Kəpənək parkı

 

Romandan parça

 

Süleyman peyğəmbər quşların dilini bildiyi kimi, Sənan da güllərlə danışmağı bacarırdı. Özü maşın ustası olsa da, həyəti gülüstanı xatırladırdı; burda hər növ gülə, çiçəyə rast gəlmək olardı. Öz əliylə saldığı bağçada gül gülü, bülbül bülbülü çağırırdı. Həyətə qədəm qoyan çiçəklərin ətrindən bihuş olurdu. O, güllərə özü qulluq edirdi, bu işi heç kəsə etibar etmirdi. Sənanın bu hüdudsuz gül sevdası çoxlarına təəccüblü görünürdü. Bəziləri, hətta ona lağ edirdi: "qız kimi bütün günü güllərlə oynayır". Sənan deyilənlərə əhəmiyyət vermirdi, bütün sevgisini, mehrini-məhəbbətini güllərə bağlamışdı.

Hər çiçəyin müxtəlif xarakteri, ətri olduğu kimi, özünəməxsus mənaları var. Sənan bu mənalara vaqif olmaqla onların qayğısına qalır, onlarla söhbətləşirdi. Güllər dil açıb onunla danışırdılar. Nilufər gələcəkdən xəbər verirdi, kamelya məğrur görkəmiylə ona enerji, güc bəxş edirdi, zanbaq inam aşılayır, orxideya qürurunu oxşayırdı, bənövşədən təvazökarlığı öyrənmişdi. Qızılgüllər yarpaqlarını qulaq formasında oval şəklinə salaraq insanlara "dinləyirəm" mesajını verir. Qonşular bu həyətə daxil olarkən hər hansı bir mənfi və ya müsbət söhbət əsnasında güllərin müvafiq olaraq ləçəklərini dağıdıb və ya şaxələndirərək reaksiya verdiklərinin şahidi olmuşdular. Sarı ləçəkləri üzərində qırmızı çillər olan yaddaş çiçəyi Sənanın ən çox inandığı güllərdən idi. Bu çiçək insanların hissiyatını duyaraq ona reaksiya verməyi bacarırdı. Yaddaş çiçəyi adamın mənfi enerjisini duyarsa, dərhal ləçəklərini qapadaraq küsür. Bu çiçək vasitəsilə Sənan qapıdan içəri girən qonağın hansı niyyətlə gəldiyini anlayırdı. Əgər gələn adam pis niyyətli idisə, çiçək ləçəklərini yığırdı, xoş niyyətli idisə, ətir saçmaqda davam edirdi.

Sənan kənddə təkcə Məbud kişi ilə dostluq edirdi. Məbud kişi sovetlərin dağılması ərəfəsində həyətində bir neçə istixana qurmuşdu və qərənfil yetişdirməklə məşğul idi. Əvvəllər avtobus sürücüsü işləsə də, sonradan gülçülük onun yeganə məşğuliyyətinə çevrildi. Bu işdə ona iki oğlu da köməklik edirdi.

Məbud kişi kənddə Gülçü ləqəbilə tanınırdı. Qapısında həmişə gül alverçilərinin növbəsi olurdu. Gülçü Məbudun yetişdirdiyi qərənfillər Moskva bazarlarını bəzəyirdi. Dolanışığı xeyli yaxşılaşmışdı, köhnə evini söküb yerində ikimərtəbəli mülk tikmişdi.

Bir gün səhər Məbud kişi vacib iş dalınca evdən çıxanda qarajda saxladığı "Qaz-24" heç cür işə düşmədi. Qonşusu məsləhət gördü ki, maşını Sənanın yanına aparsın, yaxşı ustadır, o baxıb dərdini deyəcək. Sənan maşının kapotunu qaldırıb ora-burasına baxdı, ehtiyat hissələrinin sazlığını yoxladı və axırda dedi:

- Ağsaqqal, startr ömrünü sənə bağışlayıb, təzəsini almalısan.

