Varislər
O adam mənim yaddaşımın
payızından boylanır...
"Varislər"in bugünkü
qonağı ötən əsrin səksəninci illərində
qələmə aldığı publisistik portretləri ilə
oxucuların sevimlisinə çevrilən, jurnalistikaya gətirdiyi
yeni nəfəslə qısa müddət ərzində məşhurlaşan,
kəskin yazıları ilə diqqətdə olan, "Dinmə,
ey kədər", "Ölənlər evə
qayıdırlar", "Fikrin yükü", "Ürəyinə
borclu adam" və başqa kitabların müəllifi,
unudulmaz jurnalist Feyzi Mustafayevin varisi Ramil Mustafayevdir.
Yardımlıdan üzü Bakıya
1938-ci ilin qışında
Yardımlının Ostayar kəndində, dəyirmançı
ailəsində anadan olmuşdu. Uşaqlığı
İkinci Dünya müharibəsi illərinə təsadüf
etdi. Ağır şəraitdə yaşayan, bir
qarın çörəyə ehtiyac duyan kasıb ailələri,
bir yandan da müharibənin ağır şərtləri ilə
üz-üzə qalmışdı. Dərslərini
qoyun-quzu otarmağa gedəndə hazırlayırdı. Lap uşaqlıqdan kitab oxumağa həvəsi
vardı. Əlinə keçən qəzet
parçalarını belə acgözlüklə oxuyurdu.
Orta məktəbi bitirdikdən
sonra jurnalist olmaq arzusu ilə Bakıya üz tutdu. Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsinə qəbul olunduqdan sonra, istehsalatdan
ayrılmamaqla təhsilini davam etdirdi. Onun
bütün ömrü o vaxtlar qoynuna
sığınmış gənclər kimi hələ gənclik
dövrünü yaşayan Sumqayıtla bağlı idi.
Unudulmaz Feyzi Mustafayevin varisi
Ramil Mustafayevlə Feyzi müəllimin halal ocağında görüşdük. Qapını üzümə rəhmətlik
Feyzi müəllimin ömür-gün yoldaşı, nur
simalı Əzizə xanım açdı.
- Ramil, atanız ölkədə
kifayət qədər tanınmış jurnalistlərdən
biri idi. Feyzi Mustafayevin oğlu olmaq necədir?
Yaxşı kişinin oğlu
- Xoş
gəlmisiniz. Əlbəttə, Feyzi Mustafayevin
oğlu olmaq şərəflidir, xoşdur. Artıq
iyirmi ilə yaxındır ki, atam həyatda deyil, amma yenə
bu qapını onun adına döyənlər,
onun yaradıcılığına, şəxsiyyətinə
hörmət edənlər varsa, demək, mən yaxşı
kişinin oğlu olmuşam. İndi müəyyən
meyarlar dəyişib axı, yaxşı kişilər bəzən
başqa ölçülərlə qəbul edilir, amma mən
atamla fəxr edirəm. Onun miras qoyduğu bu kasıb ev, bu kitablar və təbii ki, anam mənim
üçün ən böyük xəzinədir.
- Ramil,
Feyzi müəllimi yaxından tanıyırdım, necə
sakit təbiətli, dövlətinə, vətəninə
sadiq, qanunları sevən biri olduğunu bilirdim. Bütün
ömrü Sumqayıtda keçmişdi, amma doğma
Yardımlıya bağlı adam idi.
Mümkünsə, bir az onun ailəsi
haqqında danış.
Ədəbiyyata həvəsi
anasından gəlir
- Məmnuniyyətlə.
Mənim yaşım hər şeyi təfsilatı
ilə danışmağa imkan vermir, amma böyüklərimdən
eşitdiyimi danışa bilərəm. Ata
babam Əzizalı kişinin kənddə dəyirmanı olub.
Çox səxavətli kişi imiş. Bilirsiz də, atamın uşaqlığı
ağır müharibə illərinə təsadüf edib,
aclıq, ümidsizlik. Dəyirmançının
nəyi də olmasa, bir qarın çörəyi hər zaman
olur. Babam son tikəsini kənd camaatı
ilə bölən biri kimi xatırlanır indi də.
