"Hürriyyət əndəlibi"nin
şeirləri
İstanbul mətbuatında
XX əsr Azərbaycan ədəbiyyatı və ictimai
fikir tarixinin görkəmli simalarından biri,
sağlığında "Hürriyyət əndəlibi"
("Azadlıq bülbülü") adalandırılan Məhəmməd
Hadinin həyat və yaradıcılığının müəyyən
dövrü Türkiyə ilə bağlıdır. Belə ki, o,
1910-cu ilin baharından 1913-cü ilin son rübünə qədər
İctanbulda yaşamış, "Tənin" qəzetində
Şərq dilləri üzrə mütərcim vəzifəsində
işləməklə yanaşı, digər mətbuat
orqanları ilə əməkdaşlıq etmiş, poetik və
publisistik əsərlərini qəzet və jurnallarda nəşr
etdirmişdir. M.Hadi Türkiyədə
yaşadığı illərdə müxtəlif mətbuat
orqanlarında qırxdan yuxarı əsər çap
etdirmişdir ki, bunlardan on beşi şeir, qalanları isə
elmi-publsistk məqalələrdir. Sənətkarın
İstanbul mətbuatında çıxmış
"Tövfiq Fiktət bəy" və "İstifham"
şeirləri istisna olmaqla, qalanları barədə ədəbiyyatşünaslığımızda
məlumat verilməmiş, eyni zamanda bu şeirlər Azərbaycan
mətbuatında dərc olunmadığı kimi, müəllifin
Respublikamızda nəşr olunan kitablarına da salınmamışdır.
M.Hadinin petik əsərləri "Rübab", "Məhtab"
jurnallarında və "Şəhbal" qəzetində nəşr
olunmuşdur.
"Şəhbal"da bir, "Rübab"da
üç şeiri çıxan çıxan müəllifin
poetik əsərlərinə ən çox "Məhtab"
jurnalının səhifələrində rast gəlirik.
Belə ki, on beş nömrəlik nəşr
fəaliyyəti dövründə şairin on bir şeiri
"Məhtab" jurnalında işıq üzü
görmüşdür.
M.Hadinin Türkiyədə çıxan ilk şeiri
"Tovfiq Fikrət bəy" adlanır. "Rübab"
jurnalının 26 kanuni-sani 1327-ci il tarixli
(yanvar 1911-ci il) birinci nömrəsində "Əbdülsəlimzadə
Məhəmməd Hadi" imzası ilə çıxan bu
şeir təkrarən 1923-cü ildə Bakıda "Maarif və
mədəniyyət" jurnalının ikinci nömrəsində
və 1978-ci ildə çıxmış
"Seçilmiş əsərlıri"nin birinci cildində
"Tofiq Fikrətə" adı ilə çap olunmuş,
çap tarixi səhvən "26 kanuni-sani 1330" (1913) kimi
qeyd olunmuşdur.
T.Fikrət
Türkiyə yazıçıları içərisində
M.Hadinin ən çox sevdiyi və
yaradıcılğından bəhrələndiyi şairlərdən
biri olmuş, şair ona xüsusi şeirlər və
"Ədəbiyyat müştaqlarına bir bəşarət"
adlı çox qiymətli, irihəcmi bir məqalə həsr
etməklə yanaşı, ayrı-ayrı əsərlərində
dəfələrlə məhəbbət və ehtiramla onun
adını şəkmiş, onu türk ədəbiyyatının
parlaq ulduzu adlandırmışdır.
T.Fikrəti şeirin, ədəbin şöləsaçanı,
dilsiz vətənin danışan dili, irfan göylərinin
parlaq ulduzu kimi dəyərləndirən şair bu qənaətdədir
ki, heç bir yersiz tənqid və iftira onun türk ədəbiyyatında
və ictimai fikirində tutduğu yüksək mövqeyə
xələl gətirə bilməyəcəkdir.
