Qanla yazılan romanlar

 

Müharibə dövrünün ədəbiyyatından söz düşəndə, adətən, belə deyirlər: "Ən yaxşı müharibə əsəri müharibə bitəndən sonra yazılır".

Elə deyil, əzizlərim.

Ən gözəl müharibə əsərləri elə müharibənin ən gözəl günlərində yazılır - döyüşün içində, odun altında, qanla!

Sevdiyi qızdan aldığı məktubun hər hərfini gözləriylə sayı bilinməyəcək qədər öpüb-oxşayan əsgər yazır onu - bu dünyanın ən gözəl şeiri kimi.

Üzünü görmədiyi balasının dünyaya gəlmək xəbərini eşidib, sevincini səngər qaranlığı içindən gözlərini zillədiyi vətən səmasındakı ulduzlarla səssizcə bölüşən zabit yazır onu - bu dünyanın ən gözəl hekayəsi kimi.

"- Salam, qızım. Hər şey yaxşıdır. Xidmətdəyəm.

- Özünə yaxşı bax.

- Oldu.

...

- Ata, var, yox?

- Hər şey yaxşıdır. Xidmət edirəm. olub, tez-tez yazırsınız? Dərs oxu, qızım.

- Yaxşı.

...

- Atacan, necəsən? Vəziyyət necədir?

...".

Baxın, budur dünyanın ən gözəl dialoqu.

Bütün külli-aləmin yazıcıları yığışa, gələ, indiyə qədər qələmə ala bilmədiyi, bindan sonra da yaza bilməyəcəyi o ən gözəl dialoq...

Bu dialoqu şəhid mayorumuz Anar Novruzov öz qızı ilə yaradıb...

Elə yaradıblar ki, ata-bala elə möhürünü vurublar ki, bu şedevrin, bir kimsə cürət etməsin ata ilə qızı mövzusunda öz fantaziyası gücünə nəsə yazıb-yaratmağa.

Ən gözəl bayatıları şəhid anaları yaratmayıbmı?

Əsrlər boyu işğalçıların hücumlarına qarşı "düşmən çəpəri" olan divar-divar oğullarını ağlayarkən yaratmayıblarmı ədəbiyyatımızın ən kövrək ən möhkəm bünövrəsi olan folklorumuzu?

Ən gözəl laylaları əsgər qadınları yaratmayıbmı?

"Layla, beşiyim, layla,

Evim-eşiyim, layla,

Sən get şirin yuxuya,

Çəkim keşiyin, layla".

Bu laylanı əri yanında olan qadınlar yaratmayıblar, yarada da bilməzdilər. Bu laylanın içində tək qalmış qadın həsrəti ilə tək qoymaq istəmədiyi körpə sevgisi var. Yalnız vətən keşiyində dayanmış kişinin qadını bu sözləri pıçıldaya bilərdi gecənin qulağına: "Çəkim keşiyin, layla...".

Çünki özünün keşiyində duran var. Çünki müharibə gedən ölkədə hər bir qadın vətəndir, hər bir körpə vətəndir. Keşiyində dayanılmalıdır.

2020-ci ildir, iyulun ortası.

biz - əsrlərin odundan-alovundan keçib bu günə qədər gəlmiş Od yurdunun övladları, yenə işğalçı hücumları ilə sınağa çəkilməkdəyik.

Bu dünyanın ən yaxşısı oldunsa, bu dünyanın ən pis sənağı da payına düşəcək, demək. Bizim payımıza düşmənin ən pisi düşüb, ən xaini. Borcumuzdur, dünyanın ən gözəl qisasını daddıraq ona, ən gözəl istedadımızla.

generalımız edir bunu - əsgərinin önündə döyüşərək, əsgərini qoruyaraq, əsgərinin əvəzinə şəhid olaraq.

Bu, bilirsinizmi nə boyda dərsdir dünyaya da, düşmənə ?

Bu bizim xalqın mahiyyətidir, içindəki əsl həqiqi ruhudur, bu, azərbaycanlı olmaqdan da üstün bir şeydir, bu, Azərbaycan olmaq deməkdir!

Bu ən gözəl romandır!

Dünyanın heç bir yazıçısının yazmadığı, bundan sonra da yaza bilməyəcəyi roman.

Generalı, polkovniki əsgər dalında gizlənməyən, açıq meydanda döyüşən ordun var, Azərbaycan!

Təbrik edirəm, gözəl Vətən!

Təbrik edirəm, Azərbaycan ordusundakı minlərlə qəhrəman!

Göz yaşlarımız ayaqlarınızın tozuna qurban, vətən oğulları...

Təbrik edirəm, Azərbaycan ədəbiyyatı!

Bu gün sənin o ən gözəl əsərlərin yazılır, sabah hər birini hər birimiz vərəqlərə köçürə bilək deyə!

 

Cavi DAN

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.2.