Üstəlik, həm də yaxşı bənna olub, öz kəndimizdə,
qonşu kəndlərdə onlarca ev tikib. Tellibəyim nənəm isə başqa aləm idi.
Məncə, atamın ədəbiyyata həvəsi
Tellibəyim nənəmdən gəlir. O, uzun
ömür yaşamışdı, yüzdən artıq
yaşı vardı. Çox xanım-xatın
qadın idi. Özünə baxan, öz
dövrü üçün ənlik, kirşan, xına, ətir...
bütün bunlar onun gündəlik ritualına daxil olub.
İndi də xatırlayanlar var: sinədəftər imiş. Xeyli bayatı, məsəl, nağıl, layla
bilirmiş. Təbii, atamın
yaddaşındakı ilk ədəbi mətnlər elə
Tellibəyim nənəmin söhbətlərindən
qaynaqlanıb. Bir ömürdə xeyli itki
vermişdi, cavan oğullarını, qardaşlarını
itirmişdi, amma möhkəm qadın idi, mərd idi. Dərdini içində yaşada-yaşada
ömür sürürdü. Kənddə
hamı ona hörmət edirdi. O gələndə
hamı ayağa qalxırdı. Belə...
- Feyzi Mustafayev ciddi
jurnalist idi. Bir neçə qəzetlə
əməkdaşlıq edirdi, özü qəzet redaktoru idi və
qələminin kəsəri vardı. İndi baxıram,
çox sadə həyat şəraitiniz var. Mən onu
tanıyırdım, istəsəydi indi sizi sarayda yaşada
bilərdi, çünki onunla eyni vaxtda fəaliyyət
göstərən çox jurnalist özünə
yaxşı gün ağlaya bildi...
- Biz elə
onun bu keyfiyyətlərinə dəyər veririk. Atam mənliyini, əqidəsini və hər şeydən
müqəddəs bildiyi qələmini heç nəyə
qurban vermədi, özünə xəyanət etmədi.
Anam daxil, onu bu xasiyyətinə görə
danlayanlar, qınayanlar olurdu, amma Feyzi Mustafayev
üçün şərəf hər şeydən üstdə
idi. Rüşvət də təklif edirdilər,
hədiyyələr də vermək istəyirdilər, atam
ömrü boyu belə şeylərdən uzaq oldu. Sizə bir hadisəni danışmaq istəyirəm,
çünki bu əhvalat uzun zaman həm ailədə, həm
də dostları arasında bir qədər zarafatla və
hörmətlə xatırlanırdı.
Rüşvət almaq qorxusu...
Demək, hansısa rayona ezam olunur və imkanlı bir
zavod direktorunun fəaliyyəti ilə bağlı yazı
yazmalı olur.
Direktorla görüşür, işini
görür. Təsəvvür edin,
jurnalist birbaşa nazirliyin mətbu orqanından gəlib,
özü də həmin qəzetin baş redaktoru səviyyəsində.
Direktor atama hörmət etmək istəyib.
Deyib ki, Feyzi müəllim, gedək
yaxşı, mənzərəli yerdə nahar edək, sonra
maşın sizi Sumqayıta, birbaşa evinizə aparacaq.
Maşının yük yerində evə
çatacaq kənd sovqatı var, bir də zərf olacaq.
Atam bu sözlərdən çaşıb
qalıb. Deyib ki, 10 dəqiqəlik işim
var, gedim, qayıdıram. Demək, zavoddan
çıxıb, birbaşa avtovağzala gedib, avtovağzal
yeməkxanasında bir qab şorba içib, bilet alıb,
avtobusla qayıdıb evə. Onlarca,
yüzlərlə buna oxşar hadisə olub. Biz kasıb yaşamışıq, amma
başıuca yaşamışıq.
Bu yerdə bizi diqqətlə dinləyən Əzizə
xanım da söhbətə qoşulur.
