Şəxsiyyət meyarı və vətəndaş
amalı ilə
Timuçin Əfəndiyev-75
Şəxsiyyəti,
ləyaqəti, istedadı və sadəliyi ilə
böyük hörmət və nüfuz qazanan, xalqına və
vətəninə qəlbən bağlı olan, həyatının
faydasını faydalı və mənalı əməllərdə
taparaq bütövlükdə xalqının tərəqqisinə,
təhsilinə böyük töhfələr verən hər
bir insanla təkcə öz ailəsi, şəcərəsi
deyil, bütün ictimaiyyət qürur duyur, fəxr edir. Zaman-zaman belə
işıqlı şəxsiyyətlər xalqın güvənc
yeri olmaqla, həm də millətin adını bütün
dünyaya tanıdır. Azərbaycanımızın haqq səsini,
dünya ictimaiyyətinə çatdırır. "Qurani-Kərim"də deyilir ki, "kimə
hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi
səadət verilmişdir". Xalqımız
dəyərli ziyalıları ilə həmişə fəxr
duymuş, onları milli sərvəti saymışlar. Görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar
incəsənət xadimi, filologiya üzrə elmlər doktoru,
professor Timuçin Əfəndiyevin adı təkcə
respublikamızda yox, onun hüdudlarından kənarda da elmi
ictimaiyyətə yaxşı tanışdır. Yaradıcı ömrünün böyük hissəsini
elm, təhsil və mədəniyyətin inkişafına həsr
etmiş professor Timuçin Əfəndiyev onlarla dəyərli
tədqiqat əsərinin, dərsliyin, yüzlərlə məqalənin
müəllifidir. O, respublikamızda və
dünyanın əksər ölkələrində nüfuzlu
elmi-nəzəri konfransların iştirakçısı
olmuş, Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və incəsənəti mövzusunda mühazirələr
oxumuşdur. Təbii ki, onun bioqrafiyası da
düşdüyü mühitlə istiqamətlənir. Professor Timuçin Əfəndiyev əsil-nəcabətli
bir nəslin ocağında dünyaya gəlib, pərvəriş
tapıb. Dünyaşöhrətli xalq
yazıçımız İlyas Əfəndiyevin ailəsində
dünyaya göz açmaq, böyümək Timuçin
müəllimin özünün də etiraf etdiyi kimi onun bir
şəxsiyyət, yaradıcı insan kimi
formalaşmasında böyük rolu olub: "Mən həmişə
yaradıcı mühitlə təmasda olmuşam,
yaradıcı ab-hava ilə nəfəs almışam. Azərbaycanın ən görkəmli,
tanınmış sənət xadimlərini -
yazıçılarımızı, ədəbiyyatşünaslarımızı,
teatr xadimlərimizi, müğənniləri, rəssamları
evimizdə tez-tez görərdim. Onların
maraqlı söhbətlərini indi də xatırlayıram və
bu, mənim dünyagörüşümün
formalaşmasına təsir göstərib. Bu, mənim həyatda nail olduğum itirilməz
qazancımdır".
1968-ci ildə
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsini bitirən Timuçin Əfəndiyev 1969-cu
ildə Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. 1972-ci ildə "Hüseyn Cavidin
yaradıcılığı" mövzusunda müvəffəqiyyətlə
namizədlik dissertasiyası müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə
layiq görülmüşdür. Elə həmin
ildən də T.Əfəndiyev Ədəbiyyat İnstitutunda
elmi katib vəzifəsində
çalışmışdır. Sonralar "Romantik
dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq
dissertasiyası müdafiə edir, 1987-ci ildə isə
professor elmi adına layiq
görülür.
