Duyğuların pandemiyası və yaxud
Aysel Səfərli
"Karantin boşluğu"nda
...Dopdolu
bir kitab bağladı. Boşluq dediyin bu qədərmi yaradıcı mühit
formalaşdırdı... Nə isə (Bir dəfə
yazmışdım ki, "Burda darıxmaq olmaz"
kitabını yazmağa görə Faiq Balabəylini həbs
etməyə dəyərdi)... O acıdan Aysel Səfərlinin
karantin boşluğundakı uğuruna, oxucusu olaraq, sevinirəm.
Xalq şairi Sabir Rüstəmxanlının kitaba
yazdığı "Ayrılığın və təkliyin
sözü" adlı ön söz Ayselin, bir şair olaraq, imkanlarını oxuculara
çatdırmaq üçün kifayət edir. Mən, sadəcə, Aysel Səfərlinin
"Karantin boşluğu"nda nələrlə
üz-üzə qaldığına varmaq istədim.
Aysel Səfərlinin "Karantin boşluğu"
kitabı cəmiyyətə məlum səbəblərdən
təqdimatsız təqdim olundu. Sosial şəbəkələrdə,
internet portallarında kitab haqqında silsilə materiallar
verildi. Bu kitabı ilə Aysel sübut elədi
ki, insan (özü də o insan yüzlərlə sadiq oxucusu
olan şairdisə) istənilən karantin boşluğunda
dopdolu bir yaradıcı ömrü də yaşaya bilər.
Dünya hansısa bir virus pandemiyasının labirintindən
çıxmaq yolları ararkən, duyğuların
pandemiyasının sevən ürəkləri ömürlük
sarmasını arzu etmək olar:
Dünya
yorğunluq yuxusuna dalarkən
duyğuların pandemiya qəfəsində oyaqdır
yenə
bir karantin gecəsi
yuxusu gəlmir
həsrətin...
Çünki ətraf karantin boşluğunun əsarətindədir. Gecənin necə
düşəcəyi, səhərin necə
açılacağı bəlli deyil:
Gecənin
həzin təsəllisində
uyumasına rəğmən
bu sabah
da insanlardan
çılpaq idi şəhər, ağlamaq istəkliydi...
Karantin sabahının nə ilə
açılacağını dünya ayaqda gözlədiyi
bir vaxtda şair bunun cizgilərini cızır. Baxın, eynən həsrətin,
ayrılığın yaratdığı ağrının konturları
ilə həmahəngdir:
Darıxmağın
nağılını danışırdı
gözlərim...
Şəhərin
insandan yoxsul
küçələri kimi
kimsəsiz idi ruhum -
Süni nəfəs aparatında.
Hələ pandemiyanın - həsrətin gecəsi də
var axı. O
gecə ki, hicran ürəyi üzəndə, həsrət
özünü dünyanın ən qüdrətlisi sayanda,
vüsal əlçatmaz olub az qala
adamın xəyalından elə xəyal kimi keçəndə
- uzandıqca uzanır:
Dünya
pandemiya
yuxusunda
sayıqlarkən
yuxuya
verməyə çalışdığı
bir gecə
depressiyanın qucağında
tumarlanırdı...
...Hər
şeyin bir sonu da olmalıdır. Amma o son şərti olaraq
var. Bəzən heç gəlmir də... Bəzən də
hər şey o sonu gözləməklə bitir:
Bilirsən,
hər
həsrət öldürücü,
ağrılı bir andır...
Karantin
bitməsinə az qalırmış,
bəs
bizim karantinin
sonu nə
zamandır?..
Kitabdakı şeirlərin böyük bir qismi də
duyğuların pandemiyasının əsarətindədir. Bu həsrət dediyin
pandemiyadan da betərdi... Bu sevgi deyilən nəsnə
nədirsə, hara getsə, özüylə
götürdüyü şeylər ayrılıq, həsrət,
ya da ara-sıra vüsal olur. Nə
sirr-xudadırsa, əksəriyyət ayrılığın, həsrətin
cənginə düşür. Özü
də bu həsrətin, ayrılığın hardasa bir
şirin tərəfi də var. Elə həsrətin də bəs
eylər mənə düşüncəsi kimi. Nədənsə,
sevən sevginin vüsalından çox, həsrətinə,
elə bil, sədaqətini göstərmək istəyir:
Mən
vüsalına uzun zamandır
oruc ikən
xəyalınla batil edirdim həsrəti.
Heç
gör Ayselin şeirlərində həsrət daş-qalaq
edilirmi... Vüsalın gələn yolunun qarşısında uzun zaman dayanmasına
baxmayaraq, çəkilir həsrət. Ta bineyi-qədimdən
həsrət özünü daha çox sevdirə bildi sevənlərə,
ən yaxşı halda qəza xətti ilə uçuş
zolağı arasındakı məsafədə
özünü göstərdi:
Göz
yaşlarım üşüdü
Ömrün ayrılığında.
Mən qəza
xəttindəyəm,
Sən uçuş zolağında.
Həsrət də sevgi işidir. Bədii
yaradıcılığın bir özəlliyi də sevgidə
həm vüsalı, həm də həsrəti yaşada bilməsidir.
Belə olmasaydı, sevənin ya yaşat, ya öldür hikməti
yaranmazdı:
Bayquş
kimi ulayır dərd xaraba ruhumda,
Parçalayır içimi yalquzaq darıxmağım.
