Bir də olmaz...
hekayə
Bəyalı müəllim evə tələssə də, söz verdiyi kimi, Şirnəli müəllimi məktəbin
foyesində gözləməli
oldu. İkisi də qəsəbənin
qurtaracağında yaşayırdı.
Eyni vaxtda torpaq sahəsi götürüb ev tikmişdilər. Əvvəllər işdən eyni
vaxtda çıxar, söhbət eləyə-eləyə
geri qayıdardılar.
Amma axır vaxtlar qrafikləri uyğun gəlmirdi.
Günü-gündən genişlənən qəsəbənin
birmərtəbəli orta
məktəbində tədris
iki növbədə keçirilirdi. Artıq saat beş
idi, dərs otaqları boşalmışdı.
Bircə
Şirnəli müəllim
sinifdən çıxmaq
bilmirdi. Nəhayət o, yekə çantası əlində foyedə göründü. Üzrxahlıqla
sağanağı iri
eynəyini barmağı
ilə burnunun üstünə qaldırıb
üzünü Bəyalı
müəllimə tutdu:
- Səni yaman gözlətdim... - dedi və ardıyca dəhlizə tökülüşən
şagirdlərinə mehribanlıqla
baxıb əlavə etdi. - Neynəyim, buraxılış sinfidi,
hər gün bir saat, yarım
saat əlavə vaxt ayırıram ki, imtahanlarda çətinlik çəkməsinlər...
Həyata
baxışlarının müxtəlifliyi
dostluqlarına mane ola bilmirdi. On beş il
idi ki, eyni
məktəbdə çalışırdılar,
riyaziyyatdan dərs deyirdilər.
İnstitutu bir vaxtda qurtarmışdılar. Hətta
dörd il
eyni yataqxanada bir otaqda qalmışdılar.
Dostluqları o vaxtdan başlamışdı,
indi də davam edirdi.
Onlar məktəbdən
çıxdılar. Bəyalı
müəllim həmkarına
sataşdı:
- Ölürsən də havayı hamballıq eləmək üçün,
- dedi. - Ay zalım, enerjin çoxdu, beş-on uşaq götür hazırla, əlavə pul qazan da!..
Şirnəli müəllim, həqiqətən
də özünü
oda-közə vuran köhnə pedaqoqlardan idi. Böyük dərs yükü
vardı.
Bütün günü məktəbdə
itib-batırdı. Dərslərdən sonra məşğələlər
aparırdı. Tələbkarlığı ilə qəsəbədə
ad çıxarmışdı. Bəzən əndazəni aşırdı,
tənbəllik edən
şagirdlərə yüngül
qulaqburması da verirdi.
Şirnəli müəllimdən fərqli
olaraq, Bəyalı müəllim öz peşə vəzifəsinə
barmaqarası baxırdı. Yarımştat dərs yükü götürmüşdü. Qalan vaxtını evdə repititorluq edir, şagirdləri ali məktəbə
hazırlayır, babat
pul qazanırdı.
Şirnəli müəllim dostu ilə mübahisə eləmədi, bilirdi ki, həmişəki kimi uduzacaq. Tələsik
dilləndi:
- Hələ bir dayan, səninlə
ayrı söhbətim
var, - deyə ərklə onun sözünü kəsdi.
Sonra başına gələnləri ətraflı
danışdı: - Hər
gün hasardan həyətimizə torba-torba
zibil atırlar. Qonşulardan
kimdisə mənə
yaman mərdimazarlıq
edir. Heç bilmirəm neynəyim?
Bu işdə sənin məsləhətin
mənə lazımdır.
Bəyalı müəllim heyrətdən
fit çaldı:
- Paho! Bəs, indiyə qədər
niyə susurdun?
- Sənə deyəcəkdim.
Gözləyirdim görüm işin
axırı nə olacaq? Fikirləşirdim ki, görəsən,
zibil atan usanacaqmı?! - deyə Şirnəli
müəllim izah elədi. - Amma görürəm yorulub eləmir...
Bəyalı müəllim artıq
seyrəlmiş sarışın
saçlarını barmaqları
ilə geri daraqladı, dəqiqləşdirməyə
çalışdı:
- Yəqin ki, yol tərəfdən atırlar...
- Hə, əlbəttə...
- Şirnəli müəllim
təsdiqlədi. - Axşam
hava qaralandan sonra atırlar. Hər səhər ağaclardan bir qədər uzağa yığıb yandırıram, o biri gün yenə atırlar.
Bəyalı müəllim yanakı
dostuna baxdı, burnunu qırışdırdı:
- Təklifin nədir? - Soruşdu. - Sənə nə köməyim dəyə bilər?
Şirnəli müəllim fikrini
əsaslandırmağa çalışdı:
- Bilirsən, dostum, sənin evin elə yerdə yerləşir ki, eyvanından yolu da, oradan keçənləri
də aydın görmək olur. Qapın da düz yola
açılır. Əziyyət
də olsa, gərək bu zibil atanı güdəsən...
Bəyalı müəllim addımını
yavaşıtdı, boynunun
ardını qaşıdı:
- Neynək, güdərəm!
- dedi, sonra zarafatla sözünü bitirdi. - Öz aramızdı, dost yolunda zibilə düşmək
buna deyirlər də.
Dostlar gəlib
mənzilbaşına çatanda
payız günəşi
batmışdı, ətrafa
toranlıq düşmüşdü. Şirnəli müəllim Bəyalıdan
ayrılanda onu işə saldığına
görə dil-ağız
elədi.