1977-ci ildən taleyini Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə bağlayan
Timuçin Əfəndiyev baş müəllim, dosent, professor
və dekan vəzifəsində çalışıb. 1987-ci ildə
həmin universitetə rektor təyin edilir. Görkəmli alimin yüksək idarəçiliyi
və elmi-təşkilati fəaliyyəti dövründə
bu sənət ocağı böyük bir inkişaf yolu
keçib. Rektor təyin olunduqdan sonra ciddi reformalar
aparıb, əvvəllər 3 ixtsasda fəaliyyət göstərən
3-cü dərəcəli kiçik bir institut respublikada
BDU-dan sonra ilk universitet statusu alan təhsil
ocağına çevrilib. Onun təşəbbüsü sayəsində
universitetdə az müddət ərzində
32 ixtisas açılıb.
Onun ədəbiyyata, teatr tənqidinə, dramaturgiyaya və
mədəniyyətin konseptual problemlərinə həsr
edilmiş elmi-nəzəri məqalələri yüksək
peşəkarlıqla yazılıb. Professor Timuçin
Əfəndiyevin yaradıcılıq diapazonu genişdir.
O təkcə ədəbiyyatşünas və ədəbiyyat
nəzəriyyəçisi kimi yox, həm də sənətşünas
alim kimi də səmərəli fəaliyyət göstərir.
Onun musiqi sənəti,
xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri,
rəssamlıq, kulturologiya sahəsindəki miqyaslı
araşdırmaları da yetərincədir. O, Azərbaycan ədəbiyyatşünaslığı
və sənətşünaslığında xüsusi yeri və
çəkisi olan professional tədqiqatçıdır.
Alimin müxtəlif illərdə
çapdan çıxmış "Hüseyn Cavidin ideyalar
aləmi" (1985), "Romantik dramaturgiyada tarixilik və bədiilik"
(1999), "Azərbaycan dramaturgiyasında metodlar" (2002),
"Azərbaycan mədəniyyəti və İncəsənəti"
(2003), "Azərbaycan tetar tarixi" (2009), "Mədəniyyətdə
tarixilik və müasirlik" (2011), "Hüseyn Cavid: ideal həqiqət
axtarışı" (2013), "İllərin izi ilə"
(2015), "Romantizm: təşəkkülü, problemləri,
şəxsiyyətləri" (2020) və s. əsərləri
yüksək nəzəri səviyyəsi və elmi yeniliyi ilə
seçilir.
Timuçin Əfəndiyevin "Azərbaycan
dramaturgiyasında metodlar" fundamental tədqiqatında
tarixilik və müasirlik, bədii zaman və romantik qəhrəman,
mühit və şəxsiyyət kimi estetik problemlər
H.Cavidin və C.Cabbarlının romantik dramlarının
kontekstində təhlil edilir. "Azərbaycan
dramaturgiyasında metodlar" dram tariximiz, XX əsrin birinci
dönəminin ədəbi prosesi və bir bədii metod kimi
romantizm haqqında yazılmış sanballı monoqrafik tədqiqat
əsəridir. Alimin "Mədəniyyətdə
tarixilik və müasirlik" monoqrafiyası Azərbaycan mədəniyyəti
və incəsənəti tarixinə, nəzəri problemlərinə
həsr edilmişdir.
Timuçin Əfəndiyevin "Azərbaycan mədəniyyəti
və incəsənəti" monoqrafiyası teatr sənəti,
musiqi sənəti, memarlıq, təsviri sənət, heykəltəraşlıq,
kino sənəti, miniatür sənət sahələrinin
tarixi və inkişaf mərhələlərini əks etdirən
ensiklopedik səciyyəli fundamental bir kitabdır. Bu ensiklopedik
monoqrafiyanın dəyərli cəhətlərindən biri də
budur ki, əsərdə mədəniyyətimizin inkişaf mərhələlərinə
tarixi-fəlsəfi nəzər salınır. Alimin "Hüseyn Cavidin ideyalar aləmi"
kitabında Cavid dramaturgiyasının estetik problemlərindən
bəhs olunur. Monoqrafiyada Cavid romantizminin ideya-bədii
prinsipləri, bu dramaturgiyanın janr və üslub xüsusiyyətləri,
Cavid dühasına xas olan fəlsəfi kamillik və poetiklik
və s. əsas keyfiyyətlər əhatəli tədqiqat
obyektinə çevrilmişdir. Mərhum tənqidçi
Nadir Cabbarov bu tədqiqat əsərini "müasir
cavidşünaslığın səviyyəli ədəbi
faktı" kimi dəyərləndirmişdir.