Necə
olur, bilirəm, həsrətin çarmıxını,
İntiharın dağ olmuş təpəsinə
çıxmağı.
Aradakı
məsafənin yetərincə üzücü olmasına
baxmayaraq, həsrətdən ayrılmaq yoxdur və heç
atmaq, atılmaq haqqında düşünülmür də...
Və biz xoşbəxt olana dünya dağılar həqiqətini
bilə-bilə:
Hey avar
çəkirəm dərdin üstünə,
Bəxtin ayaqları qəmə sürüşüb.
Niyə qucağında buzlatdın bizi?
Gözüm xatirələr gölünə
düşüb.
Ümidlər
bətnimdə donub boğular,
Biz xoşbəxt olana dünya dağılar.
Elə buna görə də həsrətdən bərk-bərk
yapışır, sevginin həmişə vüsala
çatdırmadığının fərqindədir.
Bir ev tikdim həsrətindən
Göz yaşım üstümə damır.
Bir ev tikdim bizim üçün,
Altı qəbir,
üstü ömür...
Şairin
yaratdığı altı qəbir, üstü ömür
olan həsrət evində huzur nə gəzir, burda arzular, istəklər
dəfn olunur:
Səni
yalanlar asır hər gün dar ağacından,
Səbrim
ipini çəkmir, fətvanı vermir daha
Əvəzinə
mən hər gün bir doğru öldürürəm,
Dəfn edib arzuları, göndərirəm Allaha.
Aysel Səfərlinin
dediyi kimi, gələndə ayrılıqla qoşa gələn,
ayrılığı gətirən qəhrəmantək gəlmək
kimi, sadəcə sevgi ilə gəlmək kimi bir istəyə
sahib olmaq istəmir:
Hara getsək
yanında ayrılıqla gəlirsən,
Bu dəfə
də tək
gəl!..
Yox, əgər
gələ bilmirsənsə...
...Gələ
bilmirsənsə (yenə də Ayselə görə), onda sənə
tərəf gəlmək istəyənin gəlməyini
sahmanla. Aysel bunu kitabında olmayan bir şeiri ilə
sonradan tamamlayır. Yaradıcılığın
tamlığı deyilən də budur. Və bir
şairin bundan artıq özünütəqdimetmə
missiyası ola bilməz:
Gəl
pirim ol, duan olum,
Qurtum-qurtum havan olum.
Eşqə tərəf gəlir yolum?
Dur ayağa, dur, gəlirəm.
Qarmağı
sevən balığam,
Səndən qalan tək qalığam.
Gör
necə xarabalığam,
Bizə yuva qur, gəlirəm.
Sosial
şəbəkələrdə də fəal olan Aysel Səfərlinin
yaradıcılığının bir qolunu Vətən sevgisi təşkil
edir.
Qarabağda
hönkürən,
Vətən
yadıma düşdü, - deyən şair başqa bir
şeirində isə
Məndən
"Kimsən?" - soruşanlar,
Xocalıda
əsir ruham!..
Qeyrətin
dar ağacında
Çarmıxa çəkilmiş aham - deməklə,
hər şeydən əvvəl və sonra Vətənin,
torpağın olduğuna işarə edir. Çünki hələ də
bu Vətənin Qarabağ dərdi üzündə, Sillə
yeri tək qızarır...
Şairin qızı Aytelə yazdığı şeir
kitabın bəlkə də ən şirin səhifəsidir. Baxın, bundan böyük
həqiqət ola bilərmi:
Sən
Baharı
qısqandıran bir çiçək,
mən
xəzanla yaşıdam...
Sən
qardaşına öyrətdiyin
ilk əlifba
səsisən,
dağınıq həyatımın
tək
səliqəsisən...
Karantin boşluğunda belə, Aysel Səfərli poeziya
ilə nəfəs-nəfəsə dayandığının
fərqindədir.
Mürəkkəbim
çoxdan bitmiş,
Yazılmışam varaq-varaq.
Təkliyin
tərəzisində
Yük oldum
unudularaq,
İnanmazsan,
başdan-başa
Şeir
içindəyəm, dostum...
Bu ara duyğuların pandemiyası çoxmu qələm
adamını yoluxdurdu, deyə bilmərəm. Amma ilk
yoluxanlardan birinin, bəlkə də birincisinin Aysel Səfərli olduğunu,
oxucusu olaraq, dəqiq bilirəm...
Şimşək
gurultusunda boğulduqca
o
qadın gözlərindəki leysandan
boşluğa baxır...
Heç
nə içindəki
hönkürtüləri kiritmir,
Karantin
bitmir ki bitmir...
...Bitmir...
Və Aysel də bitib-tükənməyən bu
fanidə oxucularını sevindirməkdə, heyrətləndirməkdə
davam edir. İstədiyimiz də bu deyilmi...
Kitabdakı
"Ata quşun intiharı", əslində, qəfəsdə,
sanki karantin
ömrü yaşayan tutuquşu ailəsinin
başına gələn acı həyat hekayətidir. Bəlkə Ayselin məni kimi bir oxucusu da nə
vaxtsa bu hekayət haqqında ayrıca yazacaq.
Sonda bu
kitabı oxuculara təqdim edən "Qanun" nəşriyyatına,
kitabın redaktoru, şair dostumuz Süleyman Abdullaya, korrektoru
Əyyar Tahirova və xüsusilə də ön söz müəllifi,
Xalq şairi Sabir Rüstəmxanlıya ürəkdən bir
var olun deyirəm.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.31.