İşə qaloşla gedən
baş redaktor
- Qəribə
xasiyyəti vardı. Özü halallıqla
böyümüşdü, evinə, ailəsinə də bir
tikə haram yedirtmədi. Bəzən adi
şeylərə ehtiyacımız olurdu və onun
üçün nəsə etmək istəyənlər
vardı, qəbul eləmirdi. (Kövrəlir.)
İlin, günün hansı vaxtıdır,
işə qaloşla gedirdi, amma qapıya gələnlərin
"ağzından vurub" geri qaytarırdı. Bəzən hirslənirdim, qınayırdım onu,
indi xatırlayıram və başa düşürəm ki,
Feyzi doğru bildiyi həyatı seçib və bizim də
borcumuz onun doğru bildiyinə hörmətlə
yanaşmaqdır.
- Əzizə xanım,
yaxşı oldu siz də söhbətə qoşuldunuz. Bildiyimə görə, yaşda sizdən xeyli
böyük idi, Feyzi müəllim. Mənimçün
maraqlıdır, necə tanış
olmuşdunuz, münasibətiniz necə idi?
Onunla bir gündə mən də
öldüm
- Hə,
on beş yaş böyük idi məndən.
Eyni kənddənik, analarımız rəfiqə
olub. Bayaq Ramil də dedi, Feyzinin anası Tellibəyim ana
kənddə çox hörmət qazanmışdı,
hamı başına and içirdi. Feyzi Bakıda oxuyub ali təhsilini bitirmişdi, zavodda işləyirdi
o vaxt hələ. Analarımız məsələni
həll etmişdi, mən onun üzünü toy gecəsi
görmüşəm. Çünki
dediyim kimi, yaşda çox kiçik idim ondan. Kənddən gedəndə mən uşaq
olmuşam. Amma xasiyyəti, rəftarı,
mədəniyyi ilə ilk günlərdən ürəyimə
yol tapdı. O, mənim üçün çox
böyük adam idi, mən elə Feyzi ilə
bir yerdə, bir gündə ölmüşəm. Qardaşım olmayıb, o mənə həm də
qardaş idi, arxa, dayaq idi. Biz ailə
quranda hələ o qədər də tanınmırdı,
sonra "Azərbaycan" jurnalında yazıları çap
olunmağa başladı. Yazıları ilə
də sevdim onu. İlk kitabı "Dinmə,
ey kədər"dir, rəhmətlik Əli Kərimdən
yazıb. Kitabın çap
olunmasını həsrətlə gözləyirdi və bir
gün siqnal nüsxəsi ilə evə gəldi. Uşaq kimi sevinirdim, kitabı öpüb
gözümə qoydum. (Bu yerdə Ramil
gülür və bu, diqqətimdən yanınmır.)
- Ramil, niyə gülürsən? Nəsə olub?
- Hə,
anam "Dinmə, ey kədər"in siqnal nüsxəsindən
danışdı, bir əhvalatı xatırladım, ona
görə gülürəm. Demək, anam kitabı öpəndə
atam zarafatla deyib ki: "Zalımın qızı, o kitabı
mən yazmışam, məni öp də...".
Belə bir söhbət olub. (Əzizə xanım da həmin əhvalatı
xatırlayır, başı ilə təsdiq edib gülümsəyir).
Ölçülü adam
- Bir qədər əvvəl də
dedim, çox ehtiyatlı adam idi.
Ölçülü adam idi. Qapalı adam idi. Dostları da çox deyildi...
- Atam
heç kəsdən söz götürmək istəməzdi.
Onun bu xasiyyətini özümdə hiss edirəm. Ehtiyac içində olsam belə, kiminsə
qarşısında əyilmərəm. Bəzən
sərt danışanda, hökmlü danışanda anam deyir,
"Feyzi başladı".
Hə,
doğru deyirsiniz, dostu az idi, amma bu
sayılı dostların hamısı ilə əsl dostluq
münasibəti vardı aralarında. Əşrəf
əmi ilə (Əşrəf Veysəlli) lap yaxın idilər.
Ailələrimiz yaxınlıq edirdi və bu
münasibətlər hələ də qalır. Əli Kərimlə dostluq edib. Vaqif İbrahimlə,
Ağəddin Mansurzadə ilə dost idi.
