YUXU DÖVRÜ
Hekayə
Ləng yerişlə şəhər parkına doğru
gedirəm.
Tanışlardan heç kim gözümə
dəymir. Əslində, nə görüşəcək
bir adamım var, nə də görülməli bir işim.
Sadəcə, "kafa dinlətmək"
üçün parka üz tutmuşam. Hər dəfə
bura gəlir, hay-küydən uzaq bir yer tapıb oturur, tanış, mərhəm
xışıltıyla məni salamlayan ağacların
arasında sakitliyi dinləyirəm.
Yaxınlıqdan ötüb-keçənlərlə
salamlaşıram. Uzaqdan, küçənin qarşı tərəfindən
kimsə mənə əl eləyir, az qala
qışqıra-qışqıra nəsə deməyə
çalışır. Mən də əlimi
yelləyib, jestə jestlə cavab versəm də nə
deyildiyini başa düşmürəm. Anlamaq,
dərk etmək iqtidarında da deyiləm. Beynimdə o qədər yorğunluqdur ki,
bütün suallar bir-birinə qarışıb. O nə
yuxu idi elə?! Artıq neçənci dəfədir,
hər gün eyni yuxunu görürəm, eyni hadisələrlə
üzləşirəm. Başımın üstündə
dalğalanan bayraq qəfil göründüyü kimi, qəfil
də gözdən itir, üzünü görə bilmədiyim,
bəlkə də yaxşı xatırlamadığım kimsə
yumruğunu göstərir və uzaqdan bir səs də
qaç, - deyir.
Bu halda qolumdan çəkib mənimlə salamlaşan
birinin üzünə gülüb uzaqlaşıram. Heç yaxşı
olmadı, kim idi görən, hardasa
görmüşəm? Bəs o səs, o bayraq,
mənə qıcanan yumruq... nəyə işarədir?
Çiskin yağış başladı. Özümlə
çətir götürməyi xoşlamıram, evə
qayıtmaq da istəmirəm. Neynək,
yaxınlıqdakı azman şam, küknar
ağaclarının "çətirləri" altında
daldalanmaq olar.
May ayı havalar soyuq keçir. İki-üç
gün isti, bürkü və həftə boyu
yağışlar. İnsan qəribə
canlı məxluqdur. Biqələmun kimi hər
şeyə hazırdır.Təbiətin və zamanın
iqliminə uyğun olaraq nəinki rəngini-yerişini,
yaşayışını, simasını da dəyişir.
Yağış get-gedə gücləndiyi kimi, qəfil
də kəsdi. Buludların arxasından günəş
boylandı. Parkın girişində səliqəsiz
geyimləri ilə nəzərləri cəlb edən iki
qaraçı qız üstümə yüyürdü:
- Əmi, pul ver falına baxaq.
- Allah xatirinə
əl çəkin, mənim fallıq halım yoxdur.
- Ala
gözlərindən biclik yağan, yaşca böyük
qızın əlindən qurtulub oradan uzaqlaşdım.
Lənətə gəlmiş yuxu, - səs hələ də
qışqırır, yadındamı, yadındamı? Ot
basmış cığırda yanımdan ötən biri (elə
mən yaşda olar) diqqətlə üzümə baxıb,
heç nə demədən ötüb keçdi. Sanki kişi salonundan çıxıb, ətir
qoxusu burnumu qıcıqlandırdı. Yorğun gözləri
tanış gəlir. Saçları
ağarıb, üzündəki qırışlar
yanağındakı çapığı gizlədə
bilmir, - insafən yaraşıqlı görkəmi var. Di gəl,
boz, milə-mil pencək və tünd qara rəngli şalvarla
siqaretdən saralmış sallaq bığlar bir-birilə
uyuşmur. Onu harada görmüşəm,
axı gözləri kimisə mənə xatırladır?
Bu gün yaddaşım köhnə kinolenttək
fırlandıqca fırlanır və dolaşır.
Boynumu nəsə
sancdı, yeri göynədi, əl atıb tutdum və baxmadan
öldürdüm, ovcumu açıram, - qarışqadı!
Telekanallar hər gün həyəcan təbili
çalaraq cürbəcür zəhərli həşəratlardan,
törədəcəyi fəsadlardan danışır və
onlara qarşı ilk müdaxilənin necə, hansı formada
olacağını izah edir. Guya biz özümüzlə,
baş verə biləcək hər hansı hadisə
üçün (həşərat müharibəsi!)
içində müxtəlif ilaclar olan boğça gəzdirməliyik.
Bir vaxtlar nənəm həftə hamamına (cümə
günləri) gedəndə boğcasını çox gəzdirmişəm...
(Haşiyə: dünyanı bürüyən
pandemiya bizə xatırlatdı; özümüzə və
başqalarına, eləcə də ana təbiətə
qarşı həddən ziyadə biganəyik!).
