Nəvələrin nənəsi
hekayə
Uşaqlar üçün yazılan hekayələrdə
qəhrəmanlar, adətən, nəvələr olduğu
halda, bu gün bizim əsas qəhrəmanımız nənədir. Bilirsiniz niyə?
İndi bilərsiniz. Nənənin
üç nəvəsi var. Siz onun nənə olmasına
baxmayın, iki ay öncə işdə dincəlmədən
ora-bura qaçır, yorulmaq bilmirdi. Tez-tez
tələbələr və alimlər qarşısında tək
Azərbaycanda deyil, Avropa ölkələrində belə Azərbaycan
dili haqqında, ədəbiyyatı haqqında məruzələrlə
çıxış edir, dilimizin gözəlliyini, hər
xalqın öz dilinə olan ehtiramını anladırdı.
Nənə nəvələrini də unutmaz,
boş vaxtlarında onları görməyə gedərdi.
Bu gün də dünyanı əsarətə alan
"tac"lı fəlakət - Koronavirus olmasaydı, yenə
də nənə nəvələri ilə bərabər
olmayacaqdı. Bu çətin günlərdə
nənənin övladları növbədə olmalı,
uşaqlarından uzaqda qalmalı idilər. Bu səbəbdən də nəvələri
yığışıb nənələrinə qonaq gəlmişdi.
Nənənin məsuliyyəti də elə o
zamandan başladı. Nənə əvvəlcə nəvələrini
sırayla öpüb bağrına basaraq, "Xoş gəlmisiniz,
ay mənim canlarım, nənə sizə qurban olsun", -
dedi. Onlardan cavab almayan nənə
barmağını dişlədi... - "Həəə, demək
belə oldu". Evdə valideynləri ilə rus və
ingilis dillərində ünsiyyət quran uşaqlar nənəyə
məhəl qoymayıb, əvvəl rus dilində cizgi filminə
baxdılar, sonra isə ingilis dilində oyun oynadılar, bəzən
qalib gələn tərəf "vauuu" deyə cikkə
çəkir, "okey" deyə sakitləşir, rus və
ingilis dillərində sevinclərini və ya kədərlərini
büruzə verirdilər. Yemək vaxtları
çox sakit keçirdi. Nənə öz-özünə
"Yaxşı ki, bütün dünyada yeməklər eyni
yeyilir", - desə də onların Azərbaycan yeməklərini
sevmədiklərini hiss etdikcə üzülür, əsəbləşirdi.
Bəzən də yemək süfrəyə gələndə
uşaqlar nənənin xörəklərinin dadına baxmadan
dünya mətbəxindən yeməklər sifariş verir, Azərbaycan
yeməklərinin bəzilərini belə tanımır,
öz aralarında ingiliscə danışırdılar.
Əslində, nənə onları
anlayırdı. İngilis dilini
yaxşı bilməsə də, rus dilini gözəl bilirdi.
Amma onlara Azərbaycan türkcəsində cavab
verir, nəvələrinin ana dilini bilmədikləri
üçün övladlarını qınayır, gözləri
yaşarırdı. Uşaqlar meyvələrin
adını belə azərbaycanca anlamır, nənə onlara
meyvələrin adını öyrədir, dönə-dönə
tələffüz etmələrini tələb edirdi. "Bu almadır, bu isə armud. Uşaqlar,
bu göyərtidən yemək sağlamlıqdır. Bax, bu keşniş, bu isə
şüyüddür". Nəvələrin
böyüyü İlkin meyvələrin adını
düzgün tələffüz etdikcə nənənin sevinci
yerə-göyə sığmırdı. Nənənin sevinməsini balaca Ömər və
Azad anlaya bilmir, dodaqlarını büzərək meyvələrin
adlarını rus dilində təkrar edir, nənənin bu meyvələrə
nədən başqa cür ad verməsinə təəccüb
edirdilər.
