Seyid Əzim və Füzuli: ənənə
və davamçılıq
məsələlərinə ədəbiyyatşünaslığımızın
münasibəti
Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir
mərhələ təşkil edən XIX əsr bir tərəfdən
ənənə ilə, digər tərəfdən isə
novatorluqla bağlı idi - bu dövrün poeziyası yeni formalarda
əks olunmaqla yanaşı, həm də özünün
tarixi köklərinə sadiq idi. Daha çox ənənəçiliklə
bağlı olan şairlərin yaradıcılığı
bir tərəfdən orta əsrlərdən başlayıb bu
dövrə qədər inkişaf edən xalq şeiri
üslubu olan bayatı, qoşma, gəraylı, digər tərəfdən
qəzəl, qəsidə, müxəmməs, rübai kimi
klassik janrlarda əks olunurdu.
Sənətkarın fərdi
yaradıcılığı çoxşaxəli bir
anlayışdır və müəllifin spesifik poetik keyfiyyətlərini
şərtləndirir. Burada şairin fitri istedad və qabiliyyəti
ilə yanaşı, dünyagörüşü, təcrübəsi,
həyat faktlarını müşahidə etmək
bacarığı da əhəmiyyətli rol oynayır. Bu baxımdan Seyid Əzim Şirvani böyük
istedad sahibi, geniş həyat təcrübəsi və
dünyagörüşünə malik şəxsiyyət,
Şərq ədəbiyyatı və dillərini yaxşı
bilən, qabaqcıl mədəniyyətin təbliğatçısı
olan maarifpərvər pedaqoq olmuşdur. Elə
buna görə də, onun əsərlərinin böyük
bir qismi dövrün ictimai-siyasi və mədəni həyatı
ilə səsləşir.
Sənətkarın özünüifadə
bacarığı, ətraf gerçəkliyə münasibəti
lirikada daha asanlıqla gerçəkləşir. S.Ə.Şirvani
yaradıcılığının əsasını da lirika,
xüsusilə, qəzəl janrı təşkil edir.
Şair qəsidə, müxəmməs, mürəbbe, tərkibbənd,
tərcibənd, təkbeyt, qoşabeyt, rübai və s. klassik
janrlarda da əsərlər yaratsa da, qəzəl janrı
bunların hamısını kəmiyyət və keyfiyyətcə
üstələmişdir. Seyid Əzimin
şeirləri yalnız dərin ideya və məzmunu ilə
deyil, həm də yüksək bədii sənətkarlığı
ilə seçilir. Şairin tədqiqatçılarının
da dəfələrlə qeyd etdiyi kimi, S.Ə.Şirvani
lirikasına dahi sələfi Füzulinin təsiri çox
böyük olmuşdur. Belə ki, Seyid
Əzim Füzulidən bir çox tərcümələr
etmiş, nəzirələr yazmış, bir qəzəlini təxmis
etmişdir. Bunu, hər şeydən
öncə, onun Füzuli sənətinə vurğunluğu
ilə izah etmək olar.
XIX əsrin II yarısında fəaliyyət göstərən
şeir məclislərində toplaşan şairlərin, demək
olar ki, heç birisi Füzuli sənətinin sehrindən,
dühasının dərin təsir dairəsindən kənarda
qala bilməmişlər. Bu da təbiidir, çünki
Füzuli qəzəli "lirikanın ən yüksək zirvəsi"dir.
(Mir Cəlal) Nəinki XIX əsrdə, hətta öz
dövründə belə, yetişməkdə olan şairlər
nəslinin formalaşmasında onun
yaradıcılığının təsiri böyük
olmuşdur. Bir sözlə, özündən
sonrakı Azərbaycan ədəbiyyatının əsas
ideya-bədii istiqamətini Füzulinin sənəti yönləndirmişdir.
Onun şeirinin məşhurlaşmasında və
ardıcıllarının sayının artmasında,
şübhəsiz ki, XIX əsrin ortalarından başlayaraq tərtib
edilən dərslik və müntəxabatlar da müəyyən
rola malik olmuşdur.
Füzuli yaradıcılığının Seyid
Əzim irsinə təsiri məsələsinə ədəbiyyatşünaslığımızda
heç də hər zaman birmənalı münasibət
olmayıb. Bu baxımdan xüsusilə ədəbiyyatşünas
Əliabbas Müznibin münasibəti fərqlənir.