Şairin Türkiyə mətbuatında çıxan
ikinci şeiri "Əsatiri-əvvəlinə" də
T.Fikrətə ithaf olunmuşdur. "Tövfiq Fikrət bəyə
ithaf" epiqrafı ilə "Məhtab" jurnalının
10 temmuz 1327-ci il (iyul 1911) tarixli birinci nömrəsində
çıxan bu bu əsərində M.Hadi ictimii-siyasi
mühiti ittiham edir, T.Fikrətə müxalif olan zəmanəni,
ona qarşı aparılan haqsız təbliğatlarda
iştirak edən qələm sahiblərini "həqiqəti
yeyən, ziyaları içən, ziyalıları qətl edib
dühaları boğan, doğru danışan dilləri
susduran, ayaq basdıqlrı zəmiləri yandırıb məzara
döndərənlər" kimi dəyərləndirir.
Həqiqət,
ey bəşərin sərmədi ilahəsi, çıx,
Görün
bu zulmətə batmış mühitə çöhrən
açıq!..".
- beyti ilə başlanan məsnəvi
rormasında olan "İstifham" ("Soruşub anlama"
- T.A.) şeiri ("Rübab" jurnalı, 16 may 1329 (1913)) məzmun
və ideyaca M.Hadinin Türkiyəyə getməmişdən əvvəl
yazdığı və Bakıda nəşr olunan qəzetlərdə
dərc etdirdiyi romantik-maarifçi şeirləri ilə
yaxından səsləşir. Həqiqəti nəzərində
bir obraz kimi canlandıran, "Çıx iştə nurun ilə
şəbliqa diyarımıza, Ziyalar eylə nisar
kainati-tarımıza" sözləri ilə ona müraciət
edən şair bildirir ki, "libası həp gecələrdən,
xurafədən hörülən" mühütümüz
insanın əlindən ixtiyarını almış, onun qəflət
yuxusunda uyumuasına səbəb olmuşdur. Şair sual
edir:
Neçin ayılmadı millət? Nədir bu xabi-məzar!..
...Nədən?
Nədən? Əcəba
aşiqiz bu xüsrana?
...Tərəqqiyat
işığı söndü, söndürüldü nədən,
Yumuldumu gözümüz yol açan o şəşəədən?
M.Hadinin "Şərq qadınları" şeiri
("Məhtab" jurnalı, 17 temmuz 1327 (1911), N 2) qadın
azadlığı mövzusundadır. Türk yazıçı və
jurnalistı, İzmirə dənizdən çıxan yunan əsgərinə
ilk güllə ataraq türk müqavimət hərəkatını
başlatmış, işğalçılara qarşı
döyüşdə həlak olmuş Həsən Təhsinə
(1888-1919) ithaf olunan bu şeirdə Şərq qadının
taleyinin hələ də zülmət içində olmasını
və bunun da birinci şahidinin onların niqabı,
çadrası olduğunu bildirən müəllif Qərbin həyatının
oxumuş, təhsil görmüş qadınları sayəsində
parlamasını qeyd edir və belə bir qənaətə gəlir
ki, qadını əsarətdə, "gecəyə
bürünən gündüzlər" halında saxlayan cəmiyyət
bəxtiyar ola bilməz.
Əsərlərində Şərq ilə Qərbin
müqayisəsi mühüm yer tutan M.Hadinin "Qərb mədəniyyəti
- Şərqi-hazır" şeiri də bu mövzuya həsr
olunmuşdur ("Məhtab" jurnalı, 1 avqust 1327 (1911), N
4). Şərqi,
Şərq dünyasını sevən, Şərqin qəflət
yuxusundan oyanması üçün yollar axtaran şair
"Sızlar içim halına, ey kişvəri-xarab" deyərək
Şərq dünyasını ətalətdən
çıxmağa səsləyərək yazır:
Ey Şərq!
"Unutma, bariqələr əsri-feyzidir",
Nəqş
etməli bu sözləri əlvahi-fikrətə!
Mütəfəkkir sənətkarın "Məhtab"
jurnalında "Əzhari-əfkar" ("Düşüncə
çiçəkləri" - T.A.) adlı iki şeiri
çap olunmuşdur. Birinci "Əzhari-əfkar"( "Məhtab"
jurnalı, 1 avqust 1327 (1911), N 4) əslində müstəqil,
bütöv bir şeir deyil, kiçiyi bir, ən
böyüyü altı misradan ibarət olan on hikmətli
şeir parçasıdır.
