İlk udmurt şairəsi - Aşalçi Oki

 

Feminizasiya müasir sosial-mədəni həyatımızın istənilən sahəsinə öz təsirini göstərir. Bu, udmurt ədəbiyyatından da yan keçməyib. Udmurt qadın poeziyası  - olduqca gənc poeziyadır.

Biz feminizasiyanın ilkin işartılarını 1917-1918-ci illər aralığında görə bilərik. İlkin zamanlardan başlayaraq bu tendensiya sürətli məqsədyönlü şəkildə inkişaf etmişdi.

Bugünün udmurt ədəbiyyatına adət-ənənə ünsürlərindən, yenilik kontekstindən, həm tarixi retrospektiv baxımdan bir daha nəzər saldıqda maraqlı mənzərə ilə qarşılaşmış olarıq.

Udmurt qadın lirikasının doğuluşu Aşalçi Okinin (Akulina Qriqoryevna Vekşina, 1898-1973) adı ilə bağlıdır. O, ilk cəsarətli udmurt qadınıdır ki, öz poetik sətirləri vasitəsilə "özünü dünyaya tanıtmağı bacardı". Bu hadisə 1917-ci il inqilabı zamanı baş verdi. O, eynilə Axmatovanın "mən qadınlara danışmağı öyrətdim" düşüncəsini metaforik yox, tam real tarixi kontekstdə təkrar edə bilərdi. Onun 37 şeirdən ibarət ilk orijinal kitabı "Syures durın / Yolun o tərəfində" 1925-ci ildə çap olunmuşdu. Bu kitab üç ildən sonra tərcümə toplusu olaraq növbəti dəfə çapa gedir.

Aşalçi Okinin poetik səsi 1920-ci illərin ziddiyyətli dönəmlərində möhkəmləndi. Udmurt yazıçısı, şairi, alim ictimai xadimi olan Kuzabay Herdom ilə bu xanımın tanışlığı ilkin dönəmlərdə onun yaradıcılığının açılışına xidmət etsə , sonda (1933 1937) iki dəfə ard-arda həbs edilməsiylə nəticələndi.

Əslində, Herdanın səyləri nəticəsində onun ilk poetik toplusu işıq üzü görmüşdü. Yazıçı bu şeirlər kitabına yazdığı sözardında bu fikirləri dilə gətirmişdi: "Aşalçi Oki öz şeirlərini naxış ilə bəzəmir. Bu poetik nümunələr təbii şəkildə yetişmiş, sapsarı çovdar tarlası kimidirOnun bəzən əsmər udmurt qadınlarına yazığı gəlir, bəzən onları sakitləşdirir, bəzən isə tənbeh edir. Əgər o, bacarsaydı öz xalqını mütləq xoşbəxtliyə yetirərdi!..".

Məhkumluqdan sonra Aşalçi Oki tamamilə susur. O, özünü ömürlük olaraq kənd həkimi qayğıları ilə məşğul edir. Şeirləri isə xalq arasında yayılaraq nəğməyə çevrilirdi. Udmurt tənqidçiləri proletar ədəbiyyatından çıxış edərək hələ öz tənqid sancmaları ilə onun lirikasını təftiş edirdilər bu poetik gəlişmələrdə "burjua sentimentallığı" axtarırdılar.

Demə, doğulacaq müəlliflərin Aşalçi Okinin səsini duya biləsi üçün qırx il keçməli idi. 60-cı illərdə ilkin olaraq Stepanida İvanova, Alevtina Anikina kimi müəlliflər peyda olsa da, onların səsi utancaq, təsadüfi, dərkedilməz kimi eşidildi. Cəmiyyət demək olar ki, onları görmədi. Sonra gələn müəlliflərin addımları get-gedə daha mətin olmağa başladı.  70-lərin sonu, 80-lərin əvvəllərində udmurt poeziyasına möhtəşəm qadın kvarteti daxil oldu. Onlar Alla Kuznetsova (1940-2003), Qalina Pomanova (1950), Lyudmila Kutyanova (1953-2008), Tatyana Çernova (d. 1953) idi.