İstedadlı ədəbiyyatşünas alimin
"Romantik dramaturgiyada tarixilik və bədiilik" əsərində
isə Azərbaycan ədəbiyyatının ədəbi-bədii
cərəyanlarından olan romantizmin dramaturgiyadakı təzahür
formaları tədqiq edilir. Əsərdə
romantik dramaturgiya tarixilik və bədiilik problemi kontekstində
aşkarlanır.
Professor
Timuçin Əfəndiyevin bu yaxınlarda çapdan
çıxmış "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyası
(Bakı, Azərnəşr, 2020) dünya mədəniyyəti
və ədəbiyyatında mühüm
yer tutan romantizm probleminə həsr olunub.
Araşdırılan mövzu ilə bilavasitə bağlı
olaraq romantizm ədəbi cərəyanının
bütün yönlərinə - romantizmin yaranması,
formalaşması, dünya ədəbiyyatındakı yeri,
ayrı-ayrı xalqlarda keçdiyi inkişaf yolu və problemləri,
nəzəri məsələləri, estetik
funksionallığı, Azərbaycan bədii düşüncəsindəki
yeri və mövqeyi, fəlsəfi əsasları, milli
romantizmdə türkçülük, islamçılıq,
vətən, millət, hürriyyət və s. problemlərin
təhlilinə və şərhinə xüsusi diqqət
yetirilib: Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin
edən əsas məziyyətlərdən biri müqayisəli
təhlillər vasitəsilə romantizmin elmi özəlliklərinin
ümumi mənzərəsini verməkdir.
Professor Timuçin Əfəndiyev yaradıcı fəsaliyyəti
dövründə hər zaman mətbuatla təmasda olmuş,
qəzet və jurnallarla yaxından əməkdaşlıq
etmiş, elmi-nəzəri və publisistik məqalələr
yazaraq çap etdirmişdir. Yüksək elmi-nəzəri
hazırlıq, dünya ədəbiyyatına və mədəniyyətinə
dərindən bələdlik, analitik təhlil mədəniyyəti,
intellektuallıq və təfəkkür
orijinallığı professor Timuçin Əfəndiyevin təhlil
üsulu üçün çox səciyyəvidir. Nəzəri ümumiləşdirmə aparma
bacarığı bu məqalələrə xüsusi elmi siqlət
verir. Onun bir sıra ictimai məzmunlu məqalələri
əsl vətəndaşlıq amalı mövqeyindən
yazılmış, dövlətçilik və azərbaycançılıq
ideyalarının tərənnümünə həsr
edilmişdir. Onun məqalələri
içərisində səfər təəssüratları
da xüsusi yer tutur. O, bir sıra xarici ölkələrdə,
o cümlədən, Türkiyə, Sankt-Peterburq, Fransa, Amerika,
London, Misir və s. ölkələrdə Azərbaycan ədəbiyyatını,
mədəniyyət və incəsənətini ləyaqətlə
təmsil etmişdir.
Professor Timuçin Əfəndiyevin müasir təhsilin
problemlərinə həsr etdiyi məqalələri də
aktuallığı, əhatəli təhlil və obyektiv
müəllif mövqeyi ilə seçimlənir. Onun mədəniyyət təhsilində
abituriyent
seçimi qaydalarına, Bolonya təhsil sisteminin tətbiqi
xüsusiyyətlərinə, bütövlükdə təhsil
sahəsindəki inkişaf prosesinə aid irəli
sürdüyü fikir və mülahizələri elmi-pedaqoji
baxımdan diqqəti cəlb edir. Müəllifə
görə müasir təlimin əsas vəzifəsi demokratik
ruhlu, müstəqil düşüncəli, yüksək biliyə
və milli-mənəvi dəyərlərə yiyələnmiş
gənc mütəxəssislərin hazırlanmasıdır.