Seyid Əzim Şirvaninin 1930-cu ildə dərc olunmuş
"Seçilmiş şeirləri"ni tərtib etmiş
Əliabbas Müznib həm də kitabın "Seyyid
Əzim" adlanan ikinci müqəddiməsinin müəllifidir.
Fikrimizcə, bu vaxta qədər
S.Ə.Şirvaninin şəxsiyyətinə və
yaradıcılığına bu dərəcədə sərt
münasibət bəsləyən ikinci bir tədqiqatçı
olmayıb. Müəllif əvvəlcə Seyid Əzimin
"Şirvan şairlərinin ən rəvan təblisi"
olduğunu bildirərək, onu dövrünün digər
şairləri ilə müqayisə edir: "...fəaliyyət,
qabiliyyət cəhətindən Bakı "Məcməi-şüəra"sında
Cürmi, Qarabağ "Məclisi-üns"ündə Natəvan
nə olmuşsa, Şirvan "Beytüs-Səfa"sında
Seyyid Əzim o olmuşdur. Fəqət təbiəti-şeiriyyəsinin
rəvanlığı cəhətindən bir qədər də
üstün görünürmüş, daha doğrusu, XIX əsrin
I yarısında Qasım bəy Zakir nə qədər meydan
almış isə, Seyyid Əzim də eyni meydan
almışdır." Seyid Əzimin öz
dövründəki mövqeyini bu qədər doğru
xarakterizə edən məqalə müəllifi şairin əhatəli
fəaliyyətindən də bəhs edir, lakin belə bir fikir
irəli sürür ki, bütün qabiliyyətlərinə
baxmayaraq, Seyid Əzim yaradıcılığında başqa
şairlərin təsirindən yaxa qurtara bilməmişdir:
"Divan tərtibində Nəvai, Füzuliyə, həcvdə
isə Yəğmaya təqlid etmişdir. Bir
çox həcvlərini Yəğma yazan mövzuda yazıb,
ancaq həcv etdiyi adamın bir adını dəyişdirmişdir,
qəzəlləri isə nə qədər sənətkaranə
olsa da, hamısı nəzirədir." Məqalə
müəllifi fikrini sübut etmək üçün
M.Füzuli, Q.Zakir, M.Cürmi, M.N.Bahar, Molla Əli kimi müəlliflərdən
nümunə gətirdiyi beytlərlə Seyid Əzimin beytlərini
müqayisə edir və belə bir qənaətə gəlir
ki: "Bu tutuşdurmalara bir az da artıq əhəmiyyət
verilsə, Seyid Əzim külliyyatının hər yerində
yuxarıda göstərilən nəzirələr və
iqtibaslar görülər."
Doğrudur, Seyid Əzim Şirvani
yaradıcılığı, həqiqətən, nəzirə
və iqtibaslarla, bəhrələnmələrlə zəngindir,
bu fikir onun yalnız lirikası üçün deyil, həmçinin
epik əsərləri üçün də keçərlidir.
Lakin şairin orijinal
yaradıcılığının məhsulu olan əsərlərini
də "təqlid" adı ilə ümumiləşdirmək
ona qarşı haqsızlıqdır və bu qənaətində
tədqiqatçı ifrata varır.
Başqa
bir tərəfdən, Ə.Müznib Seyid Əzimin əsərlərini
əhəmiyyətsiz və ya az əhəmiyyətli
hesab edərək yazır: "Seyid Əzimin
böyük-böyük əsərləri vardır. Fəqət əsərləri çoxluca,
böyük, şeiriyyətcə dəyərli, mövzu
etibarilə əhəmiyyəti çox deyildir. Çünki bütün yazdıqları dərəbəylik
dövrünün çeynəyib-tökdüyü qəzəl,
müstəzad, müxəmməs, müsəddəs,
varlılara, şahlara, imperatorlara təmənna
üçün mədh və təriflərdən ibarətdir."
Tədqiqatçı məsələyə birtərəfli
yanaşaraq, onlarla klassik şairimiz tərəfindən
yüksək sənət nümunələri
yaradılmış janrları "dərəbəylik
dövrünün çeynəyib-tökdüyü"
janrlar kimi dəyərləndirmiş və məzmunla
formanı bir-birindən ayırmağa
çalışmışdır.
