Səni bu hüsn camal ilə,
bu lütf ilə görən,
qorxdular haqq deməyə,
döndülər insan dedilər.
Nəsimi
"Mənəm
Allah" dedi, "Ənəlhəqq!" dedi,
haqqa
çağırırdı o səs bəşəri.
Allahı
göylərdən o endirmədi,
insanı
qaldırdı, -
o bərabəri.
Dedi ki, ey
insan, dön bax, özünə,
tanı
kimliyini, sənsən o gövhər.
Haqqı
çevirdilər astar üzünə
insan
cilidində,
insan kimilər.
Şairə,
şeirə böhtan atdılar,
sözə
qurban getdi sözdən doğulan.
Meydan
suladılar, at oynatdılar,
cəllada
tapşırdı
şairi Zaman.
Nəsimi
yükünü çəkirdi şair,
yerdə
Haqq yüküydü o həddən ağır.
Təklər
sırasında təkiydi şair, -
boyundan
yuxarı,
özündən
ağır!
Taleyin qəsdində
bir istehza var,
gördü
ki, cəhənnəm küləyi əsir.
Harda
istedad var, orda cəza var,
hakim məkrlidir,
şair
"müqəssir".
Biz o
"müqəssirə" qoyduq heykəli,
yanı
güllü oldu, çiçəkli oldu.
Şairin
taleyi - çox təhlükəli,
şairlik
- o vaxtdan
şərəfli
oldu.
"Ülvi Bünyadzadə"
küçəsi
Hələ
açığıydı göylərin üzü,
hələ
Günəş batıb, Ay itməmişdi.
Hələ
Kremlin təpəl öküzü
tankları
Bakıya yeritməmişdi.
Hələ
Rusiyanın hərbi naziri
Uçub
gəlməmişdi təyyarəsiylə.
Ölkənin
başçısı bilib bu sirri,
qaçdı
Moskvaya,
ailəsiylə.
Ülvi
"And" yazırdı səngərdə hələ,
bir nəsil
təzədən
and içməliydi.
Bu da bir dərsiydi,
dərsdən əlavə,
dərslər,
proqramlar dəyişməliydi.
Bəlkə
də, yoxuydu hələ bənzəri,
bu
yaşda istedad,
bu yaşda sadə!
İngilis
dilinə tərcümələrin
qalibi
Ülviydi o fakültədə.
Nə qəmə
yadıydı, nə də sevincə,
soruşma,
sevirdi
yeri, səmanı!
Mən
gördüm, Ülvinin özüydü, məncə,
sonuncu
şeirinin ilk qəhrəmanı.
Millət
oyaq idi o gecəyarı,
güllə
səpələnir, güllə dəyirdi.
Bakıda
tankların polad çarxları,
Yolları,
izləri möhürləyirdi.
Yaydı
Ulu öndər Bəyanatını,
ordan,
Moskvadan, car çəkdi
onda.
Atdı təhlükəyə
öz həyatını,
oğlu -
yanındaydı, qızı - yanında!
"Ülvi
Bünyadzadə" küçəsindəyəm,
yolu necə
keçim, necə dayanım?!
Zamanla,
Tarixlə mən üz-üzəyəm,
Zaman -
taleyimdi,
Tarix -
ünvanım.
Yolu necə
keçim, necə dayanım?!
Yuxuda
Moskvaya
uçurduq,
gecənin
yarısıydı,
Sovetlər
dünyasıydı.
İkimiz
də yuxusuz.
Kresloda
yanaşı,
boz pencək,
qızıl ulduz,
Başında
balaca fəs,
əkələrdən
seçilməz!
Nə
üzündə bir incik,
nə
dilində zarafat.
Birdən:
- Yop tvoyu mat!
Kimi
söydü bilmədim,
- Ziya
müəllim, - dedim,
- Xeyir
ola?!
Uğundu.
Gözündə
bir uşaqlıq,
bir
doğmalıq oxundu.
Kimi
söydü, görəsən?
- Qatili?!