Şirnəli müəllim şam yeməyindən sonra iri çantasından iki-üç dəftər
çıxartdı, qabağına
qoydu. Arvadı çay gətirdi,
oğlanları hərəsi
mənzilin bir tərəfinə çəkildi.
Bilirdilər ki, atalarına
mane olmaq olmaz. O,
işini qurtaranda saat səkkizi vururdu. Dəftərləri yığışdırdı.
Əzalarının keyini açmaq
üçün həyətə
düşdü. Qaranlıq düşmüşdü,
artıq göz-gözü
görmürdü. Bayır işıqlarını
yandırıb bir o başa, bir bu başa getmişdi
ki, darvazanın zəngi vuruldu. Gedib qapını açdı.
Darvazanın üstündə
asılmış lampanın
zəif işığında
dostunu görüb geri çəkildi:
- Gəl içəri, orada niyə dayanmısan? - soruşdu
və təklifini etdi: - Gedək, çay içək.
Bəyalı müəllim dişini
ağartdı:
- Çay vaxtı deyil. Həyətinə zibil atanı
tutub gətirmişəm
hüzuruna, - deyə arxasında gizlənməyə
çalışan bir
uşağın gödəkçəsinin
boynundan tutub işığa çıxartdı.
- Tanış ol, zibil atan "igid" budur.
Şirnəli müəllimin koruş gözləri eynəyinin altında parıldadı. Fəhmlə
soruşdu:
- Bu uşaq Aslan kişinin ortancıl oğlu deyil?
- Özüdür ki, var. Adı Feyruzdu. Yeddinci "B"də, mənim sinfimdə oxuyur. Kiçik qardaşı da sənin "V" sinfindədir.
Bu qırışmal bir bəladı, gəlib düşüb məktəbimizə. Bir
yerdə oturmaqla arası yoxdur, düz divara dırmaşır, - deyə
Bəyalı müəllim
güldü, sonra sinəsinə döydü.
- Cinayətkarı iş
başında yaxalamışam.
Aradan çıxmağa macal eləmədi, özümü
çatdırdım.
Şirnəli müəllim adətkərdə
hərəkətlə eynəyini
düzəldib mehribanlıqla
soruşdu:
- Firuz bala, sənə
neynəmişəm ki,
həyətimi zibilxanaya
çevirirsən? Səbəbi nədir?
Firuz dinmədikdə Bəyalı
müəllim çımxırdı:
- Ədə, səndən
söz soruşurlar, axı.
Uşağın yenə susması
Bəyalı müəllimi
yaman hirsləndirdi:
- Şirnəli müəllim,
tut bunun qolundan, qaçmasın, - dedi. - Gedim bunun atasını
çağırım bura.
Bu yerdə Firuzun
dili açıldı.
Hönkürə-hönkürə dedi:
- Qurban olum, Bəyalı
müəllim, atama demə. Bilsə məni öldürəcək.
Aslan qəsəbədə
tanınmış şəxslərdən
idi. Qəssablıq edirdi. Kiçik bir
ət mağazası vardı. Peşəsindən
irəli gəlirdi, ya təbiəti belə idi, bilmək olmurdu, çox sərt adam idi,
qonum-qonşu ilə tez-tez dalaşar, heç yerdən qalmaqal salardı. Pis xasiyyəti ailə içində daha bariz görünürdü.
Evində lap fironluq edirdi. Böyük oğlu başıhavalı
gəzirdi. Deyirdilər ki,
onu Aslan döyə-döyə o günə
qoyub.
Bəyalı müəllim yumşaldi:
- Yaxşı, atanı çağırmarıq, - dedi.
- Amma etdiyin qələtinin səbəbini
gərək deyəsən.
Hə,
de, görüm.
Uşaq
dirənə-dirənə dilləndi:
- Şirnəli müəllim
mənim kiçik qaqaşıma həmişə
iki yazır, qulağını dartır...
Bəyalı müəllim özündən
çıxdı:
- Ədə, kişik
qardaşın da sənin kimi avaradı da, oxumur da. Şirnəli müəllim neynəsin ona? Yaxasından medal assın? - Qeyzlə soruşdu. - Bunun hikkəsinə bir bax! Yox,
səni Aslana tapşıracağıq, qoy,
dərsini atan versin.
Firuz yenə
hönkürdü. Yalvarışla:
- Vallah, daha eləmərəm...
Şirnəli müəllimin uşağa
yazığı gəldi. Tələsik
Bəyalı müəllimdən
xahiş elədi:
- Burax, getsin, - dedi. - Görürsən, deyir ki, daha
eləmərəm.
Bəyalı müəllim tir-tir
əsən uşağın
yaxasını boşladı:
- Yaxşı, daha bir də belə
eləmə, - ciddi tapşırdı.
Firuz canını qurtardığına
inanmırmış kimi
bir an duruxdu,
sonra birdən götürüldü, qaranlığa
qarışdıqda Bəyalı
müəllim təəssüfləndi:
- Gərək atasını
çağıraydıq, - dedi. - Bu ona dərs olardı.
Şirnəli müəllim gülə-gülə:
- Ay dost,
bilirsən ki, Aslan hirsli adamdı,
vurub uşağı şikəst eləyər.
Biz də bir zibildən çıxıb
başqa zibilə düşərdik...
Bəyalı müəllim sadəqəlbli
dostu Şirnəlilə
razılaşmalı oldu,
gülümsədi. Təbəssümlə də ayrıldılar.
Qəni Camalzadə
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.32.