Evlərin, ağacların, daşların
və insanların
gülümsəyən
gözlərinin altında kölgə vardır
Silviya
Platın qələmə aldığı "The bell
jar" (Şüşə qab) romanı Amerika ədəbiyyatının
ilk feminist romanı hesab olunur. Roman 1960-cı illərdən
üzü bu yana dünyanın
caynaqları arasında
ilişib qalmış
qadın sıxıntılarından
bəhs edir.
Silviyanın hələ uşaq yaşlarından həyata
və insanlara qarşı həssaslığı
uşaq yaşından
yaradıcılığa başlamasına
səbəb olur. İlk şeirini
atasına həsr edir. 8 yaşında
atasını itirir.
Atasının itkisindən sarsılan
Silviya Tanrıya üsyan edərək
"Bir də heç vaxt Tanrı ilə danışmayacağam" deyir.
Atasının ölümü
şeirlərində həmişə
öz ağırlığını
hiss etdirir. Ancaq atası ilə
münasibəti sevgi ilə nifrətin arasında ilişib qalmışdı. Atası
despot şəxsiyyətə bürünmüş bir adam idi.
Atasına qarşı duyduğu
hisslərin yığıntısı,
çöküntüsü sonrakı illərdə Silviyanın kişilərlə
münasibətində boşluqlar
yaradır. Aftobioqrafik
roman olan "The bell jar" yazıçının iç
dünyasına siraət
edir. Silviya bu romanı
intiharından bir ay öncə Viktoria Lukas adlı saxta imzayla çap edir. İntiharının arxasında nələrin
gizləndiyini romanda detallı şəkildə
qələmə alır.
Romanın qəhrəmanı 19 yaşında
uğurlu universitet tələbəsi Ester Qrinvud
moda dərgisində işləmək üçün
Nyu-Yorka gəlir. Romanda Ester və
Silviyanın intihara cəhd etməsi, kişilərlə münasibətinin
heç vaxt dərinləşməməsi, karyera planları arasında qərarsız qalan, nə etmək istədiyini bilməyən bir obraz görürük.
Yazdığı əsərində dediyi kimi, "bir dovşan tələskənliyitək hər
şeyin üstündən
hoppanaraq keçib gedən" bir adamdır. Bütün bu qeyri-müəyyənliyin
içində yeməkdən-içməkdən
kəsilir, yuxusu ərşə çəkilir.
Əslində, uşaqlıqdan baş qaldırmış
travma getdikcə daha da böyüyüb
öz qəfəsini sındırır. Anasının təkidi ilə özünü psixiatrik xəstəxanada tapır.
Elektroşok müalicəsi alandan
sonra Esterin intihar düşüncələri
daha da artır.
Ayaq biləyini kəsməklə
ilk intihar cəhdini edir. Növbəti dəfə özünü
dənizin dalğaları
qoynuna atır. Son intihar cəhdində
isə evinin zirzəmisinə girərək
müalicə üçün
atdığı dərmanların
hamısını udur.
Anası
Esterin iniltili səsini eşidərək
onu tapır. İntiharı uğursuzluqla nəticələnir.
O, ölməyi yenə
bacarmır.
Əslində, insan heç vaxt intihar qərarı
vermir, doğularkən
intiharla bərabər
dünyaya gəlir. Silviya da
intihardan qaça bilməzdi, çünki romanında da qeyd etdiyi kimi,
"intihar bir toxum kimidi, zamanı
gələndə bir çiçək kimi açar, bir ağac kimi yetişər".
Dəlixanaya aparılan Ester kitabın sonuna qədər orada müalicə alır. Romanda bütün baş
verənlər demək
olar ki, Silviyanın yaşantıları
ilə bənzərdi.
Esterin həyata
qarşı olan laqeydliyi kişilərə
olan laqeydliyi ilə eyni idi.
Silviya Platın
yazdıqları qadınları
başa düşməyən
kişilərin, atasının
və həyat yoldaşı Ted Huqsun yaratdığı travmaların
nəticəsi idi.
"Uzaqlarda qüsursuz bir kişi görürəm,
amma o kişi yaxınıma gələn
kimi heç də uyğun biri olmadığını
anlayıram... Heç vaxt
evlənmək istəməməyimin
səbəbi də budur. Həyatda ən son istədiyim
şey sonsuz güvənə qovuşmaq
və oxların atıldığı yay olmaqdır. Mən dəyişiklik və
həyəcan istəyirəm.
4 iyul bayramında
göyə atılan fişənglərdən çıxan
rəngarəng qığılcımlar
kimi hər yönə atılmaq istəyirəm".
Romanda Ester Budi Vilardla
münasibət qurur. Amma onunla da birlikdə
olduğu müddətdə
özünü dekorativ
ev əşyasının
içində həbs
olunmuş hiss edirdi. Və həmin şüşə
qabı sındırıb
çıxmaq istəyir.
Elə romanın adı da buradan götürülür.
