"Maarif məşəli" - Həsən
bəy Zərdabi
AZƏRBAYCAN MİLLİ MƏTBUATI -
145
1829-cu il avqustun 2-də Zaqafqaziya məktəblərinin
ilk nizamnaməsi təsdiq edildi və bununla Azərbaycanda
Avropa tipində məktəblər açmağın rəsmi
tarixi başlandı. Buna rəğmən Şuşada (1830),
Şəkidə (1831), Bakıda (1832), Gəncədə
(1833), Şamaxıda (1837), Naxçıvanda (1837) rus dilində
qəza məktəbləri açıldı. Lakin
dərslər rus dilində tədris olunsa da, məktəblərin
tədris planına türk, yəni Azərbaycan dilində də
fənn salınmışdı. Bu da, öz növbəsində,
həmin məktəblərdə təhsil alanların milli məfkurəsinin
inkişafı üçün elə müsbət nəticələr
əldə etdi ki, həmin taliblər əsrin sonunda
"rus-müsəlman" məktəbləri adı
altında ana dilində məktəblər açmağa nail
oldular. Belə ki, bu məzunlardan biri də Şamaxı qəza
məktəbinin əlaçı tələbəsi Həsən
bəy Zərdabi idi ki, illər sonra XIX əsrin ikinci
yarısında Azərbaycan xalqının milli məfkurəsinin
formalaşmasında müstəsna xidmətləri olan
"Əkinçi" qəzetinin naşiri oldu.
Təkcə
Bakı şəhərində deyil, bütün Zaqafqaziyada
aradan qaldırılan iqtisadi böhran burada yaşayan
bütün xalqların, o cümlədən sayca başqa
xalqlardan qat-qat üstün olan Azərbaycan xalqının mədəni
həyatında XIX əsrin ikinci yarısında bir sıra əlamətdar
hadisələr baş verdi. Məsələn,
1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü, Seyid Əzim
Şirvaninin və Cəlal Ünsizadənin yaxından iştirakı
ilə Şamaxı şəhərində yeni üsullu
"Məclis" məktəbi açıldı. 1879-cu ildə
Bakı milyonçusu Seyid Mirbabayevin vəsaiti ilə Qori
şəhərində Zaqafqaziya Müəllimlər
Seminarıyasının nəzdində "Azərbaycan şöbəsi"
fəaliyyətə başladı ki, bu şöbə, öz
növbəsində, 1881-1917-ci illər ərzində 250 azərbaycanlı
müəllim hazırladı. 1887-ci ildə
H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən ilk
dəfə olaraq Bakı şəhərində doğma ana
dilində "rus-müsəlman" məktəbi fəaliyyətə
başladı. 1892-ci ildə M.T.Sidqi Ordubad
şəhərində "Əxtər", 1894-cü ildə
isə Naxçıvan şəhərində "Tərbiyə"
məktəbini yaratdı. 1883-cü ildə
El atası Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində
İtaliya memarlarına olduqca möhtəşəm bir teatr
binası inşa etdirdi ki, bu da, öz növbəsində, Azərbaycan
xalqının mədəni həyatında mühüm rol
oynadı.
