Quşların duası

 

Alleqorik hekayə

 

 Sərv ağacının sıx yarpaqlarla örtülən budaqlarında yüzlərlə sərçə, qaratoyuq yuva qurmuşdu. Hərdən uşaqlar həyətdəki ağacın altında əllərini biri-birinə bərk vuraraq quşların sayını bilmək üçün onları budaqlardan uçurdur və saymağa çalışardılar: "On, iyirmi, otuz, qırx, əlli...".

 Səs kəsiləndə quşlar təzədən budaqlara, öz yuvalarına qayıdardılar. Quş dilində bir-birinə bütün insanlardan gileylənərdilər:

 - Bacılı, bacılı, gördünmü bu uşaqları, elə bil qurban olduğumuz Allah ancaq bunlar üçün bitirib bu ağacları.

 - Gördüm, bacılı, bilmirlər ki, Allah hamıdan əvvəl bizi düşündüyündən ağacları bizə ev-ocaq yeri kimi bitirib.  İnsanlar isə öz xeyirləri üçün ağacların gəncinə, yaşlısına baxmadan doğrayırlar.

 Qaratoyuqlar oxuya-oxuya sərçələrin söhbətinə qoşuldu:

 - Tirik-tirik, tık-tirik quşların gözəlləri, insanlardan danışırsınız?

 - Vay-vay bunların hallarına. Həyatları tükdən asılı qalan kimi yaşayırlar ömürlərini. Allah özü kömək olsun insanlara...

 Bu zaman, qarğalar dəstə-dəstə uçub gəldilər və söhbəti qeybətə çevirdilər:

 - Qarr, qarr, ay quşlar, insanların içinə qırğın düşüb ey, xəbəriniz var?

 Sərçələr acıqla qarğaları tənbeh etməyə başladılar:

 - Utanmırsan, insan ölümünə belə sevinirsən? Yer üzünü insanlarsız təsəvvür edirsənmi? Əkilib-biçilən torpağın məhsulunu insanlar tək özləri yemir axı, bizi də onların zəhməti yaşadır. İnsanların içinə xəstəlik düşməsini necə belə sevinə-sevinə söylərsən, qaraxəbər qarğa?

Bülbül qarğaya tərəf dönərək:

 - Mənim içim qan ağlayır. Nəğmələrimə dəyər verənlərə, məni oxşayıb, əziz-əziz dinləyənlərə bəla üz verib.

 - İnsan yer üzünün bəzəyidir, gözəlliklər yaradanıdır. Allahın yaratdığı hər şeydə şükranlıqları nəğmələrimə qoşularaq dağ-daşda əks-səda verəndə qanadlarıma qüvvət gəlir. İnsan Allahın ruhundan var oldu, Sən yaradanın ruhundan olan insanı necə sevməzsən, ey qara qarğa? Sənsə onun əkdiyi, bitirdiyi məhsuldan yeyərək, onların xəstələnməsinə, dərd içində olmasına sevinirsən, ayıb olsun.        

 - Qarr, qarr... ən pis indi mən oldum? İnsan özü özünə dərd-bəla gətirib, mən neynim? Sadəcə, mən vəziyyəti dedim.

 Bülbül:

 - Boş-boş danışma. İnsanları şərləmə, Allah yer üzünü heç vaxt insanlarsız etməsin. Yoxsa bütün bülbüllərin nəğmələri xarabalığa çevrilən yer üzündə naləyə dönər.

 Sərçələr:

 - İnsanlara qarşı nifrətinin səbəbi nədir? Niyə onların çarəsizliyi səni sevindirir?     

 - Qarr, qarr... Siz onları məndən yaxşı tanımazsınız. Ay sərçə, sən dünənki civ-civsən, bülbülü-şeyda, sən də elə, ağlın da səsin kimi gur olsaydı, mən bilənləri sən də bilərdin. Mən sizin nənə-babalarınızın nənə-babasından da belə yaşlıyam. Ona görə də onları siz mənim kimi tanımazsınız. Qarr, qarr... Guya sizin içinizdə naqis, insafsız olan bircə mənəm, eləmi?

- Biz quşlar hər nəfəsimizdə, hər qanad çalmağımızda Allahı zikr edirik. Ən azı, su içəndə Allaha baxıb, verdiyi nemətə şükür edirik. İnsan necə, bizim kimi şükür edirmi? Edənləri çox az gördüm.

- İndi bildiniz niyə bunları sevmirəm? Mənə axmaq deyirlər, sevmirlər məni, həyətlərinə qonanda qovurlar. Özləri bilər. Allah məni sevməsəydi ölən əzizlərinin necə basdırılmasını mənim vasitəmlə insana öyrətməzdi. Eh... mənim yaşım var e... mən tanıyıram bu insanı.

