İndi tənha dəniz və unudulmuş

qağayılar qalıb baş-başa...

 

Pandemiya günlərinin şeirləri

 

Sakit gün

 

Bakılılar günündə

Bakının səssizliyi qulaq batırırdı

Şəhər sakit, tənha idi...

Bakılılar Bakını

            pandemiya günlərindəki kimi sakit

görməmişdilər.

Bu səssizlik şəhərə heç yaraşmadı

Bakı, səs-küyü ilə gözəldir,

Gündüzlər günəşi,

            gecələr ulduzları darıxdı şəhərin,

Havası, suyu, əncir,

            üzüm ağacları, qızılgülləri darıxdı,

adamlar darıxan yerdə

darıxmazmı şəhər özü?

Belə olacaqmış demək.

Hardansa bir virus gəlib

dünyanın əl-qolunu bağlayarmış,

əsir alarmış dünyanı.

Dünya insanı darıxarmış,

            tənha, köməksiz qalarmış...

Bakılılar günündə

            Bakı da köməksiz, tək qaldı.

Bu da keçər bir gün,

Bakı yenə insanlarla coşar,

Gözəl Bakı,

sənə səssizlik heç yaraşmır...

 

Dəniz darıxanda...

 

Həftə sonları kimsəsiz qaldı Bakı

darıxdı adamlardan ötrü.

Bu yay günlərində tənhalığa sığınan Xəzər

İnsanlardan ötrü darıxır...

Onun da taleyində haçansa tənha qalacağı,

pandemiya günlərinin

alıb-verdiyimiz nəfəsin

az qala səsi eşidiləcək sükut varmış...

Bir tərəfdən, koronavirusun

aldığı canların səssizliyi,

bir tərəfdən, Bakının...

İlahi, sükut içində yaşamaqdan

tez xilas olaydıq kaş...

 

Soyuq günəş

 

Günəş üşüyür bu yay günləri

İşıq saçmağa qorxur, sanki.

Gözəl günəş, hanı şüaların?

Soyuq pandemiya səni üşütdü?

Göy üzünü sənin zəifliyin,

Təyyarələrin yoxluğu üşüdür

Hardasan?

Buludların arxasında gizlənmə,

çıx,

ümidimiz tək sənədir

            bu pandemiya günlərində...

İşıqlı, isti şüalarını əsirgəmə insanlardan,

çıx buludların arxasından,

yetişdir meyvələri, tərəvəzləri,

işıq saç hər yerə,

adamların tək ümidi sənədir.

Qoyma aclıq çəksinlər,

qarşıdan soyuq qış gəlir axı,

Onsuz da qışda

            qorxa-qorxa gələcəksən göy üzünə,

görüşümüzə.

İndi çıx görün, indi...

 

 Yağış yağmayanda...

 

Göy guruldadı, şimşək çaxdı,

Günəşi çəkilən göylərdən

yağış yağa bilmədi, amma.

Göy üzünün dolan bulud gözlərindən

                                       yağmadı yağış,

Ağlaya bilmədilər insanların bu gününə.

Sanki pandemiya da təbiəti əsəbləşdirmişdi

insanlar kimi.

Ağlaya bilmədi buludlar.

Ağlasaydılar ürəkləri boşalardı,

dərdlərini insanlarla, ağaclarla, torpaq ilə

bölüşərdilər...

Yağış da yağa bilmədi.

Yağsaydı,

insanların da dərdinin üstünə su səpilərdi...

 

Unudulan qağayılar

 

Gözəl günlərin həsrəti ilə yaşayırıq

gözəl Bakıda.

Məlun koronavirus həsrət qoydu bizi

doğma şəhərə...

İndi darıxır

            ayaq izlərimiz üçün Bakı küçələri,

darıxır bulvar,

uşaqların yolunu gözləyir karusellər...

İnsanların öz evlərinə məhkum olduğu

bu şəhərlə

indi tənha dəniz

      unudulmuş qağayılar qalıb baş-başa...

Tezliklə bir əlac tapılsın bu pandemiyaya

Unudulmasın dəniz qağayılar

Onlar unudulanda şəhər qərib, yalqız olur...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2020.- 11 iyul.- S.25.