Məbud kişi təzə ehtiyat hissələri alıb gətirdi. Sənan maşının üstündə xeyli əlləşdi. İş əsnasında Məbud kişiylə yaxından tanış oldular. Sənan həyətlərində saldığı bağ-bağçadan danışdı. Onun söhbəti Məbud kişinin diqqətini cəlb elədi. Sənan Məbud kişinin onun güllərlə bağlı söhbətinə bu qədər maraq göstərməsinə sevindi. Nəhayət, bu mövzuda özünə yaxın həmsöhbət tapmışdı, buna görə işini bitirdikdən sonra onu buraxmadı.

- Məbud kişi, gəl gedək, həyətimizdəki gülləri sənə göstərim.

Məbud kişi həvəslə razılaşdı.

Həyət incə bir sis pərdəsinə bürünmüşdü. Bağçadakı rəng müxtəlifliyini gizlədə bilməyən sis həyətdə sirli-sehrli bir ab-hava yaratmışdı. Güllər gövdələrini gizlədən sisi dələrək təpələrində uçuşan sərçələrə yoldaşlıq edirmiş kimi xəfif bir əsinti ilə sağa-sola əyilirdi. Səssizliyi quş səsləri və həyətdəki kiçik hovuzdan gələn su şırıltısı pozurdu.

Güllərin fərqli rəng çalarları, ətri, rayihəsi, gözəlliyi Məbud kişini heyran qoydu. Heyrət içində həyətdəki bağçanı dolaşmağa başladı. Məbud kişi yaddaş çiçəyinə yaxınlaşanda Sənan həyəcanlandı. Səbirsizliklə çiçəyin reaksiyasını gözlədi. Yaddaş çiçəyi şahanə görkəmini pozmadı. Sənan uşaq kimi sevindi; demək, Məbud kişi təmiz adamdır, onunla dostluq etməyə dəyər. Beləcə, aralarında xeyli yaş fərqi olsa da, dostluqları başlandı.

Məbud kişi heyrətini gizlədə bilmədi:

- Oğul, sən bu qədər gülü bir həyətə necə toplamısan? Doğrudan da möcüzədir.

- Mən bu işə illərimi vermişəm, Məbud kişi. Maşın ustası olmağıma baxma, əsas işim bu güllərə qulluq etməkdir. Onlar mənimlə, mən də onlarla nəfəs alıram. Bir gün onların ətrini duymasam, onlarla söhbət etməsəm, nəfəsim kəsilər.

- Əhsən sənə! Bu balaca həyətdə əməlli-başlı cənnət yaratmısan. Güllər səni eşidir, sən onların əhvalını duya bilirsən. Möcüzədir, buna necə nail olmusan? - deyə Məbud kişi soruşdu.

- Bu güllərə aid verilən hər sual bir toxumdur. Zaman keçdikcə zoğ atır, qönçə olur, sonra ləçəklərini açır, ətrini ətrafa saçmağa başlayır.

- Maraqlı mühakimədir. Sən çox maraqlı adamsan, Sənan. Səninlə tanışlığıma çox şad oldum. Mən özüm də neçə ildir gülçülüklə məşğul oluram. Amma heç vaxt gülləri danışdırmaq ağlıma gəlməyib. Mən sadəcə, qərənfil əkirəm, onlara qulluq edirəm, vəssalam.

Aldığı hər nəfəslə içinə dolan gül qoxusu Məbud kişini nağıllar aləminə aparıb çıxarmışdı. Sənanın çiçəklərlə həsb-halını heyranlıqla müşahidə edirdi. Sənan səhləb çiçəyinə nəsə pıçıldadı, çiçək təsdiq mənasında başını tərpətdi. Məbud kişi heyrətə gəldi.

- Sən sehrkarsan, çiçəklərin dilini bilən adam! - dedi. - Bu çiçəklər öz varlıqlarına görə sənə borcludurlar.

- Xeyr, onlar gözəlliklərinə görə torpağa borclu olduqlarını bir an belə unutmurlar. Bir gün solacaqlarını, toxum olub torpağa düşəcəklərini və yenidən torpaqdan cücərəcəklərini bilirlər.

