Söyüdlü arxın
düşüncələri
Tanınmış şair Sərvaz
Hüseynoğlunun 60 illik yubileyinə
2000-ci
illərin əvvəllərində - may günlərinin bir
axşamı Sərvaz mənə zəng eləyib deyəndə
ki, Anar müəllim, Sabir Rüstəmxanlı, sən və
mən bu axşam birlikdə şam edəcəyik, o saat
yadıma 70-ci illərin sonlarında İmişli rayonunun
Əliqulular kəndində isti yay günlərində
söyüd ağacının altında
ayaqlarımızı arxa sallayıb şirin söhbət
etdiyimiz vaxtlar düşdü. Söhbət də, əsasən,
Anarın "Otel otağı" və Sabir Rüstəmxanlının
"Qan yaddaşı" kitabları haqqında idi.
Görüşdən
üç saat əvvəl "Sahil" metrosunun
qarşısında Sərvazla görüşdük, xoş
bir hissin təsiri ilə yenə o arxı, o arxın
üstündəki söhbəti xatırladıq və
şam yeməyində o arxın qırağında
danışdıqlarımızı Anar müəllimlə
Sabir Rüstəmxanlıya da söylədik.
Bu o zaman
idi ki, Sərvaz Anar ("Pəncərədən daş gəlir")
və Sabir Rüstəmxanlı ("Ruhla zaman
arasında") haqqında maraqlı iki kitab
yazmışdı. Arxın kənarında
düşündüklərini həmin kitaba əlavə edib
hər iki sənətkarın yaradıcılığına
öz baxış bucağından güzgü tuturdu.
Həmin
iki kitabda da, İmamverdi Əbilov ("İmamverdi Əbilov tənhalığı")
və klassik irsimizdən yazdığı səkkiz
("Keçəçi oğlu Məhəmməd",
"Segah İslam", "Şəkili Ələsgər",
"Ülvi Rəcəb", "Möhsün Sənani",
"Sidqi Ruhulla" və s.) topluda da, Xalq
yazıçısı Elçinlə bağlı ədəbi-tənqidi,
publisistik yazılarında da, şeirlərində də Sərvaz
heç vaxt o söyüdlü arxı unutmurdu, nədən
yazırsa-yazsın, harda olur-olsun həmin o söyüdlü
arxın düşüncələri onun
yaradıcılığına hopurdu. Özü də
maraqlı və oxunaqlı bir şəkildə.
Sərvazla
eyni kənddənik, evlərimiz qonşu, atalarımız dost,
analarımız bacılıq olublar. Sərvaz məndən
bir il sonra məktəbə gedib, bir il məndən sonra
instituta daxil olub, bir il məndən sonra evlənib, bir il məndən
sonra ilk kitabı çıxıb, bir il məndən sonra
İmişliyə, bir il sonra da Bakıya köçüb və
göründüyü kimi, bir il məndən sonra 60 illik
yubileyidir. Yəqin ki, nə vaxtsa (Allah uzun ömür versin)
bir il məndən sonra mobil telefonuna zəng çatmayacaq.
Aramızda
elə sirlər var ki, bir mən bilirəm, bir Sərvaz, bir də
ki heç vaxt unutmadığımız o Söyüdlü
arx. Bu yaxınlarda aramızda yüngül bir inciklik
olmuşdu, Sərvaza heç nə demədim, sadəcə,
70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində
ayaqlarımızı söyüdlü arxa sallayıb gələcək
arzularımızdan danışdıqlarımızı
xatırlatdım. Və dəqiq bilirdim ki, bunu xatırlatmaq Sərvaz
üçün çox ağır idi.
80-ci illərdə
Gəncədə Qərib Mehdi, Saleh Qurbanov, İmişlidə
Səyyad Aran yeni ədəbiyyatla nəfəs
almağımıza, mütaliəmizə, əsərlərimizin
çapına kömək eləyirdi. İmişli ədəbi
mühitinin yetirmələri Murad Qoçuoğlu, Səxavət
Talıblı, Dayandur Sevgin, Valeh Bahaduroğlu ilə ədəbi
mübahisələrimiz, görüşlərimiz şeirdə
bədii imkanlarımızı daha da artırırdı (bəzən
adam öz həqiqətini başqasına deyə biləndə
özünə daha çox inanır).
Sərvaz
yeganə şair dostumdur ki, onun adı on beşə qədər
şeirimin içindən qırmızı xətt kimi
keçir. Yəni hesabla götürəndə Sərvaza 15
şeir həsr eləmişəm. Bu, həm Sərvaza
bağlılığımdan irəli gəlirdi, həm də
Sərvaz bütün işlərimin içində -
yaxşısında da, pisində də var olub və bu gün
də var.