Bütün
bəndləri çarpaz qafiyələr şəklində
qurulmuş (1-3 ; 2-4) on bəndlik ikinci
"Əzhari-əfkar" şerinin ("Məhtab"
jurnalı, 22 avqust 1327 (1911), N 7) əsas mövzusu qadın
azadlığı məsələsi olsa da, burada təbiət
təsvirlərinə də, ictimai məsələlərə
də yer ayrılmışdır.
Pərdəyə
bürünmüş, üzü niqabla
örtülmüş qadınları uzaqlarda parlayan ulduz, əl
çatmaz ümidlər, qəmli, matəmli bayramlar kimi
xarakterizə edən şair qadınlara xitabən belə
yazır:
Səni
gördükcə mən təsəttürdə
Münkəsif
bir zühaya bənzədirəm;
Şəmsi
muzlim görüncə didəmdə,
Məşriqi sönmüş Aya bənzədirəm.
Dörd bəndlik
"Təyyarə" şeirində ("Məhtab"
jurnalı, 8 avqust 1327 (1911), N 5) ağlının gücü
ilə qara torpaqlara hökm edən insanın - torpaq
övladının ərzə sığmayıb indi də səmalara,
göylərə hökm etməkdə olduğundan, fikrinin məhsulu
olan təyyarə icad etməsindən, "əflakı
qucağında daşımasından", "bəhri-səmavatda
üzüb ümmanları aşmasından", insanın zəkası
və səyi qarşısında hər şeyin aciz
qalmasından heyranlıqla danışan şair "İşçi"
şeirində ("Məhtab" jurnalı, 15 avqust 1327
(1911), N 6) zəhmətkeş insanı əsərinin poetik qəhrəmanı
kimi seçən, onun alın tərini parlaq incilərə bənzədən
şair ondakı çalışmaq, halal zəhməti ilə
yaşamaq eşqini yüksək dəyərləndirir və
bütün insanlara, xüsusilə zəhmətsiz gəlirlə,
gözü onun-bunun əlində olub həya və şərəfini
bir qarın çörəyə satanlara xitabən yazır:
Hüzuri-əhli
qinadə tökülməsin də həya,
Hüzuri-səydə
tök, tök şu parlaq inciləri!
Sıcaq
günəşlərin altında işlə, heç durma,
Sığınma
başqaların sayəyi-bürudətinə,
Zəhər
lisanlıların girmə bari-minnətinə,
Sokak-sokak
həlakəti-dənaəti vurma!
"İthaf"
şeirində ("Məhtab" jurnalı, 15 avqust 1327
(1911), N 6) türk şairi və jurnalisti, bir müddət
Bakıda müəllimlik edən və mətbuat
orqanlarında çalışan Əhməd Kamalı
"sönük vicdanları tənvir edən, uyuşmuş
canlara yeni ruh səpən" sənətkar kimi dəyərləndirən
şair onun Azərbaycandan ayrlmasına təəssüflənir
və bu ayrılığın könüllü yox, siyasi səbəblər
ucbatından olduğunu aşağıdakı kimi təqdim
edir:
Tökərkən
ərzi-Qafqazyaya əlhani-füruzanı,
Füyuzatınla
oxşarkən dili-şübbani-irfanı,
Şimalın
qartalı qorxdu səmavi şahbalından,
Nasıl ki, qorxuyor əmvaci-cuşan
"Hilal"ından.
Məhəmməd Hadi lirikasına məxsus inqilabi və
üsyankar ruh onun "Alihəyi-əşarıma"("Məhtab"
jurnalı, 29 avqust 1327 (1911), N 8) və
"Rübabi-inqilab" şeirlərində ("Məhtab"
jurnalı, 5 eylül 1327 (1911), N 9) özünü daha
qabarıq şəkildə göstərir. Bu şeirlərinə
qədər Türkyə mətbuatında fikirlərini daha
ehtiyatla, üstüörtülü veməyə
çaışan şair bu əsərlərində
idealını açıq şəkildə ortaya qoyur.
Şair ilhamına müraciətlə başlanan
"Alihəyi-əşarıma" ("Şeir
Allahıma") şeirində "Sən eylədiyin dəm
mənə üsyanları ilham, Bir asi dənizdir sanıram məndəki
əfkar" deyən şair Şərqə, "bu ərzi-mütiyə"
üsyan edərək zülmətləri yıxmaq
üçün asilərə - inqilabçlara qoşulmaq və
olanların önündə gedərək baryaraqdar olmaq istəyuni
bəyan edir.