- Bəli.
- Əhsən!
Min heyif,
amma səndən.
Bir də
gələcəkdimi,
sənsiz
dünyama, səndən?!
"Oxucu" məktubu
Bu, oxucu məktubuna
bənzəmir,
can səndədi,
can yanğısı varaqda
Bu
görünən tərəfidi sözlərin,
çoxu
ürəkdədi, azı varaqda.
Dilin dil
açanda, dodaq yanmayıb?
Qələm
titrəməyib, barmaq yanmayıb?
Necə
olubdu ki, varaq yanmayıb
Sən
sözə bükəndə "közü" varaqda?
Nə
niyyətdən, nə niyyətə düşübsən,
vəziyyətdən,
vəziyyətə düşübsən.
Necə
gözəl "əziyyətə" düşübsən,
seçə-seçə
sən hər sözü varaqda.
Nə
imzan var, nə ünvanın, nə adın,
fikir
aydın, cümlə aydın, söz aydın.
Sirrimizi
guya gizli saxladın,
görəcəklər
indi bizi varaqda.
Dəniz və göz yaşı
"...Düşündüm:
yaxşı ki,
dəniz
göz yaşı deyil".
Rəsul
Rza
Tökmək
istəyirdilər
göz
yaşımı dənizə.
Taleyin zərbəsiydi,
gənc
şair
bəndənizə.
Mən
anamın dəfninə
getmişdim
icazəsiz.
İzahat
istəyirdi
bir mayor -
növbətçimiz.
"Qaçıb
silahlı əsgər!" -
yayılmışdı
bu xəbər,
bu
ünvanım, bu adım.
Tamam təhlükədəydi,
onda mənim
həyatım:
Gələcəyim,
sabahım,
kürsülərə
qalxmağım,
ordan
şeir oxumağım,
seçilib-sayılmağım...
Mən - sıravi
bir əsgər,
bir imza
göstərdilər:
Zərli
paqon,
ali çin, -
bir
rütbəli zabitin.
"Hərbi
tribunala.
Fərari",
-
əmri buydu.
çıxış
yolum yoxuydu.
Nə
sözümü bir deyən,
nə
haqqımı istəyən,
nə
doğma, isti nəfəs,
yoxuydu elə
bir kəs.
Mən fərari
deyildim,
vətənimi
sevirdim.
Mən
anamı itirdim!
Generalla
görüşə,
gənc
şairi xahişə,
Nigar
xanım,
bir də Siz...
Onda ləngisəydiniz,
mənim
göz yaşlarımı
tutmazdı
indi dəniz.
Behişt
olsun yeriniz.
Sürgün həyatı
60 illik yubileyi günlərində
böyük yazıçı Mir Cəlalın
xanımından soruşdum:
- Püstə xanım, niyə Mir Cəlal
müəllim yaşından artıq görünür?
- Hər gün sürgün
saatını gözləyirdi, - dedi.
Müəllif
Cavid getdi
sürgünə,
rus saldatı
yanında.
Müşfiq
- qolları bağlı,
KQB -
zindanında.
Cavad itkin
düşübdü,
yoxdur səsi,
sorağı.
Mir Cəlal
göz dustağı.
Püstə
xanım deyirdi,
demirdi,
inləyirdi,
nəvəsi
dinləyirdi.
Mən də
qulaq asırdım,
ürəyimə
yazırdım.
- Gecə
ayrıldıq, gecə,
Cavidin ad
günüydü,
bir ziyafət
günüydü.
Mişkinaz
xanımıydı.
Dilbəriydi,
məniydim.
bir də
Şükriyyə xanım.
Elə
bil dünəniydi.
Danışırdıq,
gülürdük,
sevinirdik,
nə deyim?
Kim
qalıb, kimə deyim!
Səhər
eşitdik, səhər,
radiodan xəbəri.
Həbs
olunub dedilər
vətən,
xalq düşmənləri.
Cavid Əfəndi,
Müşfiq,
Əhməd
Cavad - hər üçü.
