İki Eldar. Faciəli Talelər
"Unudulmazlar" silsiləsindən
Eldar Baxış. "Mən
poeziyaya möcüzə kimi baxsam, ancaq o dini kitablardakı
möcüzə kimi baxaram. Mən
poeziyadan çəkdiyimi heç nədən çəkmirəm.
Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi
deyirəm bunu, mən öz rahatlığım
üçün yazıram, canımı qurtarıram şeirdən,
şeir məni qoymur yaşamağa, mən də istəyirəm
kəpənək kimi atılım-düşüm, ağac
kimi tərpənim, su kimi axım".
Bir
parça işıq düşdü
çarpayımın üstünə -
işıqdımı,
dişdimi, -
Sən
ölümdə dişə bax,
haqq
yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma
yorğan-döşəkdə
öləcəyəm, işə bax!..
Bu parçanın müəllifi Azərbaycanın
istedadlı şairlərindən biri - Eldar
Baxışdır.
96-cı
ilin may ayı bəlkə də, bu dünyanın ən
gözəl aylarından biri kimi yadımdan
çıxmır. Bahar bütün gözəlliyi
ilə ağaclara, evlərə, ürəklərə, məmləkətin
hər bir guşəsinə işıq və
yaşıllıq saçırdı. Amma
o ay həm də sevincimizə zəhər qatdı - Eldar
Baxış dünyasını dəyişdi. "Zəhər" sözünü əbəs
yerə işlətmədim, zəhərlənmişdi Eldar.
Televiziyanın bir verilişində onu yataqda,
ölümün cəngində göstərirdilər. Şair Qulu Ağsəs böyük bir ürək
yanğısı ilə görkəmi tamam dəyişmiş,
gözlərində həyat eşqi sönmüş Eldar
Baxışın son durumundan söz açırdı.
Həmişə deyib-gülən, boyu-buxunu,
yaraşığı, görkəmi ilə çoxlarında
qibtə hissi oyadan Eldar Baxış 49 yaşına bir ay
qalmış gözlərini yumdu və içimizə - onu
sevənlərin dünyasına Eldar Baxış nisgili səpələdi.
O,
Qubadlı rayonunun Diləli Müskanlı obasında, bir kəndli
ailəsində doğulmuşdu. ADU-nun tarix
fakültəsini bitirmişdi. Məndən
iki kurs yuxarıda oxuyurdu. Biz onu elə tələbəlik
illərindən şair kimi tanıyırdıq. Eldarın səsi şeir gecələrindən, qəzet,
jurnal səhifələrindən gəlirdi. Çox çəkmədi ki, Eldar Baxış
öz ədəbi nəsli içərisində ön
sıralarda göründü. Yaxşı
xatırlayıram, "Azərbaycan" jurnalının
1978-ci ilin avqust nömrəsində "Ədəbi gənclik"
rubrikasında üç cavan şairin - Vaqif Cəbrayılzadənin,
Vaqif Bəhmənlinin və Eldar Baxışın şeirləri
gen-bol təqdim edilmişdi. Baş redaktor
Əkrəm Əylisli redaksiyanın qapılarını
istedadlı gənclər üçün taybatay
açmışdı və Eldar Baxışı
tanımayan minlərlə oxucu onun şeirlərini oxuyub
poeziyada təzə bir səsin, nəfəsin
varlığını hiss etdilər. O şeirlərin
içində "Kəndin dediyi" mənə daha
çox təsir elədi. Bu o illər idi ki, kəndli
cavanların şəhərə axını
başlanmışdı və Eldar Baxış kəndin
dilindən deyirdi ki:
Bu
dağları atıb, daşları atıb,
bu
yayları atıb, qışları atıb,
körpəcə-körpəcə quşları atıb,
hara
qaçırsınız, kənd uşaqları?
Bütün yaradıcılığı boyu Eldar
Baxış bu səpkidə, bu tempdə - sadə,
hamının anlayacağı tərzdə yazdı. O, sübut etdi ki, Azərbaycan
şeirini tapmağa, krossvord, müəmma oyununa
qatışdırmaq olmaz.
