Müharibə filmlərinin uşaqları 

 

Filmdən həyata...

 

Müharibə filmlərində tamaşaçılara ən çox uşaqlarla bağlı epizodlar təsir edir. Çünki uşaqlar böyük tamaşaçıların ən həssas yeridir. Bəzən rejissorlar uşaqları çəkdikləri epizodlarda həddindən artıq sentimentallığa da varırlar. Bəzi filmlərdə uşaq obrazlarıyla pafosun gücünü artırırlar.

Uşaq obrazları həmişə, bütün sənət sahələrində təsirlidir, ancaq filmlərdəki uşaqlar bir ayrı cür təsirlidir.

Son illər müharibə mövzusunda çəkilmiş  yerli filmlərdəki uşaq  obrazları təkcə müharibənin içində, təsirində deyillər, birbaşa mərkəzindədirlər. Qarabağ mövzusunda çəkilmiş filmlərimizdə uşaqlar  müharibənin mərkəzində göstərilməklə qalmır, onlar hətta müharibədə sıravi əsgər kimi iştirak edə bilirlər.

1995-ci ildə Ənvər Əblucun ekranlaşdırdığı "Ağ atlı oğlan" filminin 12-13 yaşlı məktəbli qəhrəmanı Murad  (Abbasqulu Əbluc) nənəsinin danışdığı nağılların təsiri ilə cəbhəyə yollanır. O, "Ağ atlı oğlanın nağılı"nın qəhrəmanı kimi romantikcəsinə nahaqqın üzərində haqq mübarizəsi aparmağa, şərin üzərində qələbə çalmağa gedir. Məşhur  nağıldakı qəhrəman hər dəfə ağ paltarda, ağ atın üstündə meydana çıxanda xalq xeyirin qələbəsinə şahidlik edir. Murad da meydana ağ rəngə boyadığı tankında çıxmaq istəyir. Film nikbin tonlarla başa çatsa da, hələ şərin üzərində qələbə çalınmamışdır, haqq nahaqqa qalib gəlməmişdir. Tamaşaçı Muradın timsalında ədalətin qələbə çalacağına inanaraq, kinozalı tərk edir, ekranın qarşısından çəkilir. Ancaq bu həm də o deməkdir ki, ədalətin qələbəsi gələcəyə qalıb.

Rejissor yarımçıq qalmış müharibəni Muradların  başa çatdıracağı mesajını verir, bu çətin vəzifə Muradın çiyinlərinə yüklənib, yeni nəslin, gələcək nəslin.

2002-ci ildə animasiya rejissoru Elçin Hami Axundovun çəkdiyi "Cavanşir" adlı animasiya filminin qəhrəmanı valideynləri ermənilər tərəfindən öldürülmüş, qisas məqsədilə cəbhəyə yollanmış, döyüşlərdə ağır yaralanmış, hətta şücaət göstərmiş məktəbli oğlandır.

Həkimlər onu həyata qaytarmaq uğrunda vuruşduqları zaman, onun yuxusuna tarixi qəhrəmanlarımız - Babək, Cavanşir, Cavad xan girir, onu məğlub olmamağa, güclü olmağa çağırırlar. Əməliyyat uğurla başa çatır, filmin sonunda gənc Cavanşir gözlərini açır.

Bu filmdə də müharibənin gələcək nəsillərə bir əmanət olduğu mesajı verilir.

Bu mesajla uşaqlarımız hər zaman rastlaşır. Dərsliklərindəki mətnlərdə, hekayələrdə, şeirlərdə, müəllimlərinin söhbətlərində, şəhidlərin dəfnində rəsmilərin çıxışında və s.

İkinci Dünya müharibəsindən bəhs edən filmlərimizin uşaq qəhrəmanları  əsasən arxa cəbhədə göstərilirdi və onların  balaca boynuna böyüklərin  öhdəlikləri, vəzifələri  düşürdü. "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Mən ki gözəl deyildim" filmlərində  arxa cəbhədəki uşaqlar böyüklərə əllərindən gələn köməkliyi edir, üzərlərinə düşən vəzifə və borcu yerinə yetirməyə səy göstərirlər.

"Şərikli çörək" filminin balaca qəhrəmanları qonşularına su daşıyır, yun çırpır, zəhmət əvəzində bir tikə çörək qazanırlar. Filmin əsas qəhrəmanı Vaqif kartoçkalarını itirir, ancaq düşdüyü ağır vəziyyətdən qətiyyəti, mənəvi gücü, ağlı sayəsində çıxır. O, qırçı Məhəmmədin yanında işə girir, çalışır, bazarda su satır. Onu evlərinə yeməyə dəvət edən qoca, yaşlı ər-arvadgilə də çörək yemək üçün getmir. Bəzi yaşıdları kimi bazardan oğurluq da etmir.

"Bizim Cəbiş müəllim" filminin yeniyetmə qəhrəmanları  cəbhəyə kömək məqsədilə metal parçaları toplayır, səngər qazırlar.

