Allahın çəkici

 

Aylinə

 

hekayə

 

Bu dəfə yutubda on beş dəqiqəlik videonun altında rusca yazılmış "Nakazanie Allaxa - Maxaçevu Qadjimuratu iz Xasavyurta" (Allahın cəzası - xasavyurtlu Hacımurad Maxaçevə) başlığı diqqətimi çəkdi, "play"i basdım. Tibbi maska taxmış, seyrəksaçlı, ortayaşlı kişi zəif səslə danışmağa başladı:

- Bismillahir-rəhmanir-rəhim, - ardınca islam peyğəmbərinə, ailəsinə səhabələrə salam göndərib dedi: - Adım Apti, soyadım Abdurrahmanovdur. Çeçenistanın Qexi-Çu kəndindənəm. Bu, mənim xasavyurtlu biznesmen avar Maxaçev Hacımurada videomüraciətimdi. Mən on il əvvəl dostlarımla Arxangelskə işləməyə getmişdim. Sizin ikimərtəbəli kərpicli evinizi təmir edirdik. Günəmuzd aldığımız pullar öz yerində, siz gündə üç dəfə yemək-içməyimizi verirdiniz. İkinci mərtəbədə balaca otaq var idi, hamamın yanında, birinci dəfə ora girəndə döşəmədə yekə, sarı çamadan gördüm, ağzı açıq çamadanıydı. İçində iskənələr, cürbəcür ölçüdə qayka açarları, mişarlar, çəkiclər varıydı hamısı qızıl rəngində. Düzdü, alətlər mənim zəif yerimdi, amma ilk dəfəydi qızıl rəngində alətlər görürdüm, cənnətə düşmüşdüm, sanki - gülümsədi. - Elə bildim, burdan nəsə oğurlamasam, gecə yata bilməyəcəm. Çamadanın altındakı yazıya baxdım, Almaniya istehsalıydı, Knauf. Əvvəlcə beş ölçülü qayka açarını götürüb qoltuğumun altında gizlətdim. Ordan sakitcə çıxıb rükzaqım olan otağa keçdim, ora-bura baxıb tez rükzaqıma soxdum açarı. Ertəsi gün balaca mişarı oğurladım. Amma gözüm hələ doymurdu, heç cürə üç çəkicin arasında seçim edə bilmirdim. Kiçik, orta, böyük çəkiclərə - əliylə onların ölçülərini göstərdi, - baxa-baxa qalmışdım. Fikirləşirdim ki, böyüyü götürsəm, siz həmin otaqda olanda, bunu o dəqiqə biləcəksiniz, həm mənə elə gəlirdi ki, balaca şeylərin itməsi gözə dəymir, yəni kiçik çəkici oğurlasam, bunu hiss etməyəcəksiniz. Düzü, mən çamadandakı alətləri saymamışdım, təxminən orda iyirmi-otuz alət olardı. Əminiydim ki, onlardan üç-dördünü oğurlasam, bu, gözə çarpmayacaq, uzağı, elə biləcəksiniz ki, yadınızdan çıxıb harasa qoymusunuz, ya da kiməsə vermisiniz. Görürdüm axı, əliaçıq adamsınız, bilirdim ki, oğurladığımızı bilsəniz belə, əlinizi yellədib "Cəhənnəmə olsun hamısı" deyəcəksiniz, - bunları deyən Apti bic-bic güldü. - Arada o otağa girib, çəkicləri götürüb xeyli baxırdım, sonra qoyurdum yerinə. Bir dəfə həmin otaqda olanda gördüm ki, bizim uşaqlardan biri, həmkəndlim o biri otaqdan gəlir, tez çamadanın qapağını örtüb pəncərəyə tərəf getdim. İçəri girən kimi yanıma çağırıb dedim ki, o binalara bax. Pəncərədən baxıb dedi ki, , olsun, adi beşmərtəbəli xruşşovka binalardı. Soruşdum, xoşuna gəlmir, cavab verdi ki, sənə olub, deyəsən, işləməkdən başın xarab olub, kənddə o boyda eviniz, həyətiniz, bağınız var, özün bu cür imarəti təmir edirsən, xruşşovka nəyinə lazımdı. Elə mənə bu lazımıydı, tez dedim ki, haqlısan, çox yorulmuşam, gedək bir siqaret çəkək. Heç başa düşmədi, ordan çıxdıq, - zəif səslə güldü. - Nəhayət, Arxangelskdən çıxmamışdan bir gün əvvəl axırıncı dəfə həmin otağa girdim, gördüm yox, özümlə bacara bilmirəm, lomkada olan narkoman kimi əllərim əsir, orta ölçülü çəkici götürüb qoltuğumun altına soxdum. Səhərisi biz təmir işlərini qurtardıq, hamımızın pulunu artıqlamasıyla verdiniz biz kefikök avtobusa minib Arxangelskdən çıxdıq, - dərindən nəfəs aldı. - İndisə keçirəm əsas məsələyə. Artıq altı aya yaxındı onkoloji xəstəyəm. Bu yaxınlarda dördüncü kimyaterapiyanı keçmişəm, sizə sistemlə qəbul etdiyim dərmanı göstərirəm, - "Mabtera" yazılmış dərman qutusunu göstərdi. - Mabteradı, bu dərmanın adını istənilən onkoloqa desəniz, biləcək söhbət nədən gedir. Maskanı isə qripdən qorunmaqçün taxmışam, amma burda başqa adam yoxdu deyə, onu çıxardıram... Hörmətli Hacımurad, tanıdınız məni? - arıq, ovurdları içəri batmış qırx beş-əlli yaş arasında burnu yastı bir kişiydi. - Məncə, tanıdız. Məndəki xərcəng başımdadı. Diaqnozdan əvvəl başımda kəskin ağrılar başlamışdı. Hardasa on gün dərmanlar qəbul etdim, iynələr vurdurdum. Heç biri kömək etmədi, getdim Moskvaya, onkoloji mərkəzdə emerte etdirdim, bədxassəli şiş çıxdı. Yəqin, eşitmisiniz, ya bilirsiniz, emerte aparatı işləyəndə, sanki adamın başına dayanmadan çəkic vururlar. Danq, danq danq, - yumruğuyla gicgahını döyəclədi, - elə bil, adamın beynini drellə deşirlər. İki dəfə qışqırdım ki, dayandırın bunu, bezdim bu səslərdən. Həkim Mixail İvanoviç mikrofonla qışqırdı ki, sən necə çeçensən, buna dözmürsən, qüruruma toxundu dedikləri, o dəqiqə susdum, öz-özümə dedim, olsa da dözəcəm. qəfil sizin evdən oğurladığım çəkic yadıma düşdü. Dedim, vallahi, bu emerte elə Allahın çəkici kimi bir şeydi, cəza olaraq başıma vururlar. Öz-özümə dedim ki, sənə yaxşı oldu, döz bu cəzaya. Onu deyim, mən mişarla qayka açarını satsam da, çəkic çox xoşuma gəlmişdi, satmamışdım, yaxşı ki, satmamışdım. Sübhənallah. Budur həmin çəkic, - masanın üstündən götürdüyü başdan-ayağa qızılı rəngdə olan çəkici ekrana yaxınlaşdırdı. - Görürsünüz? Rəngi hələ getməyib, əsl alman malıdı, - çəkici masanın üstünə qoydu. - Bilirəm, baş xərçəngiylə çox yaşamırlar, bir il yaşayam, ya yox. Ona görə sizdən iki xahişim olacaq. Birincisi, Allah rizası üçün məni bağışlayın. Qiyamət günü Allahın qarşısında oğru kimi dayanmaq istəmirəm. Elə bilirəm, Allah məni bağışlamasa, cəhənnəmdə başıma oğurladığım çəkiclə vuracaqlar bu, emertedən betər olacaq. İndi ikinci xahişimə keçirəm, - önündəki A4 formatlı kağızı götürüb ekrana yaxınlaşdırdı. - Görürsünüz, burda imeylim yazılıb. Apti Abdurrahman sobaçka meyl ru. Hər ehtimala qarşı, telefonunuza çəkin bunu. Çox xahiş edirəm, imeylimə poçt ünvanınızı, bir mişarla qayka açarının qiymətini yazın, mən sizə həm çəkici, həm yazacağınız məbləği göndərəcəm inşaAllah. Bilirəm, siz bu alətləri ayrıca almamısınız, hamısını bir yerdə almısıniz. Amma yenə mişarla qayka açarının təxmini qiymətini yazın. Çox xahiş edirəm, sözlərimi ciddiyə alın. Allahu Əkbər, - deyib şəhadət barmağını qaldırdı, sonra telefonunda "stop"u basdı.