Bülbül:

 - İnsan Allahın yaratdıqlarının ən sevimlisi olduğu üçün mən də onu sevirəm. Yer üzü insansız qalacaqsa, qoy Allahım birinci mənim canımı alsın.

 Sərçələr:

 - Elə bizim də... Cik-cik. Allahım, insanlara rəhm elə. Bizi insansız qoyma!

Qarğa:

 - Siz elə deyirsiniz, elə bil məni Allah yaratmayıb, rəhmim, ədalətim yoxdur.

 Qarr, qarr. Ay qardaş, bunlar Allahın yaratdığı kimi qalmadılar, insanlıqdan çıxdılar. Mən öz soydaşını öldürən, onların balasının ruzisini kəsən, qeybət edib günaha bata-bata qız-gəlinin haqqına girən, min əzabla onu böyüdən ananı geniş malikanəsindən qocalar evinə göndərən, gül kimi xanımına xəyanət edən, imanını şeytana satan, Azan səsindən narahat olan, Allahın verdiyi bol ruzidən, var-dövlətdən Allah yolunda kimsəsizlərə əl tutmayan, bu qazancı eyş-işrət məclislərinə sərf edən insanı necə sevim? İndiki insanların sözü əməli ilə düz gəlmir. Tanıya bilmirəm, Allahın yaratdığı o sevimli insanı.

 - Ay Qaratoyuq, sən niyə dinmirsən, bəlkə, yalan deyirəm? Dinsənə. Axı sən bunların pəncərəsindən içərini, orada baş verənləri məndən daha çox görürsən.

 - Sərçə civ-civ, elə sən özün pəncərələrə qonaraq onların evlərində ailələr arasında baş verənləri bizdən az görmürsən?

 Sərçə qanadlarını köksünə çırparaq: - Eh, burda sirlər yatır. Amma evlərdə olanlar evdə də qalmalıdır. Bir Allah, bir pəncərələr, bir də mən şahidəm evlərdə, insanlar arasında baş verənlərə. Qadın alveri, uşaq oğurluğu, kasıb ruzisinə qənim kəsilməkdən tutmuş, müharibələrdən təxribatlara qədər hər şeyin şahidi olmuşam. Sirr saxlamaqdan içim yanıb, ona görə böyüyüb ətə-qana gəlmirəm.

 Qaratoyuğun cavabı nəğmə kimi hər tərəfə yayıldı. Səsin gözəlliyi, rəngli nəğmələr söhbətcil quşları, ağacları, çiçəkləri məst etmişdi:

 - Xoş söz, xoş ünsiyyət mənə Allahdan ərməğandır. İnsan üçün oxuyuram. İnsansız bir günüm olmasın. Mən insanı işıq kimi, hava, sutək sevirəm.

 Bülbül:

 - Mən Tanrıya, onun yaratdıqlarına aşiqəm. Səsimin, kəlamımın gücü Allaha, insana bağlıdır. Nəğmələrim onları vəsf edir.

 Qarğa:

 - Əslində, biz hamımız fikirdə həmrəyik, amma düşüncələrimizdə fərq var. Siz elə bilirsiniz mən insanların qırılmasını istəyirəm, yox, əsla yox! Amma istəyirəm ki, bunlar olanlardan əməlli-başlı dərs alsınlar. Canım, təkəbbürləri yeri-göyü dağıdır. Əlləri qulaqlarında çinar yarpağı, bəlkə də, ceviz yarpağı boyda bir şeylə məşğul ola-ola dünyanın olub-olacaqlarını, sanki ora yerləşdiriblər. İnsan Allahlıq iddiasına düşdüyü üçün mən onları daha sevmirəm. O əl boyda dediyim güzgülü yarpağa bənzər şeylə bir-birinə olmazın böhtanını yazırlar. Oğurluq, əclaflıq, başkəsənlik, xəyanət, müharibələr, xəstəliklər sürətlə təbliğ olunur. Budurmu insanlıq? Allah onları belə yaratmamışdı axı! Adını bəşəriyyətin tərəqqisi qoyduqları bu prosesin içində şeytan oyun qurub insana, xəbərləri yoxdur. Mənə nə ey... Amma ürəyim yanır deyə, deyirəm.

 Baxın, guya bir sıra böyük-böyük ölkələrin adamları çox ağıllı və insansevər olduqları üçün, gedib bəzi torpaqlardakı insanların qayğısına qaldıqlarına görə oralara ağ günlər gətirmək, azadlıq bəxş etmək bəhanəsiylə müharibələr edirlər. Amma əslində, o ölkələrin adamları qırdıqları, ev-ocağını dağıtdıqları insanların İlahidən onlara verilən ruzilərinə göz dikiblər. Qaçıb qurtarmaq üçün dəryaya baş vuran çarəsiz adamları suda batırırlar. Biz qarğa icmamızda belələrini dimdiyimizlə didib-dağıdarıq. Amma yol vermərik ki, öz qanaddaşlarımız belə namərdliklər etsin. Siz qanunlarımızı bilirsiniz, bizim bir dəliqanlı o biri icma qarğasının yuvasını dağıtmışdı deyə, hamımız o yuvanı yenidən qurduq və o dağıdanı tənbeh etdik.