1880-ci illərdən
etibarən isə bu tərəqqi çeşməsi daha
güclü fəvvarələr vurmağa başladı ki, əgər
Bakı şəhərindən xeyli uzaqda yerləşən
Ordubadı, Naxçıvanı nəzərə almasaq,
bütün bunların ərsəyə gəlməsində
Zaqafqaziyanın təkcə iqtisadi deyil, həm də mədəni
mərkəzi olan Bakı şəhəri mühüm rol
oynayırdı. Çünki bu Azərbaycan xalqını
işıqlı bir gələcəyə aparan maarif və
savad çiçəyinin gün-gündən ətirlənməsində
Azərbaycan xalqının tərəqqisini qətiyyən istəməyən
Çar Rusiyasının yox, azərbaycanlı xeyriyyəçilərin
əvəzsiz xidmətləri
var idi. Belə insanlar onlarca idi: Hacı Şıxəli,
Hacı Hacağa, Hacı Əliabbas, Hacı Zeynalabdin
Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi
Əsədullayev, İsa bəy Hacınski, İsa bəy
Aşurbəyli, Əjdər Aşurbəyli, Teymur Aşurbəyli,
Nabat xanım Aşurbəyli, Kərbəlayi İsrafil, Sona
xanım Hacıyeva və ilaxır. Lakin xalqın maariflənməsi,
savadlanması, xoşbəxt yaşaması üçün
onlara düzgün istiqamət verən, hər işdə təşəbbüs
göstərən, xalqın istiqbalı uğrunda son qəpiklərini
belə xərcləməyə hazır olan bu insanların
pullarını israf etmədən xalqın başı üzərində
maarif göyərçinləri uçurdan Azərbaycan
ziyalıları idi ki, onlardan biri və birincisi Həsən bəy
Zərdabi idi.
Heyrətamiz dərəcədə vətənpərvər
bir insan olan Həsən bəyi bir neçə şey narahat
edirdi. İndinin özündə də hamıya məlumdur
ki, kənd təsərrüfatı, daha doğrusu, əkinçilik
və heyvandarlıq olmadan insanların yaşaması
mümkün deyil. Lakin Azərbaycan kəndlisi
bütün bunları olduqca ağır əmək vasitəsilə
əldə edirdi. XIX əsrin 70-ci illərində,
yəni II Aleksandrın fərmanı ilə imperiya ərazisindəki
zəhmətkeşlər köləlikdən azad olduqdan sonra,
bazar iqtisadiyyatının sürətli inkişafına rəğmən,
elmi-texniki nailiyyətlər də sürətlə inkişaf
etməkdə idi. Həsən bəy
bütün bunları xalqının nəzərinə çatdırmaq,
onlara torpaqdan daha düzgün istifadə etmək
qaydalarını başa salmaq istəyirdi. Təbii ki, o dövrdə televiziyanın, radionun,
internetin olmadığı bir zamanda bunu yalnız və
yalnız mətbuatla əldə etmək olardı. O
zaman Qafqazın mərkəzi Tiflis şəhəri sayılırdı
və bütün qanunlar da oradan idarə olunurdu. Həsən
bəy də xalqı üçün mətbuat yaratmaqdan
ötrü düz bir il altı ay, yəni
1873-cü ilin aprelindən 1874-cü ilin oktyabrına qədər
Tiflis və Bakı dəftərxanaları arasında ayaq
döydü.
Nəhayət ki, Həsən bəyin əzmkarlığı,
qətiyyəti sayəsində Azərbaycan xalqının ən
əlamətdar günlərindən biri sayılan gün gəlib
çatdı.
1874-cü ilin 5 oktyabrında Həsən bəy
"Əkinçi" qəzetinin nəşrindən
ötrü icazə alandan sonra 1875-ci il 22
iyulda Bakı şəhərində doğma ana dilində qəzetin
birinci sayı nəşr olundu. Lakin Azərbaycan
xalqının maariflənməsini istəməyən xəbis
adamlar Həsən bəyin qarşısına iri bir
kötük sala bildilər. Belə ki,
"Əkinçi" qəzetinin cəmisi 56 nömrəsi
işıq üzü gördü və 1877-ci il
sentyabrın 27-də sonuncu sayı nəşr olunan qəzet
riyakar insanların məkri nəticəsində
bağlandı.