Çünki
bütün düşüncələrimi Sərvaz aydınladırdı
və zarafatla onu tələbə vaxtı başıma gələn
"sevgi hadisələrini" və başqa məsələləri
dəqiq təhlil etmək üçün "ekspert
şurası"nın sədri təyin eləmişdim. Burda
bir həqiqət də vardı. Ədəbiyyat və
başqa məsələlərdə Sərvaz mənim sağ
cinahımda oynayan və daim "pas"
ötürdüyüm və həm də həmin
"pas"ı vaxtında mənə qaytaran və həm də
çox dəyərləndirdiyim bir oyunçum idi və indi
də elədir. İstər şeir olsun, istər digər məsələlər,
Sərvazla fikir mübadiləsindən keçəndən
sonra həmin şey həqiqətə çevrilirdi.
Bugünkü
ədəbi prosesdə hər hansı bir əsəri və
ya bütövlükdə bir şairi dərindən təhlil
etməkdə yeganə tərəfdaşım Sərvazdı.
Çünki biz uşaqlıqdan o qədər
qaynayıb-qarışmışıq ki, mən "k"
deyəndə Sərvaz bilir ki, mən nəyi deyirəm. Sərvaz
ən çox inandığım və sevdiyim böyük
şair və təhlilçidir. Hər hansı qaranlıq
bir məsələdə, deyək ki, ədəbi-tənqid, ədəbiyyatşünaslıq,
ədəbiyyat tarixi, şeir, roman və povestlə
bağlı təhlildə Sərvazın fikri məni yönləndirir
və görünür ki, mən də həmişə onun
üçün belə olmuşam və bu gün də eləyəm.
Bütün təhlillərimizdə, şeir və
poemalarımızda kənddə qoyub gəldiyimiz o
Söyüdlü arxın aurası həmişə bizə
doğru olanı göstərir və etibarlı kompas kimi daim
yaddaşımızdadır.
Sərvazın
adı mənim şeirlərimdən özüm istəmədən
keçirdi, çünki Sərvaz həmin şeirin
yaranmasının bilavasitə iştirakçısı idi.
Şair dostum Vaqif Bəhmənli "Ömür kitabıma
düzəliş" kitabımın təqdimatında qeyd
edirdi ki, sən şeirlərində elə dopdolu, elə
şirin bir xitabla "Sərvaz" deyirsən ki... Bax, həmin
o intonasiyanın özü şeirə xüsusi bir gözəllik
gətirir. "Tələbəlik illərində"
şeirimdə əsas obraz Sərvazdır. Mən yalan
danışa bilməzdim, şeirdə, doğrudan da, təbii
şəkildə Sərvaz vardı və bu süjetli
şeirdə əvvəldən-axıra kimi o iştirak edir.
Özü də lirik qəhrəmana, bir növ, rəqib kimi
görsənir.
İstədim
deyəm, evimiz ikimərtəbəlidir,
Ancaq kəndçim
Sərvaz xəbərçidir.
Sərvaz
əvvəldən-axıra kimi şeirdə mənimlə
yanaşıdır, "öz postu"nda aşiqi-sadiq kimi
dayanıb. Və mən ona zülm eləyirəm. Sevdiyimin rəfiqələrindən
birini sevməyə qoymuram. Universitetin ən məşhuru mənəm.
Amma sonra mən də uduzuram, sevgilim məni atır. Şeirin
ən ağlamalı və həm də ən gülməli
yeri yenə Sərvazdır:
Mən rəngli
şəklini
ağlaya-ağlaya
aparıb qaytardım,
Elə
bilirdim, almayacaq, barışacaq.
Məndən
də qəşəng, kök, bığlı,
Norka
papaqlı, zırpı bir oğlan
gözləyirdi
onu.
Mənim
incə,
nərmənazik
ağ kəpənəyimi...
Ağladım,
Məndən
də çox ağladı Sərvaz.
Bax, bu
şeirdə Sərvazın ağlamağı hələ indi
də məni yandırır. Bu o deməkdir ki, o, dostuna
sadiqdir, dostu ağlayanda ona qoşulur, güləndə onunla
gülür. Əslində, o, sevinməliydi.
Və
yaxud:
Dərman
içdim,
Sərvaz
udqundu.
Bu iki
misra qədər Sərvazın həssaslığını
heç nə ifadə edə bilməz. Hətta dostunu
canında o qədər yaxından hiss edir ki, dərmanı
udmaq üçün onu yamsılamaqla kömək eləyir.