Gül kollarının arasında gəzə-gəzə
özümə haqq qazandırdım, - "yaxşı ki,
öldürdüm". Ancaq bir az keçmiş etdiyim hərəkətdən
çox peşman oldum. "Qarışqanı
nahaq öldürdüm, günaha batdım. Axı o da Allahın yaratdığı
canlıdır, həm də ziyansız canlı". Görən qarışqanın ürəyi
varmı, mikroskop altında hansı ölçüdə, nə
boyda görünər? Olmaması
yaxşıdır, hər şeyi ürəklərinə
salardılar, umub-küsərdilər. Eh, mənim əlimdə
ölməyinə bax?! Ey Böyük Yaradan, bu uğursuz bəndənin
günahından keç! Öz sözlərimə
acı-acı gülürəm: bizim hər tövbəmiz
növbəti günaha hazırlıqdır!
Adamların arasında karuseldəkitək veyil-veyil hərlənən
qaraçı qızlar məni görüb başqa səmtə
dönürlər. Elə mən də parkda "itiyimi"
tapmayıb, ovqatı təlx halda geri dönürəm.
Yenə də sallaqbığı görürəm. Yanındakı
gənc, sarışın oğlana məni göstərir və
gözdən itir. Tanıyırsa niyə
yaxınlaşmır? Bəlkə
gözümə görünüb, mənə elə gəlib,
axtarırsa, gec-tez tapacaq.
"Qara bəy" karvansarasının
qarşısı həmişə qələbəlikdir. Haşiyə: əslən
goruslu erməni Karapet Karapetyan qumarda iri məbləğdə
pullar uduzan, yerli bəylərdən birinin torpaq sahəsini, dəyər-dəyməzinə
satın alıb karvansara tikdirib. Ticarət sahəsini
inkişaf etdirən Karapet "kirvə" Ağdaşda
üzüm plantasiyası saldırıb, şərab sexi
açıb, o cümlədən kazino sahibi olub. Bundan
"faydalanan"yerli bəylərin günləri kefdə-damaqda,
eyş-işrətdə (bax: XIX əsr şairi Məlikballı
Qurbanın Ağdaş bəylərinə həsr etdiyi
şeirlər) keçirmiş. Hədsiz xəsis
olması barədə yerli camaat arasında, dildə-ağızda
dolaşan rəvayətlər günümüzəcən gəlib
çatıb. Günəmuzd işlətdiyi
fəhlələrin pulunu daimi kəsərmiş, ya da
heç verməzmiş. Ağdaş və
yaxın bölgələr arasında "Qara bəy"
ayamasıyla tanınıb.
Deyilənə görə, karvansaranın həyətində,
günlərin bir günü iki qəpiyi itir. Ötəndə,
keçəndə gözləri yerdə qalır, - qəpik
tapılmır ki tapılmır. "Naçar" qalan
"bəy" nökərinə iki manat (!) verib iki qəpiyini
tapdırır...
Karvansaraya baxıram, - gör nə günə (taleyin və
tarixin kinayəsi) düşüb? Fasad (interyerdən
söz açmağa dəyməz) tamam bərbad vəziyyətdədir.
Alt qatında müxtəlif dükanlar,
çayxanalar, köşklər və s. Hər tərəfdə
50% endirim rəqəmləri.
XX əsrin birinci rübünəcən (bolşevik
işğalınadək) Ağdaşda 16 belə karvansara
olub. Onlardan yalnız üçü qalıb. Qalanları baxımsızlıq, biganəlik (sovet
imperiyası "keçmişi" və "gələcəyi"
özü yaradırdı) ucbatından sökülərək
dağılıb.
Həyatımıza salamsız-kəlamsız daxil olan təzə
vərdişlər, qaydalar, (illah da qondarma etiket qaydaları),
modernizmin estetik yönləri ilə baxanda keçmişimizi
ekzotik lətifə kimi təqdim edir. Ermənidən "hayıf"
çıxırlar, yoxsa karvansara bu günə düşməzdi...
Uçulmaqda və uçurulmaqda olan nəhəng və
kədərli tariximizin qarşısındakı qəzet
köşkündə krossvord həllinə girişiblər. Mən də
küçəni keçib, qəzetlərdəki "ədəbiyyat
səhifələrinə" göz gəzdirirəm.
Ağlıma gələn ilk fikir, - "hamı şeir
yazır!".
Qeyri-rəsmi statistikaya görə, bizim şəhərdə
kitab çıxaranların sayı 100-ü adlayıb. Bu şəhərin
başqa dərdi yox, - şeirlə yatıb, şeirlə
dururlar. Görüb-tanıyanlar
üstümə yüyürür, "öpücüklər"
başlanır. Rəhmətlik Vaqifin Moşusutək
dalağım sancır, məni xof götürür, - görən,
başıma nə gələcək? Bu gün
hamıdan, elə özümdən də qaçmaq istəyirəm.
Birdən-birə havam çatmır, nəfəs
ala bilmirəm, tıncıxıram. Qoqolun
müfəttişinə dönməyin də bir ayrı
zülmü varmış, - hərifləyib cibimə şeir
dürtürlər. Oğulsan, yaxanı
bunların əlindən qurtar, görüm necə
qurtarırsan? Səndən bəyənib, bəyənmədiyini
soruşacaqlar, - hənuz cavab verməlisən.