Onu da qeyd
etmək lazımdır ki, Həsən bəy Zərdabinin Azərbaycan
xalqına bəxş etdiyi "Əkinçi" qəzeti nəinki
xalqın milli məfkurəsinin formalaşmasında öz
müsbət təsirini göstərdi, eyni zamanda bir sıra sənətkarları
öz ətrafında toplayıb "Əkinçi"
ideyalarını ədəbi-ictimai fikir aynası ilə təbliğ
etməyə başladı:
"1875-ci ildə Bakıda "Əkinçi" qəzetinin
nəşrə başlanması Seyid Əzimin müasir məzmun,
ictimai pafos qazanmasına və vətəndaş kimi
formalaşmasına müsbət təsir göstərdi. Şair səsini
H.B.Zərdabinin səsinə qoşdu. Ədəbi
fəaliyyətini qəzetin ideya istiqamətinə
uyğunlaşdırdı. Maarifçilik
ideyalarını poetik dildə təbliğ etməyə
başladı. O, baş mühərrirə göndərdiyi
bir məktubda "Rəbiül-ətfal"
("Uşaqların baharı") dərsliyindəki
şeirlərin "Əkinçi" ideyaları və
mövzuları ilə yaxınlıqdan söhbət
açaraq yazırdı: "Öz türki lisanımızda
çox asan ibrətlərlə bir türki-kitab nəzm
etmişəm. Həmin kitabdan bu bir neçə
əşar ki, bundan sonra yazılacaq, yazıb xidmətüvüzə
isal elədim ki, sizin qəzetinizin məzmununda olan mətləblərə
münasibdir".
"Əkinçi" qəzeti bağlanandan sonra Həsən
bəyi guya güzəşt olaraq Yekaterinadoraya və yaxud
Kutaisiyə deyil, doğma Zərdabına on altı illiyə
sürgün elədilər. Lakin jurnalistlik fəaliyyətini
davam etdirən Həsən bəy Rusiyanın müxtəlif
şəhərlərinə rus dilində yüzlərlə məqalə
göndərirdi.
1881-ci ildən
etibarən isə 1895-ci ilə qədər Azərbaycan
xalqının maariflənməsi, savadlanması və iqtisadi
rifahının yüksəlməsi üçün milyonlarla
vəsait sərf edən Hacı Zeynalabdin Tağıyevin vəsaiti
ilə Bakıda açılan "Kaspi" qəzetinə
xeyli məktublar, məqalələr göndərmiş, eyni
zamanda sürgün vaxtı tamama yetib Bakı şəhərinə
köçəndən sonra Əlimərdan bəy
Topçubaşovun təklifi ilə məhz "Kaspi" qəzetinin
redaktoru işlədiyi müddətdə "Kaspi" qəzetində
yüzlərlə məqalə dərc etdirmiş, bununla
yanaşı, xalqın cürbəcür
sıxıntıları, eyni zamanda bağçılıq, əkinçilik,
heyvandarlığın, quşçuluğun inkişafına
dair yoluxucu mikroblarla, o vaxt insanların ağır xəstələnməsinə
və ölümünə səbəb olan malyariya ilə
mübarizə üsullarını, ümumiyyətlə xəstəliklərlə
mübarizə, kənd təsərrüfatındakı
böhranları aradan qaldırmaq yollarını göstərən,
yeni kəşflərin tətbiqinə dair, bunlardan əlavə
istər çar məmurlarının, istər sapı
özümüzdən olan baltaların
meşşanlığı, ədalətsizliyi,
riyakarlığı, kələkbazlığı
haqqında, bəzən sözaltı mənalarla, bəzən
isə aşıq-aşkar dəlillərlə, bir çox
hallarda bəzi neqativ ünsürləri satirik boyalarla boyayan məqalələr
dərc etmiş, bundan əlavə də o dövrdə
Qafqazda çox yayılan "Kafkaz", "Novoe
obozrenie" qəzetlərinə dövrün vacib problemləri
barədə məqalələr və məktublar göndərmişdir.
Həsən bəy Zərdabinin "Kaspi" qəzetində
dərc etdirdiyi məqalə və məktublardan bir qismi də
din pərdəsi altında xalqın qanını soran
münafiqlər haqqındadır. Məsələn, qəzetin 1888-ci
ildəki 195-ci sayında Həsən bəy Zərdabi
fırıldaqçı din xadimlərinin timsalında
"Şeyx Əli Baba"nın
acgözlüyündən və kasıb əhalini soğan
qabığı kimi soymasından yazır.