Ə.Müznib şairin poeziyasındakı müsbət
tərəfləri görə bilməmiş, ideya-məzmun cəhətdən
demək olar ki, heç saymışdır. Halbuki
S.Ə.Şirvani klassik janrlarda böyük məna tutumuna
malik orijinal sənət nümunələri yarada bilmişdir.
Məqalənin davamında tədqiqatçı bir az da irəli gedərək, belə bir fikir
yürüdür: "Əgər oğluna nəsihət
yazdığı "Pərişan"ını və
azacıq olsa da, "Əkinçi" qəzetində
iştirakı olmasa idi, Seyid Əzimdə başqa şairlərdə
olan qədir-qiymət də olmazdı." Fikrimizcə,
şairin yaradıcılığına belə birtərəfli
yanaşma, qeyri-obyektiv qiymətləndirmə dövrün
ideologiyasından irəli gəlir.
S.Ə.Şirvani irsinin tədiqatçısı Kamil
Mirbağırov "Füzuli və Seyid Əzim
Şirvani" adlı məqaləsində XIX əsrin II
yarısında fəaliyyət göstərən şeir məclislərində
toplaşan şairlərdən heç birinin Füzulinin təsir
dairəsindən kənarda qala bilmədiyini nəzərə
çatdırır. Müəllif
nəzirəçilik yolu tutan şairlərin
heç birinin öz ustadı Füzulini xatırladacaq səviyyədə
şeirlər yaza bilmədiyini vurğulasa da, Seyid Əzimi
onlardan fərqləndirir. Tədqiqatçı qeyd edir ki,
arada 300 illik məsafə olmasına baxmayaraq, mövhumat və
cəhalətə münasibət məsələsində bu
iki sənətkarın yaxınlığı "hər iki
şairin azad düşüncəyə düşmən olan
din xadimlərinin hakim mövqe tutduğu qaranlıq bir zəmanədə
yazıb-yaratdıqlarından irəli gəlirdi."
"Seyid Əzim Şirvani" monoqrafiyasında Seyid
Əzim şeirinin Füzuli ənənələri ilə əlaqəsindən
söhbət açan ədəbiyyatşünas Sadıq
Hüseynov qeyd edir ki, bu əlaqə, ilk növbədə,
özünü məhəbbət lirikasında, klassik
şeir janrlarında göstərir. Bu fikrinə əlavə olaraq, tədqiqatçı
bildirir ki, S.Ə.Şirvani bütövlükdə
Füzulinin divanına, yəni onun hər bir qəzəlinə
nəzirə yazmaq fikrində olmuş, "lakin o, Füzulinin
"a" hərfləri ilə olan qafiyələrinə
bir neçə nəzirə yazdıqdan sonra fikrini dəyişmiş
və bu işi axıradək davam etdirməmişdir."
S.Hüseynov qeyd edir ki, bəzən qafiyə, vəzn və
formanı Füzulidən olduğu kimi alan
Seyid Əzim mövzunu özünəməxsus şəkildə
işləyir. Bununla əlaqədar olaraq, dahi sələfinin
"Giriban oldu risvalıq əlilə çak, damən həm..."
mürəbbesinə Seyid Əzimin "Bihəmdillah yolunda
aqibət xak oldu can, tən həm..." misrası ilə
başlayan nəzirəsini nümunə gətirir. Hər
iki şeiri müqayisə edən tədqiqatçı bu əsərlər
arasındakı oxşar cəhətlərdən bəhs edərək
belə bir qənaətə gəlir ki: "Ayrı-ayrı
dövrlərdə yaşasalar da, hər iki aşiq insanın
sərbəstliyini əlindən alıb, onun hisslərini, istək
və arzularını boğan köhnə
adət-ənənələrə, məhəbbəti
yalnız əyləncə hesab edən feodal-zadəgan
dünyasına nifrət təbliğ edir." Sadıq
Hüseynov qeyd edir ki, Füzuliyə nisbətən Seyid
Əzim mövhumat və şəriət xadimlərinin tənqidinə
daha çox qəzəllər həsr etmişdir.
