Elmə təmənnasız xidmətə
sərf olunmuş ömür
Xəlil Yusifli – 85
Yəqin
ki, orta məktəb illərində heç kim dərsliklərin
müəlliflərinə fikir vermir. Ya da ki, mən diqqətsiz şagird
olmuşam... Amma universitetdə başqadır. Müəlliflərlə
nəinki maraqlanmaq, onu şəxsən tanımağa, təbii
ki, yaşayırsa, hələ təhsil aldığın ali
məktəbdə dərs deyirsə, can atırsan. Hələ
tələbə adının sevincinin yaratdığı
xoşbəxt təbəssüm surətimizdən çəkilməmiş,
onun məsuliyyətini dərk etməyə macal
tapmamış, ilk semestrin elə ilk günlərindən (lap
namizədlik minimumu imtahanını verənədək, hətta
günü bu günəcən də) bizə yoldaşlıq
edən bir kitabla: "Qədim və Orta əsrlər Azərbaycan
ədəbiyyatı" dərsliyi ilə tanıdıq Xəlil
müəllimi - Xəlil Yusiflini! Fənni bizə sonralar
AMEA-nın müxbir üzvü olan, o zaman isə hələ
professor elmi vəzifəsi daşıyan Əlyar müəllim
Səfərli tədris edirdi. Nədənsə, həmişə
"klassik ədəbiyyat" ifadəsini eşidəndə,
oxuyanda bu iki sadə sözün birləşməsi məndə
qəribə, xoş bir vahimə yaradırdı, sanki zəhmi
basırdı məni.
Haşiyə:
Bu, hələ də belədir və indi bu sətirləri
yazarkən namizədlik dissertasiyasının müdafiəsi
zamanı müdafiə şurasına sədrlik edən, indi
elmi məsləhətçim olan akademik Teymur Kərimlinin
klassik ədəbiyyatın tədqiqatçıları
haqqındakı sözləri yadıma düşür:
"Bizim klassik ədəbiyyat üçün, doğrudan
da, bir həyəcan təbili çalmaq lazımdır ki, gənclər
klassik ədəbiyyata çox
az-az gəlirlər. Və bunun da bir sıra səbəbləri
var: dil bilməmək, əlifba bilməmək, klassik ədəbiyyatın
çətinliyi, axtarışların
ağırlığı... Bütün bunlar əlbəttə
ki, klassik ədəbiyyatın tədqiqatçılarının
az olmağına təsir göstərir. Odur ki,
bacarıqlı kadrların gəlməsi hamımızın
sevincinə səbəb olur".
Hə,
"klassik ədəbiyyat"ın zəhmindən deyirdim...
Bəlkə də bunu yaradan Əlyar müəllimin
auditoriyadakı qaşqabaqlı duruşu, çatılan
qaşları, amiranə səsi və hökmlü
diksiyası idi... O vaxtdan klassik ədəbiyyat və onun
yaradıcıları deyəndə təsəvvürümdə
zəhmli və qaradinməz, amma, nədənsə, qocaman bir
dağı xatırladan obraz canlanırdı və mənə
elə gəlirdi ki, dərsliyimizin həmmüəllifi olan Xəlil
Yusifli (o zaman kitabın üstündə Yusifov
yazılmışdı) də məhz bu obrazda
olmalıdır: hündür, ağ gur saçlı, xeyli
yaşlı, üzündə də əsrlərin qoyduğu
izlər...
Bizə
klassik ədəbiyyatı tədris etməklə
yanaşı, həm də onu sevdirən Əlyar Səfərli
kursa daxil olan bədii ədəbiyyat materialları ilə bərabər,
mövcud elmi əsərləri də oxuyub öyrənməmizə
xüsusi diqqət yetirdiyindən (ədəbiyyatı oxuyub
konspektləşdirməsək, imtahana buraxmırdı) biz demək
olar, o dövrə aid əsas tədqiqatların əksəriyyətini
oxuyurduq. Elə Xəlil müəllimin monoqrafiya, tərtib və
tərcümələri ilə də o vaxtdan tanış
olmuşduq. "Nizaminin lirikası" kitabı isə öz
elmi yükü və çəkisi, mənbələrinin
çoxluğu və qədimliyi ilə bizə elə dərkedilməz
gəlirdi ki...