İslam dini olduqca mütərəqqi, cahanşümal,
demokratik, işıqlı bir dindir. Həsən bəy xalqa din pərdəsi
altında şarlatanlıqla,
fırıldaqçılıqla məşğul olanlara
inanmamağı, onlardan uzaq qaçmağı bu səpkili
yazıları ilə bəyan edirdi və bununla da, münafiqlər
tərəfindən dini cəhətdən maariflənməyinin
əsrlər boyu qarşısı alınmış xalqı
ayıldır, onun imkanı daxilində maarifləndirirdi.
Həsən bəy Zərdabinin yaratdığı
"Əkinçi" qəzetinin məziyyətləri,
özəllikləri, gözəllikləri hesaba gəlmirdi. Belə ki, qəzet
Azərbaycanda uşaq ədəbiyyatının
inkişafına olduqca güclü təkan vermişdi.
O, xalqın savadlanması yolunda bacarığını əsirgəmir,
istər publisistik çıxışlarında, istərsə
də əməllərində bunu açıq-aşkar
nümayiş etdirirdi. Zərdabinin
Azərbaycan xalqına ən böyük xidmətlərindən
biri də el atası Hacı Zeynalabdin Tağıyevlə birlikdə
1901-ci ildə Bakı şəhərində qız məktəbinin
açmasıdır.
Həsən
bəylə Hacı möhkəm dost idilər və
onların aralarında elə bağlılıq var idi ki,
Hacı Zeynalabdin Tağıyev öz şəxsi malikanəsində
Həsən bəyin ailəsi ilə birlikdə
yaşaması üçün yer ayırmışdı. Qız məktəbinin açılmasının təşəbbüskarı
da Həsən bəy Zərdabi idi. Təbii ki, Hacı
bu işdə müsəlman qızların oxumasına mane
olmaq istəyən mövhumatçı, xurafatçı
kütlələrin qarşısında öz polad iradəsi
ilə dayanmış, qız uşaqlarının oxumasına
İslam dininin icazə verdiyini sübut etməkdən
ötrü Məkkə, Mədinə kimi müqəddəs
şəhərlərə nümayəndələr göndərib
oradakı müctəhidlərdən, İslam alimlərindən
bu barədə sənədlər aldırmış, eyni
zamanda bu işə mane olmaq istəyən erməniləri
üzüqoylu yıxmaqdan ötrü çar Nikolayın
özündən icazə kağızı almışdı.
Lakin Hacı Zeynalabdin Tağıyevi bu işıqlı sabah vəd edən işə dəvət edən
məhz Həsən bəy Zərdabi idi ki, məktəbdəki
qızların savadlanması üçün istər
ilahiyyat, istərsə də dünyəvi elmlər
almaqlarından ötrü tədris proqramı tərtib
etmişdi. Bunu da unutmaq olmaz ki, Həsən bəy
Zərdabi 1896-cı ildə məktubla müraciət edərək
müsəlman qızlar üçün məktəb
açmağa vəsait ayrılmasını xahiş
etmişdi. Lakin qubernator onun bu xahişini rədd
etmişdi. Amma beş ildən sonra
xalqın savadlanması yolunda son qəpiyini belə xərcləyən
Hacı Zeynalabdin Tağıyev Zərdabinin arzusunu ləyaqətlə
həyata keçirdi. Onu da qeyd etmək
lazımdır ki, həmin məktəbin müdirəsi elə
Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Həsən
bəyin zövcəsi, olduqca ziyalı bir qadın Hənifə
xanım idi.
Tərəqqipərvər insan olan Həsən bəy Zərdabinin
xidmətləri misilsizdir. O, Azərbaycan milli mətbuatının
banisidir. Bu səbəbdən də, hər il
iyul ayının 22-si ölkəmizdə Milli Mətbuat
Günü kimi qeyd olunur. Milli məfkurəmizin
inkişafında müstəsna rolu olan
"Əkinçi"nin maarif məşəlinin
saçdığı işıq 145 ildir ki, yolumuzu aydınlatmağa
kömək edən ən gözəl bələdçidir.
Vüqar ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.3.