Payız keçib buradan,
Yolunda yarpaq qalıb…
Kərəm mənim qardaşımdı
Qardaş,
aşığa deynən,
Sazı
boynunda çalmasın,
Çalırsa,
Biz tərəfə gəlməsin,
yoxsa...
Qəmi qışqırtmasın, ulatmasın,
Saz əlində oynamasın,
Arxadakı züy tutanı
unutmasın,
Unudursa,
Biz tərəfə gəlməsin,
yoxsa...
Qardaş,
o aşığa deynən
Alnına
pul yapışdırmasın,
Kabab iyinə süzməsin,
Kərəmi yüz yerdən
qırmasın,
Kərəmin əlini üzməsin.
Qardaş,
o aşığa deynən
Kərəm mənim qardaşımdı.
Bağban
Gül açılanda bağban ölür,
Nə qəribə misradır,
Görən güllər, meşələr,
Neyləyir bağban öləndə?
"Səhər-səhər bağa
girdim
Nə bağ bildi, nə də bağban".
Bağban
niyə bilməsin ki,
"Əl uzadıb bir gül dərdim",
Bağban
niyə bilməsin ki...
Hanı
bağban, bəlkə
yatıb,
bəlkə ölüb?
"Nə bağ bildi, nə də bağban",
Bəlkə çiçək olub,
yarpaq olub
Bəlkə dönüb torpaq olub?
Nə qəribə dünyadı,
Bağban
öldü,
Üstünə gül tapılmadı,
"Nə bağ
bildi, nə də bağban".
Yaz
Qoz qəhqəhəsi, fındıq
gülüşü,
Aləmi götürüb başına.
Çiçək sevdası sızır,
Qaralmış daşın başına.
Havanın ucundan tutub
İlan sürünür bulud kimi.
Qarışqa gözüylə yeyir
Uzaq mənzilləri,
Məsafələri.
Ay düşür aşağı
Yerdən uşaq götürməyə.
Uşaqlar gözüylə Ayı
saxlayıb
Qoymurlar yerə düşməyə.
Göyə güllə atırlar,
Kimi qovurlar görən?
Kimdi kədəri yuyub,
Sevinci çəpərə
sərən?
Məsələn
Məsələn, deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik
-
Bir-birimizi nədən tanıyarıq?
Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni
tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.
Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn, hələ yatma,
Hələ oyanma.
Könlümdən
Söykənib ot tayasına,
əyilib it balasına,
dərin bir xəyala getmək
keçir könlümdən.
Dərsə gedən uşaqlara
baxıram,
Atalarının
Maaşları baxır üzündən,
Onların damcı gözləri
içir könlümdən.
Həyat
qədər çətindi,
Əyilə-əyilə yaşamaq.
Gülə-gülə ölmək,
Bir ayrı
cür yaşamaqdı.
Yaxşısı xatirələri qucmaqdı.
Xatirələr saf-saf duyğuları
seçir könlümdən.
Təndir çörəyi
Təndir
çörəyinin qoxusu
Bürüyüb kəndi.
Taxıl
zəmisi yada düşür,
Sonra dəyirman,
Dəyirmançı,
Sonra un qoxusu,
Körpə yuxusu,
Körpə dişləri,
Xırt-xırt.
Yox, yağış - saman qoxusu deyil,
Təndir qoxusudur bu.
Buğdanın
Ən gözəl
sevdasıdır bu.
Qoxu daşıyır evlərə
buğda dənəsini,
Kaş yeyə biləydim
O çörəyin bir dənəsini -
Əllərim yana-yana.
Qara bir qızdırmadan
Oyana-oyana,
Xatirədən
Qalxa-qalxa...
Qalıb
Payız
keçib buradan,
Yolunda yarpaq qalıb.
Bu ağacın başında
Bircə yarpaq sağ qalıb.
Bir quş hələ budaqda,
Civildəyir sazaqda.
Stolumda bu haqda,
Ağappaq varaq qalıb.
Sinəm
dönübdü saca,
Bilmir dərd
hara qaça?
Baharın bu ağaca
Yolu bir barmaq qalıb.
Nəğmə
Quzu otaranın,
Dərsə gedənin,
Gedən
qatarın,
Şeiri
çap olunmayan şairin,
Dodağında bir göyərmiş
nəğmə var...
Adamı
o nəğmə yaman
yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.
İllah
ki, şair kənd şairi ola,
İllah
da biləsən
bu quzuları qəssablar sevir,
Qatarlar səni ayırır,
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə
yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...
Allahşükür Ağa
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.29.