Həmin çıxışın altında "Maxaçev Hacımuradın Aptiyə olan cavabı" görüb "play"i basdım. Əlli-əlli beş yaş arasında olan, başına çərkəzi papaq qoymuş uzun çal saqqallı kişi adını, soyadını deyəndən sonra əsas məsələyə keçdi:

- Və əleykum salam va rəhmətullahi va bərəkatuhu, əziz Apti. Qulaq asdım sənin çıxışına. Əvvəlcə onu deyim ki, o vaxt sən, dostların mənim evimi necə lazımdı təmir etmişdiniz, yəni mən onda hamınızın gördüyü işdən çox razı qalmışdım. Qaldı çəkic, mişar məsələsinə, vallahi, billahi, bu məsələyə görə narahat olmağa dəyməzdi. Sən hardasa düz deyirsən, siz gedəndən sonra mən heç o çamadanın içindəkilərə baxmamışdım. Onu bir dostum hədiyyə etmişdi mənə, qoymuşdum həmin balaca otağa, muzey eksponatı kimi durmuşdu orda, qonaq, dost gələndə, göstərirdim, o da yadıma düşəndə. Nə isə, gəl mən də sənə oxşar bir hadisəni danışım, - gülümsədi. - On səkkiz yaşım olanda, Dağıstanda, adını deməyəcəm, qonşu kənddə axşamüstü, qaranlıq düşəndə naxırdan gələn üç qoyunu oğurlamışdım. Bilirsən, o yaşda çoxumuz belə şeylər edirdik. İllər sonra mən dinə gələndə gedib o ailəni tapdım, vurduğum ziyanı pulla ödədim. Qaldı ki, sənə, o vaxt götürdüyün, satdığın o alətləri sənə halal edirəm, sən sağal, mən sənə o biri çəkicləri də göndərəcəm inşaAllah, qoy üç qardaş kimi bir yerdə olsun o çəkiclər, - güldü. - Bir sözlə, Allaha dua edirəm, Qiyamət günü buna görə səni sorğu-suala tutmasınlar. İkincisi, mən bu gün sənin imeylinə yazmışam, mənə bank hesabını yazasan, sənin müalicənçün pul köçürəcəm. Bunu da Allah rizası üçün edirəm, ona görə çox xahiş edirəm, barmaqarası yanaşmayasan dediklərimə. Nəzərə al ki, bura hesabı yazıb göndərməklə savab görməyimə səbəb olacaqsan. Vəssalamu əleykum. Allahu Əkbər, - şəhadət barmağını qaldırdı və "stop" düyməsini basdı.

 

25 may - 15 iyun 2020 Bakı

 

Alpay Azər

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.30.