Görkəmli
tədqiqatçı Mirzəağa Quluzadə Füzulinin
Seyid Əzimə təsiri məsələsini
işıqlandırarkən qeyd edir ki, bu təsir
özünü akademik Feyzulla Qasımzadənin qeyd etdiyi kimi,
yalnız məhəbbət mövzulu şeirlərdə deyil,
həmçinin fəlsəfi-ictimai motivlərdə də
göstərmişdir. Tədqiqatçının
bu fikri ilə razılaşmamaq mümkün deyil. Həqiqətən, Füzuli şeirindəki
ictimai-fəlsəfi motivlər, şəriət ehkamlarına
qarşı etirazçılıq ruhu da məhəbbət
motivləri kimi, sonrakı inkişaf mərhələlərində
Azərbaycan poeziyasına əhəmiyyətli dərəcədə
təsir göstərmişdir.
Füzulinin
"Könül, səccadəyə basma ayaq, təsbihə əl
urma" misrası ilə başlayan qəzəlinə Seyid Əzimin "Könül,
ta var əlində cami-mey, səbhəşümar olma, \ Riyai
xəlqdir, billah, namaz əhlinə yar olma" mətləli qəzəli
ən məşhur nəzirəsidir. Göründüyü
kimi, dahi sələfinin ifadə etdiyi fikrə Seyid Əzim
"ta var əlində cami-mey" sözlərini əlavə
etmişdir. Bu qəzəldə şairin nəzərdə
tutduğu meyin sözün müstəqim mənasında mey
olması mümkünsüzdür. Şeirin son beytində
müəllif özü belə bir açıqlama verir:
Rümuzi-şeirimin
dərk etməmiş mənasını, Seyyid,
Gedib meyxanələrdə laübali meyküsar olma.
Müəllif şeirin rəmzlərini tam olaraq anlamadan
fikri birbaşa mənada qəbul edərək meyxanalarda
düşüb qalmamağı məsləhət
görür.
Şairin qəzəli bu beytlə bitirməsi təsadüfi
deyildir. Çünki həyatından
bildiyimiz kimi, çağdaşları dinə, şəriətə
olan sərbəst yanaşmasına görə onu "kafir,
dinsiz" hesab edirdilər. İstər
M.Quluzadə, istərsə də S.Hüseynov bu fikirdədirlər
ki, xürafatçı və ehkampərəst ruhanilərin tənqidi
və onlara qarşı kəskin etiraz məsələsində
Seyid Əzim sələfi Füzulidən çox irəli
getmiş və bu mövzuya daha çox qəzəllər həsr
etmişdir.
S.Ə.Şirvaninin Füzuli ədəbi məktəbi
ilə əlaqəsinin geniş ictimai-bədii məzmun
daşıması şəksizdir, bununla belə, Füzulinin
onun yaradıcılıgına təsiri məhəbbət
lirikasında daha çox nəzərə çarpır. Belə
şeirlərdə, adətən, Seyid Əzim dahi sələfini
təkrarlayır və təqlid edir. Lakin
bir çox hallarda şair irəli sürülən ideya istiqamətini
daha da inkişaf etdirərək, orijinal əsər
yaratmağı bacarır. Seyid Əzimin "Gərçi
məndən etdi sərkəşlik o sərvi-sərbülənd"
qəzəli Füzulinin
Nalədəndir
ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin
qılmazam,
neytək
kəsilsəm bənd-bənd
- beyti ilə başlayan qəzəlinin təsirilə
qələmə alınıb.
Olmuşam
öylə nəhif ol nuşləb eşqində kim,
Zəfdən
çıxmaz nəfəs,
neytək
kəsilsəm bənd-bənd.
- beytində Seyid Əzim hazır ifadələrdən
istifadə edərək, fərqli, yeni fikir irəli
sürmüşdür. I nümunədə əgər
aşiq neytək bənd-bənd kəsilsə də, ah-naləni
tərk etməyəcəyini dilə gətirirsə, II
nümunədə çox zəif olduğunu, neytək bənd-bənd
kəsilib-doğransa da, səsi
çıxmayacağını bildirir. Başqa bir qəzəldə
isə Seyid Əzimin qəhrəmanı eynilə Füzuli qəzəlindəki
fikri ifadə edərək deyir:
Bənd-bəndim
kəsələr, eyləmənəm tərki-fəğan,
Qoy nəva neytək edim ta nəfəsim var mənim.