Bu gün onların poeziyası birmənalı olaraq XX əsr udmurt qadın poeziyasının ikinci mərhələsi hesab olunur. Bu şairlər udmurt qadın ədəbiyyatında onlardan öncə möhürünü vurmuş qadın yazarlarının zəngin irsini mənimsədilər. Doğrudur, mübahisəsiz olaraq deyə bilərik ki, onların hər biri ayrı-ayrılıqda poetik simadır, amma bu poetizm dominantlığında  etnomədəni, folklor ünsirləri qalır. Məsələn, uzaq keçmişdə udmurt qızının dilinə gətirdiyi, "Şudnı oqnaz, tuqane, tolez oqnaz": "Günəş yalqızdır, əzizim, Ay yalqız, / Hardasan, mənim əzizim, mən yalqız, / Ağlamıram təklikdən, / Ağlayıram, sən yalqız" nəğməsi qulağımızda səslənə bilər. Dostoyevskinin "Şinel" haqqında dediyi sözləri perefraz edərək demək istəyirəm ki, sanki bütün udmurt məhəbbət lirikası birmənalı olaraq yuxarıda qeyd edilən dörd sətirlik nəğmədən çıxıb. Məsələn, "Sən dünən gəlmədin. / Mən gözləyirdim./ Qorudum mən sənin əziz adını..." (Kutyanova). "Əgər məni atsan, məni unutsan/ Hətta ürəyindən tamam qoparsan, / Sənə yeni üfüq açacağam mən,/ Sənə azadlığı bəxş edəcəyəm./ Yolun hamar olsun, qoy təmiz olsun..." (Çernova). "Yuxuda/ Sən mənimsən.../ Anlayırsanmı? Mənim! !!/ Gerçək həyatda göz yaşı olsa da - təşəkkür sənə..." (Kuznetsova).

Məhəbbət mövzusu özünün ənənəviliyi ilə, folklor ünsürlüyü ilə, sosial kulturoloji - gender mahiyyətinə görə udmurt qadın poeziyasının ədəbiyyat təxəyyülünün özünəməxsusluğunu diktə edir. Əslində, bu məhəbbət xəttinin mayasında  həmişəki kimi ayrılmaz məhəbbət dayanır. Həmişə olduğu kimi, sevgi, istək, məhəbbət kəlmələri xoşbəxtlik ilə "həmqafiyə" olmur. Məsələn, Nyankinanın "Səni gözləyirdim. Sənsə gəlmədin/ Belə bir tanış hekayət" bəndi kimi; Ryabininanın "O günahkar deyil/ (Mən günahkarammı?), / Əgər ikimiz gözləyiriksə"; Bedreddinovanın "Dəfələrlə, yeddi dəfələrlə, / Səbrliyəm mən, / Səkkiz dəfələrlə, səkkiz dəfələrlə mən ümidliyəm".

Lyuza Bedreddinovanın (1965) yaradıcılığı eynilə özündə realizmin bütün çalarlarını daşıyan, folklor ənənələrini davam etdirən peyzaj koduna arxalanan, psixoloji paralel üzərində bərqərar olan Aşalçi Okinin poetik dünyasına bənzəyir. Halbuki, 1980-ci illərdə artıq belə bir folklor formulli qadın kvarteti yaranmışdı. Yaradılan poetik nümunələr isə cavabsız məhəbbət mövzusunun üzərində idi. "Həyətin ortasında səhər küləyi/ Mənim saçlarımda dəcəllik edir. / Getdi, artıq mənim bu həyəcanım. / Bəs niyə / niyə onda / Yandırır dodaqlarım?".