Bir
alın yazısıymış,
Son
ayrılıq görüşü.
Gülüşlər
yalanıymış,
sevinc,
filan da yalan.
Əvvəl
yazılanıymış,
əvvəldə
də oxunan.
Həyatın
özü buymuş,
astarı,
üzü buymuş,
tale
güzgüsü buymuş!
Püstə
xanım deyirdi,
demirdi,
inləyirdi,
nəvəsi
dinləyirdi.
Mən də
qulaq asırdım,
ürəyimə
yazırdım.
-
Aşağıdan, küçədən,
qəfil
gəlsəydi bir səs, -
Mir Cəlal
deyəsiydi:
- Yol
çantamı ver, tələs,
onlar məni
gözləməz,
söz eləyər,
söz deməz.
Mir Cəlal
həssasıydı,
mən də
bir az təngnəfəs.
Mir Cəlal
gözləyirdi:
günü,
anı,
saatı.
Evdə -
müddətsiziydi
onun
sürgün həyatı.
Fatehin ad günü
Bayaqdan
alnıma soyuq tər gəlib,
sinəmi
yandırır güclü bir təlaş.
Dünən
Kəlbəcərdən
bəd xəbər gəlib,
məni
oynamağa çağırma, qardaş.
Bir yana
baxanda üzürlüyəm mən,
demə,
çox rahatdı yerim kürsüdə.
Qarabağ
gedəndən hüzünlüyəm mən,
heç
eynim açılmır,
üzüm
gülsə də.
Deyirlər,
xaricdən bir dığa gəlib,
orda
görmədiyi şaddığa gəlib.
Gedib
İstisuda təzə mülk tikir...
daha
yaş tükənir,
zaman gecikir.
Elə
istəyirəm, fateh olasan,
Əyilib
qarşında diz çökə quldur.
Yersizi,
yerində
otuzdurasan,
deyəsən,
erməni, yerin bax, budur!
Deyirik o
sözü, demə deyilmir,
o bizə
tanışdır, qədimdən tanış.
Erməni
dilini
erməni bilmir,
danışsan,
xarici bir dillə danış.
İstərəm,
and içib, ad-ad deyəsən,
şəhid
verdiyimiz mərd oğullara.
Qonşuluq
dilini sən öyrədəsən,
bu
qonşu qatili,
vəhşi
qullara.
Şəmsəddin
babanla, mən, şair baban,
başın
üstündəyik, yat, yuxun olsa.
Millətin
səsinə -
hər yaşda
oyan,
qalxmağa,
balaca bir heyin olsa.
Ənvər
Orta məktəb
yoldaşıma
Anamın
sac çörəyidi,
bu
xamralı, sağ ol, Ənvər.
Gətirdiyin
bu nemətə
özün
də qonaq ol, Ənvər.
Bilmirəm
yaxşıyıq, pisik,
gedən
gedib, qalan bizik.
Sənsən,
mənəm - ikimizik,
ayıq
ol, oyaq ol, Ənvər.
Göyçə,
İrəvan hardadı?
o elin-oban
hardadı?
Bütöv
bir dünyan hardadı? -
bir səs
ol, soraq ol, Ənvər.
Qan
qusmuş, yenə qan deyir,
indi də
Naxçıvan deyir.
Həyat
bizə oyan, - deyir,
həyatdan
agah ol, Ənvər.
Biz deməsək
sözümüzü,
çörək
tutar gözümüzü.
Bir əldə
- əsgər süngüsü,
bir əldə
- bayraq ol, Ənvər.
Elçin, bir şeir de...
Gənclik
illərində kürsülərdən
əzbər
şeirlər deyən, alqışlar qazanan
jurnalist dostumuz Elçin Məmmədlinin
60 illiyinə
minnətdarlıqla
Müəllif
Elçin,
bir şeir de...
adətkəriydik,
səhnəyə
çıxanda, yerdən deyərdik.
O da
eşidərdi Allah eşqinə,
yerdən
əl çalardıq biz də Elçinə.