Nekroloqa həsəd aparmaq
Demək, Vaqif İbrahimlə birlikdə bəzən
Yardımlıya gedirlərmiş. Vaqif əmi avtomobil qəzasında
dünyasını dəyişəndə təsadüfən
atamın əlində bu faciə ilə bağlı nekroloq
yazılmış qəzet olub. Tellibəyim nənəm
qəzetdə Vaqif əminin şəklini görəndə
sevinclə atama deyib ki, "Ay Feyzi, o gün olsun sənin də
şəklin qəzetlərdə belə çıxsın!". Atam həmişə bu əhvalatı
həm kədərlə, həm də zarafatla
xatırlayırdı.
- Ailədə necə idi? Belə baxanda qaraqabaq adama oxşayırdı. Deyərdin bu adamın üzü heç vaxt
gülmür.
- Əslində, elə deyildi. Çox mülayim
xasiyyəti vardı, amma sərtliyi də öz yerində idi.
Atam hər şeyin yerini bilən adam olub. Evimizə qonaq gəlirdi, dostları ailəsi ilə.
Süfrə açılırdı, hər
şey düzülürdü süfrəyə,
gözünün işarəsi ilə bildirirdi ki, o biri
otağa keçək. İçkiyə
meyilli deyildi, uzağı iki qədəh içən kimi keflənirdi,
amma siqaret... çox çəkirdi. Elə
bəlkə də bu siqaretlər yedi, bitirdi onun ciyərini.
Qapını döyəndə
ovqatı bilinən adam
- Anam indi
də danışır: atam işdən qayıdanda onun
qapı döyməsindən hansı ovqatda, hirsli, yoxsa sakit
olduğunu müəyyən edirmiş. Evə həmişə
vaxtında gəlirdi, əgər bir iş çıxsa,
yubansa, mütləq zəng vurub xəbər verirdi. Yəni onu bütün həyatı nizamlı idi.
- Əzizə xanıma
vermək istəyirəm bu sualı. Feyzi Mustafayev dünyasını dəyişdi
və bu ayrılıqla siz kimi itirdiniz?
- Əlbəttə, ilk növbədə, ailəmin
dayağını, evin böyüyünü, yaxın dostumu,
ömür-gün yoldaşımı itirdim. Mən
ziyalıların bacısı idim, həkimlərin, şairlərin,
yazıçıların, müəllimlərin,
tanınmış adamların bacısı idim, Feyzi
dünyasını dəyişəndən sonra mən
onların əksəriyyətini itirdim. Sağ olsun
Əşrəf Veysəlli, o, çox sədaqətli dostdur,
özü də, ailəsi də, övladları da bizi
unutmadı.
Məzar daşı üstdə
yazı...
Feyzi qəbri üstdə yazılacaq yazını da
Əşrəf qardaşa vəsiyyət etmişdi. Feyzi rəhmətə gedəndən
sonra Ağəddin Mansurzadə əlaqələri kəsmədi,
amma az sonra o da dünyasını dəyişdi.
Rəhman Orxan yenə əlaqə saxlayır.
Amma Feyzinin sağlığında mənə
elə gəlirdi ki, zəng vuran, axtaran adamlar onu heç vaxt
unutmazlar. Nemət Veysəlli, Məmməd Aslan onun dostu
idi. Jurnalist Zümrüd Baloğlanovaya "mənim
qız qardaşım" deyirdi.
- Əzizə xanım, o
dövrdə kitabın çap edilməsi böyük hadisə
hesab olunurdu. İndi nə var ki, kitab
çap etdirməyə. Amma sovet dövründə
illərlə növbədə dayanmalıydın bir kitab
çap etdirmək üçün. Bir
kitab adamı məşhur edə bilərdi. Unudulmaz Əli Kərimin maraqlı portretini əks
etdirən, onunla bağlı xatirələri dilə gətirən
"Dinmə, ey kədər" müəllifinə qısa
zamanda şöhrət gətirə biləcək kitablardan
sayılırdı.
Bir kitabın şöhrəti
- Hə...