O zaman
heç ağlıma da gəlməzdi ki, bu əsərlərin
müəllifi ilə eyni institutu bölüşəcəm,
üzbəüz oturub maraqlı söhbətlərini, elmi
izahlarını canlı dinləyəcəm, məsləhətlər
alacam, cızma-qaralarımı o böyük alimə göstərməyə
cəsarət edəcəm...
İllər
sonra, AMEA-nın Gəncə Bölməsində işlədiyim
vaxt, günlərin birində Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, dosent Ruziyə xanım
Quliyevanı dəhlizdə bir nəfərlə nəsə ədəbiyyata,
Nizaminin dini-fəlsəfi görüşlərinə dair
mübahisə edən gördüm. Doğrusu, söhbət
maraqlı gəldiyi üçün Ruziyə xanımın
da dəvətli baxışlarından cürətlənib mən
də "debata" qoşulmağa ürək elədim, təbii
ki, dinləyici qismində. Amma söbə müdirimizin
müsahibinin kim olduğunu da bilmədən. Çox da uzun
sürməyən bu maraqlı söhbətin (hər gözəl
şeyin sonu olur deyirlər axı!) sonunda "qonağımız"
sağollaşıb ayrılandan sonra Ruziyə xanım onun
professor Xəlil Yusifli olduğunu söylədi. Tam səmimi
deyirəm, bəlkə də ancaq Orta əsrlərdə
yaşamış hansısa klassik şairi görmüş
olsaydım, bu qədər təəccüblənərdim:
"Nizaminin lirikası"nın müəllifi bu qədərmi
sadə, təvazökar və bizimlə ünsiyyətə
girəcək qədər alçaq könüllü bir
insandır?! O gündən Xəlil müəllimi institutda
tez-tez görməyə başladıq, çünki
Nizamişünaslıq şöbəsinin müdiri (sonralar isə
Nizami Gəncəvi Mərkəzinin direktoru) vəzifəsi məhz
ona tapşırılmışdı.
Qəribədir,
bəzən hansısa bir ümumi qərarın kimlərinsə
həyatını dəyişdirəcəyi imza sahibinin
heç ağlına da gəlmir. Amma indi yeri gəlib, AMEA Gəncə
Bölməsinin sədri, akademik Fuad Əliyevə həm
bölmədə Nizami Gəncəvi Mərkəzinin
yaradılması təşəbbüsünü irəli
sürdüyü üçün, həm də bu mərkəzin
rəhbərliyini məhz Xəlil müəllimə həvalə
etdiyi üçün öz minnətdarlığımı
bildirmək istəyirəm. Çünki professor Xəlil
Yusifli öz gəlişi ilə institutumuza bütöv bir ədəbiyyat,
ədəbiyyatşünaslıq mühiti gətirdi. Onun hər
söhbəti, toxunulan, bizi maraqlandıran mövzuya dair fikirləri
böyük bir seminarın yaratdığı təəssürat
qədər böyük idi. Bütün bunlar bir çox səbəblərdən
yarımçıq qalmış dissertasiya işimi davam etdirmək
üçün mənə də stimul verdi. Mərkəzdən,
Bakıdan, zəngin kitabxana və mənbələrdən kənarda
da ciddi elmlə məşğul ola biləcəyimə inam
yaratdı. Fikrimi bildirəndən sonra isə mövzumla
maraqlandı və elə həmin vaxtdan da XVIII əsr
şairi Məhcur Şirvani bizim ortaq söhbət mövzumuz
oldu. O vaxt Xəlil müəllimin xarakterinin tamam başqa bir tərəfini
də kəşf etdim. Kiminsə zehnində, qəlbində
iynənin ulduzu qədər işıq görəndə Xəlil
müəllim illər ərzində ilmə-ilmə