Artıq iki ay vardı ki, "taclı" bacı Azərbaycanda
da ayaq açmış, insanları işindən-gücündən
qoyaraq evlərdə dustaq eləmişdi. Altmış beş
yaşından yuxarı olan yaşlı nənə və
babalara daha çox qadağalar qoyulmuşdu. Nəinki
küçəyə çıxa, hətta onlara nəvələri
belə etibar edilə bilməzdi. Bu
baxımdan nənənin şansı gətirmişdi. Onun əsas dərdi Azərbaycan dilini bilməyən
üç oğlan nəvəsi idi. Yox, nə qədər
ki, uşaqlar onunla bir evdə yaşayır, nənə onlara əcnəbi
dillərdə danışmağı qadağan edəcək,
hər gün onlara on-on beş söz
öyrədəcəkdi. Nənə meyvə
adlarından başlamaqla nəvələrinə əvvəlcə
sözləri, sonra isə cümlələri öyrətməyə
başladı. Artıq uşaqlarda
doğma dilimizə maraq yaranmışdı, elə gözəl
"nənə can" deməklə, dadlı, şirin meyvələrin
adını əzbərləyir, nənənin söylədiyi
nağıllara qulaq asa bilirdilər. Bəzən
sözləri anlamayanda nənədən soruşur, suallar
verirdilər. Günlər, həftələr
ötürdü. Nənə
"taclı" virusun təhlükəsini belə unudaraq həm
nənəlik borcunu, həm də müəllimlik vəzifəsini
sevgi və fəxr hissi ilə həyata keçirirdi. Nənə nəvələrinə şeirlər
yazır, yazdığı şeirləri onlara əzbərlətmək
üçün təkrar-təkrar söylədirdi. Nəvələrin
böyüyü İlkin olduğuna görə ilk şeir ona
yazılmışdı:
İlkin
yığıb fırçanı
Yenə
şəkil çəkirdi,
Baxdım,
tanıdım onu -
Babasını çəkirdi.
Amma nədənsə
İlkin
Babasının
başında
Qırmızı turp çəkirdi.
Dedim:
"Bala, bu nədi?
Başda,
saç çək, turp nədi?".
Gülüb
söylədi nəvəm:
- Nənə,
mən də bilmirəm.
Babam
söyləyib deyə,
"Başında turp əkirəm".
Sonra sıra Ömərə gəldi, nənə bu dəfə
Ömərin xasiyyətindəki cəhəti diqqətə
çatdırırdı. Təbii ki, şeir illər
əvvəl yazılmışdı. Hələ o
zamanlar Ömər lap kiçik idi. Nənə Ömərin əllərindən
tutub şeiri əzbərdən söylədi:
Ömər
yaman cığaldı,
Nə desən əksin edir.
Mən ye
desəm yeməyir,
Yat deyəndə yatmayır.
Çox
düşünüb, nəhayət,
Əlac
tapdım bu səhər,
"Zərərlidi
yeməklər,
yeməkləri yeməzlər".
Deyib ordan
gedirəm
yemək
dolu qabları,
dönüncə boş görürəm.
Nənə sonunda ən kiçik nəvəsinin
qarşısında dayandı. Azadın gözlərindən
yenə də hər zamankıtək sevinc yağırdı.
Nənə bir an düşündü ki, ən
zülmət gecəyə Azadın gözlərinin
işığı bəs edər. Və nənə o
gözlərin işığına həsr etdiyi şeiri əzbər
söylədi:
Azadın
gözlərində,
İşıq
olur güləndə
Hansı
gün ki, ağlayır,
Tez işığı yandırır.
Deyirəm
işıqları
Yandırmazlar gündüzlər.
Deyir,
axı demişdin
Mən gülsəm işıq olur.
İndi
ki ağlayıram,
Ona
görə işığı
Məcburam yandırıram.
