Nizami Gəncəvi
yaradıcılığına
ilk elmi münasibət
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin
(1141-1209) yaradıcılığı ictimaiyyətə məlum
olduğu gündən həmişə dövlət xadimlərinin,
elm adamlarının, ədəbi prosesin diqqət mərkəzində
olmuşdur.
Bizə məlum olan faktlara görə, hələ şairin vəfatından
az sonra, müxtəlif tipli mənbələr
onun haqqında məlumat verməyə başlamış, bir
şair kimi yaradıcılığını qəbul
etmiş və yüksək qiymətləndirmişlər. Bu mənada, şair haqqında məlumat verən ilk
mənbələrdən - təzkirələrdən biri, təqribən
1217-ci ildə qələmə alınmış Məhəmməd
Oufinin "Lübabül əl-bab" əsəridir. Məhəmməd Oufi bu əsərində şairin
yaradıcılığını bir neçə cümlə
şəklində, lakin yüksək qiymətləndirərək,
əsərlərinin adını çəkib, onlardan bir
neçə beyt nümunə verməklə kifayətlənir.
Nizami haqqında məlumat verən ikinci əsər yenə
də həmin illərdə, yəni 1217-1218-ci illərdə
qələmə alınmış Şəmsəddin Məhəmməd
bin Qeys ər-Razinin "əl-Möcəm fi məayiri əşar
əl-Əcəm" əsəridir. Dilimizə təqribən
"Əcəm şeirinin qanunlar toplusu" kimi tərcümə
olunan bu əsərdə, biz Nizami Gəncəvi
yaradıcılığına ilk dəfə elmi
yanaşmanın şahidi oluruq.
Ümumiyyətlə,
bu əsər Şərq poetikası tarixində, yəni
Şərq poetikasının əsas üç sahəsi
olan, əruz, qafiyə və bədi elmləri haqqında,
xüsusilə də fars şeirində əruz,
qafiyə və bədinin özünəməxsus xüsusiyyətləri
barədə olduqca möhtəşəm əsərdir.
Başqa sözlə desək, fars əruz
və qafiyə elmləri haqqında Şəms Qeys Razidən
əvvəl yazılan əsərlər dövrümüzə
qədər gəlib çatmadığı
üçün, bu əsər, fars əruz və qafiyəşünaslıq
tarixində ilk əsər, ilk mənbə hesab olunur. Bundan
başqa, bu əsərin əsas əhəmiyyəti ondan ibarətdir
ki, burada fars əruz və qafiyəsinin və eyni zamanda, bədi
elminin xüsusiyyətləri elə bir dərinliklə,
möhtəşəmliklə, elmiliklə izah olunur ki, ondan
sonra yaranan əsərlərin heç birində biz bu cəhətləri
görmədiyimiz kimi, ona qədər yazılan, lakin bizim əlimizə
gəlib çatmayan əsərlərdə də bu möhtəşəmliyin
olduğuna demək olar ki, inana bilmirik. Bu mənada,
həqiqətən də, Şəms Qeys Razinin "əl-Möcəm"
əsəri olduqca möhtəşəm əsərdir.
Bu əsərdə biz dörd yerdə Nizami Gəncəvinin adına rast gəlirik. Belə ki, Şəms
Qeys Razi müxtəlif bəhrlərdən - daha doğrusu,
üç bəhrdən - Vafir, Həzəc və
Müşakil bəhrlərindən danışarkən
Nizaminin adını çəkir: bir dəfə Vafir, bir dəfə
Həzəc, iki dəfə isə Müşakil bəhrlərindən
danışarkən. Məsələ burasındadır ki, bu
bəhrlərin bəzi qəlibləri - vəznləri bir-birlərinə
oxşadıqları üçün şairlər bəzən
bu bəhrləri qarışdırmış, alimlər isə
bəzən şeirin, əsərin hansı vəzndə
yazıldığını təyin etməkdə çətinlik
çəkmişlər. Bu mənada, olduqca görkəmli əruzşünas
olan Şəms Qeys Razi öz əsərində bu məsələlərə
aydınlıq gətirmiş, bu məqsədlə Nizami Gəncəvinin
adını çəkərək, onun bilavasitə
"Xosrov və Şirin" əsərini Həzəc bəhrinin
məfA"İlün məfA"İlün fə"Ulün
qəlibində qələmə aldığını
söyləmiş və Nizaminin bir şair kimi bu bəhri digər
heç bir bəhrlə, yəni yuxarıda adlarını
çəkdiyimiz Vafir və xüsusilə də
Müşakil bəhrilə
qarışdırmadığını söyləmişdir.