- Bəs sən onların nə dediyini necə eşidirsən?

- Bunun qızıl qanununu sənə deyərəm, - Sənan gülümsədi.

- İndi de, - Məbud kişi səbirsizliklə dilləndi.

Sənan güllərin başına dolanaraq, sanki əfsun oxuyurdu. Handan-hana bu aləmdən ayrılıb özünə gəldi.

- Gülü güldən eşitmək, ondan öyrənmək lazımdır. Onları tanımağın tək yolu budur.

Məbud kişi doğrudan da, qeyri-adi bir insanla tanış olmuşdu. Həyatında hələ belə möcüzə ilə qarşılaşmamışdı. Sanki ona bihuşdarı vermişdilər, güllərin nəfəsi üzünə toxunduqca məst olurdu.

Sənanın anası Zümrüd xanım onlara pürrəngi çay gətirdi, eyvanda oturub gül mürəbbəsi ilə çay içməyə başladılar. Sənan Məbud kişiyə güllərin hekayətini danışmağa başladı.

 

***

 

Sənanın atası Arif kişi də maşın ustası idi, həyət-bacanı həmişə səliqəli saxlayırdı. Evin qarşısında əkilmiş çəhrayı, qırmızı qızılgüllər həyətə xüsusi yaraşıq verirdi. Bu güllərin toxumunu ona bilgəhli dostu Ağadayı vermişdi. Qızılgüllər böyüyüb boy atınca onların böyür-başında məxməri güllər də bitməyə başladı. Arif kişi onlara da qayğı ilə yanaşır, qulluq edirdi. Sənan uşaqlıqdan həyətdəki güllərə maraq göstərir, atası evdə olmayanda saatlarla onların tamaşasına durur, onlarla danışırdı.

Orta məktəbin ədəbiyyat dərsində onlara Natəvanın "Qərənfil" şeirini əzbərləməyi tapşırmışdılar. Sənan bu şeiri həyətdəki güllərə baxa-baxa əzbərləmişdi. Güllər, sanki küskün ədayla dilə gəlmişdi: "Biz qərənfil deyilik, bizim şeirimizi oxu".

Atası işdən gələndə başının üstünü kəsdirmişdi.

- Ata, həyətimizdə qərənfil niyə yoxdur?

Atası əvvəlcə duruxmuşdu, sonra oğlunun başını sığallayıb gülümsəmişdi:

- Qərənfil də olar, oğlum. Amma gərək onlara xüsusi qulluq edəsən.

- Mən qulluq edərəm, - demişdi Sənan.

Arif kişi oğlunun güllərə bağlılığını görüb sevinirdi. Amma Sənanın dərs oxumaqla heç arası yox idi. Atası nə qədər danlasa da yenə dərslərində axsayırdı. Bir dəfə yenə gündəliyinə baxanda "2"ləri görüb bərk əsəbiləşdi.

- Bax, sənə deyirəm, dərslərini yaxşı oxumasan, həyətdəki gülləri başqalarına bağışlayacam, - dedi.

Düşündü ki, bəlkə bundan sonra Sənan dərslərinə diqqət edər. Doğrudan da, Arif kişinin bu xəbərdarlığından sonra Sənan bir müddət vaxtını dərslərinə sərf etməyə başladı. Amma Arif kişi anlayırdı ki, oğlu təhsil almaq həvəsində deyil. Fikirləşdi ki, heç olmasa, öz sənətini ona öyrətsin. Əlində sənəti olar, ona-buna möhtac olmaz. Beləcə, Sənan elm dalınca yox, sənət dalınca getdi və atası kimi elektrik oldu. Amma güllər də onun həyatının ayrılmaz parçasına çevrildi. Atası dünyasını dəyişəndən sonra bütün mehrini güllərə, çiçəklərə saldı. Müxtəlif yerlərdən, müxtəlif adamlardan adını eşitdiyi güllərin toxumunu əldə edir, gətirib həyətə səpirdi, onların xüsusiyyətlərini öyrənirdi. Əməlli-başlı gül üzrə mütəxəssis olmuşdu. O, öz dilindən başqa həm də güllərin dilini bilirdi. Natəvanın məşhur qəzəlinin birinci beytindəki məna ilə heç cür razılaşmırdı. Xan qızı belə yazmışdı:

 

Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,

Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.