O,
tarixçi idi. Bakı kəndlərində öz ixtisası
üzrə müəllimlik də eləmişdi, sonra öz ərizəsi
ilə bir il əsgəri xidmətdə də
olmuşdu. Sonralar Televiziya və Radio Verilişləri Şirkətində
uzun müddət çalışdı, müstəqilliyimizin
ilk illərində "Səs" və "Nəfəs"
qəzetlərini yaratdı, sonuncu iş yeri yenə radio oldu,
Uşaq verilişləri Baş redaksiyasının baş
redaktoru vəzifəsində çalışdı. Ancaq tale onu şair yaratmışdı və mən
onunla görüşlərimdə həmişə şeirdən,
şairlərdən söz açardı, axırda da
yaxşı anekdotlar söyləyərdi. Özü də
daha çox Cəlal Bərgüşaddan...
Eldar
Baxış deyirdi: "Mən bir adi adam
kimi - kəndçi balası, şəhərli balası, yer
oğlu, göy oğlu kimi şeir yazan gündən
qalmışam beş daş arasında. Birinci
daş mən özüməm. İkinci
daş mənim qələmimdir. Üçüncü
daş kağızdı. Dördüncü
daş Tanrıdı (daş dediyimə görə Tanrı məni
bağışlasın. Ona görə ki,
ağacı, quşu yaratdığı kimi, daşı da
Tanrı özü yaradıb). Beşinci
daş bu gidi dünyadı. Dəyirman
daşı buğdanı, arpanı necə əzirsə, bu
daşlar da mənim duyğumu, düşüncəmi elə əzir".
Amma bu daşlar Eldar Baxışı heç də
o dediyi kimi əzə bilmədi. Bircə
Ölüm olmasaydı. Belə bir kəmfüsrət
ölümü heç kim gözləmirdi.
"Ölüm" sözü ilə Eldar
Baxışı yan-yana qoymaq, bəlkə də, bu
dünyanın ən ədalətsiz işi olardı. Ancaq nə etmək? Bu
ölüm, sən demə, doğulduğu gündən onunla
yol gəlirmiş. Ölümünü
yaşaya-yaşaya o, ölümə meydan oxuyurdu.
"Ölüm" dedim, Eldar
Baxışın "Balıq ölümü"
poemasını xatırladım. Bu poema qısa bir ömür
sürmüş, amma o az,
yarımçıq ömrüylə də xatirələrdən,
yaddaşlardan silinməyən Səməd Behrəngiyə həsr
edilmişdi. Bu poema haqqında indiyə kimi
tutarlı bir söz deyilməyib. Halbuki "Balıq
ölümü" nəinki Eldarın
yaradıcılığında, ümumən ədəbiyyatımızda
uğurlu bir hadisə sayılmalıydı...
"Balıq ölümü"ndə Eldar
Baxış Səməd Behrənginin faciəsi fonunda təkcə
bir insanın deyil, bütöv millətin - o taylı-bu
taylı Azərbaycanın düşdüyü bəlaları,
mənəvi girdabları canlandırır və bu da təsadüfi
deyildi. O, bir
şair və hər şeydən əvvəl bir
türkçü və möhkəm azərbaycançı
kimi şeirində də milli və turançılıq
ideyalarını gizlətmirdi.
Azərbaycanın başı üstündə qara
buludlar oynayırdı və belə bir vaxtda Eldar bir sıra
söz adamları kimi müstəqillik savaşına
qatıldı.
İslaholunmaz dərəcədə azad və sərbəst adam olduğu üçün
qırmızı bayraqların dalğalandığı bir
vaxtda "Yaşılım, yaşılım, hara gedirsən?"
şeirini yazdı.
Ağac yaşılım, hara gedirsən?
Hara gedirsən, yarpaq yaşılım?
Ot
yaşılım, hara gedirsən?
Hara gedirsən, kəpənək yaşılım?
Getmə, qayıt geri, başına dönüm.