Əsl,
canındaydı çıxış, Elçinin,
şeir
bizimkiydi, alqış Elçinin.
Bizim
yerimizə o baş əyərdi,
bizə
baxanda da, gülümsəyərdi.
Şeir
gecəmizi başa vurardı,
hər kəs
öz yanında otuzdurardı.
Mən
uşaq bilirdim, uşaq deyilmiş,
cəbhədən,
filandan uzaq deyilmiş.
Bir
gün eşitdim ki, o, əsgər gedib,
şair
dostlarından bixəbər gedib.
Elçini
istəyən, görən, tanıyan,
heç
kəsin xəbəri olmayıb ondan.
Topunu
tuşlayıb topların üstə,
döyüş
başlayıblar, nə başlayıblar!
Orda qafiyə
də,
heca da,
söz də,
Elçini
səngərdə alqışlayblar.
Şeir
gecəsinin davamı buymuş,
Elçinin
cəbhədən salamı buymuş!
Bir
şeydən qorxub ki, tərs güllə dəyər,
ona yox,
qəlbində Xəlilə
dəyər.
Söhraba,
Məmmədə, ya mənə dəyər,
Cavidin,
Müşfiqin xətrinə dəyər.
Dilində
misralar pələnsəng qalar,
dünyadan
söz köçər,
dünya tək
qalar.
Söhrabdan
deyəndə, Söhrablaşardı,
bir nəsil
biziydik, bir nəsil Elçin.
Məmməd
- müdrikləşər, Xəlil - daşardı,
mən -
gah özümüydüm,
gah - əsl
Elçin!
Yerlər
yuxuludur, tərpət, oyansın,
Məmmədi,
Söhrabı bir də yad eylə.
Elçin,
bir şeir de,
Elçini
"dansın",
Xəlilin
dilində bir cihad eylə.
Məmmədi,
Söhrabı bir də yad eylə.
Daş - əziz oldu
Qələm
dostum
Cahangir Əsədə
Gedirdi,
sonuncu köç karvanıydı,
nə qədər
yalvardım, söz aciz oldu.
Mən
varağa yazdım ana şeirimi,
sən
daşa köçürdün,
daş - əziz
oldu.
Bizim
"daş" analar, daş olmadılar,
bizə
göz oldular, qaş olmadılar.
Yaşaya-yaşaya
yaşamadılar,
ləkəsiz,
boyasız,
tərtəmiz
oldu.
Mən
misal çəkəndə ürək sözumü,
tərəzidə
çəkdi fələk sözümü.
Mən
onda deyəydim gərək, sözümü,
onda da zəmanə
çox qəliz oldu.
Cənnət
havasıydı isti nəfəsi,
həzrət
peyğəmbərin o qız nəvəsi!
Bir anam
varıydı, atam əvəzi,
əvəz
eləmədi,
əvəzsiz oldu.
Harda
beşik gördüm, yadıma düşdü,
tək
ev-eşik gördüm, yadıma düşdü.
Evdə
işıq gördüm, yadıma düşdü,
mən
onsuz olmadım,
o mənsiz oldu.
Ata
nəvəm
Alməhəmmədə
Bir
yaşımda çıxıb getdin,
səksənimdə
saldın yada.
Ulduz kimi
axıb getdin,
Ay kimi
doğdun, ay ata!
Mən
bilməzdim, bu hiss nəydi,
dil
açdığım ilk dəfəydi.
Bu sinnimdə,
bu yaşımda,
çağırırdım:
ata! Ata!
Yorğanın
ağ, bələyin ağ,
yerin tərtəmiz,
ağappaq.
Ağla
görüm, qulaq asım,
qaldırım
bağrıma basım.
Eşidim
ata səsini,
bu ilk ata
töhfəsini.
Yuxuda
gülürsən, Ata,
tanıdın
deyəsən, Ata?!
Nərmanam,
mənəm, mən, Ata!