Ümumiyyətlə, udmurt qadın lirikası motiv təbiət cəhətdən əsrlərdir dəyişilməz qalırdısa, XX XXI əsrlərdə bu poeziyanın tərkibində ironiya, aqressivlik, adi danışıq tərzi özünü göstərməyə başladı. Biz zamanla lirik qəhrəmanın xarakterinin dəyişilməsini müşahidə edə bilərik. Əgər Aşalçi Okinin lirik qəhrəmanında utancaqlıq qorxu hiss edirdiksə, zamanla Kutyanovun, Kuznetsovun, Çernovoyun lirikasında dözümlülük, mərhəmət özünü göstərir. Növbəti ardıcıllıqda, müasir udmurt poeziyasında isə ümumiyyətlə, bu xüsusiyyətlər birdəfəlik itir. İndi lirik qəhrəmanlar rahat, kifayət qədər sərbəst, cəsarətli ironik kəslərdir. "Əgər istərsənsə, mən sənə görə / Yağışa, çiçəyə dönə bilərəm./ Hətta alovlara düşüb ölərəm.../ Həyatda bax belə axmaqlar olur!" (Ryabinina).

1990-larda udmurt ədəbiyyatına qədəm qoyan feminizm ideyası özüylə "üçüncü dalğa" şair qadınları gətirir. Onların arasında Lidiya Nyankina (d. 1965), Larisa Mardanova (d. 1976) Zinaida Ryabinina (d.1971) ən parlaq imzalar idi. Ryabininanın sonuncu "Ulemles no kema.../ Hıyatdan daha uzun..." (2015) poetik toplusu onun yaradıcılıq karyerasının xüsusi yerində idi. Bu topluda respublika qəzetinin redaktorunun və şairin həyat kredosu metaforik şəkildə təcəssüm olundu. Yəni qadın kimi hiss etmək, kişi kimi düşünmək bacarığı ortaya gəldi: "Hələ salamatdır həyatda udmurtlar - / Biz dünyada beş yüz minə yaxınıq./ Elə ona görə də yazıram mən,/ İnmare, çox sağ ol - doğma dilimdə./ Amma sevgilim əcnəbi dildə "Salam!" deyir / Oğlum rus qızına aşiq olubdur.../ Siyahıyaalmada azalırıq biz - cəmi 160 min!!!/ Özümə yazığım gəlir mənim, bir övlad doğmuşam mən. Bəlkə də elə buna görə xalq çatışmır" ("Mənim udmurtlarım" şeiri).

XXI əsrin ədəbiyyat iqlimi udmurt ədəbiyyatında tamamən dəyişdi. Yetəri sayda savadlı, bacarıqlı, istedadlı xanım yazarlar üzə çıxdı. Onların içində ən parlağı Anastasiya Şumilovadır (d. 1991). O, şair, bloger, jurnalist, bir neçə dil bilən tərcüməçidir. Şumilova, sanki heç nədən ədəbiyyatda peyda oldu və gəlincə də ən yetkin şeirləri ilə diqqət çəkdi. 2015-ci ildə işıq üzü görən "Dır-ekton/ Zaman rəqsi - titrəmək" sanballı şeirlər toplusu işıq üzü gördü. Şumilovanın bədii dərki ənənəvi-kitab, mediya şəbəkəsi ədəbiyyatı ilə çərçivələnib. Bu, sanki bir növ udmurt dilində, etnik yaddaşı saxlamaqla yazılmış Avropa poeziyasıdır. "mən elə də böyük deyiləm, / yalnız dünyadayam/ torba dibində qalmış buğda kimi,/ çay dibində qalmış cınqıl kimi, / suda üzən yarpaq kimi,/ suya çıxmış böcək kimi/ Mən elə də böyük deyiləm/ Dünya da kiçik deyil/ zaman qırıntılarına atılmışam mən/".

Şumilovanın şeirləri - azad şeirlərdir. Bu, XXI əsrin elektron mədəniyyətinin azadlığıdır. Müasir udmurt poetik gəncliyi qafiyələrin fonunda söz oyunu hoqqabazlığı etmir. Bu kontekstdə onun poeziyası replika - emosiya düzümündədir. Məsələn, "ah, biz dəyişmişik, Aşalçi..." kimi. Əslində, bu xitab poetik aksiomadır.

Udmurt ədəbiyyatının parlaq qadın lirikasının oxu və şərh bolluğuna ehtiyacı var.

 

Mənbə: NQ EX LIBRIS

Vera Panteleyeva

 

Rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.32.