Azərbaycanın görkəmli dövlət, ictimai,
elm, ədəbiyyat, mədəniyyət xadimləri,
yazıçıları və tanınmış
ziyalıları professor Timuçin Əfəndiyevə məqalələr
həsr ediblər. Akademiklər Azad Mirzəcanzadə, Kamal Talıbzadə,
Tofiq Köçərli, Fuad Qasımzadə, Teymur Bünyadov,
Vasim Məmmədəliyev, Əhliman Əmiraslanov, Kamal
Abdulla, xalq yazıçıları Anar, Hüseyn Abbaszadə,
xalq şairi Qabil, xalq rəssamı Ömər Eldarovun və
digər müəlliflərin Timuçin Əfəndiyev
haqqındakı ürək sözləri, onun cəmiyyətimizin
mənəvi həyatındakı xidmətləri,
bütöv şəxsiyyəti, vətən sevgisi, alicənablığı,
xeyirxahlığı, vətəndaş-alim və yüksək
mədəniyyətli ziyalı rəhbər kimi ali keyfiyyətləri
sərgilənir. Bəzi fikirlərə diqqət yetirək:
Timuçin Əfəndiyev qeydsiz-şərtsiz o
adamlardandır ki, onlar əllərində nurlu çıraq
tutmuşlar; bu nurlu çıraq milli və dünya mədəniyyətinə
bilik, gözəllik və məhəbbət bəxş edir.
Bakı Xoreoqrafiya Akademiyasına rektor təyin edilən
professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə təhsil
müəssisəsinin maddi-texniki bazası genişlənmiş,
istedadlı mütəxəssislər, peşəkar
professor-müəllim heyəti tədris müəssisəsinə
cəlb edilmişdir. Respublikada ilk dəfə olaraq Qəmər Almaszadə
adına Beynəlxalq Rəqs Müsabiqəsinin təşkil
olunması və müsabiqədə 2016, 2018-ci illərdə
dünyanın 12 ölkəsindən 324 nümayəndənin
iştirakı təkcə təhsil ocağının deyil, həm
də ölkəmizin mədəniyyət tarixində
mühüm hadisələrdən biri oldu. Bu illərdə
akademiya Avropa İncəsənət Universitetləri
Liqasına üzv seçilib. Akademiyanın rektoru,
professor Timuçin Əfəndiyev Moskva Dövlət
Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət
Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət
Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Pekin Rəqs
Akademiyası və s. təhsil müəssisələri ilə
əməkdaşlığa dair sazişlər imzalayıb. Təhsil
müəssisəsində dünyanın məşhur balet
ustası və xoreoqraflarının ustad dərsləri təşkil
olunub. Onun elmi rəhbərliyi sayəsində
onlarla gənc sənətşünaslıq üzrə fəlsəfə
və elmlər doktoru alimlik dərəcəsi almaq
üçün uğurla dissertasiya müdafiə ediblər.
Professor Timuçin Əfəndiyevin adı təkcə
respublikamızda deyil, onun hüdudlarından kənarda da elm
adamlarına və oxuculara yaxşı tanışdır. O bir ziyalı olaraq
daşıdığı alim adını daim yüksək
tutan, tutduğu vəzifələrin öhdəsindən
layiqincə gələn, işlədiyi kollerktivdə və
ictimaiyyətdə böyük hörmət qazanan şəxsiyyətdir.