Bu bəhrlərdən danışarkən sadəcə olaraq
onu demək istəyirik ki, əsli qəlibi müfA"ələtün
müfA"ələtün müfA"ələtün olan
Vafir bəhrinin məsub-məqtuf beyti, yəni məfA"İlün
məfA"İlün fə"Ulün qəlibi və əsli
təfiləsi fA"i-lA-tün məfA"İlün məfA"İlün
olan Müşakil bəhrinin müssəddəsi-məhzuf qəlibi,
yəni fA"i-lA-tün məfA"İlün fə"Ulün
qəlibi, əsli məfA"İlün məfA"İlün
məfA"İlün olan Həzəc bəhrinin müsəddəsi-məhzuf
qəlibinə - yəni məfA"İlün məfA"İlün
fə"Ulün qəlibinə oxşayırlar. Şəms
Qeys Razinin "əl-Möcəm" əsərində
dediyinə görə bu vəznlər ahəng etibarilə
bir-birinə yaxın olduğu üçün, şairlər
çox zaman bu bəhrləri qarışdırır və
yaxud da bir əsərdə bu bəhrlərdən
yanaşı olaraq istifadə edirlər. Bu mənada, Şəms
Qeys Razinin dediyinə görə Nizami Gəncəvi "Xosrov
Şirin"ində və Fəxri Gürgani "Vis və
Ramin" əsərlərində heç bir yerdə bu vəznləri
qarışdırmamışlar. Yəni onların əsərləri
başdan ayağa qədər Həzəc bəhrinin müsəddəsi-məhzuf
- məfA"İlün məfA"İlün fə"Ulün
qəlibində qələmə alınmışdır. Qeyd
edək ki, ilk baxışda sadə görünən bu məsələ,
əslində bir o qədər də asan deyildir. Çünki
hələ Şəms Qeys Razinin dediyinə görə
neçə-neçə şair əsərini bir vəznlə
başlasa da, bəzən arada diqqətsizliyə yol verərək,
qələmə aldığı vəznə yaxın olan
yuxarıda göstərdiyimiz vəznlərə
keçmiş və bir əsərdə bir neçə vəzndən
istifadə etmişlər. Təbii ki, bu qüsurdur və hələ
XIII əsrin birinci yarısında Şəms Qeys Razi kimi
görkəmli alim bu qüsuru duymuş və onu qeyd
etmişdir. Bu mənada, Nizami Gəncəvi istedadının təzahürüdür
ki, o bir neçə min beytdən ibarət olan "Xosrov və
Şirin" kimi böyük həcmli əsərində heç
bir yerdə vəznin - Həzəc bəhrinin məfA"İlün
məfA"İlün fə"Ulün qəlibinin tələblərini
pozmamış, bu vəzni başqa vəznlərlə, bu qəlibə
oxşayan yuxarıda adlarını çəkdiyimiz Vafir,
xüsusilə də Müşakil bəhrinin qəlibi ilə
qarışdırmamışdır. Qeyd edək ki, Şəms
Qeys Razi "əl-Möcəm" əsərində
Müşakil bəhrindən danışarkən şairlər
tərəfindən bu qəlibin- Həzəc bəhrinin
"Xosrov və Şirin" vəzninin, Müşakil bəhri
ilə daha çox
qarışdırıldığını söyləyir. Bu
mənada, Şəms Qeys Razinin "əl-Möcəm" əsərində
Nizami Gəncəvi və onun "Xosrov və Şirin"i
barədə dediyi sözlər elm aləmində Nizami
yaradıcılığı haqqında olduqca yüksək
fikirlər olmaqla bərabər, eyni zamanda, onun
yaradıcılığına ilk elmi münasibətdir.
Qeyd edək
ki, "əl-Möcəm" bütövlükdə Şərq
ədəbiyyatını, eləcə də, xüsusilə
Azərbaycan ədəbiyyatını öyrənmək
baxımından da misilsiz mənbədir. Belə ki, hələ
Nizamidən danışarkən demək olar ki, əsərində
dörd yerdə Nizaminin adını çəkən müəllif,
üç yerdə onu Nizami, bir yerdə isə Nizami Gəncəi
kimi xatırlayır. Bundan əlavə, biz əsərdə Xaqani,
Fələki Şirvani, Qətran, Qivami Gəncəi, Mücirəddin
Beyləqani, Məhsəti Gəncəvi kimi şairlərimizin
adlarına da rast gəlirik. Belə ki, "əl-Möcəm"də
onların adları çəkilməklə yanaşı, əsərlərindən
nümunələr də verilir. Bu mənada, "əl-Möcəm"ə
təkcə elmi əsər kimi yox, eyni zamanda, istər digər
Şərq klassikləri, istərsə də farsca
yazıb-yaradan Azərbaycan şairlərinin
yaradıcılıqları haqqında antologiya kimi də
baxmaq olar.