"Dinmə, ey kədər"in yolunu
çox gözlədik və nəhayət, kitab işıq
üzü gördü. Normal da qonorar
almışdı, xeyli kömək oldu bizə. Sözün həqiqi mənasında o kitab Feyziyə
böyük şöhrət qazandırdı. Sonra təkrar nəşr etdilər həmin
kitabı. Feyzi sözə çox müqəddəs
bir şey kimi münasibət göstərirdi. Bütün varlığı ilə
yazdığı məqalələrin, oçerklərin,
kitabların təəssübkeşi idi. Sonradan
dostu, qələm yoldaşı Vaqif İbrahim haqqında
"Ölənlər evə qayıdırlar" adlı
kitab yazdı. Bu kitab da əl-əl gəzirdi.
Yəni onun yazı üsubu maraqlı idi.
- Hə... Feyzi
Mustafayevin publisistikası poetik publisistikadır. Bəlkə
də, yazdığı kitablar şairlərə həsr
olunduğundan öz yazı üslubunda bu poetikanı qoruyub
saxlamağa çalışıb.
Ramil, evdə, ailədə daha
çox onun hansı kitabı sevilir? Hansı
kitabını arada götürüb vərəqləyirsiniz?
Yoxluqda bilinən dəyərlər
-
Bilirsiniz necədir, elə şeylər var ki, onların dəyəri
müəyyən hadisədən, itkidən sonra bilinir. Atamın sağlığında mənə
çox adi görünən şeylər, onun yoxluğundan
sonra formasını dəyişdi. Bəzən
hansısa qələm, kağız parçası, kitab vərəqləri
arasından çıxan qeyd kağızı mənə
tamamilə başqa təsir bağışlayır. Açığını deyim ki, atamın
sağlığında onun kitablarını oxumazdım,
iyirmi yaşım tamam olmamışdı onda, onun
yoxluğunda yazdığı bütün kitabları oxudum.
Mənim üçün "Ölənlər
evə qayıdırlar" kitabı çox doğmadır.
Amma anam daha çox onun "Azərbaycan"
jurnalında çap olunan yazılarını tez-tez oxuyur
yenidən.
- (Əzizə xanım müdaxilə edir). Hə,
çünki o yazılar Feyzinin ilk qələm təcrübələridir,
demək olar, əsəriyyəti gözlərim önündə
qələmə alınıb. Hərəsi
bir xatirədir mənim üçün.
Ruhu ilə birlikdə göylərə
uçan adam...
- Ramil, təxminən 10-12 il əvvəl
böyük bir heyətlə Yardımlıya, oxucularla
görüşə getmişdik, imkan yarandı gedib Feyzi
müəllimin də qəbrini ziyarət etdik. Amma
açığı, hamımız çox sarsıldıq.
Heç on il keçməmişdi
üstündən, məzarı baxımsız idi. Qəbri yarılmışdı. Bu mənzərəni
görəndə ağlımdan bir fikir keçdi və qələm
dostlarımın yanında o fikri dilə gətirdim: Feyzi
Mustafayevin təkcə ruhu yox, cismi də göylərə
uçub, dedim. Çünki o, bütün
yaradıcılığı ilə, həyatı ilə yerə-göyə
sığışmayan adam idi. Sonra mən bu barədə bir yazı da yazdım.
İndi necədir? Feyzi
müəllimin qəbri qaydaya salındımı?
- Hə,
olmuşdu elə bir şey. Sonradan biz
Sumqayıtdan nə lazımdırsa göndərdik rayona,
atamın məzarını səliqəyə saldıq.
Əslində, onun ömrünün
böyük hissəsi Sumqayıtla bağlı idi. Dünyasını dəyişəndə Dövlət
Kimya Şirkətinin prezidenti Fikrət Sadıqov onun
Sumqayıtda dəfn olunmasını təklif etdi, amma atam
artıq vəsiyyətini etmişdi və ailəmiz onun son
arzusunu yerinə yetirməyə borclu idi. Yol
uzaqdır, Yardımlı dağ rayonudur, amma nə
lazımdırsa elədik. Sonradan atamın
məzarı bir qədər uçmuşdu, buradan lazım
olan materialı göndərdik, yaxın qohumları ilə bir
yerdə məzarı sahmana saldıq.