Yenə şeirlərimin birində deyirəm: "Sərvaz, əlimdə
təzə şeirlərin əli, girdim isti iyul ayına"
və yaxud "Sentyabr ayı doludur sənlə".
Sərvazın
uşaq şeirlərindən tutmuş, poemaları, hekayələri,
ədəbi-tənqidi, ictimai- siyası, publisistik
yazılarına qədər, hamısının mərkəzində
cilalanmış istedad, gərgin zəhmət, orijinal
üslub, gözəl əxlaq və bir də kənddə
qoyub gəldiyimiz Söyüdlü arxın çeşidli
xatirələri dayanır.
Səndən
soraq verib, xəbər gətirən
Min məna
gəzirəm hər sarı simdə.
Biləydim,
biləydim kimdə itirib,
Kimdə
arayırsan sən məni, kimdə?
Sərvaz
şeirlərində yaxşılığın, mənəvi
sərvətin, ən başlıcası, insanın
(insanlığın) nəsildən-nəsilə, ruhdan-ruha
ötürülməsi və inkişaf etməsi fəlsəfəsinə
söykənərək özünü axtarır. Şair
inanmır ki, otuzuncu illərdə başlayan və xeyli illər
davam edən Mikayıl Rəfili duyğuları, Əli bəy
Hüseynzadə idrakı doğulduğu,
yaşadığı illərdə qala bilər, o da bu
gün hardasa doğulur, yaşayır və gələcəkdə
də doğulacaq. Ədəbi genetika, mətnlərarası əlaqədə
üzə çıxır, inkişaf edir, sonradan kimdəsə
doğulur, kimdəsə itir, kimdəsə başlayır. Ona
görə şair deyir ki, biləydim, sən məni kimdə
itirib, kimdə tapacaqsan. Bütün
yaradılmışların gələcəkdə
özünü axtarmaq instikti var. Şair hesab edir ki, 30-cu illərdə
də doğulan 3000-ci illərdə bir də doğulacaq. Amma
öz dövrünün vəzni ilə, yeni bir biçimdə.
Yarandığı dövrü əhatə edən mətndə
kimsə kiminsə başlanğıcı, kiminsə
davamı, kiminsə sonudur. Əslində, ədəbi mətndə
son yoxdur, doğuluş və başlanğıc var. Sərvazın
mətni də kiminsə davamı və kiminsə
başlanğıcıdır.
Bilim ki,
ürəyin mənlə döyünür,
Bilim
zülmün altda, amandayam mən.
Nə
yerim yerdədi, nə göyüm göydə,
Yenə də
sən adlı zamandayam mən.
Şair
fikri, şair mətni yerlə, ya da göylə
ölçülmür. Bu enerji təbəqəsi, daha
doğrusu, enerji axını planetlər, ya da daha böyük
mənada qalaktikalar arası bir sistemin ifadəsidir. Əslində,
burada zaman və məkan yoxdur. Vaxt dayanıb. Günəş
də sönüb. Şüur da yoxdur. Eqo yoxa
çıxıb. Düşüncə də olmur burada. Burda
yalnız həqiqət var. Bəzəksiz-düzəksiz. Sən
varsan. Mən sənin zərrənəm. Səndəyəm, sən
olmuşam. Vəssalam. Daha bunun ayrı bir adı yoxdur.
Sərvaz
detallar üzərində fikrini ustalıqla sərgiləyir.
Daha burda əndazəni aşan epitetlər, metaforalar, yersiz mənalandırmalar
yoxdur. Sərvazın düşüncəsi bu ərazini
çoxdan keçib. Çünki bədii təsvir vasitələri
ilə şeir düzəltmək erasını ədəbiyyat
çoxdan arxada qoyub.
Üstə
gül qoxulu ayə yazılan
Ağappaq,
bəmbəyaz vərəq kimiyik.
Yəqin
ki, Sərvazın gözəl səsi, avazı olduğundan az
adamın xəbəri var. Onun muğam səhrası kimi
açılan səsinin üzərinə "Məmməd
Araz dastanı" və tanınmış yazar Azər Turana
həsr etdiyi irihəcimli "Ruhumla öpürəm
duyğularını" və başqa samballı heca
şeirləri yazıla bilər. Çünki bütün
şairlər ən yaxşı şeirlərini səslərinin
üstünə yazırlar. Sərvazın bəmbəyaz vərəqi
- səsi muğamın qanadlandığı səhradır.
Səhv
etmirəmsə, Sərvaz aşağıdakı şeiri
qızı Səmaləyə yazıb. Bu, ilkin
görünüşüdür. Ata istəyinin obrazlı ifadəsidir.