Seyid
Əzim "Təzkirə"də dahi Füzulini şeir sənətində
"bir yeganeyi-əsr və vəhidi-dəhr"
adlandıraraq qeyd edir ki, bu ana kimi Rum məmləkətində
elə bir şair peyda olmayıb ki, onun şeirinin dəyərinə
çata biləcək əsərlər yazsın. Baxmayaraq ki, o özü sələfinin bir çox əsərlərinə
bənzətmələr, nəzirələr yazırdı,
amma belə hesab edirdi ki, bunların heç biri Füzuli zirvəsinə
ucala biləcək qədər dəyərli şeirlər
deyil.
Tədqiqatçı
Z.Əkbərov Seyid Əzimin
"Cismdən can almağa gər olsa fərmanın sənin,
\ Canə minnətdir olam, ey dust, qurbanın sənin" misralarını Füzulinin
"Yarəb, bəlayi-eşq ilə qıl aşina məni"
qəzəlindəki fikirlə müqayisə edir. Lakin fikrimizcə,
bu beyt oxucuya dahi sənətkarın "Pənbeyi-daği-cünun
içrə nihandır bədənim" qəzəlinin II
beytindəki fikri xatırladır: "Canı canan diləmiş,
verməmək olmaz, ey dil, \ Nə niza eyləyəlim, ol nə
sənindir, nə mənim." Çünki hər iki beytdə
can başqasına - böyük mənada onu verənə, yəni
Yaradana məxsusdur və bu canı yiyəsinə geri
qaytarmamağın mümkünsüzlüyündən bəhs
edilir.
Bəzən
Füzulinin hər hansı bir əsərində tərənnüm
olunan motivləri Seyid Əzim şəkilcə dəyişdiyi
başqa bir janrlı əsərində təqdim edir: məsələn,
"Guş qıl..." müxəmməsi kimi. S.Ə.Şirvaninin görkəmli tədqiqatçısı
S.Hüseynov şairin "Guş qıl..." müxəmməsini
dahi sələfi Füzulidən təsirlənərək qələmə
aldığını qeyd edir. O yazır ki, Füzulinin
"Həft cam" poemasında irəli sürdüyü məsələləri
Seyid Əzim yetmiş misralıq müxəmməsdə
yığcam şəkildə verməyə
çalışmışdır: "Həft cam"da
gördüyümüz musiqi alətlərinə (ney, dəf,
tar, ud, setar, qanun) Seyid Əzimin müxəmməsində də bəzi dəyişikliklərlə
(ney, tar, cəng, dəf, bərbət, ud) rast gəlirik... Füzuli ayrı-ayrı musiqi alətlərilə
qurulan məclislərdə gəldiyi nəticələri Seyid
Əzim bu müxəmməsdə ümumiləşdirmiş,
yığcam şəkildə mənalandırmışdır." Tədqiqatçının
bu fikirlərilə razılaşmamaq mümkün deyil. Həqiqətən, "Həft cam"
poemasının "Guş qıl..." müxəmməsinə
təsiri açıq-aydın duyulmaqdadır, hətta
poemanı oxuduqdan sonra Seyid Əzimin müxəmməsinin bəzi
bəndlərini anlamaq daha rahat olur. Füzuli də, Seyid Əzim də
bu əsərlərdə daha çox özlərinin sufi
dünyagörüşlərini əks etdiriblər. Tədqiqatçı Azadə Rüstəmova
Füzuli yaradıcılığında təsəvvüfdən
bəhs edərkən yazır: "Yeddi cam" əsərində,
xüsusilə, I və III camın keyfiyyətləri
başdan-başa təsəvvüfdəki vəhdəti-vücud
- zərrə və küll, damcı və dərya nisbətləri
- ilahi aləmdən hadisat aləminə düşən
cüzin - qətrənin bir müddət seyrdən sonra yenə
öz doğma məkanına, külli-dəryaya
qovuşması probleminin bədii-fəlsəfi
açılımına həsr edilmişdir." Həqiqətən,
qeyd olunan keyfiyyətlər poemadakı ney
və tar obrazlarına aiddir. "Guş
qıl..." müxəmməsinin də I bəndində məhz
bu iki alətin adı çəkilərək, onların nəğmə
və naləsinin səbəbi soruşulur. Baxmayaraq ki,
akademik Həmid Araslı bu alətlərin
danışdığı əhvalatları "maddənin əslinə
qayıtması" fikri ilə əlaqələndirərək,
materialistcə yanaşmaya üstünlük verir, əslində isə həm poemada,
həm də müxəmməsdə hər iki şair təsəvvüfdəki
"vücud və küll" anlayışına müraciət
edir.