Bir şəxsiyyət kimi Timuçin müəllimi
səciyyələndirən əsas cəhətlərdən
biri insanlara təmənnasız xidməti,
xeyirxahlığı, prinsipiallığı, obyektivliyi və
sözü üzə deməsidir. İllərdir
ki, professor Timuçin Əfəndiyevlə
çiyin-çiyinə çalışdığımdan
onun necə obyektiv və tələbkar rəhbər
olduğuna yaxşı bələdəm. O, qürurlu
şəxsiyyət, vətənkeş, millət və
dövlət təəssübkeşidir, xalqını sevən
vətəndaş ziyalıdır.
Xalq
yazıçısı Natiq Rəsulzadə Timuçin Əfəndiyevə
həsr etdiyi "Ocaq istisi... sönməz məşəl"
məqaləsində yazır: "İnsan dünyaya göz
açdığı gündən onun ömür kitabı
da yaranır. Hər kəsin gördüyü iş,
acılı-şirinli həyat yolu bu kitabın səhifələrini
yaradır. Bu ömür kitabından gözdən-könüldən
uzaq düşüb məhv olanları, yaddaşlarda
özünə yer tapmayanları da olur, ürəklərdə
əbədi yuva salıb, sətir-sətir oxunanları da...
Timuçin Əfəndiyevin ömür kitabı da müasir
və gələcək nəsillərə də örnək
ola biləcək bir kitabdır. Onun ömür kitabını "vərəqləyəndə"
həmişə xəyallarım keçmişin - heç
vaxt sönməyəcək sənət məşəlinin
işığına qərq olmuş qaranlıqları gəzir.
Bu qaranlıqlarda keçmişdən bu günə
doğru gələn yollara nur saçmış bir məşəl
də alovlanır. Bu, İlyas Əfəndiyevin
yandırdığı məşəldir ki, onun
işığından çoxları pay götürüb.
Amma Timuçin müəllimin ziyalandığı bu məşəl,
qızındığı bu ocaq sadəcə pay deyil, həm
də atanın övladına yadigar qoyduğu, etibar etdiyi əmanətdir".
Professor
Timuçin Əfəndiyev mədəniyyətimizin
inkişafındakı xidmətlərinə görə
"Əməkdar incəsənət xadimi", elm sahəsindəki
xidmətlərinə görə "Əməkdar elm
xadimi" fəxri adları və "Şöhrət"
ordeni ilə təltif edilib. 2015-ci ildə Azərbaycan
təhsilinin inkişafındakı xidmətlərinə
görə o, "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif edilib. Timuçin Əfəndiyev
2004-cü ildə "Humay" və Akademik Yusif Məmmədəliyev
adına mükafatlara, 2005-ci ildə isə
Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl
Medalına layiq görülmüşdür. 2013-cü
ildə isə Beynəlxalq Humanitar Avropa-Asiya
Akademiyasının həqiqi üzvü seçilmişdir. 50 ildən artıqdır ki, bu
görkəmli alim
bir ədəbiyyatşünas, sənətşünas,
təşkilatçı rəhbər və mədəniyyət
xadimi kimi xalqına xidmət etməkdədir. Elmimizin,
mədəniyyətimizin inkişafında yorulmadan fəaliyyət
göstərən görkəmli alim, Əməkdar elm xadimi,
professor Timuçin Əfəndiyevin bu gün doğum
günüdür. Elmi fəaliyyətə və təhsilə
həsr olunub bu ömrün 50 ili. O, həmişə
olduğu kimi bu gün də əzmlə
çalışır. Gənc nəslin maariflənməsi,
elmin tərəqqisi, təhsilin və mədəniyyətin
inkişafına yorulmadan xidmət edir. Hesab edirəm ki,
onun ən yüksək, ən ali
mükafatı ictimaiyyətdə və istedadlı gənc nəsillərə
dayaq olub yetişdirdiyinə görə hər yerdə
adının hörmətlə çəkilməsidir. Hörmətli Timuçin müəllimi yubileyi
münasibətilə səmimi qəlbdən təbrik edir, ona
uzun ömür, cansağlığı və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Vəfa
Xanoğlan
Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.22-23.