 Vallah, rəngimi qara görüb, qara niyyətli bilməyin məni. Mənim bunlara yazığım gəlir. Pul, mal hərisliyi tutub gözlərini, heç nə görmürlər. İsti ölkələrdən köç edənlərin çoxu işsizlik, pul-parasızlıq ucbatından balasını dolandırmaq üçün ciyərini, böyrəyini satır. Hətta onlara köç taleyi yaşadanlar bu alveri fürsət kimi dəyərləndirirlər.

 Bizim dəstədən olan qarğanın dediyinə görə, onun qonduğu ağacın altında əyləşən isti ölkənin qaçqın uşağı anasından cənnəti soruşur, öyrənmək istəyir ki, cənnətdə qarın dolusu çörək yeyəcəklərsə, onda tez ölsələr yaxşıdır.

 Uşaq söylərmiş ki, yuvamızı tez-tez yuxuda görürəm, ay ana. Allah baba yuvamızı yıxanları cəhənnəmə niyə göndərmir? Ana, ay ana, insan bir-birinə niyə bu qədər qəzəb, kin, nifrət bəsləyir? Kinin, nifrətin xəzinəsi harda yerləşir, gedib dağıdaq, partladaq, insanlar bu bəlalardan xilas olsunlar. Ay ana, Allah baba bunları niyə yaradıb? - deyə-deyə gördüm ki, evsiz-eşiksiz uşaq ağac altında canını tapşırır. Görünür, Allah o uşağı daha tez eşitdi. Çarəsiz ananın ah-fəğanı yeri-göyü bir-birinə qovuşdururdu. Belə, əziz qanaddaşlarım...

 Mən də Allahımı çox sevirəm. Ona görə də heç kimə pislik arzulamıram. İnsanlar bizdən çox fərqlidirlər. Yaratdıqları, satdıqları saxta ərzaqlardan, içlərini hər gün tədricən doğrayan nemətlərdən özləri də, övladları da yeyirlər. Ölümü asta-asta yediklərinin fərqində olsalar da, puldan, şöhrətdən keçə bilmirlər. O hazırlanan qarışıq yağlar, paketlənmiş, şəkilli nemətləri insan dərd-azar kimi satdığının fərqində ola-ola, özü öz taleyini puç etməkdən çəkinmir. Pul hərisliyi, bəsirət gözlərini bağlayıb. Alıcılardan əvvəl, o malları hazırlayıb satanlar özləri özlərini zəhərləyirlər. At ətindən, it ətindən, min bir zəhərindən hazırlanan ərzaqları "orqanik" adıyla sata-sata dünyanı xəstəliyə bürüyüblər.

 Qaratoyuq, sən mənə nə danışırdın o günləri, de bunlar da eşitsin.

 - Qarr, qarr... yoxsa elə tək mənəm insanların naqis məxluq olduğunu görən?

 - Hə, onu deyirsən... Mən hər gün sübh tezdən pəncərəyə qonub insanları sübh namazına oyadaram. O günü birisini nə halda görsəm yaxşıdır? Otaqda gah o tərəfə-bu tərəfə gedib-gəlir, gah da oturub yazılı güzgüdə tanıdığım bir adama şər, böhtan yağdıraraq, rüsvay etməyə çalışırdı.

 Adamın bələkdəki körpəsinə də şər-böhtan yazırdı. Sadə, xeyirxah, hamıya kömək əli uzadan adam kimi tanınmış alimdən nə istəyirdi, məlum deyildi. Tezdən yazmağa başlamamışdı ey... Gecədən başlayaraq, bəlkə də, bir həftəlik, aylıq, illik qəzəbini sözə çevirib dünyaya səpələyirdi.

 Dan yeri sökülməyə başladığından heç kim oyaq deyildi. Gördüklərimdən nəğməm dilimdə donmuşdu. Özünü, əməllərini unudan adam Allahını, insafını, imanını unutsa da, Allah onu unutmamışdı. Əcəli sapsarı geyimdə, nur niqablı mələk əliylə qapısını döyürdü. Adam fərqində deyildi, ev qapısının, elə həm də könül qapısının döyülməsindən. Dördkünc yazılı güzgünün səhifələri dolurdu.