Zori
Balayanın "Ocaq" kitabı çıxanda ona etiraz edən
şeiri o zaman dillər əzbəri idi:
O nədir
yazmısan, Zori Balayan,
Kür-Araz
deyirsən - kəkələyirsən,
Xırda
budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.
Dünya
nə haydadı, sən nə haydasan,
A köhnə palazı sırıyan oğlan.
İrəvan
dilində xoruzlanırsan,
Moskva dilində zarıyan oğlan.
Sən
Zori Balayan, mən Eldar Baxış,
Baxıram, eləcə zoğallayırsan.
Keşiş
zurna çalır, sən də keşişin
Qara
zurnasını sığallayırsan...
Belə
deyirdi: "Hamımızın milləti var, amma
Tanrının milləti yoxdu. Bəlkə buna
görə də Tanrı göy üzündədi, biz yer
üzündə. Bəlkə buna görə
Tanrı hamıdan - məndən, səndən, bizdən, sizdən,
peyğəmbərdən, imamdan böyükdü, uludu.
Bəlkə buna görə min milyon ildi əlləşirik,
vuruşuruq, dua oxuyuruq, dəstəmaz alırıq, namaz
qılırıq, oruc tuturuq, ancaq gedib o böyük, ulu
Tanrıya qovuşa bilmirik".
Amma o, elə sağlığında Sözün
Tanrısına qovuşmuşdu. Ən yaxın dostlarından olan Vaqif Bayatlı
Ünər onun ölümündən sonra bu sözləri
yazmışdı: "Eldar Baxış Azərbaycan dilinin
yox, türk dilinin şairidir. Türk dili
Göyüzünün və Yerüzünün dilidir. Bu mənada Eldar Tanrının,
Göyüzünün şairi olmaqla, həm bizim
yaşadığımız bu yer üzünün də
şairidir. Bu, Eldarın hamı
gördüyü kiçik bir hissəsidir".
Eldar Nəsibli (Sibirel). Şairlərin
ölümü həmişə onları sevən oxucularda və
ədəbi ictimaiyyətdə hiss-həyəcan-kədər
doğurur. Fikrət Qocanın Səməd Vurğuna həsr
etdiyi şeirdə belə bir misra var: "Şair
ölümünə inanmıram mən". Təbii
ki, bu ölüm fiziki mənada baş verir, çünki əsl
şairlər ölümlərindən sonra bir də
doğulurlar. Mənim yaxşı
tanıdığım Eldar Nəsibli də belə şairlərdən
biri idi. O, 1952-ci ildə Sibirin Baxçat rayonunun
Sernişovka kəndində anadan olmuşdu. Valideynləri
1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün
olunmuşdu. Bəraətdən sonra bu ailə
öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli
(İkinci Şıxlı) kəndinə qayıtdı. Çox illər keçdi, Eldar orta məktəbi
bitirdi, BDU-nun jurnalistika fakültəsinə daxil oldu, şeirləri
ilə mətbuatda çıxış etdi, şeir
kitabları işıq üzü gördü və Sibirdə
dünyaya göz açdığı üçün
Sibirel təxəllüsünü götürdü.
Sibirel, sənə
yaxınam,
Gözündən
qaçan yuxunam,
Sürgündə
qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.
Amma o, bütün varlığı ilə Qazax
torpağına bağlı idi. Çünki:
Burdan
qalxıb zirvəyə Vaqifin arzuları,
Vidadinin yanğısı dağda əridib qarı.
Osman
Sarıvəllinin bənövşə misraları
Günəşdən
nur içibdir burda yaz vaxtı, oğlum,
Bura
Qazaxdır, oğlum!..
Onun mənsub olduğu kənddən Osman Sarıvəlli
kimi fəxr etdiyi, qürur duyduğu bir ustad şair dünyaya
gəlmişdi. Eldar Nəsibli Osman Sarıvəllinin həyatı,
şəxsiyyəti barədə "Yaşamaq da
igidlikdir" adlı bir sənədli povest də qələmə
alıb və o povesti oxuduqca Osman müəllimin Eldara
qayğısını, onun bir şair kimi yetişməsində
rolu da hiss olunur. Osman Sarıvəlli ilə
Eldarın münasibətini heç cür eyni kənddə
dünyaya gəldikləri ilə eyniləşdirmək olmaz.