Onlara yazıldığı üçün uşaqlar
bu şeirləri daha tez əzbərləməyə
başladılar. "Uşaqların yaddaşı daha
möhkəm olur" - deyirlər. Onlar
yüzdən çox söz öyrənmişdilər. Nənənin sevincinin həddi-hüdudu yox idi.
Ən çox da ona görə sevinirdi ki, nəvələri
ilk gəldikləri zaman , "xoş gəldiniz
, ay mənim canlarım" deyərkən, ona cavab verə
bilməmişdilər, indi artıq uşaqlar bir-birilərinə
can deyib-can eşidirdilər.
Artıq "taclı virusun" fəlakəti sakitləşir,
bəzi yerlərdə işlər başlayırdı. Bir gün nənənin
övladları uşaqları evlərinə götürmək
üçün sabah gələcəklərini
bildirdilər. Nənə nəvələrini başına
topladı: - Nəvələrim, nənənizlə yaşamaq
necə idi? - deyə soruşdu. Əvvəl
böyük nəvə yaxınlaşıb nənəsinə
sığındı: "Mənim gözəl nənəm,
mən səni çox istədim, sən mənim ürəyimsən",
- dedi. Nənənin sevincdən gözləri
doldu. Sonra balaca Ömər və Azad nənənin
əllərindən tutub gülümsədilər. Nənə
bir anlıq özünü tələbələri
qarşısında çıxış edirmiş kimi hiss
etdi.
-
Uşaqlar, bütün dilləri bilmək gözəldir. Siz rus dilini də, ingilis dilini də gözəl
bilirsiniz, amma siz nə rus, nə də ingilis deyilsiniz, siz Azərbaycan
balasısınız. Bu gün mənə
söz verin, söz verin ki, əvvəl Azərbaycan dilində
səlis danışacaq, daha sonra başqa dilləri öyrənəcək,
sevginizi, arzunuzu Azərbaycan dilində bildirəcəksiniz.
Ona görə ki, bu dil sizin Vətəninizin -
ananızın dilidir.
Nənə qapının zənginə, sanki dərsdən
ayrıldı.
Nənə və nəvələri
qapını açdılar. Təmiz hava
və günəşin istiliyi otağa doldu. Hər kəs qucaqlaşıb-öpüşdü.
Sevinc sədaları otağı başına
aldı. İlkin uşaqların əvəzindən
valideynlərinə gülə-gülə, "xoş gəldiniz"
- dedi. Ata və ana təəccüblə nənəyə
baxdılar. Nənə onlara "susun"
deyə işarə etdi. Bir azdan nənəylə
vidalaşmaq anı yaxınlaşdı. İlkin
böyük nəvə olaraq nənəsini qucaqlayıb: - Nənə
can, çox sağ ol - dedi. Nənə
nəvələrini bağrına basıb öpdü. Gənc ata və ana yenə də təəccüblə
nənəyə baxdılar. Nənə
heç nə demədən susdu və onların arxasınca
- Yolunuz açıq və aydınlıq olsun, - deyərək
bir qab su atdı və qapının kandarına söykəndi.
Uşaqlar pillələrdən enərək nənələrinin
onlara yazdığı şeirləri söyləyirdilər.
Onlar uzaqlaşana qədər nənə
qapını örtmədi, bir anlıq fikrə getdi, yenə
də alim və müəllim düşüncələri onu
rahat buraxmadı. "Bəlkə də
heç dünyada Koronavirus adlanan bir virus yoxdu. Bəlkə də bu Tanrının bir-birindən
qopan insanları, qonum-qonşunu, qohum-əqrabanı bir yerə
yığmaq istəyi, bəlkə də Tanrının
insanlığa bir çağırışı, ya da
insanların özlərinə dönmələri
üçün bir üsyanıdır". Nənə
yenə də həmişəki kimi özünü tənqid
elədi: "Axı mən Koronavirusdan da əvvəl nənə
idim, məgər nəvələrimin əcnəbi dildə
danışdıqlarını bilmirdim?".
Mərziyyə Səlahəddin
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.28.