Romanında belə qeyd edir: "Budi Vilardın hiyləgər münasibətini
xatırladım, Budinin
dediyinə görə,
uşaq sahibi olandan sonra fərqli
hisslər yaşayacaqsan,
daha şeir yaza bilməyəcəksən.
Bəlkə də, evlənib
uşaq doğduqdan sonra insanın beyni yuyulmuş olur və ondan
sonra totalitar bir dövlətin köləsi kimi duyğuları korlanaraq yaşamış olursan". Əsərdə Ester Budi ilə evlənib
uşaqlara qarışmaq
istəmir, digər qadınlara çevrilməkdən
qorxurdu. Amma həyatda
qorxduğu səhvi edir Silviya.
Bizim cəmiyyətdə
də buna bənzər deyimlərə
ara-sıra rast gəlirik. Məsələn, "qız atası
olandan sonra adama ağırlıq gəlir". İnsan nədisə
odur. Niyə paslanmış genleri,
mental dəyərləri imitasiya
etməliyik deyə bir sual yaranır.
Bəzən oxumuş, savad
yiyəsi olmuş qadınlar var ki, dekorativ əşya
kimi evin küncündə tozlanıb
qalır. Onlar o qabı
sındırıb çıxa
bilmirlər. Silviya o dekoru
sındıra bilmişdi.
Əşya olmaq, kişi despotu,
düzəni altında
əzilmək istəmirdi.
Silviya onsuz da yaradıcılığı,
şeirləri ilə
gündəmdən düşməyən,
çağdaş Amerika
ədəbiyyatının ən
azad yazıçılarından
birincisi idi. O,
1956-cı ildə Dostoyevskinin
əsərlərini araşdıran,
dövrünün ümidli
yazıçısı hesab
olunurdu. Silviyanın həyat yoldaşı
Ted Huqs da şair idi. Amma Silviya qədər məşhur və istedadlı deyildi. Bu qədər uğura
rəğmən onu yenə də intihara sövq edən yaradıcılıq
əzabı, uşaqlıq
travmaları və ya Ted ilə münasibətindəki boşluqlar
idi?
Silviya illərlə
manik depressiyadan, bipolyar pozuntudan əziyyət çəkirdi. Dahiliklə dəliliyin
arasında sıxılıb
qalan Silviya intihar toxumlarını artıq yetişdirmişdi.
"Dekorativ bir qabın içində ölü bir uşaq kimi ilişib qalan insana dünya qorxulu bir yuxu
kimi görünür".
Silviya Ester obrazı
ilə bizə
50-60-cı illərdə modern insanın bir qabın içində həbs olunmasını göstərir. Belə bir vəziyyətdə
kişilərin sisteminə
alışan və xoşbəxt olmağı
bacaran qadınlar da vardı və
o, belə qadınlar kimi olmaq istəmirdi.
"Artıq mənim də bir otağım var" cümləsi ilə o, çox şeyi başa salırdı. Ancaq ona
aid olan otaq xəstəxana otağı
idi.
Silviyanın həyat yoldaşı Ted Huqs ona Asia Vevil
adlı şairlə xəyanət edir.
Silviyanın kirayələdiyi ev əvvəllər şair Uliyam Batler Yeytsə aid olur. Bunu öyrənən Silviya o evdə yaşamağı yaxşı
bir hadisəyə işarə kimi görür.
Silviya 1963-cü ilin
soyuq fevralında ikinci mərtəbədə
yatan uşaqlarına süd və peçenye apararaq otağa qaz dolmayacağından əmin
olana kimi möhkəmcə yapışdırıcı
bağlayır. Daha sonra başını
sobanın içinə
salaraq intihar edir.
Çox
qəribədir ki, Silviyanın ölümündən
6 il sonra
Tedin Silviyaya xəyanət etdiyi Asia Vevil də uşağı
ilə birlikdə intihar edir.
Amansız genetika Silviyanın oğlu Nikolasda davam edir. Oğlu
depressiyadan xilas ola bilmir
və özünü
asaraq öldürür.
"Şüşə qab" romanı Kamyunun "Yad" romanını xatırladır. İnsanın yaradılışını, varlığını
sorğuya çəkir.
Məni bir şey düşündürür. İnsan xoşbəxt
olacağı şeylərə
çatdıqdan sonra
xoşbəxt olmadığının
fərqinə varırsa
və kədər onunla bərabər doğulursa, insan artıq həmin o kədərdən zövq
almağa başlayır.
Hətta
xoşbəxt anlarında
belə kədərə
susayır. Silviya da
kədərlə bərabər
doğulmuşdu. Kədəri heç zaman özündən qoparıb
ata bilməzdi. Çünki o həm də
qadın idi. Dünya isə əzab dolu qadınların yükünü daşıyacaq
qədər güclü
deyildi.
Dəniz Pənahova
Ədəbiyyat qəzeti.- 2020.-
11 iyul.- S.26.