 

Sənan düşünürdü ki, güllər vəfasız deyil, vəfasız olan insandır. Gülün səfası da var, vəfası da. Güllər ləçəklərini töküb torpağa qarışsa da, yenidən canlanır, birdəfəlik yox olmur. Hər yaz mövsümündə güllər yenidən həyata qayıdır. Belə olan halda onlara necə vəfasız demək olar?! Sənan bəlkə də klassik ədəbiyyatda Natəvanı "neprav" çıxaran yeganə adam idi.

 

***

 

Bir gün Nahidə işə gələndə qızlar onun əlində bir qom çiçək gördülər. Çiçəklərin ətri bütün sexi bürümüşdü, tikişlə məşğul olan qadınlar qeyri-ixtiyari başlarını qaldırıb heyranlıqla Nahidənin əlindəki çiçəklərə baxdılar. Lamiyənin ürəyi atlandı, tez işdən ayrılıb Nahidəyə yaxınlaşdı və çiçəklərin ətrini sinəsinə çəkdi. Qəlbini izaholunmaz bir həyəcan bürüdü. Bu, ona tanış olmayan bir hiss idi.

- Qardaşımgilin həyətindəndir, - Nahidə dedi.

Ürək xəzinəylə dolu büllur bir sandığa bənzəyir, içində nələr olduğunu bir kimsə bilməz. Bəzən bir gül o sandığın açarı ola bilir. Lamiyə nərgizlərin nəfəs almasını hiss etdi, onları doyunca qoxlayandan sonra Nahidədən xahiş etdi ki, bir dəstə ayırıb ona versin. Nahidə çiçəklərin yarısını Lamiyəyə verdi. Lamiyə çiçəkləri su dolu qabda öz iş masasının böyrünə qoydu. Çiçəklər gün boyu Lamiyənin üzünə gülümsədilər. Nə vaxt başını işdən ayırıb onlara baxdısa, sevindiklərini gördü. Bu, əsl möcüzə idi. Qızlara bu haqda danışsaydı, onu dəli zənn edərdilər. Necə yəni? Heç gül də gülümsəyə, sevinə bilər? Lamiyə bunu qızlara heç cür izah edə bilməyəcəkdi. Onu yalnız İlahə anlaya bilərdi.

- İlahə, gedək mənim güllərimə bax. Onlar, sanki adama nəsə demək istəyir, - nahardan sonra Lamiyə rəfiqəsinin qoluna girərək onu iş masasının yanına gətirdi.

İlahə əvvəlcə bir şey anlaya bilmədi. Onlar birlikdə nərgizləri qoxladılar. Güllərin nəfəsində nəsə sehrli bir qüvvə vardı.

- Gülə can verən onun qoxusudur, - dedi İlahə. - Bu nərgizlər öz qoxusu ilə "mən varam" deyib öz varlıqlarını təsdiq edirlər.

Lamiyə sevincdən qollarını İlahənin boynuna dolayıb onu öpdü.

- Sən nə yaxşı qızsan! Sən mənim əkiztayımsan, İlahə. Nə yaxşı ki, bir-birimizi tapmışıq. Məni ancaq sən anlayırsan, səni yalnız mən hiss edə bilirəm.

İlahə güldü. Bir əhvalatı rəfiqəsinə xatırlatmaq istədi:

- Yadındadır, neçə il bundan əvvəl məhəlləmizə bir gülsatan kişi gəlmişdi.

- Həə, arıq, üzütüklü adam idi. Bir müddətdən sonra da yoxa çıxdı, - Lamiyə keçən günlərə daldı.

- Həmişə saxta, cansız, qoxusuz güllər gətirərdi. Biz o gülləri xoşlamazdıq. Deyərdik ki, dayı, bizə canlı güllər gətir.