topladığı bütün intellektual və qiymətli
kitabların toplandığı elm-hikmət xəzinəsini
o adamın ixtiyarına verməkdə heç vaxt tərəddüd
etmir. Kserokopiyanın, kompüterin olmadığı bir vaxtda
Moskvanın, Leninqradın arxivlərində oturub günlərlə
əli ilə üzünü köçürtdüyü dəftərçələr,
kitabxanasının nəfis nüsxələri, mövzu ilə
əlaqədar bütün lazımi mənbələr ancaq Xəlil
müəllimin sayəsində mənimçün əlçatan
oldu. Hələ Məhcurun əlyazmaları... Xəlil müəllim
bəlkə də heç bir rəhbərin etməyəcəyi
bir işi gördü: ailə vəziyyətimlə əlaqədar
Bakıya gələ bilmədiyimdən Xəlil müəllim
Məhcur Şirvaninin Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun fondunda saxlanılan bütün əlyazmalarının
fotosurətini çıxarıb Gəncəyə gətirdi.
Və nə yaxşı ki, sonralar onları yeni transliterasiya və
tərcümələri ilə birlikdə nəşr etdirdi.
Təsəvvürlərimdə
yaratdığım heykəl-obrazı Xəlil müəllim
mənəviyyatı, əxlaqı ilə hafizəmdə
"tuncdan" (Ə.Məmmədxanlı) ucaltdı.
Bütün
bu qayğıkeşliyi ilə bərabər, çox sərt
intizamı, ciddi tələbkarlığı da var professor Xəlil
Yusiflinin. İşdən razı qalmadığı
üçün neçə dissertasiyanın elmi rəhbəri
olmaqdan rəsmi şəkildə imtina etdiyinin şahidi
olmuşam. Elə aspirantlarının sayının az
olmasının da səbəbi məhz xoşagəlməz
hallarla barışmazlığı, elmə və öz
şəxsiyyətinə sədaqətindən irəli gəlir.
Bu gün
də Xəlil müəllimin Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Nizamişünaslıq
şöbəsinə hər gəlişi bizim
üçün böyük bir bayrama çevrilir, ondan nəsə
öyrənəcəyimizi bilərək hər kəlməsinə
diqqət kəsilirik. Bəzən hardasa çaşıb
qalanda, həmişə yanımızda olan və
yardımını əsirgəməyən AMEA-nın
müxbir üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli
ilə yanaşı, bir qədər uzaqda da olsa, çox vaxt
narahat etmək istəməsək də, Xəlil müəllimə
müraciət etməyə, onun sözünü, fikrini
öyrənməyə ehtiyac hiss edirik.
Professor Xəlil
Yusiflinin elmi fəaliyyəti ilə bağlı söz demək,
nəsə yazmaq, təbii ki, bizim kimi tələbələrin
əli çatacağı bir iş deyildir. Və yəqin
ki, bu məsuliyyətli işi görkəmli alimlərimiz
öz çiyinlərinə götürəcəklər. Mən
isə bu gün də qəlbi vətəninə, onun maddi və
mənəvi sərvətlərinə, xüsusilə də
ölməz Nizami irsinə məhəbbətlə
döyünən, yazmaq-yaratmaq eşqi bir an da olsa, sönməyən
Əməkdar elm xadimi, "Şöhrət" ordenli,
professor Xəlil Yusifliyə yeni yaradıcılıq
uğurları, ədəbiyyata və ədəbiyyatşünaslığımıza
təmənnasız xidmətdə keçən sağlam və
səhhətli ömür arzulayıram.
Təhminə Bədəlova
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.21.