Bu gün nə uğursuz gündür, Allahım?! Görünür,
qaraçı qızlar üçün də gün
uğursuz başlayıb, - qarşımı kəsib
zarıya-zarıya:
- Əmi, nə olar, pul ver falına baxaq.
- Ay balam,
bayaq dedim axı, məndən əl çəkin!
- Bayaq pul
verdin ki?!
...Rusiyada
yaşadığım illər, bir dostumun təkidi ilə
Tula şəhərinin (həm də vilayətin) baş kilsəsinə
getmişdik. Qoqol küçəsiylə Piraqov
küçəsinin kəsişdiyi yerdə ucaldılan qədim
kilsəni indi də yaxşı xatırlayıram.
Günün ikinci yarısı olduğundan, kilsənin
zalında və bağında heç kim
gözə dəymirdi, sükutun səsini eşidirdim. Arada yaxınlıqdan ötüb-keçən, kilsə
xorunda oxuyan qızları və üzümə zillənmiş,
işığı öləziyən və qüssə gətirən
gözləri saymasam. Hərdən o
günlərin xiffətini edirəm. Sakitlikdə
doğma bir auraya düşür, özünü tapırsan.
Həyatımız o qədər gərginlik
içində keçir ki (iş, ev-ailə
qayğısı), "kafa dinlətmək" böyük
müşkülə çevrilib. Məhdud,
dar çərçivəyə (çevrəyə)
sığınmağın tərəfdarı deyiləm.
Fəqət, hərdən elə anlar olur ki,
hamıdan qaçmaq, özünə, öz doğma hücrənə
çəkilmək istəyirsən. Hərdən
üzümü harasa tutub (Fikrət Sadığa Allah rəhmət
eləsin, - yaxınlıqda dağlar, dərələr,
ormanlar da yox) divanə-divanə elə bağırmaq(!)
keçir könlümdən. İlahi! bəndənə
ağıl ver, nolar!
Elə buradaca acizanə bir istək boylanır içimdən,
- təvəqqedə bulunmaq istəyirəm - "kafa dinlətmək"
vaxt öldürmək kimi başa düşülməsin. Vaxt öldürmək cinayətdir,
- cəzasını illər ötdükcə çəkirik...
Və yenə
də "ələ keçirəm"! Taksi
sürücüsü olan bir dostum (qaraçı) arxadan məni
səsləyir; hərdən onunla vaxt tapıb "sənət
söhbətləri" edirik,-
başımın şiddətlə ağrıdığını,
təzyiqimin qalxdığını bəhanə gətirərək
aradan çıxmaq istəyirəm:
...Məlim,
neçə gündür səni axtarıram. Bir
məsələ var, cavabını tapmağa kömək elə,
bilirəm tələsirsən. Bu, postmodern
deyirlər ey, o, nə olan şeydir?
Mən
köntöy-köntöy:
-
İnternet üzərindən dilənçilik etmək!
- Araya
sükut çöksə də, müsahibim söz altında
qalmadı:
- Sərmayə
yatıran olsa, bizim "sənəti" də modernləşdirmək
olar.
Yox, bu gün məndə heç nə alınmır. Uzaqlaşmaq və
qaçmaq, - ancaq hara? - başım
dumanlanıb. Səhərdən məni izləyən
sallaqbığ qarşımda dayanıb:
- Bayaqdan
arxanca düşmüşəm, görürəm məni
tanımadın, ya da tanımaq istəmirsən?!
Diqqətlə ona baxıram. Hardasa
görmüşəm, sanki səsini də xatırlayıram.
Sözləri elə tələffüz edir ki, elə bil
aktyorluq fakültəsinin tələbəsi, ağzında
karamel konfeti, məşq edir:
- Estoniya,
Tallin şəhəri... bir rota (bölük) da xidmət
etmişik...
Hafizəm yavaş-yavaş öz yerinə
qayıdır, yaddaşımda o uzaq illər canlanır. Tallinin bəyaz gecəsindən
gələn səs:
-
Yadındamı, hərbi hissənin bayrağını
oğurlamışdıq?
-
"Biz" yox, sən oğurlamışdın!
...Səhərlər
rəsm-keçiddə (razvod) hər hansı uğura görə
bayraq qaldırılırdı. O dövrdə hər şey
uğur sayılırdı, - günü başa vurmaq, elə
yaşamaq da! Belə günlərin birində hərbi hissə
komandiri təntənəli surətdə bayraq qalxsın! - əmrini verdi. Bayraq isə ocaqxananın
bacasında dalğalanırdı...
Əsgərlik
yoldaşım kövrək-kövrək:
-
Qardaş, o günlər gəncliyimizin yuxu dövrü idi.
10.05.2019
Fəxrəddin Əsəd
Ədəbiyyat qəzeti.- 2020.- 18
iyul.- S.30.