən ağanın
tərəddüdlərinin mənbəyini də
açır.
Onun hadisələrə yarımbəsirət
gözü ilə baxışları həm də bu
ziyalı qüvvələrlə ünsiyyətindən
doğur. Hacı Həsən ağa bu
ünsiyyətin real nəticələrindən razı qalmasa
da, həmin ziyalı qüvvələrin onun düşüncəsinə
təsiri şüuraltında, zəif şəkildə olsa
da, qalmaqdadır. Əsərdə təsvir
olunan bütün bir silsilə hacı, kərbəlayı, məşədi
obrazlarının heç birinin düşüncəsində
Hacı Həsən ağadakı hal müşayiət
olunmur. Hacı Həsən ağanın tərəddüdləri
az qalır ki, bəzən qəti inkar məqamına
yüksəlsin: "Bilmirəm dirildəcək, ya diriltməyəcək.
O bağlıdır Allahın iltifatına. Mənim
özümün də ağlım çaşıb;
heç bilmirəm nə cür dirildəcək.
Allahın iltifatı olsa, bu nə bir çətin işdir?". Hiss olunur ki, Hacı Həsən
ağanın bütün şübhələri maarifçi
mühitin onun düşüncəsinə təsirindən irəli
gəlir. Beləliklə, müəllif Hacı
Həsən ağanın əməl, düşüncə,
inanc və xarakterini maarifçi qüvvələrlə cəhaləti
təmsil edən qüvvələrin mərkəzində
sınağa çəkir.
Hacı Həsən ağanın maarifçilik hərəkatının
onun düşüncəsinə müsbət təsiri zəminində
meydana çıxan şübhələri "ölülərin
dirilməsi" əhvalatına tam ayıq münasibətə
çevrilə bilmir. Elə müəllifi də, ilk növbədə,
düşündürən məsələnin bu tərəfidir.
Buna görə də mühitin təhlili önə
keçir. Bu mühitdə "ən ayıq adam da ən sərxoş adam vəziyyətində
çıxış etdiyi kimi" (Y.Qarayev),
düşüncəsində şübhə toxumları ən
açıq bir şəkildə yer alan adam da öz
mövqeyindən geri çəkilməli olur. Ölülərin
dirilib bu dünyaya qayıtmasının cəfəngiyatdan
başqa bir şey olmadığını dəqiq bilib, onu ətrafındakılara
sübut etmək imkanında olmayan və bu
imkansızlığın yaratdığı psixoloji durumda
daha artıq sərxoşlaşan və dəli olmaq dərəcəsinə
gələn İsgəndərlə müqayisədə,
Hacı Həsən ağanın fanatik mühitin təsiri ilə
öz tərəddüdlərindən uzaqlaşıb onlara dəstək
verməsi komediyada cərəyan edən hadisələrin tragizmini
şərtləndirən amillər arasında yer alır. Bir danılmaz həqiqət var ki, Hacı Həsən
ağa Kərbalayı Fətullahın dirilmə xəbərini
eşidəndə də, Şeyxi qarşılamağa
hazırlaşanda və qarşılayanda da onun içindəki
şübhə qalmaqda idi. Bu şübhəni
silib atan, onu dərəcəsiz bir qorxu, xofla əvəz edən
məhz Şeyx Nəsrullahın moizələri və psixoloji
hücum və təlqinləri olur. Məhz bu zaman
Hacı Həsən ağa "qabağa yeriyib,
düşür Şeyx Nəsrullahın qabağında səcdəyə"
və deyir: "Şeyxim, bizə rəhmin gəlsin, biz
yazığıq. Biz hər halda sizin əmrinizə
itayət etməyə hazırıq. Bizə
yazığın gəlsin". Hacı Həsən
ağanı Şeyx Nəsrullahın ayaqlarına qapanmağa
məcbur edən Allah qorxusudur. Çünki
Şeyx Nəsrullah bilərəkdən bütün moizəsini
qiyamət gününün qorxusu üzərində qurur.
Allah hökmləri haqqında həqiqi biliyi və
təsəvvürü olmayan müsəlman bəndəsinin
bu situasiyada başa düşdüyü ancaq və ancaq Allah
qorxusu, qiyamət qorxusudur. Onun
savadsızlıq, maarifsizlik ucbatından Şeyx Nəsrullahın
dediklərini həqiqət tərəzisinə qoyub
ölçmək və sərbəst qərar
çıxarmaq imkanı yoxdur. Buna görə
də özünü büsbütün Şeyx Nəsrullahın
ixtiyarına verməkdən başqa çarəsi yoxdur.