"Mən ki gözəl deyildim" filminin yeniyetmə qəhrəmanı Səidə qoca poçtalyona məktubları ünvanlarına çatdırmaqda kömək edir. O, getdiyi ünvanlarda tez-tez anaların-ataların nalələrini eşidir, bağrının başına od düşür. Öz atası da cəbhədədir, özü də əsgər yolu gözləyir. Bütün bunlara körpə ürəklə dözmək olduqca çətindir.

"Tənha narın nağılı" filminin qəhrəmanı balaca Sadıq da müharibədə çətinlik çəkən, müharibənin ağır sınaqlarından nəcibləşərək çıxan qəhrəmanlardandır.

Müharibə filmlərinin qəhrəmanları olan uşaq obrazlarının hamısını bir cəhət birləşdirir. Onlar hamısı yaşından tez böyüyür, hətta "qocalırlar". Ancaq bütün hallarda bu qəhrəmanlar müharibədən sonra qəddarlaşmırlar, əksinə daha da nəcibləşir, paklaşır, insani hisslərə sahib olurlar.

Əvəzində isə  nə qədər uşaqlığı qoruya bilsələr də, uşaqlığın qayğısız sevincləri azalır. "Şərikli çörək" filminin yağışın altında rəqs edən, oynayan balaca qəhrəmanları, oyuncaqları olmasa da, dizlərinin gözünə üz-göz çəkib, gəlinciyə oxşadan, bu xırda sevinclə xoşbəxt olmağı bacaran balaca qız obrazları,  parislilərin necə yaşadığını öz gözləriylə görmək üçün axışan, növbə üstündə cığallıq edərək dalaşan balaca oğlanları bütün çətinliklərə rəğmən uşaqlığını yaşamağı bacaran balaca və güclü adamlardır.

Müharibə filmlərindəki uşaq obrazlarından danışanda yadıma həm də müharibənin içindən keçməyinə, dəfələrlə ölümlə burun-buruna gəlməyinə, atasının gözlərinin  qabağında öldürülməsinə baxmayaraq, yenə də xoşbəxtliyini, uşaqlığının sevincini bir an da olsun itirmədən böyüməyə davam edən yəhudi Coşua obrazı da düşür.

İtalyan rejissor Roberto Benininin 1997-ci ildə çəkdiyi "Həyat gözəldir" filmi  İkinci Dünya müharibəsində yəhudi bir ailənin yaşadığı dəhşətlərdən bəhs edir. Film tragikomediya janrındadır, bir çox nüfuzlu mükafatlara layiq görülüb. 1998-ci ildə Kann Film Festivalının ən böyük mükafatına, 1999-cu ildə Oskar mükafatının bir neçə nominasiyasına layiq görülüb.

Filmin baş qəhrəmanı Quido Orefice (Roberto Benini) Arrezodan gələn gənc, kasıb  italyan yəhudisi yerli məktəbdə müəllimə işləyən Dora ilə ailə qurur. Dora varlı, yəhudi olmayan kübar ailədəndir, anası onu varlı-hallı məmura ərə vermək istəyirdi. Dora isə nişan mərasimində eqoist və imkanlı nişanlısını tərk edib Quido ilə atın tərkində qaçır.

Onların bir oğulları dünyaya gəlir. Sadə və xoşbəxt həyat sürən ailənin hüzuru  müharibənin başlanması nəticəsində pozulur. Quidonu əmisi və balaca oğlu Coşua ilə birgə qatara mindirirlər, Coşuanın doğum günündə yəhudi düşərgəsinə aparırlar. Yəhudi olmamasına baxmayaraq, Dora dalaşa-dalaşa yəhudi qatarına minir, ərinin və oğlunun dalınca yollanır və əsir düşərgəsində qadınlar ayrı, kişilər ayrı saxlanıldığından, əriylə oğlundan ayrı düşür.

Quido var gücü ilə çalışır ki, balaca Coşua həqiqətləri bilməsin, özünü xoşbəxt hiss eləsin, elə bilsin ki, bir oyunun içindədirlər və oyunun sonunda lazım olan xalı yığsalar, Coşua ad günündə arzuladığı tankın üstündə evlərinə qayıdacaq.

Film boyu Coşua anasını tələb edir, evə getmək istədiyini bildirir, yorulur, bezir, amma hər dəfə atası onu sakitləşdirməyi, ümidləndirməyi bacarır. Baxmayaraq, özü də  bu işlərin axırının necə qurtaracağını  bilmirdi, o, bir şeydən əmindir ki, Coşuanın uşaq qəlbini yaralamaq, sarsıtmaq olmaz, Coşua özünü xoşbəxt hiss etməlidir, atasına güvənməlidir. Coşua sabaha inamını bir dəqiqə də olsun itirməməli,  sabahın dərdini çəkməməli, müharibədən  yaralı, qəlbisınıq çıxmamalıdır.

Quido həyatı bahasına da olsa, buna nail olur. Filmin sonunda Quido faşistlər tərəfindən güllələnir, Coşua və anası sağ qalır, bir-birinə qovuşurlar.

Coşua böyüyüb ağlı kəsəndə atasının onun sağ qalması uğrunda, onun xoşbəxtliyi üçün necə  fədakarlıq göstərdiyindən danışır.

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.10.