Eldar yazır ki: "O, məndə itirdiyi dostlarının
cizgisini axtarırdı. Tapanda da sevinirdi... Eldar
Nəsibli Osman Sarıvəllinin bir çox kitablarının
tərtibçisi və redaktoru olmuşdu, amma Osman müəllimin
heç bir kitabında öz adını göstərməmişdi.
Hətta ustad şair bunu təkid etsə belə.
Ölümündən sonra Osman Sarıvəlliyə bir
şeir həsr etdi:
Düzlük,
xeyirxahlıq bir peşən oldu,
Güllərin
nə soldu, nə həşəm oldu,
Yenə
söz mülkündə "Bənövşə"n oldu,
Sözün
təzə-təri, ay Osman qağa!..
Eldar Nəsibli gözə görünən, sevilən
bir şair idi.
"Elm və həyat" jurnalında uzun müddət məsul
katib işləsə də, on üç il
"Azərbaycan" qəzetində bölgə müxbiri vəzifəsində
çalışsa da, heç vaxt şeirdən
ayrılmamışdı. Onun məndə üç şeir
kitabı durur: "Səni səsləyən var" (1982). Bu kitab haqqında o zaman mən "Ədəbiyyat və
incəsənət" qəzetində bir resenziya ilə
çıxış etmişdim. "Bu da
bir ömürdü ağlı, qaralı" (1998). Öz əliylə mənə
bağışlamışdı. Bir də
bu yaxınlarda oğlu Əli Nəsiblinin mənə
bağışladığı "Seçilmiş əsərlər"
(2017). Elə bircə son kitabı kifayət
edir ki, Eldar Nəsiblinin bir şair kimi özünəməxsusluğu,
həyata, gerçəkliyə fərqli şair münasibəti,
şeir dilinin poetikliyi, obrazlılığı və
mövzularının rəngarəngliyi ilə onu mükəmməl
şair kimi təqdim edəsən. Eldarın
qoşmaları, hecanın müxtəlif şəkillərində
yazdığı şeirlər onun xalq ədəbiyyatına,
Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif
poeziyasına necə bağlı olduğunu sübut edir.
Şeirlərinə fəlsəfi ruh da hakim idi:
Bu
zamandır dalğalanan qəminin
Dəryasından keçilmir ki, keçilmir.
Dil-dodağın
çatlasa da, əlac yox,
Suyu
şordur, içilmir ki, içilmir...
Eh... kiminə
oyun gəlir namus, ar,
Kimini də yoldan edir sərvət, var.
Torpaq
üstdə fərqlənsə də adamlar,
Torpaq altda seçilmir ki, seçilmir.
Eldar Nəsibli hər şeydən yazırdı desəm,
səhv edərəm. Onu daha çox Vətən, torpaq, təbiət və
sevgi mövzuları düşündürürdü və
çalışırdı ki, bu mövzularda təzə
söz desin və deyə də bilirdi. Xüsusilə 90-cı illərin əvvəllərində
məlum hadisələrlə bağlı yazdığı
şeirlərə diqqət yetirsək, bunu hiss edərik.
Həyatdakı neqativ hallara qarşı da
şeirlərində bir üsyankarlıq nəzərə
çarpırdı.
Eldarı son dəfə 2007-ci ildə Qazaxda
gördüm.
Vidadi Babanlının 80 illik yubileyinə
getmişdik. Halı yaxşı idi. Sevinirdi ki, doğulduğu torpağa qayıdıb.
Amma üç ildən sonra - 2010-cu ildə
Eldar Nəsibli bir maşın qəzasında həlak oldu.
İki Eldar haqqında ürəyimdən keçənləri
söylədim. Faciəli ölümləri məni də
sarsıtdı. Ruhları şad olsun, -
deyirəm.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.31.