Mirzə Cəlil möminin Allah qarşısında
borcunu "səhərdən axşamadək səccadə
qabağında namaz qılmaq"la yerinə yetirəcəyi
və yaxud Allah qarşısında borcun ancaq və ancaq oruc və
namazdan ibarət olması düşüncəsi ilə
razılaşa bilmir.
İstər maarifçi, istərsə də tənqidi
realistlərin düşüncəsində möminlik şərtinin
oruc-namazla yekunlaşması, Allah qarşısında
"Quran" və şəriət ehkamlarından irəli gələn
digər borclara əməl edilməməsi müqavimətlə
qarşılanır, tənqid obyekti olurdu. Allahını
tanımağın oruc-namazla bitməsinə dair möminə
təlqin olunan fikirlər, möminliyi şərtləndirən
digər məsələlərə laqeyd münasibət onun əxlaq
və mənəviyyatında, sosial həyatında
atdığı addımlarda naqisliklər doğurur, bu istiqamətdəki
hərəkət və əməlləri
qarşısında mənəvi məsuliyyət
daşımamağa gətirib çıxarırdı.
"Ölülər"in hacı, kərbəlayı
və məşədilərdən ibarət personajlarına
İsgəndərin irəli sürdüyü ittihamlar məsələnin
bu tərəfi ilə bağlı idi.
Din tənqid hədəfi deyil,
çıxış nöqtəsidir!
"Qurani-Kərim"də qadın hüququ məsələsi
bütün incəlikləri ilə yer alır və qorunur. Yetimlərin
malını yemək qiyamət günündə Allah
qarşısında bağışlanmaz günahlar
sırasında yer alır.
Bəs
niyə "möminlər" - Hacı Həsən
ağalar, Hacı Baxşəlilər, Hacı Kazım,
Hacı Kərimlər, Mir Bağır ağalar qadına,
yetim malına münasibətdə özlərinin möminlik
borclarını yerinə yetirməyə həvəs göstərmirlər?
Niyə "mömin" adlanan bəndələr,
bir qayda olaraq, cəmiyyətdə ciddi sosial problemlərə
yol açan əməllərə yol verirlər?
Mirzə Cəlilin birmənalı
qənaəti bundan ibarətdir ki, bunun əsas səbəbi
ümmətə "Qurani-Kərim" hökmlərinin ya
yarımçıq, ya yanlış
çatdırılmasıdır. Dini hökmlərin həqiqi məzmununun
insanlara çatdırılmasında dözülməz hal
alan maarifsizlik, onların bu hökmlərin həqiqi mahiyyətini
dərk edib, əməl və fəaliyyət düsturuna
çevirmək imkansızlığı, Allah kəlamlarının
ana dilinə tərcüməsinə din xadimlərinin göstərdiyi
müqavimət, millətin böyük kütləsinin ərəbcə
oxuyub dərk etmək imkanlarının məhdudluğu, bundan
istifadə edən din xadimlərinin daha çox özlərinin
mənafeləri nöqteyi-nəzərindən sərfəli
olan ayə və hökmlər üzərində dayanması,
insanlarda "Allahın hikmətinə əl aparmaq olmaz"
fikrinin hərfi mənada güclü təlqini, insan düşüncəsinin
"Qurani-Kərim"də böyük yer verilən hər
şeyə ağlın və idrakın gözü ilə
yanaşmaq, "Allahın onlara verdiyi ağıl və iradə
ilə haqqı batildən ayırmaq", beləliklə,
düşüncənin sərbəstliyinə verilən
imkanların din xadimləri tərəfindən bilərəkdən
arxa plana keçirilməsi insanın sosial həyatında və
əxlaqi-mənəvi dünyasında böyük problemlərin
yaranmasına gətirib çıxarır ki, XX əsr sənətkarları,
o cümlədən Mirzə Cəlil bütün bunları
estetik düşüncənin predmetinə çevirməklə,
nəticə etibarilə ictimai düşüncədə
sağlam mövqelərin formalaşmasına
çalışmışlar.
Təyyar
SALAMOĞLU
Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.18-19.