"Rübabi-inqilab"
əsərində şair bir az da irəli
gedərək israrla bildirir ki, inqilab
yağışının yağmadığı yerdə
hürriyyət çiçəkləri bitməz və
inqilab sayəsində zülmün üzündəki pərdə
yırtılmayınca həqiqətin, azadlığın
gülçöhrəsi görünməz.
Keçmiş,
köhnə fikirlərlə yaşayanları, Şərq
ölkələrini, xüsuilə Türkiyə, İran və
vətəni Azərbaycanı irticaçı, bərabərsizlik
qanunları ilə idarə edib hürriyyəti, istiqlalı hər
vəchlə boğmaqda israrlı olanları "mazi köpəkləri
- keçmişin itləri" adlandırmağa məcbur
olan şair Rusiyanın irticaçı baş naziri Pyotr
Arkadyeviç Stolıpinin (1862 -1911) suyi-qəsd nəticəsində
öldürülməsi ilə əlaqədar
"Stolıpinin qətli münasibəti ilə" adlı
məqalə yazıb çap etdirməklə kifayətlənmir
("Məhtab" jurnalı, 11 eylül 1327-ci il (1911), N 10),
bir neşə gün sonra çap etdirdiyi "Naqusi-matəm" ("Matəm
zəngi" - T.A.) adlı şeirini ("Məhtab"
jurnalı, 27 eylül 1327 (1911), N 12) Stolıpini ölümcül
yaralayan şəxsə - Boqrafı ithaf edərək bu əməlinə
görə onu alqışlayır.
M.Hadinin
"Dastani-şan" adlı ("Şəhbal", 15
kanuni-əvvəl 1328 (1912), N 67) hər bəndi altı
misradan ibarət olan şeiri qəhrəman türk əsgərlərinə
ithaf olunmuş, bir növ hərbi marş təsiri
bağışlayır. Əsas leytmotivini
"ildırımsaçan qılıncınla türk millətinin
əmin-amanlığını pozan işğalçı
ordulara onların yerini göstər" ideyası təşkil
edən bu şeirin həmin ildə yazılıb çap
edilməsi təsadüfi hadisə deyildi. Tarixdən
məlum olduğu kimi, həmin vaxtlarda Türkiyəyə
qarşı Avropa ölkələrinin güclü
basqısı var idi və Osmanlı imperiyası çox
ağır duruma düşmüşdü. Balkanlarda, Trablisqərbdə, Yunanıstanla sərhəd
olan bir sıra məntəqələrdə uduzmuş vəziyyətdə
olan Türkiyənin "olum, yaxud qalım" məsələsi
qaçılmaz, düyün düşmüş bir problemə
çevrilmişdi. Məhz belə bir
zamanda bu cür cəsarətli və ümidverici bir şeirin
yazılb çap edilməsi hər cür alqışa layiq
idi.
M.Hadinin
"Rübab" jurnalında nəşr olunan "Şərqə"
şeirində ("Rübab" jurnalı, 19 temmuz 1328 (1912),
N 28) sərlövhədən sonra belə bir qeyd
verilmişdir: "Böyük feylesofumza ithaf". Bu şəxsin kimliyi göstərilməsə də,
hesab edirik ki, əsər Rza Tövfiqə ithaf olunmuşdur.
Bizi bu fikirə gətirən odur ki, təxminən bu şeirlə
səsləşən başqa bir əsərini şair Rza
Tovfiqə həsr edərək onu bu adla
adlandırmışdır: "Türklərin yeganə
filosofu Rza Tovfiq həzrətlərinə"("Sədayi-həqq"
qəzeti, 25 avqust 1914-cü il, N 194).
M.Hadinin
Türkiyə mətbuatında dərc olunan poetik əsərləri
barədə qənaətlərimizi ümumiləşdirərkən
belə bir nəticəyə gəlirik ki, Türkiyədə
yaşadığı illərdə də o öz ənənəvi
mövzularından və estetik idealından
uzaqlaşmamış, şeirləri ilə
maarifçi-romantik olaraq hürriyyət və azadlıq
aşiqi kimi bütün insanlğa, daha çox canından
artıq sevdiyi türk-müsəlman dünyasına xidmət
etmişdir.
Təranə ABDULLAYEVA
Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.27.