Şəms
Qeys Razinin yaradıcılığından danışarkən,
qarşımıza qoyduğumuz məsələdən
çox uzaqlaşmadan, sadəcə olaraq onu deyə bilərik
ki, Şəms Qeys Razi dövrümüzə gəlib
çatmayan, lakin orta əsrlərdə çox məşhur
olan qanqlı, monqol və farscaları əhatə edən bir
lüğət də qələmə almışdır. Bu
lüğət dediyimiz kimi, orta əsrlərdə çox məşhur
olmuş və bir çox müəlliflər ondan istifadə
etmişlər. Qeyd edək ki, türkcə bəzi kəlmələr
və türk dillərinin bəzi fonetik xüsusiyyətləri
barəsində biz onun "əl-Möcəm" əsərində
də müəyyən faktlara rast gəlirik. Bu mənada,
Şəms Qeys Razinin yaradıcılığı ilə
bağlı araşdırılası məsələlər
hələ çoxdur...
"əl-Möcəm"
əsərinə gəldikdə isə onu əlavə edə
bilərik ki, bu əsər 1909-cu ildə ilk dəfə
görkəmli şərqşünaslar Edvard Braun və
Əbdülvəhhab Qəzvini tərəfindən çap
olunduqdan sonra daima diqqət mərkəzində olmuş və
onların stolüstü kitabına çevrilmişdir. Nəhayət,
bu kitabı 1997-ci ildə görkəmli rus şərqşünası
N.Çalisova rus dilinə çevirərək, Moskvada nəşr
etdirmişdir. Qeyd edək ki, N.Çalisova üç hissədən
- əruz, qafiyə və bədidən ibarət olan bu
kitabın yalnız iki qismini, qafiyə və bədi hissələrini
tərcümə edərək çap etdirmişdir. Əruz
hissəsini isə çətin olduğuna görə,
özünün də etiraf etdiyi kimi, tərcümə edə
bilməmişdir. Bu mənada, Şəms Qeys Razinin dili və
sintaksisi, həqiqətən də, olduqca çətindir. Biz
bu əsərlə 1982-ci ildən tanışıq. Biz "əl-Möcəm"lə
ilk dəfə 1982-ci ildə ustadımız Əkrəm Cəfərin
evində, kitabxanasında tanış olmuşuq. Bu illər ərzində
bu kitabdan bir mənbə kimi dönə-dönə istifadə
etmiş, ondan yararlanmışıq. Bu
qaldırdığımız məsələlər də təqribən
o dövrlərdən etibarən bizi
düşündürmüşdür. Lakin tərcümənin
qəliz olduğunu nəzərə alıb, bu məsələləri
həmişə daha sonrakı günlərə
saxlamışdıq. Nəhayət, bu günlərdə
keçmiş tələbəm, bu gün Azərbaycanda
tanınmış ərəbşünaslardan biri olan Bakı
Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin
müəllimi, filologiya üzrə fəlsəfə doktoru,
dosent Heybət Heybətovla əl-ələ verib "əl-Möcəm"
əsərinin "Müşakil bəhri" bəhsini tərcümə
edərək oxucuların ixtiyarına vermək qərarına
gəldik. (Arabir AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitunun əməkdaşı Hacı Mustafa
Əliyevin də əməyindən istifadə etdik ) Daha
doğrusu, mətni Heybət müəllim tərcümə
etsə də, mən də onu əruz baxımından redaktə
edib bir daha dəqiqləşdirdim. İndi isə
xalqımızın böyük oğlu Nizami Gəncəvi ilə
bağlı XIII əsrin təqribən əvvəllərində
- 1217-1218-ci illərdə digər böyük bir alim və
bizcə əslən türk soylu olan Şəms Qeys Razi tərəfindən
qələmə alınmış fikirləri bəzi
kiçik ixtisarlarla hörmətli oxuculara təqdim edirik.
Tərlan Quliyev
filologiya elmləri doktoru, professor
Heybət Heybətov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.28.