Əbədiyyət
Əzizim
Samir Nəsibova
Nəsib əmi
dediyim,
ürəkdən
istədiyim,
bir
ağsaqqal kişiydi.
Dilindəki
o söhbət,
gözündəki
o ülfət,
ata nəvazişiydi.
Samirin
babasıydı,
nəslin
ab-havasıydı.
Bilirsiniz
nəçiydi?! -
gözəl
hekayəçiydi.
Tanınmış
bir yazıçı!
Tanrısına
duaçı.
Yazdığı
şah əsəri, -
"Vyana
gecələri".
Özünün
həyatıydı,
cəbhə
külliyyatıydı.
Bir əsgər
şinelində
çəkdiyi
bayatıydı.
Dünya
sahillərində,
qumbara əllərində.
Nəsib əmi
can qoyub,
ad qoyub,
ünvan qoyub.
Oğlu
Vasif, bir də mən,
oğlu Rəşid
də hərdən,
qılığına
girərdik,
orda
gördüklərini
burda
söylətdirərdik.
Suallar sinəmizdə,
əlimiz
çənəmizdə,
ona qulaq
asardıq,
axıracan
susardıq.
Bu
dünya - bir səsiymiş,
səs -
səsin əvəziymiş.
Əbədiyyət
varıymış, -
bu onun
oxşarıymış,
o bunun
oxşarıymış!
Samir
böyük kişiydi,
Vasifin bir
yerişi,
Samirin
yerişiydi!
Samir - elə
özüydü, -
kölgəsi
- kölgəsiydi.
Kim deyər
- Nəsib əmi,
Samir yox,
özgəsiydi?!
Yazıçı Pərvinə
Açıq
məktub
Akademik Həsən
Əliyevin ruhuna
Məndən
müsahibə alırdı Pərvin,
Ekranda
haqqımda söz deyəsiydi.
Başımda
bu qədər çaxan şimşəyin,
məndən
soruşurdu,
səbəbi nəydi?!
Məni təkləmişdi
qələm dostlarım,
təzə
başladığım bir poemada,
sözümün
"üzü" yox,
Pərvin, "astarı",
bir az
toxunmuşdu kiməsə, onda.
O da
İttifaqda vəzifədəydi,
mənə
ismarışı qorxu, hədəydi.
Sədrin
otağında, o vaxtkı sədr,
havası
doğmadı indiki yerin.
Müşfiqin
dalınca göndərirdilər,
Müşfiqdən
qırx beş il,
sonraydı, Pərvin.
"...Burda
Birincidir hədəf seçilən!" -
nüfuz
sahibiydi bu sözü deyən.
Qulluq
göstərirdi özü də, yəqin.
mən
indi sussam da,
beləydi, Pərvin.
Çıxdı
qabağıma bir Haqq carçısı,
o nə
şair idi, nə də yazıçı.
Amma
şairə də, yazıçıya da,
hörməti
varıydı onun, həyatda.
Böyük
ailənin ağsaqqalıydı,
seçilib-sayılan
bir ziyalıydı.
İnsaf
sahibiydi, iman sahibi,
bir də
damarında bir qan sahibi!
"Nədir
o əsərin əyər-əskiyi?
Birinci
oxuyub, müsbətdi rəyi.
Əl
çəkin şairdən..."
bu səs, bu nida,
bir
ildırım kimi çaxdı havada.
Mənim
ürəyimə işığı düşdü,
onun da təzyiqi
aşağı düşdü.
Mən
onda gördüm ki, təklər
tək deyil,
göründüyü
kimi dünya - rəng deyil.
Məni
qoruyan var, məni duyan var,
mənim
yazdığımı bir oxuyan var.
Taxta
qapısını döymə kimsənin,
öz dəmir
qapını döyərlər sənin.
Bunu mən
demirəm, bunu deyən var,
amma neyləsən,
yenə döyən var.
Bəlkə
canımızda bu bir azardı,
Xəlil
sağ olsaydı, açıq yazardı.
Kimsə
bir gözünü qıyıb baxırdı,
çətindi
hər gözdən bir söz eşitmək.
