Dünən də şəhid var, bu gün də şəhid...

 

2020-ci il 13-14 iyulda Tovuz bölgəsində həlak olmuş şəhidlərimizin xatirəsinə

 

Oğullar anaya, Vətənə bağlı,

Şəhid anasıyıq ürəyi dağlı,

Dünya  bizim dünya; qaralı-ağlı...

Dünən şəhid var, bu gün şəhid.

 

Zamanın təpiyi  altındayıq biz,

Doğuda, Güneydə, Batıdayıq biz,

Şəhidik, torpağın qatındayıq biz.

Dünən şəhid var, bu gün şəhid.

 

Tökülür qanımız, axır qanımız,

Torpağa qurbandır bizim canımız.

Ölümdür, itimdir hər bir anımız.

Dünən şəhid var, bu gün şəhid...

 

Haqqımız tapdanır, kor gözlər görmür,

Hər şəhid bir çiçək torpağa gömür,

Şəhidlər heç zaman, heç zaman ölmür.

Dünən şəhid var, bu gün şəhid...

 

Hər oğul yurdumun sərhəd dirəyi,

Hər oğul Vətənin hər gün gərəyi,

Hər oğul vətənin vuran ürəyi...

Dünən şəhid var, bu gün şəhid.

 

Bu gün şəhid var, dünən şəhid.

Şəhidlər torpaqdan cücərir qalxır,

Vətəndir cismimimz, canımız bizim,

Düşməni bu həsəd yandırıb yaxır.

 

***

 

Çıxıbdır əlindən çərxi fələyin,

Dünyanın çərxini İblis fırladır.

Saatlar, dəngələr, haqlar, inamlar

Tərsinə fırlanır, bizi aldadır.

 

Arxalı köpəklər qurdbasar olar,

Namərdlər, yağılar yurdbasar olar.

Hər şəhid müsəlləh bir əsgər kimi

Vətənçün min dirək, bir hasar olar.

 

Şəhid doğulur doğulanlarım,

Qeyrətin içində boğulanlarım,

Poladım, Dönməzim, Anarım,

Yaşarım, Elçinim, Rəşadım...

İlqarlarım - hər bir şəhidim

Mənim doğma balam, öz oğullarım!

 

Canımdan can gedib, görür Allahım,

Hər oğul bir oğul hər Ana üçün,

Hər şəhid verdikcə mən ölürəm,

Can qurban yurd, Vətən, el qanan üçün.

 

Gülxani Pənah

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.28.