- O da gülüb deyərdi ki, qızım, o güllər tez solur. Mənim gətirdiyim güllər isə heç vaxt solmur.

- Başımızı aldatmaq istəyirdi. Biz də uşaq idik, elə bilirdik ki, güllər solanda ömrü də başa çatır. Adamlar da süni güllərə alışmışdılar. Evlərin pəncərələrini süni güllər bəzəyirdi. O güllər illərlə evlərin bir küncündə qalıb tozlanırdı, unudulurdu, - İlahə müdrikcəsinə gülümsədi.

- Onda bizi gülün qoxusu yox, forması, gözəlliyi cəlb edirdi.

İlahə filosof ədası ilə dedi:

- Biz çox vaxt insanlara da bu cür yanaşırıq, içindəki cövhəri deyil, zahiri yaraşığı qiymətləndiririk və yanılırıq. Süni güllər olmasa, təbii güllərin dəyəri bilinməz.

- Nə gözəl dedin, İlahə. Sənin dərin düşüncələrin məni heyran edir.

- Sənin də gülləri duymağın, onları eşitməyin məni heyrətləndirir, - İlahə dedi.

Gülüşdülər. Nahidənin gətirdiyi çiçəklər olmasaydı, illərin o tayında qalmış balacaboy, sısqa kişini bəlkə bir də heç vaxt xatırlamayacaqdılar. Çox güman ki, onun nə vaxtsa bu dünyada olduğunu indi bir kimsə xatırlamır. Yəqin, çoxdan ölmüş olar, deyə düşündülər.

Çiçəklər solanda, ətri canından çıxanda Lamiyə kədərlənmişdi, uşaq kimi dodaqlarını büzmüşdü. Hiss etdi ki, bundan sonra nərgizlər üçün darıxacaq. Nahidəyə yaxınlaşıb çəkinə-çəkinə dedi:

- Mənim çiçəklərim soldu.

Nahidə başını işdən ayırıb Lamiyəyə baxdı və gördü ki, elə bil qızın da çiçəklər kimi rəngi solub. Gülümsədi:

- Üzülmə, Lamuşum. Bu sənin günahın deyil ki. Güllərin təbiəti belədir, bir gün açılan bir gün solur. Amma çiçəklər heç vaxt ölmür. Əgər istəsən, yenə sənə nərgiz gətirərəm.

Lamiyənin üzü bir anda işıqlandı, sevincək Nahidənin çiyinlərini qucaqladı:

- Doğrudan? Çox sevinərəm. Onların ətrinə elə öyrəşmişdim ki. Güllər solub deyə, elə bil nəfəsim də çatmır.

Səhəri günü Nahidə işə gələndə bir qucaq nərgiz gətirmişdi. Nərgizlərin ətri bütün tikiş sexini bürümüşdü. Lamiyə çiçəkləri dibçəkdə bəsləyirdi, pəncərədən süzülən gün işığı nərgizlərə həyat bəxş edirdi. Nərgizlər isə öz növbəsində, yeriyən çiçəklərə öz ətrindən pay verməkdəydi.

Lamiyə nərgizlərə o qədər alışmışdı ki, masası boş olanda heç bir iş görə bilmirdi, bir dəfə az qala, barmağını tikiş maşınının iynəsi altında qoyacaqdı. Nahidə qardaşının güllərindən elə heyranlıqla danışırdı ki, qızlar bu möcüzəli məkanı görməyə can atırdılar. Sənanın gül bağçasıyla ən çox maraqlanan Lamiyə idi. Nərgizlər onu sehrləmişdi. Nahidə danışırdı ki, qardaşı güllərin dilini bilir, onlarla əməlli-başlı söhbət edir. Lamiyə bütün varlığı ilə hiss edirdi ki, nərgizlər ona nəsə demək istəyir, dibçəkdə uçunur, çiçəklərini əsdirib həyəcanlanır. Bu həyəcan qeyri-ixtiyari Lamiyəyə də sirayət edirdi. Lamiyə indiyə qədər heç vaxt belə hisslər keçirməmişdi. Bu, yeni duyğu idi...

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.20-21.