Amma dərindən götürəndə və həm də
Sərvazın şeirləri xeyli yozum imkanı verdiyindən,
mən deyərdim ki, bu həm də Vətəndir.
Hardan
soyuq sazaq əssə üstünə,
O səmtdən
divarına hör məni.
Vətəni
bu cür də qorumaq olurmuş. Qarabağda vətən sərhədinin
düşən bir kərpicinin yerində (ya da şəhid
olmuş əsgərinin) şair özü dayanmaq istəyir.
Əslində, məntiqin, mətnin tələb etdiyi budur.
Harda Vətən sərhədlərində bir kərpic yeri
laxlayıbsa, bütün vətənsevərlər orada
daş kimi dayanmaq istərlər ki, təki Vətənə
soyuq dəyməsin. Bu da daxili - alt qat. Əsas məsələ
də elə bu...
Olmayıb
sevgidə vəfasızlığım,
Allahım,
sən mənə dözüm yazarsan.
Mənim
könlümcədi mənim yazdığım,
Məndən
yaxşısını Özün yazarsan.
Bu da Sərvazın
çox dəqiq bir hesabatı. Nəsillərarası debata
orijinal cavabı. Mən bura qədər olanı yazdım.
Bundan sonrasını (bacarsan ən yaxşısını) Sən
yaz. Sərvazın ədəbi mətni Bəxtiyar Vahabzadə,
Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Məmməd
Aslan, Musa Yaqub və bu silsilədən olan şairlərin
kökləndiyi zamandan boy atıb istedad, zəhmət,
mütaliə və peşakarlıq nəticəsində
özünə ədəbiyyat ünvanı yarada bilib.
Vaqonlar elə
bil relslərin üstə,
Təsbeh
dənəsitək sıralanıbdı.
Və
yaxud
Səndən
bir nişanə aparan qızın
Şəklini
gözümdə bir az əylədim.
Sərvaz
80-ci ildən bu günə kimi böyük bir ədəbi mərhələni
heç kəsə güvənmədən keçib. Nə
olubsa, harda təntiyibsə, folklora, Söyüdlü arxın
düşüncələrinə söykənib. Şəkli
gözündə əyləmək olduqca gözəl ifadədir.
"Əyləmək" folklordur. Şair bu sözlə
orijinal bir lövhə yaradıb; yoxsa sənin şəklini əyləməsəydim,
tez qocalacaqdın. Tanınmış şair Çingiz
Əlioğlu gənclik illərində yazdığı bir
şeirdə deyirdi: "Qatarlar vağzalın boyununda şərf
kimi açılıb gedir". Gözəldir. Sərvaz da
deyir ki, vaqonlar elə bil relslərin üstə tesbeh dənələritək
səpələnibdir. Bu da gözəldir. Bu cür orijinal
obrazlarda 80-ci illərin ədəbi xasiyyəti idi. Amma Sərvaz
o illərin ağır xasiyyətini sonrakı şeirlərində
dünyəviləşdirməyi bacardı.
Aşağıdakı mətnə baxaq.
Ağıl
dəryasında batan dünyamı
Xilas eləməyə
dəli gərəkdi...
Bax bu
"dəli" müasir dünya şeiridir. O zaman ki,
şeir ağıla tabe olur, o, artıq şeir olmur, Bəxtiyar
Vahabzadə demişkən: "meyirdi". "Dəli"
sözü, əslində, təxəyyülü, xəyalı
ifadə eləyir. Sərvazın da son anda gəldiyi nəticə
odur ki, poeziyanın əbədi, əzəli vətəni
duyğular və hisslərdir. Hisslər heç zaman adamı
aldatmır.
Bu il 60
yaşı tamam olan qədim dostum Sərvaz təkcə
klassikadan yox, həm də yaşıdlarından - müasirlərindən
bəhrələnir. Gəncədə ustad Qərib Mehdinin rəhbərlik
etdiyi "İlham" və Bakıda Məmməd
İsmayılın Respublika Ədəbi Birliyində
aparılan müzakirələrdə həmişə fəal
iştirak edib. Ədəbi mübahisələr Sərvazı
orijinal ədəbiyyat yoluna istiqamətləndirib. İndi "Söyüdlü
arx"dan başlayan düşüncələr onun yeni
şeirlərində bu gün Avropa ölkələrinə
yol açır. Uğur olsun!
"Azərbaycan" jurnalı, № 5-6
Qəşəm NƏCƏFZADƏ
Ədəbiyyat qəzeti.-
2020.- 18 iyul.-S.20-21.