 Böhtan-böhtan üstündən yağdırılırdı xeyirxah adama... Qəfil yazılı güzgüdə  görünən xəbər böhtan yağdırdığı şəxsi bir anlıq unutdurdu. Tanımadığı bir  alimin bütün dərdlərin çarəsi olan dərman ixtirası ilə bağlı Nobel mükafatına layiq görülməsi xəbəri yayımlanırdı. Əlləri əsdi. Mən gördüyüm, ölüm mələyinin işi daha asan oldu. Amma son kərə yazdığı "Ola bilməz, o adam bu ixtiranı məndən oğurlayıb"- yazsa da çatdırıb, məlum ünvana göndərə bilmədi. Nəfəsi oturduğu yerdə onu tərk etmişdi. Yox olmuş kin, qəzəb elə ilk öz sahibini bitirirmiş, sən demə.

 Qarğa:

 - Bu da belə... Görürsünüzmü, indi də bir vaxtlar bizim aramıza düşən quş qripinə bənzər bir dərdlə dünya zülm içindədi. Bizim dərdimizin dərmanı var idi. Bunların dərdinə dərman belə tapılmır. İnsan həqiqətən belə ağıllıdırsa, bəs niyə bu işdə aciz qalıb? Allahı unutdular, məncə, ona görə bəsirət gözləri kor oldu. Məncə, yer üzü indi dərsini almalıdır. Mütləq almalıdır.

 Sərçə:

 - Deyirlər ki, insanlar bu bəlanı özləri icad ediblər, hətta bəlli bir sayda insanlar qırıldıqdan sonra öncədən hazırlanan dərmanları üzə çıxaracaqlar.

 Qarğa:

 - Özü-özünün ölümünü arzulayan məxluqa Allah necə kömək etsin?

 Qaratoyuq:

 - Belə çıxır ki, özləri özlərinə qənim kəsiliblər, belə insanlıq olar? Mən inanmıram. Mənim sevdiyim varlıq heç vaxt bunu etməz! İnsan belə bir işə əl atmaz!

 Qarğa:

 - Mən deyəndə məni şərbaz, insansevməz kimi anladınız. Əslində, insan həyatını özü mürəkkəbləşdirib. Başı çözülməz qayğılar içində qarışıq. Azadlığını itirib. Ailələrində baş verən qovğaların səbəbi sevgisizlik, ümid itkisi insanlığı günbəgün uçuruma aparıb. İnsan həyatın ilkin gərəkli dəyərlərindən uzaqlaşıb, əvəzində bəla ilə üzləşib.

 Qaratoyuq cəh-cəhlə oxuyaraq: - Nə olar, gəlin, Allaha insanların xilası üçün yalvaraq, dua edək. Onlarsız həyat görün necə darıxdırıcıdır. İnsanlara qoyulan görüş qadağasının sükutu belə dözülməz darıxdırıcılıq yaradıb, görün insan olmasa dünya necə zülmətə çevrilər. Dünyanın sonu gələr. Gəlin dua edək!

 Bülbül:

 - Allah duaları eşidəndir! Xüsusilə quşların duasını...

 Quşlar sərv ağacının başında halay qurdular...

 Sərçə:

 - Bəs Göyərçin hanı? O ki hər zaman insanlardan bəhrələnib, onların damında yuva qurub.

 Quşlar Allaha dua üçün üz tutmuşdular. Həyəti quşların səsi başına götürmüşdü. İnsanların evlərinə həbs olunmasından azad olmaqlarına, əvvəlki şən həyatın qayıtmasına dua edirdilər. Yer üzünə ədalətin, insafın, imanın, səxavətin qayıdışı və sonsuzluğu arzusuyla ucalan səslər dünyanın ən səmimi xilas duaları idi.

 Bu zaman bir Göyərçin dəstəsi dua edən quşlara yaxınlaşdı. Göyərçinlərin önündə gələn ağ kəkilli biri dimdiyində "Covid-19"-un yeni peyvəndini müjdə kimi sərv ağacının budağından asaraq insanların da başa düşəcəyi dildə "insanlar xilas oldu, insanlar xilas oldu, dərdin dərmanı tapıldı, şükür, sənə İlahi" - deyə qışqırırdılar. Göyərçinlər insan dilində danışırdılar. Bəli, bizim kimi, adam dilində.

 Eyvanlara çıxan əhali donub qalmışdı. Göyərçinlərə İlahi mələk kimi baxırdılar... "Allaha şükürlər olsun" sədası dünyanı bürümüşdü. Quşların dualarından, bəlkə, elə evlərə qapanan insanların tövbələrinə görə dərdin dərmanı göndərilmişdi. İnsanlar bağışlanmışdı. İnsanlıq xilas olmuşdu. İnsanlar eyvanlardan sevinc göz yaşlarıyla quşlara dən səpirdilər...

 

 Sona Vəliyeva

 

 Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.8-9.