- Ramil, evdə beş
uşaq olmusunuz. Necə idi, incidirdiz Feyzi müəllimi? Ailədə
ən çox ipə-sapa yatmayan kim idi?
Sözünü anamla
çatdırırdı bizə
- Evdir də,
hər ailədə dəcəli də olur, cığalı
da... Bizdə də elə idi. Amma rəhmətlik
qardaşım Emil bir az ipə-sapa
yatmırdı, ərköyünlük edirdi. Atamın
xasiyyəti elə idi ki, üstümüzə
çığırmazdı, sözü olanda anam vasitəsilə
çatdırırdı bizə. Mən bu pərdəni
hər zaman gördüm və hiss etdim. Şəhərdir
də, Emil bəzi dostlarının təsirinə
düşmüşdü, onun bəzi hərəkətləri
atamı çox sarsıdırdı. Elə
Emilin dərdi onu xəstə saldı.
- Nə idi xəstəliyi? Ümumiyyətlə, müalicəsi necə
keçdi? Neçə müddət xəstə
yatdı?
-
Ağciyər xərçəngi. Bilirsiniz də,
o, gərəksiz yerə işdən qalmazdı. Hətta
qardaşı Rusiyada vəfat etmişdi, onu gətirib rayona
aparmaq istəyəndə atam tərəddüd etmişdi ki, sabah qəzet günüdür, heç bilmirəm
nə edim? O gün səhər yenə işə
hazırlaşırdı. Ürəyində də
problem vardı, dərman qəbul edirdi. Səhər
üzünü təraş etdiyi yerdə birdən
özünü pis hiss etdi, halsızlaşdı. Bacımdan dərman istədi. Birtəhər
özünü evə saldı. İşdən,
redaksiyadan dostu zəng vurdu, atamı soruşdu. Anam vəziyyəti
izah etdi, dedi ki, halı yaxşı deyil, amma nə həkim
çağırmağa, nə də həkimə getməyə
razı olur. Heç beş dəqiqə
keçməmiş dostu İldırım müəllim
özünü bizə çatdırdı, zorla atamı həkimə
apardıq, xəstəxanaya yerləşdirdik. Az
sonra xərçəng olduğu üzə çıxdı
və doqquz gündən sonra dünyasını dəyişdi...
Sonuncu siqaret qutusu
Ramil danışdıqca Əzizə xanım mərhum
ömür-gün yoldaşından qalan son xatirələri mənə
göstərir. İşdə qazandığı
uğurlara görə aldığı Fəxri fərmanlar,
diplomlar, təşəkkürnamələr, saralmış
fotolar, rəngli şəkillər və üstündən cəmi
dörd ədəd siqaret çəkilmiş
"Şirvan" siqareti qutusu. Bu xatirələr
Əzizə xanımın son təsəllisidir. Bu nur simalı, cəfakeş qadın
barmaqlarının ucu ilə siqaret qutusuna toxunur. Doluxsunur, dərindən köks ötürüb
danışır.
- Siqaret
çox çəkirdi, amma evdə heç vaxt siqaret çəkməzdi.
Eyvana çıxıb çəkirdi. Bu
onun son siqaretidir, mənə dedi ki, Əzizə, sağalsam,
bunları çəkəcəyəm. Sağalmadı.
Həmişə onun bu vərdişinə qarşı
olmuşam, amma Feyzi belə deyəndən sonra Allaha
yalvarırdım ki, sağalsın, qoy nə qədər istəyir
siqaret çəksin...
Feyzi Mustafayevin yadigarları - ömür-gün
yoldaşı Əzizə xanım, oğlu Ramil məni yola
salır. Unudulmaz Feyzi Mustafayevin evindən çıxıb
şəhərin küçələri ilə
addımlayıram. Yaydır... Hava çox
istidir. Birdən adamların arasından boz plaşlı,
damağında siqaret olan tanış sima
görürəm. Odur, Feyzi Mustafayevdir... Amma başa
düşürəm ki, o adam mənim
yaddaşımın payızından boylanır...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.24-25.