Əksər hallarda S.Ə.Şirvani sələfindən
aldığı fikri və formanı, hətta qafiyələri,
rədifləri saxlayaraq, həmin ideyanı bir başqa şəkildə
çatdıraraq müstəqil əsər yaratmağı
bacarır. Təbii ki, bu şeirlərdə də təsirlənmə,
bənzətmə dərhal nəzərə çarpır,
lakin bu, Seyid Əzimin sənətkarlığının zəifliyini
deyil, əksinə, qüdrətini üzə
çıxarır.
Kuhkən
Şirinə öz nəqşin çəkib vermiş firib,
Gör nə cahildir, yonar daşdan öziçün bir
rəqib.
Füzuli deyir ki, dağ çapan, yəni Fərhad
daşdan öz surətini yonub sevgilisinə verib, cahilliyə
bax ki, öz əlilə özünə rəqib yaradıb. Həmin fikri anoloji olaraq,
Seyid Əzim belə ifadə edir:
Tutdu bir
ayinə kim, gör surətim, ol da firib,
Yar ilə ayinədə öz əksimi sandım rəqib.
Seyid Əzimin aşiqi isə aynada yarla birgə
gördüyü əksini özünə rəqib sanır. Eyni fikir
olmaqla yanaşı, qəzəldə sona kimi forma da qorunur.
Seyid Əzim Füzuli qəzəlinin
bütün qafiyələrini olduğu kimi saxlayır və hər
beytdəki fikri oxşar, amma həm də yeni, özünəməxsus
şəkildə ifadə edə bilir. Bu
da sənətkardan böyük istedad və bacarıq,
şeir texnikasına yaxından bələdlik kimi xüsusiyyətlər
tələb edir.
S.Ə.Şirvaninin
"Qədəhlərdə hübab-asa könül
düşmüş həvalərdən" misrası ilə
başlayan əsəri Füzulinin "Kərəm qıl, kəsmə,
saqi, iltifatın binəvalərdən, \ Əlindən gəldigi
xeyri diriğ etmə gədalərdən." mətlə
beytli qəzəlini təxmisdir. Təxmisdə
şairin əsl sənətkarlığı onda
özünü büruzə verir ki, hər bəndin əvvəlki
üç misrası ilə sonrakı iki misrası
arasında müəlliflərin fərqli olduğu nəzərə
çarpmasın; eyni üslub, eyni dəst-xətt olduğu
kimi saxlansın. Bu baxımdan Seyid Əzimin
Füzulidən etdiyi təxmis də mükəmməl bir əsərdir.
Şikəstə
kaseyi-çini misali, bir sədamız yox,
Sınıq
neytək həvadən düşmüşük,
bir dəm
nəvamız yox,
Səba,
ol gül bədəndən
nameyi-rahətfəzamız
yox,
"Əsiri-qürbətiz,
bir səndən
özgə
aşinamız yox,
Ayağın
kəsmə, başınçun,
bizim
möhnətsəralərdən".
Seyid Əzimin Füzuli yaradıcılığına bu
dərəcədə bağlılığı onun əsərlərinin
dəyərini azaltmır, əksinə, sələfinin irsinə
yaxından bələdliyini, onu yüksək qiymətləndirdiyini
üzə çıxarır. Poetik dildə təsvir və ifadə vasitələrini
yaradarkən Seyid Əzim yalnız ənənə dalınca
qaçmamış, öz bədii zövqünə və
dünyagörüşünə uyğun orijinal sənət
nümunələri yaratmışdır. Baxmayaraq
ki, Azərbaycan ədəbiyyatında sözü Füzulinin
ucaltdığı zirvəyə yüksəldə bilən
ikinci qəzəl ustadı olmamışdır, Seyid Əzim
bu barədə dahi sələfinə bir xeyli dərəcədə
yaxınlaşır. Həqiqətən,
Seyid Əzim Şirvani öz lirikasında klassik ənənələri
davam etdirməklə yanaşı, şeirə özünəməxsus
keyfiyyətlər aşılamağı bacarmış
böyük sənətkardır.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.24-25.