Xalq yazıçısı Kamal Abdullanın yeddi
cildliyinin birinci cildi
işıq üzü
görüb
Xalq
yazıçısı, akademik Kamal Abdullanın yeddi
cildliyinin birinci cildi işıq üzü görüb. Birinci
cildə yazıçının üç romanı, həmçinin
həyatı, elmi, bədii yaradıcılığı ilə
bağlı yalnız faktlardan ibarət məlumat daxil edilib.
Yazıçının ədəbi-bədii irsində vacib
yer tutan roman yaradıcılığı
“Yarımçıq əlyazma” ilə başlayıb.
Müasir Azərbaycan ədəbiyyatında hadisə
sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas
və tənqidçilərin bədii-estetik səviyyəsinə,
ədəbi siqlətinə görə yüksək nümunə
kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə
2004-cü ildə çap olunub.
“Yarımçıq
əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla
bağlı olmayıb. Çap olunduğu ölkələrin
sayına görə dünya ədəbiyyatının həqiqi
faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə,
Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya,
Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro
və Yaponiyada çap olunub.
Azərbaycanda
tənqidçilərin müxtəlif müzakirə və
mübahisələrinə səbəb olan, ətrafında
çeşidli ədəbi qalmaqallar yaranan bu əsər
2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi
Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”,
2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb.
21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma”
İtaliyanın ən böyük fondlarından biri Rikardo
Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının
(“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə
gətirib.
Xüsusilə
qeyd etmək lazımdır ki, bu əsər çap
olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı
yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014),
Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap
edilib.
“Sehrbazlar
dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim
olunub. Sufi dərvişlərin həyatından bəhs edən
əsər Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016),
Litvada (2013) Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013),
İranda (2014), Amerikada (2015), İtaliyada (2016), Rumıniyada
(2019) nəşr edilib.
“Unutmağa
kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr
edilib. Roman “Č íĺęîăî çŕáűňü” adı ilə 2015-ci ildə Bakıda
rus dilində, 2016-cı ildə Moskvada “Xudojestvennaya literatura”
nəşriyyatında “Ďîä ńĺíü˙ Ęŕđŕăŕ÷ŕ” kitabında çap
edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur
“Bengü” nəşriyyatında Arif Acaloğlunun tərcüməsi
və önsözü ilə işıq üzü
görüb.
Kamal
Abdullanın roman yaradıcılığı həm də
onunla əlamətdardır ki, bu əsərlər haqqında
təkcə Azərbaycan ədəbiyyatşünasları və
mədəniyyətşünasları (Anar, İsa Həbibbəyli,
Vaqif İbrahimoğlu, Niyazi Mehdi, Aydın Talıbzadə,
Tehran Əlişanoğlu, Rəhilə Qeybullayeva, Mehman
Qaraxanoğlu və b.) deyil, eyni zamanda dünya ədəbi-bədii
fikrini təmsil edən, ədəbi-mədəni iqlimi yaradan,
istiqaməti müəyyən edən məşhur ədəbiyyatşünaslar
yazıblar. Franko Kardini, Umberto Eko (İtaliya), Lev Anninski və
Lüdmila Lavrova, Yuri Polyakov, Konstantin Kedrov, Anastasiya Yermakova
(Rusiya), İrfan Ülkü, Yasəmən Bayer, Arif
Acaloğlu, Mehman Musaoğlu (Türkiyə), Maks Statkeyviç
(ABŞ), Lyudmila Bejenaru, Livia Cotorcea (Rumıniya), Ziqlinde Hartman
(Almaniya), İçiro İto (Yaponiya), Sutha Svarnakar (Braziliya),
Klod Aliber (Fransa) və başqaları Kamal Abdullanın
yaradıcılığına yüksək qiymət
vermiş, romanlarına həsr olunan məqalələr
yazmış, yazıçının dünya ədəbi-kulturoloji
panoramındakı yeri ilə bağlı dəyərli fikirlər
bildiriblər.
Kamal
Abdullanın romanları Azərbaycan və dünya tənqidində
postmodern ədəbiyyatın, intellektual nəsrin bariz
nümunələri kimi qeyd olunur.
Xalq
yazıçısının 7 cilddən ibarət
“Seçilmiş əsərləri”nin 1-ci cildinə onun
üç romanı və haqqında məlumat, 2-ci cildinə
bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə
şeirləri, esseləri, pyesləri, 4-cü cildinə
“Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə
dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə
intervyu və məqalələri, 7-ci cildinə onun
haqqında ölkədə və xaricdə yazılan məqalə
və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara
münasibətini əks edən parçalar daxil edilib.
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.6.