Taykeş çarığın
nağılı
“Etno(bio)qrafik sms
– yazılar” silsiləsindən
I
Mirzalı atasının sağ ayağından kirli-tərli
dolaqlı əsgər
çəkməsini zorla
dartıb çıxartdı
və qapının ağzına tulladı. "Üç
gündür ayağımdan
çıxmır" - Həmid
babam dedi.
Güllər cijim ləyən gətirib kişinin ayağını isti suda ovxaladı, sol ayağının dizdən
yuxarı qatlanıb belinə sancaqlanmış
şalvarının balağı
aşağı yelləndi. Babam rus-nemes
davasına iki ayağı ilə, Alı oğlu Həmid adı ilə kənddən çıxmışdı, amma
bir ayağı ilə, Topal (Çolaq) Həmid ayaması ilə qayıtmışdı. Davadan qabaq
kimin uğuruna çıxsaydı, deyirdilər
ki, Həmidin ayağı yüngüldü.
İndi isə kişi çəpərin
başında, qapının
ağzında görünən
kimi yolu dəyişərdilər. Topal adamın
uğura çıxması
xeyirliyə deyildi.
- Çəkmənin o biri tayını da gətirəydin, uşaqlardan
biri geyinərdi, yetimlərin ayaqları yalın qalıb, - Güllər cijim dedi.
- Qospitalda yadıma çəkməmi düşürdü?
- dedi babam və bir də
onu dedi ki, sabah
gərək özümə
çarıq tikim.
Çarıqların durur ki!.. Heç
uşaqlara da qıymadım - dedi Güllər cijim və arpa anbarına
tərəf yönəldi.
Babamın gözləri doldu,
çarıqları sığallaya-sığallaya:
"Arvad, atana rəhmət!" - dedi.
Həmid babam gündəlik geydiyi çarıqlardan əlavə, toy-bayram üçün həmişə
bir-iki cüt çarıq da tikirdi. Bu, həmin çarıqlar idi. Dava qalxdı, heç ayağına geyməyə
macal tapmadı.
Həmin axşam Həmid babam çəliklərini
taxtın ayaq tərəfində divara söykədi, çarıqlarını
isə taxtın altında cütlədi. Çarıqlar sevdalı qumrular kimi baş-başa verdilər.
II
Babam çarığını
özü tikirdi. Sağ ayağını qızıl
öküzün aşılanmış
gönünün üstünə
qoyub ölçüsünü
götürürdü. Çarığı ya mumlanmış ipliklərlə, ya da göndən çəkilmiş "şırım"larla,
qabaqdan dabana doğru tikirdi. Çarıq hazır olanda
"Ay uşaq, bunun sevgilisini çağırın
gəlsin, bir-birilə
tanış olsunlar"
- deyirdi. Taykeş çarığı
gətirirdilər. Kişi çarıqları
qoşalaşdırıb "di qoşa qarıyın"
- deyirdi.
İldə iki-üç dəfə
çarığın tayını
dəyişməli olurdu. Orta dirəkdən,
paslı mismardan asılı qalan taykeş çarığı
isə mal piyi ilə yağlayırdı.
Evdə
artıq adət halını almışdı:
elə ki, kişi boz
kilimli taxtın üstünə uzanırdı,
ya da qotazlı
mütəkkəyə dirsəklənib
çay içirdi - gəlin dirəkdəki taykeş çarığı
gətizdirirdi, ikisini də güllü corabları ilə bir yerdə taxtın altında cütləyirdi.
Həmid babam hər səhər, sabahın şirin yuxusu qara kərənlərin arasında yuva qurmuş sərçələrin
gözündən töküləndə
çarığını sağ ayağına geyinib çıxır, taykeş çarığı
yerinə qoyurdu.
Babam tək ayaqla o qədər gəzirdi ki, çarığı yorğun
düşür, gecələr
yolların daş-kəsəyindən
dabanı, pəncəsi
zoqquldayırdı.
Yayın cırcıramalı bürküsündə
yun corabların tər iyisindən nəfəsi kəsilirdi.
Payızın nəmişli alatoranlığında,
Paşagilin döngəsində
neçə dəfə
yağış gölməçəsinə
də düşmüşdü...
Yovşan
dibində kürt yatmış ana bildirçini, boz yalın bir unudulmuş tülkü ləpirində, arpa sünbülünə başını
qoyub yuxuya getmiş "narın gözlü, incəbelli"
qarışqanı bir
dəfə az
qalmışdı ki,
tapdalasın.
Taykeş çarıq isə bütün günü dirəkdə yellənir və bərk darıxırdı, yarasa mürgüsü ilə o
biri tayının gəlməsini gözləyirdi.
III
Mayın əvvəli idi. Partkom Fərhad həyətə
gəlib: "Həmid
əmi, ayın 7-də
raykomda olmalısan, müharibə veteranlarına
medal verəcəklər", - dedi və bir
də onu dedi ki, Həmid
əmi, sən Allah, ayağına da düz-əməlli ayaqqabı
geyin.
- Ay Fərhad, birdən-beşdən
mənim ayaqqabı geyindiyimi görübsənmi?
- dedi babam.
- Həmid əmi, raykomun qabağına çarıqlı - patavalı
çıxacaqsan? - partkom dedi.
- A bala, çobanın çarığı olar,
- dedi babam.
Kənd dükanında illərlə
heç kimin üzünə baxmadığı,
üstünü toz basmış, yapışqanı
kənara çıxmış
ayaqqabını əlacsız
bəyənib aldılar. Poçtalçı Mahmud taykeş ayaqqabının
altına xırdaca mismarlar vurdu.
Bu dəfə çarıqlar
dirəkdə başaşağı
sallandı, taxtın altında isə bir cüt ayaqqabı
yetim pişik balaları kimi bir-birinə qısıldılar.
Tədbirdən kişi yorğun və əsəbi gəldi.
"Bütün günü
ayağımda daş
gəzdirmişəm, rədd
eləyin bunu", - deyib ayaqqabını çıxartdı və
yenə çarığını
geydi.
IV
Babəkardan qəfil qalxan topa buludlar düz-dünyanı
qaraltdı, o boyda kəndi balacalaşdırdı. İldırımın zəhmindən göylər
yeddi yerdən param-param oldu. Yayın quraqlığında ilan kimi qabıq qoymuş susuz dərələrdə sellər-sular
bir-birinə qarışdı.
"Kişi təntiyəcək,
heyvanı da sel aparacaq", - deyib, əmim təpəyə tərəf
qaçdı.
Yağış babamı Əzzalı dərəsində tutmuşdu. Kişi tir-tir
titrəyirdi. Tez soyundurub
yorğan-döşəyə saldılar. Çarığın içinə lil-palçıq
dolmuşdu. "Daha bundan çarıq
olmaz" - deyib çölə tulladılar.
İki gün qızdırmadan babamın
gözü açılmadı. Ramiz həkim əl fənəri ilə gecələr iki dəfə xəstəni yoluxmağa gəldi və axırda kədərli səslə
"kişi ikitərəfli
möhkəm sətəlcəm
olub" - dedi. Həkimin nə dediyini hamı anladı.
Kişinin yeddisi verilən kimi, gəlin qapı-pəncərələri açdı, yorğan-döşəyi
çölə tökdü,
eyvanda, orta dirəkdən asılmış
taykeş çarığı
Yolçu müəllimin
çəpərinin dibinə,
çöplüyə atdı.
Hənim
gecə çarığın
üstünə əl
qalınlığında qırov
düşdü...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2020.- 11
iyul.- S.21.