Söz
var, götür görüm,
Pərvin
ağırdı,
nə əyilmək
olur, nə şax yerimək.
Gördüm
o hikkəni, o kini gördüm,
tanıya
bilmədim qələm dostumu.
Evimdə
ən ağır itkini gördüm,
itirdim
yeganə
o qəm dostumu.
Sınağa
çəkirdi yenə taleyim,
amma vay
halına tənha qalanın.
Qadınsız
bir kişi göstərin, deyim
nədir
güzəranı
o zavallının.
Bəlkə
unudardım mən bu söhbəti,
keçərdim
çəkdiyim ağrının üstən.
İl var
- unutdurur vaxtın müddəti,
an var -
keçmək olmur,
o anın üstən.
Qorxdum
"dost" sözündən,
"qələm"
sözündən,
dözmədim,
güləndə qəmimə qəmsiz.
Bilmədim
heç niyə qaçdım özümdən,
nə
dostsuz yaşadım,
nə də qələmsiz.
Bir dekan varıydı...
Güldanə
xanımın xatirəsinə
Bir dekan
varıydı, belə, birtəhər,
gözü
seçməyəni ayaqlayardı.
Müəllim,
tələbə görəndə - şişər,
rektoru
görəndə,
arıqlayardı.
Hərdən
stoluna yumruq vurardı,
deyərdi
dekanam!
(onda təzəydi).
Oxlov udan
kimi dimdik durardı,
daimi bir
nida işarəsiydi.
Uzaq
qohumuydu prorektorun,
biz birik,
desə də, ayrı gəzərdi.
Göstəriş
verərdi adından onun,
gedib əl
tutanda,
dizi əsərdi.
Bizə
gah toxunur, gah ilişirdi,
bir az əsəbiydi,
bir az da qıvraq.
Fənnini
bilmirəm, necə bilirdi,
şərikli
dərslik də
yazmışdı
bir vaxt.
Hamıdan
"ağıllı", hamıdan "təmiz",
elə
ki, dindirdin, tamam şəriydi.
O da tələbədən
almağa həris,
köhnə
iş yerindən,
adətkəriydi.
Tez-tez
yoxlayardı Baş laborantı,
yerində
yoxdursa, təcili iclas.
Yuxarı-aşağı
xəbər çatardı,
telefon əlində,
müsbət bir
obraz!
Rektorun əmriylə
getdi o dekan,
gördük
hər üzünü zalım həyatın.
Bizə
salam verdi, salam almayan,
dekan insan
oldu,
gözünüz
aydın!
Ana ürəyi
Həvva
xanıma
Kənddə
açıq eyvan, bir yaz axşamı,
sizdə
qonağıydım mən ilk dəfəydi.
Mən
anamdan sonra
gördüm anamı,
gördüyüm,
bəlkə də, bir möcüzəydi!
Gedib
öz əlində xörək gətirdin,
bir
gözün oğlunda,
o biri məndə.
Dedin
qardaş kimi bir qabdan yeyin,
yad kimi gəlməyin
bir də gələndə.
Hardan kəşf
elədin sən bu sözləri? -
mənə
bu hikməti deyən yoxuydu.
Adəmin,
Həvvanın vaxtından bəri,
qardaşsız
oğullar
bəyəm,
yoxuydu?
Mən
qardaş sarıdan evdə təkiydim,
həyatda
- bu eniş-yoxuş içində.
Amma
dost-tanışım çoxuydu mənim,
"qardaş"
çağırdığım tay-tuş içində.
Qədəmin
mübarək, səsin mübarək,
ey ilham pərisi,
varmı əvəzin?
Sən
demə, bir ana ürəyi gərək,
qardaş
dediyini
qardaş eləsin.
Kəsdiyim
çörəyə hörmət, ehtiram,
özüm
də bilmirəm, daha nə deyim.
Ana
çağırmağı yadırğamışam,
oğul
de,
sənə də mən
ana deyim.
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.4-6.